"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

İstedadlı tələbənin solo konserti maraqla qarşılanıb

Aprelin 13-də Naxçıvan şəhərindəki “Gənclik” mərkəzində Naxçıvan Musiqi Kollecinin tar ixtisası üzrə III kurs tələbəsi Məmməd Məmmədlinin solo konserti olmuşdur.

Konsertdən əvvəl bildirib ki, kollec Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin göstərişi və təşəbbüsü ilə 1974-cü ildə yaradılıb. 1975-1976-cı tədris ilində 4 ixtisas üzrə fəaliyyətə başlayan kollec 1992-ci ilə qədər Naxçıvan Orta İxtisas Musiqi Texnikumu adlandırılıb. 2005-ci ildən isə Naxçıvan Musiqi Kolleci adı ilə fəaliyyət göstərir. Hazırda kollecdə 10 ixtisas üzrə kadr hazırlığı aparılır. Ötən illər ərzində Naxçıvan Musiqi Kollecini 3000-dən çox məzun bitirmişdir. Məktəbin məzunları ölkəmizin mədəniyyət müəssisələrində, uşaq musiqi məktəblərində çalışaraq mədəniyyətin və incəsənətin inkişafında xidmət göstərirlər.

Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 29 mart 2015-ci il tarixli “Naxçıvan Musiqi Kollecinin 40 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamına əsasən bu musiqi təhsili ocağının yubileyi qədim diyarımızda geniş qeyd olunub.

Qeyd edilib ki, Naxçıvan Muxtar Respublikasında ixtisaslı musiqi kadrlarının yetişdirilməsi, istedadlı gənclərin musiqi təhsilinə cəlb olunması, milli musiqi alətlərimizin və xalq mahnılarımızın yaşadılması, eləcə də klassik və müasir dünya bəstəkarlarının əsərlərinin öyrənilməsi məqsədilə yaradılan Naxçıvan Musiqi Kolleci bu gün də gənc musiqiçi kadrların yetişdirilməsinə öz töhfələrini verməkdədir.Məmməd Məmmədli öz istedadı ilə seçilən tələbələrdəndir. İstedadlı tələbə həm də kollecin ictimai işlərində fəallıq göstərir, məktəbdaxili konsertlərdə çıxış edir.

Konsertdə ilk olaraq istedadlı tələbə Məmməd Məmmədli Hacı Xanməmmədovun 2 nömrəli konsertindən II və III hissələri ifa edib. Qeyd edək ki, tələbəni konsertdə Naxçıvan Dövlət Filarmoniyasının Kamera orkestri müşayiət etmişdir.

Tələbənin ifasında bəstəkarlardan Zakir Bağırovun “İlk xatirələr”, Vasif Adıgözəlovun “Qərənfil”, Adil Bəbirovun “Konsert” pyesi də səsləndirilmişdir. İstedadlı tələbənin solo konserti repertuar zənginliyi ilə seçilirdi. Məmməd Məmmədlinin ifasında “Şüştər”, “Orta Mahur” muğamları alqışlarla qarşılanmışdır.

Konsertdə tanınmış Avropa bəstəkarlarından Şarl Qunonun “Vals fantaziya”sı, Vittorio Montinin “Çardaş” və başqa musiqilər də tələbənin ifasında səsləndirilmişdir.

Bir saatdan artıq davam edən konsert maraqla qarşılanmışdır.

00250845
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
7
388
1702
7712
250845

Tarix: 20-07-2018
Biz, sosial şəbəkələrdə: