"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Nuh peyğəmbərin vətəninə səyahət

12 oktyabr 2022-ci il tarixdə Slovakiya Respublikasında nəşr olunan “ONA” turizm jurnalında “Nuh peyğəmbərin vətəninə səyahət” başlıqlı məqalə nəşr edilmişdir. Məqalə Slovakiya vətəndaşı İvo Mulec tərəfindən yazılmışdır. İvo Mulec Slovakiyada fəaliyyət göstərən “Van Gogh” turizm şirkətinin rəhbəridir. Həmin məqaləni təqdim edirik.

Uzun müddətdir ki, heç bir yeni kəşfedilmiş torpaq məni Naxçıvan qədər ovsunlamamışdı. Və mən bunu hava limanından çıxdığım ilk andan etibarən hiss etdim. Naxçıvan Muxtar Respublikası 1924-cü ildə Azərbaycan Sovet Sosialist Respublikasının tərkibində yaradılmışdır. Ərazisi 5363 km²-dir və burada 400.000-dən çox sakin yaşayır. Şimaldan Ermənistan, cənubdan İran, qərbdən isə Türkiyə ilə kiçik sərhədi olan, dənizin ortasında ada kimi eksklava bənzəyən xüsusi statusa malik muxtar respublikadır. Siz Naxçıvana Azərbaycanın paytaxtı Bakı şəhərindən təyyarə ilə, quru yolu ilə isə İran vasitəsilə səfər edə bilərsiniz. Paytaxtı Naxçıvan şəhəridir və Araz çayının sol sahilində yerləşir. Araz çayı Fərat və Dəclə çaylarından heç də az əfsanəvi deyil. Şəhərin istənilən binasından bu sərhəd çayının o tayındakı İran dağlarına gözəl mənzərə açılır.

Naxçıvan qədim şəhərdir, onun tarixi əsrlərlə deyil, minilliklərlə ölçülür. Burada təbiət həmişə sərt, lakin öz sakinləri kimi gözəl olub. Daha çox isti yay aylarında quruyan çoxlu çayları var. Məhz buna görə də yerli əhali su hövzələri və su anbarları tikmək sənətini erkən mənimsəmiş və uzun, quraq aylarda sağ qalmağı bacarmışlar. Naxçıvan əsasən dağlıqdır; ən hündür zirvəsi olan Qapıcıq dağı 3905 metr hündürlüyü ilə Cənubi Qafqazın ən hündür zirvəsidir. Bu dağlarda çoxlu faydalı qazıntı ehtiyatları var, Naxçıvan hələ qədim zamanlardan mis, qurğuşun və qızılı ilə şöhrət qazanıb. Mədənlərin ən qədimi, bəlkə də dünyada, şübhəsiz ki, bu gün də fəaliyyət göstərən və Duzdağ dağının ətəyində yerləşən, duz mədənidir. Arxeoloqlar duz mədəninin 8000 il əvvəl qazılmağa başlandığını və duzun min illər boyu qonşu ölkələrlə və İpək Yolunun bütün istiqamətlərində ticarət edilən bir vasitə olduğunu iddia edirlər. Bu gün şaxtanın tərk edilmiş yeraltı dəhlizlərində ağciyər xəstəlikləri üçün sanatoriya yerləşir.

Ardını oxu...

Taksi sürücüləri ilə görüş keçirilmişdir

7 oktyabr 2022-ci il tarixdə Naxçıvan şəhər Nəqliyyat İdarəsində Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti tərəfindən  taksi fəaliyyəti ilə məşğul olan sürücülərlə “Turizmin inkişafında taksi fəaliyyətinin rolu” mövzusunda görüş keçirilmişdir. Tədbirdə çıxış edən “Naxçıvan Muxtar Respublikası Dövlət Nəqliyyat Xidməti” publik hüquqi şəxsin  “Nəqliyyatın təşkili və lisenziyalaşdırma sektoru”nun baş məsləhətçisi Natiq Həsənov bildirmişdir ki, 2016-cı il martın 18-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Turizmin inkişaf etdirilməsi və qarşıda duran vəzifələr”lə əlaqədar keçirilmiş müşavirədə nəqliyyat xidmətinin yüksək səviyyədə təmin edilməsi, nəqliyyat vasitələrinin tam nəzarətdə saxlanılması bir vəzifə kimi qarşıya qoyulmuşdur.

Qeyd olunmuşdur ki, ilin əvvəlində muxtar respublikada sərnişindaşıma fəaliyyəti göstərən sürücülərin muzey günlərinin qrafiki tərtib edilmiş, qrafikə əsasən sürücülərin muzeylərdə seminar məlumatlandırması işi nəzarətdə saxlanılmışdır. Hazırda sürücülərin ay ərzində bir dəfə qrup şəklində muzeylərə ekskursiyaları təşkil edilməkdədir.

Vurğulanmışdır ki, muxtar respublikada ümumilikdə 501 ədəd taksi avtomobili sərnişindaşıma xidməti göstərməkdədir. Bununla yanaşı 2020-ci ildən muxtar respublikada taksi ilə sərnişindaşıma fəaliyyəti göstərmək üçün mərkəzləşdirilmiş “Elektron taksi xidməti” yaradılmışdır ki, bu da yerli əhalinin və gələn qonaqların rahat, ucuz və təhlükəsiz şəraitdə mənzilbaşına çatmasına zəmin yaratmış, gediş-gəlişi xeyli asanlaşdırmışdır.

Ardını oxu...

Naxçıvan zəngin turizm potensialına malikdir

Azərbaycanın əlverişli coğrafi mövqeyi, doqquz iqlim qurşağı, flora və faunasının müxtəlifliyi və zənginliyi, dəniz sahilində yerləşməsi, mədəni-tarixi irsi, ləziz mətbəxi, yüksək qonaqpərvərlik ənənələri turizmin inkişafı üçün böyük perspektivlər açır. Ölkəmizdə turizmin inkişafı xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli liderimiz ölkəmizə hər iki rəhbərliyi dövründə bu sahənin inkişafını diqqətdə saxlamışdır. Ötən əsrin 70-ci illərində Azərbaycanda turizm təşkilatları və ekskursiya bazalarının geniş şəbəkəsi yaradılmış, müasir mehmanxanalar, ictimai əyləncə obyektləri inşa olunmuşdur. Müstəqillik illərində də ulu öndər bu sahənin inkişafını diqqətdə saxlamış, dövlət turizm siyasətinin tənzimlənməsi sahəsində mühüm hüquqi baza yaradılmışdır.

“Turizm sektorunun inkişafı prioritetlər sırasındadır”, – deyən ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən ümummilli liderimizin siyasi xətti uğurla davam etdirilir, turizmin inkişafı vacib istiqamətlərdən biri kimi daim diqqətdə saxlanılır. Son illər ölkəmizin turizm potensialının beynəlxalq aləmdə tanıdılması, habelə turizmin müxtəlif növlərinin inkişaf etdirilməsi sahəsində məqsədyönlü tədbirlər həyata keçirilir. Ölkə başçısının imzaladığı sərəncamlar, qəbul edilən Dövlət proqramlarının uğurlu icrası Azərbaycanı dünyada turizm ölkəsinə çevirmişdir. Artıq Azərbaycanın bütün bölgələrində yeni turizm obyektləri, yay-qış turizm kompleksləri, mehmanxanalar inşa olunmuş, mədəni-tarixi qoruqlar yaradılmışdır. 2011-ci ilin “Turizm ili” elan edilməsi isə Azərbaycanda bu sahənin inkişafına göstərilən diqqətin daha bir ifadəsi olmuşdur. 

Ardını oxu...

BƏƏ-nin “TTN” jurnalında Naxçıvan Muxtar Respublikasının turizm potensialının təbliği məqsədilə məqalə dərc olunmuşdur

Naxçıvan Muxtar Respublikasının turizm potensialı, ilk növbədə, buranın əlverişli təbii-coğrafi mövqedə yerləşməsi, zəngin flora və faunası, gözəl təbiəti, özünəməxsus mətbəxi ilə şərtlənir. Eyni zamanda, son illərdə muxtar respublikada müasir tələblərə cavab verən istirahət mərkəzlərinin, hotellərin inşası, yol-nəqliyyat infrastrukturunun yaradılması həm xarici, həm də yerli turistlərin muxtar respublikaya marağını artırır.

Muxtar respublikanın turizm imkanları bütün vasitələrdən istifadə edilməklə təbliğ olunur. Bu gün dünyanın müxtəlif ölkələrində yayımlanan televiziya kanallarında, beynəlxalq sərgilərdə, tədbirlərdə Naxçıvan Muxtar Respublikasının turizm potensialı geniş təbliğ edilir. Muxtar respublikada turizm xidmətlərinin səviyyəsi, müxtəlif turizm növləri iqtisadiyyatımızın prioritet istiqaməti kimi inkişaf edir.

Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi və Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti arasında təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasında turizmin inkişaf etdirilməsi ilə bağlı 2020-2023-cü illər üzrə birgə Tədbirlər Planı”nın icrası ilə əlaqədar olaraq Naxçıvan Muxtar Respublikasının Turizm Departamentinin təşkilatçılığı, Azərbaycan Turizm Bürosunun dəstəyi ilə  ərəb turizm bazarında  muxtar respublikanın turizm potensialının daha geniş auditoriyaya çatdırılması məqsədilə “TTN” jurnalında məqalə dərc olunmuşdur. Məqsəd muxtar respublikada turizmin inkişafını sürətləndirmək, ölkənin turizm potensialını ərəb bazarına çıxarmaq,  ərəb turistlərin diqqətini səfalı guşələrimizə cəlb etmək və bölgəni cəlbedici turizm destinasiyası kimi tanıtmaqdır. BƏƏ Azərbaycanda turizm sahəsində marketinq strategiyasının əsas hədəf bazarlarındandır. “TTN” jurnalında Naxçıvan haqqında məqalənin dərc edilməsi Azərbaycan Respublikasına səfər edən BƏƏ-li turistlərin muxtar respublikaya cəlb olunmasına istiqamətlənmiş addımlardan biridir.

BƏƏ-li turistlərin əsas tətil maraqları əsasən şəhər tətilləri, ailəvi istirahət yerləri,   alış-veriş, təbiət və eko-turizm, SPA və tibbi müalicə, idman tədbirləridir. Bildiyimiz kimi BƏƏ-li turistlər dünyada ən çox pul xərcləyən səyahətçilər sırasındadırlar. 

 “Azərbaycana, Naxçıvana səfər” adlı məqalədə Naxçıvan Muxtar Respublikası ərazisində yerləşən mədəni tarixi abidələrimiz əyilməzlik simvolu olan Əlincəqala, bölgənin zəngin tarixi və mədəniyyətini özündə əks etdirən nadir memarlıq abidəsi Möminə Xatın, Naxçıvan xanlığının iqamətgahı olan Xan Sarayı, müqəddəs Qurani-Kərimin surələrindən birində adı keçən Əshabi-Kəhf mağaraları, Nuh türbəsinin yerləşdiyi güman edilən Haçadağ, möhtəşəm təbiət mənzərəsi ilə qonaqları valeh edən Batabat gölü, həmçinin, muxtar respublikaya xas mətbəxi və təbii müalicəvi Duzdağ mağaraları haqqında məlumatlar öz əksini tapmışdır.

 

         “TTN” jurnalında dərc olunmuş məqalənin mətni.

“Azərbaycana, Naxçıvana səfər”

İstər gözəl təbiət mənzərələri, istər tarixi abidələr, istərsə də qastronomik səyahət axtarışınızdan asılı olmayaraq, Naxçıvan hər növ turistin istədiyini tapa biləcəyi bir məkandır. Qədim tarix və heyranedici təbiətin belə birləşməsi sizə unudulmaz tətil təcrübəsi təklif edir.

Naxçıvan sizi şərqin Maçu Piççusu kimi tanınan Əlincə qalası kimi yerləri ziyarət edərək tarixə səyahət etməyə səsləyir. Bu orta əsr qalası sıldırımlı bir dağın başında yerləşir. Naxçıvanın bu tarixi incisini görmək üçün 1500 pillə qalxmaq heyranedici mənzərə ilə mükafatlandırılacaq.

Bölgənin zəngin tarixi və mədəniyyəti ilə daha yaxından tanış olmaq üçün başqa bir nadir memarlıq abidəsini - 12-ci əsrə aid Möminə Xatın məqbərəsini ziyarət etmək lazımdır. Bu abidə nəinki sizə estetik zövq verəcək, həm də türbə üzərində yazılmış dərin fəlsəfi mesajlarla ruhunuza toxunacaq. Tarixi səyahət burada bitmir və sizi möhtəşəm şərq üslubunda tikilmiş Naxçıvanın Xan Sarayına aparır. Zəngin ornamentli döşəmələri şəbəkə - vitrajlı saray 18-ci əsrin ortaları - XX əsrin əvvəllərində Naxçıvan xanlığının iqamətgahı olub. Naxçıvanın bu memarlıq inciləri bəşəriyyət tarixini kəşf etmək səyahətində eksklüziv görməli yerlər axtaran bütün mədəniyyət sevərlərin ziyarət etməli olduğu yerdir.

Naxçıvan büründüyü əfsanə və sirrləri ilə tanınır. Əshabi-Kəhf mağaraları Quranın surələrindən birində adı keçən unikal məkandır. Kompleks Naxçıvandan təqribən 12 km şərqdə yerləşir və yerli əhali tərəfindən ən çox gedilən ziyarətgahlardandır. Növbəti sirli və maraqlı yer bizi eramızdan əvvəl 4-cü minilliyə aparır. Nuh türbəsinin yerləşdiyi güman edilən Naxçıvandan Ordubada gedərkən Haçadağın ecazkar mənzərəsi diqqətinizi çəkəcək. Əfsanələrdə deyilir ki, dünya tufanı zamanı Nuhun gəmisi bu dağa toxunmuş, zərbə nəticəsində zirvəsi haçalanmışdır. Bu tarixi möcüzə keçmişin sirlərinə pərdələr açır və onları hər bir ziyarətçi ilə bölüşür.

Naxçıvanın şəhərkənarı ərazilərinin sakitliyi və ecazkar mənzərələri Batabat gölündə cəm olmuşdur. Bu möhtəşəm təbiət mənzərəsi Şahbuz rayonunda dəniz səviyyəsindən 2500 metr yüksəklikdə yerləşir. Ərazi xüsusən çöl çiçəklərinin açdığı mövsümdə və gölün ortasında üzən adası ilə görənləri özünə heyran edir. Göl insana rahatlıq verən atmosferə malikdir və Naxçıvan şəhərindən kifayət qədər qısa məsafədə (65 km) əlçatanlığı ilə diqqəti cəlb edir. Şəhərdən gölə gedən yolda dramatik şəkildə dəyişən mənzərələrin şahidi olacaqsınız. Təəccüblü deyil ki, göl həm yerli sakinlər, həm də turistlərin mükəmməl bir ailəvi həftəsonu keçirməsi üçün məşhur gəzinti yeridir. Şahbuz ərazisi həm də çiçək ətri və qızılgül dadı olan bal istehsalı ilə tanınır.

Ümumiyyətlə, Naxçıvan qastronomik səyahətə dalmaq üçün əla yerdir. Yerli quzu pörtləməsi, qovurma şorbası kimi yerli yeməklərin bir çoxu hələ də qədim ənənəyə uyğun olaraq bişirilir və saxlanılır: yeraltında, saxsı qablarda. Naxçıvanda quzu ətindən hazırlanan yeməklər çox məşhurdur və buna görə də mütləq “dadlı qala” adlı təamı dadmalısınız: təndirdə bişmiş qabırğa, qarabaşaq yarması, kartof və pomidorla süfrəyə verilir. Ərazinin şərqində yerləşən Ordubada səfər edəndə məşhur qayğanağın və müxtəlif təzə meyvələrin dadına baxmalısınız.

Naxçıvan buraya səyahət edənlərə müxtəlif təcrübələr təqdim etməyə qadir bir diyardır. Ən orjinal duz terapiyası təcrübəsi üçün Naxçıvan şəhərindən 12 km məsafədə yerləşən Duzdağa üz tutmalısınız. Bu keçmiş duz mədəni tənəffüs yolları xəstəliklərinin müalicəsi məqsədilə fizioterapiya mərkəzinə çevrilib. İstər keçmiş mədən tunelləri boyunca yerləşən rahat otaqlarda gecələyən bir xəstə, istərsə də sadəcə tunelləri ziyarət edən turist olmağınızdan asılı olmayaraq, hər iki təcrübədə müalicəvi duzdan nəfəs aldığınız zaman ağciyərinizin funksiyası yaxşılaşacaq.

Möhtəşəm Naxçıvan diyarı sizi müstəsna təcrübələrlə dolu səyahətə dəvət edir.”

 

Naxçıvan Muxtar Respublikasının

Turizm Departamenti

Turizm sektorunun inkişafı diqqət mərkəzindədir

Ölkəmizdə müasir dövrün ən mühüm sosial-iqtisadi inkişaf istiqamətlərindən birini turizm sektoru təşkil edir. Bu sahənin inkişafı, öz növbəsində, bir sıra istehsal sahələrinin davamlı fəaliyyətinin təmin olunmasında, eləcə də əhalinin məşğulluğunun və gəlirlilik səviyyəsinin artırılmasında xüsusi rol oynayır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Müasir dünyada turizm sektoru iqtisadi cəhətdən ən gəlirli və perspektivli sahələrdən biridir. Zəngin mədəni-tarixi irsə və əlverişli şəraitə malik olan Naxçıvan Muxtar Respublikasında turizmin əksər növlərinin inkişafı üçün geniş imkanlar mövcuddur. Hazırda muxtar respublikada iqtisadi-sosial və ekoloji tələblərə cavab verən müasir turizm sahəsinin formalaşdırılması istiqamətində ardıcıl tədbirlər görülür”. Naxçıvan Muxtar Respublikasında da turizmin inkişafı xüsusi diqqətdə saxlanılır və bu istiqamətdə həyata keçirilən irimiqyaslı layihələr qədim diyarımızın turist cəlbediciliyini gündən-günə artırır. Mövcud təbii ehtiyatlardan səmərəli istifadə etməklə yeni turizm məhsullarının ərsəyə gətirilməsi muxtar respublikada bu sektorun inkişafı üçün yeni imkanlar açır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 31 yanvar tarixli Sərəncamı ilə təsdiq olunan “2018-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına dair Dövlət Proqramı”nın əsas məqsədlərindən biri muxtar respublikanın turizm potensialından tam istifadə edilməsini təmin etməkdir.

Ardını oxu...

Dağ cığırları əsasında piyada marşrutlarının müəyyənləşdirilməsi istiqamətində işlər aparılır

Naxçıvan Muxtar Respublikası Turizm Departamenti tərəfindən Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 31 yanvar 2018-ci il tarixli, 215-05/S nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2018-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına dair Dövlət Proqramı”nın 5.1-ci bəndi (Naxçıvan Muxtar Respublikası ərazisinin görməli yerləri üzrə piyada marşrutlarının tərtib edilməsi) və Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi və Naxçıvan Muxtar Respublikasının Turizm Departamentinin “Naxçıvan Muxtar Respublikasında turizmin inkişaf etdirilməsi ilə bağlı 2020-2023-cü illər üçün birgə Tədbirlər Planı”nın ekoturizm bölməsindəki dağ cığırları əsasında piyada marşrutlarının (hiking route) hazırlanması bəndinin icrası istiqamətində işlər davam etdirilir. Belə ki, Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin və Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin birgə təşkilatçılığı ilə Azərbaycan Turizm Bürosunun ekoturizm üzrə mütəxəssisi ilə departamentin əməkdaşı tərəfindən 16 avqust 2022-ci il tarixdən başlayaraq Şahbuz rayonunun Kükü və Keçili kəndləri, Ağbulaq İstirahət Mərkəzi, Gurbulaq, Ballıdüz şəlalələri və Qanlıgöl istiqamətində, Culfa rayonunun İlandağ ətrafında, Ordubad rayonunun Parağaçay, Ağdərə, Tivi və Bist kəndlərində, həmçinin Göygöl və Gəmiqaya ərazisində dağ cığırlarının müəyyənləşdiriliməsi və qiymətləndirilməsi aparılmışdır. 27 avqust 2022-ci il tarixədək isə Şərur rayonunun Şahbulaq kəndi - Sulu dərə, Ordubad rayonunun Nürgüt, Nəsirvaz, Pəzməri kəndləri və Pəzməri şəlaləsi ətrafında dağ cığırlarının müəyyənləşdiriliməsi və qiymətləndirilməsi aparılacaq.

Ardını oxu...

01055960
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
97
110
1882
4012
1055960

Tarix: 14-10-2024
Biz, sosial şəbəkələrdə: