"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Muzey bələdçiləri üçün seminar-treninq keçirilib

“Əlincəqala” Tarix-Mədəniyyət Muzeyində muxtar respublikada fəaliyyət göstərən muzeylərin bələdçiləri üçün seminar-treninq keçirilib. 

Seminar-treninqdə Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Həsən Kərimov “Muzey bələdçisinin davranış qaydaları” haqqında çıxış edib. Qeyd olunub ki, ötən ildən başlayaraq muzey bələdçilərinin muxtar respublikanın müxtəlif bölgələrində yerləşən muzeylərlə tanışlığı təmin edilir. Bu seminar-treninq­lərin keçirilməsində əsas məqsəd ekskursiya işinin təşkili ilə bağlı mövcud nöqsan və çatışmazlıqların aradan qaldırılması, muzey bələdçilərinin nəzəri və praktik səviyyəsinin yüksəldilməsidir.

 Bildirilib ki, muxtar respublikamızda muzey fəaliyyətinin yüksək səviyyədə təşkil edilməsi üçün ardıcıl tədbirlər həyata keçirilir. Muzeylərimiz üçün yeni binaların inşa olunması, onların təmiri və maddi-texniki bazasının möhkəmləndirilməsi işin səviyyəsinin yüksəldilməsinə xidmət edir. Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 11 fevral tarixli Sərəncamına əsasən yaradılan “Əlincəqala” Tarix-Mədəniyyət Muzeyi bu yaxınlarda istifadəyə verilib. Yeni yaradılan muzeyin ekspozisiya zalında Əlincəqalada məskunlaşmış insanların həyat tərzini əks etdirən maddi-mədəniyyət nümunələri diqqəti cəlb edir. Buraya gələn ölkə vətəndaşlarının və xarici turistlərin abidə və muzeylə tanışlığı üçün hər cür şərait yaradılıb. Bildirilib ki, Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi “Əlincəqala” Tarix-Mədəniyyət Muzeyinin ekspozisiyasının zənginləşdirilməsi istiqamətində işlərini müntəzəm davam etdirəcəkdir. Eyni zamanda muzeylə ümumtəhsil məktəbləri arasında interaktiv dərslərin keçilməsi, tələbələrin Əlincəqalaya ekskursiyasının təşkili də diqqət mərkəzindədir. Nazirlik tərəfindən Azərbaycan və ingilis dillərində “Əlincəqala” Tarix-Mədəniyyət Muzeyinin internet saytının yaradılması üçün işlər görülür. Qeyd olunub ki, görülən işlər muzey işçiləri qarşısında da mühüm vəzifələr qoyur. Muzeylərimizin hazır­lıqlı, bilikli, xarici dilləri bilən bələdçilərlə təmin edilməsi vacib məsələlərdəndir. Muzeyə gələn insanları qarşılayan və onlara bu mədəniyyət ocağı haqqında məlumat verən bələdçilərdir. Muzey bələdçilərinin verilən suallara ətraflı cavab verməsi, etik qaydalara əməl etməsi muzeyə gələnlərdə xoş təəssürat yaratmalıdır. Bildirilib ki, muzey bələdçiləri müxtəlif səviyyəli insanlarla, məktəbli və tələbələrlə, yaşlı nəsillə işləməyi bacarmalıdır. Muzey bələdçisi hər bir ziyarətçiyə qarşı diqqətli və nəzakətli olmalı, onların suallarını diqqətlə dinləyib elmi əsaslarla cavablandırmağı bacarmalıdır. 

Sonda “Əlincəqala” Tarix-Mədəniyyət Muzeyinin ekspozisiyasına baxış olub və ekskursiyanın müzakirəsi keçirilib. Seminar-treninqdə muzey bələdçilərinin davranış qaydalarına dair metodik tövsiyələr verilib.

00373152
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
235
561
2750
3376
373152

Tarix: 08-12-2019
Biz, sosial şəbəkələrdə: