"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Şərur Xalq Yallı Ansamblı Türkiyədə uğurla çıxış edib

Yallılarımızın Vətənimizdən kənarda tanıdılmasında və təbliğində Şərur Xalq Yallı Ansamblının xidmətləri həmişə yüksək qiymətləndirilib. Ansamblın ötən illərdə müxtəlif ölkələrdə – Macarıstan, Rusiya, Almaniya və Polşadakı çıxışları bu baxımdan diqqəti cəlb edir. Folklor kollektivinin qardaş Türkiyə Respublikasına səfərləri də ənənə halını alıb. Ansambl qardaş ölkənin İsgəndərun, Bayburt, İstanbul, Van, Ağrı və başqa şəhərlərində keçirilən tədbirlərdə dəfələrlə ölkəmizi təmsil edib. Folklor kollektivi ötən günlərdə Türkiyədə keçirilən silsilə tədbirlərdə iştirak edib. 

Səfərlə bağlı təəssüratlarını öyrənmək üçün ansamblın direktoru, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Kimya Babayeva ilə həmsöhbət olduq. O dedi ki, budəfəki səfər Türkiyənin Kastamonu şəhərinin 2018-ci ildə Türk dünyasının mədəniyyət paytaxtı olması ilə əlaqədar keçirilən rəsmi açılış mərasimi və Beynəlxalq Türk Mədəniyyət Təşkilatının (TURKSOY) təşəbbüsü ilə təşkil edilən Novruz bayramı şənlikləri ilə bağlı idi. Belə bir tədbirdə ölkəmizi təmsil etmək məsuliyyətimizi daha da artırır, Türk dünyasının müxtəlif coğrafiyalarından, ümumilikdə isə 18 ölkə­dən gəlmiş kollektivlərin arasında olmaq bizdə iftixar doğururdu. Azərbaycanı konsert proqramında Şərur Xalq Yallı Ansamblı və Masallının “Halay” folklor kollektivi təmsil edirdi.

Kimya Babayeva qeyd etdi ki, Şərur Xalq Yallı Ansamblı tədbirin ilk günü Kastamonunun valilik binası önündə çıxış etdi. Kollektivimizin ifa etdiyi “Köçəri”, “Göyçəməni”, “Söylə” və başqa yallılar böyük coşqu ilə qarşılandı. Həmin gün tədbir Türkiyənin Baş naziri Binəli Yıldırımın, qardaş ölkənin tanınmış ictimai və dövlət xadimlərinin iştirakı ilə şəhərin Atatürk idman salonunda davam etdirildi. Bütün tədbirlər “TRT-Avaz” və Türkiyənin bir çox digər televiziya kanalları vasitəsilə canlı yayımlandı. 

Türkiyənin Qara dəniz sahilində yerləşən Kastamonu şəhəri barədə də danışan Kimya xanım bildirdi ki, bu şəhərin qədim və zəngin tarixi, gözəl ənənələri var. 115 minədək əhalisi olan şəhər Milli Qurtuluş Savaşı zamanı azadlıq mücahidlərinin əsas dayaq məntəqələrindən biri olub, 1915-ci ildəki Çanaqqala savaşında 2500-dən çox şəhid verib. “Çanaqqala türküsü” də burada bəstələnib və ifa edilib. 

Kastamonuda Türkiyənin bu qədim şəhəri ilə yaxından tanış olduqlarını da qeyd edən Kimya xanım bundan sonra Ankaradakı Yıldırım Bəyazit Universitetində və şəhərin Çubuk rayonunda təşkil edilən Novruz şənliklərində də çıxışlarının olduğunu qeyd etdi. O dedi: Səfərimizin son günlərində İstanbul şəhərinin Bayrampaşa Bələdiyyəsinin təşkilatçılığı ilə keçirilən Novruz şənliklərində də iştirak etdik. Hər çıxışımızda tamaşaçılar kollektivimizi hərarətlə alqışladılar. Türkiyəli qardaşlarımızın bizə öz doğmaları kimi münasibət bəsləmələri əsl dostluğun, qardaşlığın nümunəsi idi. Çox səmimi və dostcasına qarşılandığımız qardaş türk torpağından xoş təəssüratlarla ayrıldıq.

00290851
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
383
269
2098
2585
290851

Tarix: 10-12-2018
Biz, sosial şəbəkələrdə: