"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Yazıçı-dramaturq Həmid Arzulunun “Əlincə qalası” tarixi dramı əsasında hazırlanmış tamaşa ilə 133-cü teatr mövsümünü başa çatdırıb.

Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı yazıçı-dramaturq Həmid Arzulunun “Əlincə qalası” tarixi dramı əsasında hazırlanmış tamaşa ilə 133-cü teatr mövsümünü başa çatdırıb.

Tamaşadan əvvəl Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı, Azərbaycan Respublikasının Xalq artisti Kamran Quliyev çıxış edərək Naxçıvan teatrının keçdiyi şərəfli inkişaf yolundan danışıb, bu sənət ocağının tamaşaçıların maariflənməsindəki xidmətlərindən, onların estetik zövqünün formalaşmasında, işıqlı və mütərəqqi ideyaların yayılmasında gördüyü işlərdən söhbət açıb.

Qeyd olunub ki, ötən mövsümdə hazırlanmış “Nadanlıq və ya üç telefon zəngi”, “Qurtuluş dastanı”, “Varlı qadın” və başqa tamaşalar ictimaiyyət tərəfindən maraqla qarşılanıb. Teatr muxtar respublikanın müxtəlif rayonlarında “Koroğlunun Çənlibelə qayıdışı”, “Araz sahilində doğan Günəş”, “Qurtuluş dastanı” kimi səhnə əsərlərini tamaşaçılara təqdim edib. Bu əsərlərdə dövlətçilik ideyalarının təbliği, Vətənin müstəqilliyə qovuşması kimi amillər əksini tapıb. Vurğulanıb ki, teatr repertuar zənginliyini daim diqqət mərkəzində saxlayır, tarixi mövzuda yazılmış əsərlərin səhnələşdirilməsinə böyük önəm verir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il fevral ayının 11-də imzaladığı “Culfa rayonundakı Əlincəqala tarixi abidəsinin bərpa edilməsi haqqında” Sərəncama əsasən, iyun ayının 17-də “Əlincəqala” tarixi abidəsinin və muzeyinin açılışı olub. Sərəncama uyğun olaraq, Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı Həmid Arzulunun “Əlincə qalası” tarixi dramına yenidən müraciət edib. Bu il teatr görkəmli yazıçı-dramaturqumuz Nəriman Nəriman­ovun “Nadir şah” tarixi dramını da səhnəyə qoyacaqdır. Sonra Həmid Arzulunun “Əlincə qalası” tarixi dramı əsasında hazırlanmış tamaşa göstərilib. Tamaşada uzun illər Əmir Teymura qarşı mübarizə aparan Əlincəqalanın müdafiəsi canlandırılır, qala müdafiəçilərinin qəhrəmanlığı, xalqın qurub-yaratmaq əzmi, düşmən mühasirəsində olmasına baxmayaraq, mətinliyini və torpaq sevgisini yaşadan insanların həyat tərzi tamaşaçıya təqdim olunur. Tamaşada xalqın qəhrəman oğulları Əmir Altun, Rəşid, Məlik Tahir, Əhədin insanları vətənin müdafiəsi uğrunda səfərbər etməsi ilə yanaşı, Azərbaycan qadınının hünər və cəsarəti, sədaqəti, ailə və cəmiyyətdə nüfuzu Gilan ana obrazında tamaşaçıya təqdim edilir. Əsər Əmir Teymurun qala müdafiəçilərinin hünər və qəhrəmanlığı qarşısında məğlub olması ilə başa çatır. “Əlincə qalası” tamaşasının quruluşçu rejissoru Xalq artisti Kamran Quliyev, quruluşçu rəssamı Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Əbülfəz Axundov, musiqi tərtibatçısı Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi İmamqulu Əhmədovdur. Tamaşada Azərbaycan Respublikasının Xalq artistləri Rza Xudiyev (Əmir Teymur), Rövşən Hüseynov (Omba Qulamhüseyn), Şirzad Abutalıbov (Təlxək), Azərbaycan Respublikasının Əməkdar artistləri Əbülfəz İmanov (Qasım), Xəlil Hüseynov (Bəbir), Bəhruz Haqverdiyev (Murzo), Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Səməd Canbaxşıyev (Rəşid), aktyorlar Elnur Rzayev (Əhəd), Şölə Novruzbəyli (Məlikə), Nazlı Hüseynquliyeva (Gilan ana), Nurbəniz Niftəliyeva (Nərgiz), Səyyad Məmmədov (Əmir Altun), Nəsimi Məmmədzadə (Məlik Tahir), Zakir Fətəliyev (İlyas Xoca), Cəbrayıl Nəbiyev (Cəllad), Anar Eyvazov (Qapıçı) və başqalarının ifaları maraqla qarşılanıb. Kütləvi səhnələrdə “Təməl” teatr studiyasının tələbələri iştirak ediblər.

00373152
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
235
561
2750
3376
373152

Tarix: 08-12-2019
Biz, sosial şəbəkələrdə: