"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Əcnəbilərlə növbəti maarifləndirici tədbir keçirib

Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin və Dövlət Miqrasiya Xidmətinin birgə təşkilatçılığı ilə Naxçıvanda yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslərin iştirakı ilə “Naxçıvan Muxtar Respublikasının müalicə turizmi potensialı” mövzusunda maarifləndirici görüş keçirilib. 

Tədbiri xidmətin əməkdaşı Rüfanə Qarayeva açaraq keçirilən görüşün əhəmiyyəti haqqında danışıb. 

Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Əkbər Novruzov bildirib ki, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası zəngin müalicəvi turizm potensialına malikdir. Qədim diyarımızda yüzlərlə mineral su mənbələrinin, Duzdağın mövcudluğu bu potensialın əhəmiyyətini daha da artırır. Qeyd olunub ki, Duzdağ Fizioterapiya Mərkəzi 1979-cu ildə qədim duz mədənlərinin bazasında yaradılıb. Mərkəzdə bronxial-astma və ağciyər bronx sisteminin digər qeyri-spesifik xəstəliklərindən əziyyət çəkən insanlar müalicə olunurlar. Naxçıvanda havanın təmiz, iqlimin quru, günəşli günlərin sayının çox olması xəstəxanada rütubətin səviyyəsini normal saxlayır. Müalicə turizminin inkişafı baxımından mühüm əhəmiyyət daşıyan mərkəzə dünyanın bir çox ölkələrindən müraciətlər olur.

Burada yer altındakı duz dağının qalınlığı 8,2 metrdir. Havanın temperaturu 18-20 dərəcə, nisbi rütubət isə 24-50 faiz arasında dəyişir. Mərkəzdə duz layları arasında duz oksigen havanın 20 faizini təşkil edir. Duzun tərkibindəki zəngin minerallar və kimyəvi elementlər də orqanizmə müsbət təsir göstərir. Oksigen və zəngin duz minerallarının yaratdığı hava ağciyər xəstəlikləri – bronxial-astma və bu kimi xroniki xəstəliklərin müalicəsində müstəsna rola malikdir.

Darıdağ Arsenli Su Müalicəxanası haqqında isə bildirilib ki, 32 kəşfiyyat quyusundan və 5 bulaqdan ibarət olan arsenli su bir çox xəstəliklərin sağalmasında mühüm rola malikdir. Darıdağ suyu karbonqazlı, mərgümüşlü, yüksək minerallaşdırılmış xlorlu-hidrokarbonatlı-natriumludur. Polşada Kudova, Almaniyada Dürkgeym, Rusiyada Sineqorsk sularının oxşarıdır. Lakin suyun tərkibindəki mineral duzların mütənasibliyi ilə Darıdağ suyu onlardan daha üstündür.

Vurğulanıb ki, son illərdə hər iki müalicəxanada müasir şəraitin yaradılması bu müəssisələrə müraciət edənlərin sayının artmasına səbəb olub.

Slaydlar vasitəsilə iştirakçılara ətraflı məlumat verildiyi tədbirdən sonra əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Duzdağ Fizioterapiya Mərkəzi ilə tanış olublar.

01005990
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
77345
98272
175617
181548
1005990

Tarix: 16-04-2024
Biz, sosial şəbəkələrdə: