9 iyun 2021-ci il tarixdə Şahbuz rayonunun Ağbulaq kəndində kənd turizminin inkişafı məqsədilə Şahbuz rayon Ağbulaq və Gömür kənd sakinləri ilə görüş keçirilmişdir. Tədbirdə çıxış edən Şahbuz Rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünü idarəetmə orqanları ilə iş şöbəsinin müdiri Söhrab Kərimov bildirmişdir ki, muxtar respublikada dövlət səviyyəsində turizm sahəsinə göstərilən diqqət və qayğı bu sahənin inkişafına əsaslı təsir etmişdir. Bu gün muxtar respublikanın ən ucqar dağ kəndlərinə belə, rahat asfalt yollar salınmış, su xətləri çəkilmiş, müasir infrastruktur obyektləri tikilmiş, fasiləsiz təbii qaz, elektrik enerjisi, rabitə xidməti və sürətli internet şəbəkəsi istifadəyə verilmişdir. Bütün bunların nəticəsi olaraq muxtar respublikaya gələn turistlərin sayı ilbə il artır.
Daha sonra Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin Statistika və sertifikatlaşdırma sektorunun müdiri Süleyman Rüstəmov çıxış edərək Naxçıvan Muxtar Respublikasının turizm potensialı haqqında tədbir iştirakçılarına məlumat vermiş, bildirmişdir ki, turizm iqtisadiyyatın ən dinamik inkişaf edən sahələrindən biri sayılır. Azərbaycanda da bu sahənin inkişafına ciddi diqqət göstərilməkdədir. Azərbaycanın, o cümlədən dünyanın ən qədim yaşayış və mədəniyyət mərkəzlərindən biri olan Naxçıvanda turizmin inkişafı muxtar respublika iqtisadiyyatının prioritet sahələrindən biri hesab edilir. Naxçıvan Muxtar Respublikasının coğrafi mövqeyi, özünəməxsus iqlimi, fauna və florası, təbii bulaqları, mineral və müalicəvi suları, qədim tarixə malik tarix-memarlıq və mədəniyyət abidələri turizmin inkişafı üçün əlverişli şərait yaradır.
27 may 2021-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Turizm Departamentində “Naxçıvan” Universitetinin “Turizm və otelçilik” ixtisası üzrə təhsil alan III kurs tələbələri üçün təşkil olunan istehsalat təcrübəsinin yekun konfransı keçirilmişdir. Konfransı giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin direktoru Əkbər Novruzov bildirmişdir ki, istehsalat təcrübəsi ixtisas üzrə təhsil alanların bilik, bacarıq və vərdişlərini möhkəmləndirən, təkmilləşdirən praktik fəaliyyət prosesidir. İstehsalat təcrübəsinin əsas məqsədi qazanılmış biliklərin təkrarlanması və təkmilləşdirilməsi, habelə onların istehsalatda tətbiq edilməsidir. Bu gün turizm sektorunda savadlı, peşəkar və hazırlıqlı mütəxəsislərin yetişməsinə muxtar respublika rəhbərliyi böyük diqqət və qayğı göstərir. Naxçıvan Dövlət və “Naxçıvan” universitetlərində “Turizm və otelçilik” ixtisası üzrə kadr hazırlığının həyata keçirilməsi bunun əyani ifadəsidir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 3 aprel tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Sərəncamına əsasən Naxçıvan Dövlət və “Naxçıvan” universitetlərinin “Turizm və otelçilik” ixtisasları Naxçıvan Muxtar Respublikası Turizm Departamentinə hamiliyə verilmişdir. Sərəncamın icrası ilə bağlı Turizm Departamenti tərəfindən adıçəkilən ixtisas üzrə təhsil alan tələbələrin iştirakı ilə mütəmadi olaraq müxtəlif formatlı tədbirlər keçirilir, tələbələrin tarix və mədəniyyət abidələrinə, muzeylərə ekskursiyaları təşkil olunur, tədris qrafikinə uyğun olaraq tələbələrin mehmanxana və mehmanxana tipli obyektlərdə, muzeylərdə, turizm şirkətlərində istehsalat təcrübəsi keçmələri təşkil edilir. Bütün bunlar tələbələrin peşə hazırlığının yüksəldilməsi və gələcəyin təcrübəli turizmçisi kimi formalaşmasına güclü stimul yaradır.
Turizm hər zaman sosial, iqtisadi, mədəni və ekoloji əhəmiyyəti ilə seçilən mühüm fəaliyyət sahələrindən biri olmuşdur. Bu da onu dünyada ən sürətlə böyüyən və dinamik inkişaf edən sektorlardan birinə çevirmişdir. Bu sahənin inkişafı istər dövlətlərarası beynəlxalq əlaqələrin miqyasına, istər qarşılıqlı maliyyə axınına əsaslı təsir etmiş, istərsə də müxtəlif mədəni abidələrin, təbii gözəlliklərin kəşfinə və qorunmasına şərait yaratmışdır. Təqdirəlayiq haldır ki, son illər ölkəmiz dünyada yeni turizm istiqaməti kimi tanınmağa başlayıb, beynəlxalq turizm bazarına inteqrasiya təmin edilib. Artıq respublikamız turizmlə bağlı reytinq cədvəllərində də öndə gedən ölkələr sırasındadır. Prezident cənab İlham Əliyev turizmin əhəmiyyətini vurğulayaraq demişdir: “Turizm də ixracın bir növüdür, çünki turizm ölkəyə valyuta gətirir”.
Naxçıvan Muxtar Respublikasının da qədim tarixi, coğrafi mövqeyi və milli-mədəni sərvətləri bu diyarda turizmin inkişafı üçün geniş potensialın mövcudluğundan xəbər verir. Bu potensialdan yüksək səviyyədə istifadə olunması üçün həyata keçirilən genişmiqyaslı tədbirlər muxtar respublikamızda turizmin yeni inkişaf mərhələsinə qədəm qoymasına səbəb olmuşdur. Görülən işlərin kompleks xarakter almasında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 31 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2018-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına dair Dövlət Proqramı”nın mühüm rolu vardır.
Naxçıvan Muxtar Respublikası yüksək turizm potensialına malikdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 31 yanvar tarixli Sərəncamı ilə qəbul olunmuş “2018-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına dair Dövlət Proqramı” isə bu sahədə lazımi fəaliyyətin həyata keçirilməsinə imkan verib. Lakin dünya təcrübəsi göstərir ki, bu gün turizmdə ixtisaslaşmanın əhəmiyyəti gündən-günə artır. Çünki turizmin müxtəlif sahələri üzrə ixtisaslaşma turistlərin düzgün kateqoriyalara bölünməsi və yönləndirilməsi baxımından böyük əhəmiyyət daşıyır. Belə ixtisaslaşma turist məmnunluğunu təmin etməklə yanaşı, turistləri eyni bölgəyə növbəti dəfə gəlməyə də ruhlandırır.
Naxçıvanın turizm potensialının istifadə imkanları haqqında danışarkən burada bir çox istiqamətləri qiymətləndirmək mümkündür: dağ-piyada turizmi, dini və müalicəvi turizm, kənd turizmi, xizəkçilik, ekoloji turizm və sair. Bu yazıda bəhs edəcəyimiz aqroturizm isə adından da göründüyü kimi, aqrar və turizm sahələrinin qarşılıqlı əlaqələrindən yararlanaraq ortaya çıxır. Bəzi hallarda “aqroturizm” ilə “ekoloji turizm” ifadələri sinonim kimi qəbul edilsə də, burada fərqli cəhətlər var və bu amil hər iki turizm sahəsinə fərqli yanaşma ortaya qoymağı tələb edir. Məsələnin fərqinə baxmadan, ilk olaraq, belə bir sual meydana çıxır ki, turistlərin aqrar sahədə marağını təmin etmək nəyə lazımdır? Ümumiyyətlə, bu sahədə beynəlxalq təcrübə necədir? Bu suallara cavab həm də o baxımdan bizə maraqlıdır ki, Naxçıvan Muxtar Respublikası ekoloji sərvətləri ilə bərabər, həm də mühüm kənd təsərrüfatı regionudur. Son illərdə aqrar sahənin inkişafı üçün qəbul edilən mühüm Dövlət proqramlarının əsas məqsədi də regionda bu sahənin inkişafını tam təmin etməkdir. Belə olan tərzdə biz nəyə görə müasir turizm trendlərindən olan aqroturizmi inkişaf etdirməliyik?
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 3 aprel 2019-cu il tarixli Sərəncamına uyğun olaraq Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin hamiliyinə verilmiş “Naxçıvan” Universitetinin “Turizm və otelçilik” ixtisası üzrə təhsil alan III kurs tələbələrinin istehsalat təcrübəsi davam edir. Qrafikə əsasən tələbələrin 22 aprel 2021-ci il tarixdən etibarən Naxçıvan şəhərində yerləşən muzeylərə ekskursiyaları təşkil edilmişdir. İlk olaraq tələbələr Heydər Əliyev Muzeyində olmuşlar. Burada tələbələrə muzeyin yaranma tarixi haqqında məlumat verilmiş, bildirilmişdir ki, Heydər Əliyev Muzeyi Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Sədrinin 1999-cu il fevralın 18-də imzaladığı Sərəncamla yaradılıb və həmin ilin may ayının 10-da fəaliyyətə başlayıb. Qeyd olunub ki, ümummilli lider Heydər Əliyev 1999-cu il oktyabr ayının 13-də muxtar respublikaya səfəri zamanı muzeyə gələrək buradakı ekspozisiya ilə tanış olub. Ulu Öndərin muzeyi ziyarəti zamanı çəkilmiş tarixi fotoları burada nümayiş etdirilir. Muzeydəki eksponatlar görkəmli dövlət xadiminin ictimai-siyasi fəaliyyətini, keçdiyi həyat yolunu özündə əks etdirən kitab, qəzet və jurnallar, 1990-1993-cü illərdə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin deputatı və Ali Məclisinin Sədri kimi işləyib hazırladığı, qəbul etdiyi tarixi qərar və sərəncamlar, imzalanmış protokol və müqavilələr, məktub və teleqramlar, istifadə etdiyi xatirə əşyaları, Ulu Öndərin şərəfinə toxunmuş xalçalar, çəkilmiş portretlər, tarixi fotolar və sənədli filmlər haqqında tələbələrə məlumat verilmişdir. Muzeydə zəngin fond materialları, orijinal sənədlər və eksponatlarla dahi rəhbərin mənalı həyatı, xalqımızın rifahı, xoş gələcəyi naminə siyasi fəaliyyətinin ayrı-ayrı dövrləri, mərhələləri işıqlandırılıb. Muzeydəki dəyərli ekspozisiyada Ulu Öndərimizin uşaqlıq və gənclik dövrü, təhsil illəri, ilk əmək fəaliyyəti, 1969-1982-ci illərdə Azərbaycana rəhbərliyinin birinci dövrü, Moskvada çalışdığı və yaşadığı dövr Naxçıvana qayıdışı, muxtar respublikaya rəhbərlik etdiyi illər, müstəqil Azərbaycanın memarı kimi fəaliyyəti dövrü zəngin materiallarla tələbələrə nümayiş etdirilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 2019-cu il 3 aprel tarixli Sərəncamına əsasən Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin hamiliyinə verilmiş “Naxçıvan” Universitetinin “Turizm və otelçilik” ixtisası üzrə III kurs tələbələrinin istehsalat təcrübəsinə start verilmişdir. Qrafikə uyğun olaraq 13 aprel 2021-ci il tarixdən başlayan təcrübədə tələbələr ilk öncə Naxçıvan Muxtar Respublikasının Turizm Departamentində olmuş və Departamentin fəaliyyəti ilə yaxından tanış olmuşlar. Onlara “Turizmin inkişafı və təbliği”, “Statistika və sertfikatlaşdırma” və həmçinin “Maliyyə-təsərrüfat və ümumi işlər” sektorlarının iş prinsipləri haqqında məlumatlar verilmiş iş otaqlarında gedən işlərlə əyani şəkildə tanış olmaları təşkil olunmuşdur. Tərtib olunmuş qrafikə əsasən tələbələrin keçdikləri istehsalat təcrübəsi Departamentin tabeliyində fəaliyyət göstərən təşkilatlarda davam etmişdir. Belə ki, tələbələr 20 aprel 2021-ci il tarixdə Naxçıvan Turizm İnformasiya Mərkəzində olmuş, buranın iş prinsipi ilə yaxından tanış olmuşlar. Mərkəzdə tələbələrə binanın tarixi haqqında geniş məlumat verilmiş, bildirilmişdir ki, Mərkəz 2012-ci ildən fəaliyyətini XVII-XVIII əsrlərə aid tarixi memarlıq abidəsi olan Zaviyə-Mədrəsə binasında davam etdirir. Qeyd edilmişdir ki, Naxçıvan Turizm İnformasiya Mərkəzinin əsas fəaliyyət istiqamətlərindən biri mərkəzə müraciət edən yerli və xarici vətəndaşların məlumatlandırılmasıdır. Mərkəzə müraciət edənlər hotellər, restoranlar, muzeylər, mağazalar, hostellər və kirayə verilən evlər, tarixi mədəniyyət abidələri, turoperatorlar, bələdçilər haqqında məlumat əldə edə bilərlər. Həmçinin tələbələrə Mərkəz tərəfindən hazırlanmış muxtar respublikanın turizm potensialını əks etdirən reklam-informasiya vasitələri, Mərkəzin sosial şəbəkələrdəki səhifə və qrupları haqqında geniş məlumat verilmiş və əyani şəkildə göstərilmişdir.