"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Qədim əlyazma və kitabların təqdimatı olub

Aprelin 3-də Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən qədim tarixə malik əlyazma və kitablar AMEA Naxçıvan Bölməsinin Əlyazmalar Fonduna hədiyyə olunub.

Qeyd edək ki, qədim əlyazma və kitablar Nehrəm kənd sakini, Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi Akif Hacıyev, Ordubad rayon sakinləri Züleyxa Cəfərova, Nazilə Bağırova, Şəbnəm Rüstəmli tərəfindən Mədəniyyət və Turizm Nazirliyinə təqdim edilib.

Bu münasibətlə keçirilən tədbiri giriş sözü ilə AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev açaraq deyib ki, bölmə elmi tədqiqatlarla yanaşı, maddi-mədəniyyət nümunələrinin aşkarlanması ilə də məşğul olur. 2005-ci ildə yaradılan Əlyazmalar Fondunda bu gün 400-dən çox qədim əlyazma və kitab toplanıb. Bu əlyazmalar Azərbaycan, ərəb, türk, fars və başqa dillər olmaqla müxtəlif elm sahələrinə aiddir. Məlum olduğu kimi yüzilliklər boyu əlyazmalar və kitablar islam coğrafiyasının müxtəlif  ölkələrinə yayılmış və əldən-ələ keçmişdir. Bu kitab mədəniyyətinin yaranmasında bütün islam ölkələri xalqlarının payı vardır. Kitab və əlyazmalar islam xalqlarının mövcudluğu və inkişaf forması olmuşdur. Tapılan bu qiymətli nümunələr sahələrinə uyğun olaraq müxtəlif muzeylərə hədiyyə edilir, bəziləri isə bölmədə mühafizə olunur və tədqiq olunur.

Akademik bildirib ki, bəzi vətəndaşlar qədim əşyaları, kitabları təqdim etməkdə laqeydlik göstərir, bəzən isə onları oxuya bilmədiklərindən elmi dəyəri haqqında düşünmürlər. Bu cür nadir əşyalar, kitab və əlyazmalar elm və mədəniyyət müəssisələrinə təqdim olunmalıdır ki, lazımınca araşdırılıb təbliğ edilsin. Xalqımızın qədim və zəngin tarixini özündə əks etdirən maddi-mədəniyyət nümunələri bu müəssisələrdə həm lazımi şəkildə qorunur, həm də məxsus olduğu dövr haqqında əlavə məlumatlar verir. 2016-cı ildən başlayaraq muxtar respublikanın Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Əlyazmalar Fonduna bir neçə dəfə qədim əlyazma və kitablar təqdim edilmişdir. Akademik qədim əlyazma və kitabları toplayıb Əlyazmalar Fonduna təqdim edən insanlara minnətdarlıq etmişdir.

Tədbirdə Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Natəvan Qədimova çıxış edərək qeyd edib ki, bu gün Naxçıvanda fəaliyyət göstərən mədəniyyət müəssisələrində xalqımızın tarixini, həyat tərzini, adət-ənənələrini özündə əks etdirən çox sayda maddi-mədəniyyət nümunələri qorunub saxlanılır. Nazirlik tərəfindən muzeylərimiz üçün maddi-mədəniyyət nümunələrinin toplanması işinə ciddi önəm verilir və bu işdə muxtar respublika sakinləri yaxından iştirak edirlər. 2017-ci ildə muxtar respublikanın muzeylərinə 1340 eksponat daxil olmuşdur. Bu ilin üç ayında isə muzeylərimiz 400-dən çox eksponatla zənginləşmişdir.

Vurğulanıb ki, muzeylərə hədiyyə olunan eksponatların nazirlik tərəfindən təqdimatı keçirilib. Bu tədbirlər bundan sonra da davam etdiriləcəkdir.Azərbaycan mədəniyyət və elm tarixinin inkişaf prosesi haqqında tam təsəvvür yaradılmasında qədim əlyazma və kitabların mühüm rolu vardır. Bu kitab və əlyazmalar bir tərəfdən qədim kitab mədəniyyətimizin keçdiyi yola nəzər salmağa imkan verirsə, digər tərəfdən alimlərimizə yeni mənbələrin tədqiqata cəlb olunmasına şərait yaradır. Bu kitabların toplanması həm də kitab mədəniyyəti tarixinin zəngin fondunun yaradılması deməkdir.

Bu kitablar içərisində islam mədəniyyəti və elmi ilə bağlı olanlar xüsusilə maraq doğurur. Keçmişin zəngin irsinin öyrənilməsi və toplanması, həm də ilk növbədə Azərbaycan xalqının ictimai-siyasi tarixinin tədqiqi, mənəvi mədəniyyət və ayrı-ayrı coğrafiyaların mədəniyyətlərinin münasibətinin araşdırılması, xalqımızın bədii-estetik, fəlsəfi təfəkkürünün yeni mənbələrinin aşkara çıxarılması baxımından da dəyərlidir.

Qeyd edilib ki, əlyazma kitabları insan zəkasının inciləridir, onların səsi əsrlərin dərinliklərindən gəlir. Bu nadir nüsxələr müasir oxucuya keçmiş zamanlardan məlumat verir. Hər bir əlyazma kitabı alim və tədqiqatçının diqqətini cəlb edir.

Nazir çıxışının sonunda qədim diyarımızda mədəniyyətə, elmə göstərdiyi diqqət və qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinə tədbir iştirakçıları adından minnətdarlıq etmişdir.

AMEA Naxçıvan Bölməsinin Əlyazmalar Fondunun direktoru, filologiya elmləri doktoru Fərman Xəlilov bu elm müəssisəsi haqqında məlumat verərək bildirmişdir ki, buradakı ən qədim əlyazma 15-ci əsrin sonu 16-cı əsrin əvvəllərinə aiddir. Fondda mühafizə olunan ən qədim kitab isə 1824-cü ilə aiddir. Alim hədiyyə olunan kitablara görə minnətdarlıq edərək deyib ki, tarixi kitablar xalqın milli sərvətidir. Onları qoruyub gələcək nəsillərə çatdırmaq, tədqiq etmək, geniş ictimaiyyət üçün maraq doğuracaq nəşrləri çapa hazırlamaq hər birimizin vətəndaşlıq borcuna çevrilməlidir.

Kitabları muzeyə təqdim etmiş Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi Akif Hacıyev, Ordubad rayon sakini Züleyxa Cəfərova çıxış edərək muxtar respublikamızda mədəniyyətə və elmə göstərilən diqqət və qayğıdan danışmışlar. Çıxışlarda bildirilmişdir ki, mədəniyyət və turizm sahəsində çalışan insanlar bundan sonra da maddi və mənəvi mədəniyyət nümunələrini toplamaqda davam edəcəklər. Bu sahədə çalışan insanlar adından muxtar respublika rəhbərliyinə minnətdarlıqlarını bildirən mədəniyyət işçiləri qeyd etmişlər ki, maddi-mədəniyyət nümunələrinin qorunması xalqımızın tarixinin və keçmişinin qorunması, gələcəyə çatdırılması deməkdir.

Sonra AMEA Naxçıvan Bölməsi Əlyazmalar Fonduna hədiyyə edilən kitablara baxış olub.

 

00250845
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
7
388
1702
7712
250845

Tarix: 20-07-2018
Biz, sosial şəbəkələrdə: