"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Naxçıvan-Təbriz-Tehran-Məşhəd sərnişin qatarı fəaliyyətə başladı

Dekabrın 29-da Naxçıvan-Təbriz-Tehran-Məşhəd sərnişin qatarı fəaliyyətə başlamışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə çıxış edərək demişdir: 2016-cı il fevralın 23-də Tehran şəhərində “Azərbaycan Respublikası hökuməti ilə İran İslam Respublikası hökuməti arasında Azərbaycan və İran dəmir yollarının əlaqələndirilməsi haqqında” Saziş imzalanmışdır. İki dost və qonşu ölkə arasında əlaqələrin daha da dərinləşməsinə yönəlmiş həmin sazişə əsasən bu gün Naxçıvan-Təbriz-Tehran-Məşhəd sərnişin qatarı fəaliyyətə başlayır. 

Ali Məclisin Sədri yeni sərnişin qatarının istifadəyə verilməsi münasibətilə mərasim iştirakçılarını və istifadəçiləri təbrik edərək demişdir: Azərbaycan və İran xalqlarını tarix, mədəniyyət və ortaq dəyərlər birləşdirir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev bu dəyərlərin inkişafına daim mühüm əhəmiyyət verirdi. Qeyd etmək xoşdur ki, bu gün dövlət başçılarının iradəsi ilə ikitərəfli münasibətlərimiz yeni mərhələyə yüksəlmişdir. Azərbaycan və onun Naxçıvan Muxtar Respublikası ilə İran və onun yaxın vilayətləri arasında imzalanan sənədlər, əldə olunan razılıqlar, münasibətlərimizin daha da genişləndirilməsi istiqamətində atılan addımlar siyasi, iqtisadi və mədəni sahədə əlaqələrin dərinləşməsi üçün yeni imkanlar açmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu imkanları nəzərə alaraq demişdir: “İranla Azərbaycan arasında olan münasibətlər çox sürətlə inkişaf edir. Siyasi, iqtisadi, humanitar və digər sahələrdə bizim aramızda əməkdaşlığın əməli nəticələri vardır”.

“Naxçıvan-Təbriz-Tehran-Məşhəd sərnişin qatarının fəaliyyətə başlaması dövlətlərarası və xalqlararası münasibətlərimizin daha bir inkişaf göstəricisi kimi məmnunluq doğurur. Eyni zamanda sərnişin qatarının fəaliyyəti insanlarımızı bir-birinə daha da yaxınlaşdıracaq, gediş-gəliş artacaq, turizm və humanitar sahədə əməkdaşlıq genişlənəcəkdir”, – deyən Ali Məclisin Sədri Naxçıvan-Təbriz-Tehran-Məşhəd sərnişin qatarının xeyirli-uğurlu olmasını arzulamış, təşkilatçılara və əməyi olanlara təşəkkürünü bildirmişdir.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov çıxış edərək demişdir ki, ümummilli liderimizin əsasını qoyduğu inkişaf xətti bu gün ölkəmizdə davam etdirilir. Azərbaycan Respublikasında digər sahələrlə yanaşı, dəmir yolu şəbəkəsi də yenidən qurulur, bu sahədə müasir texnologiyaların tətbiqi sürətləndirilir. Hazırda ölkəmizdə dəmir yolunun inkişafı ilə bağlı bir sıra layihələr həyata keçirilir, beynəlxalq əməkdaşlıq genişləndirilir. Naxçıvan-Təbriz-Tehran-Məşhəd sərnişin qatarı da bu sahədə görülən işlərin davamıdır. 

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının iqtisadiyyat naziri Şahin Mustafayev qeyd etmişdir ki, Azərbaycan-İran əlaqələri strateji əməkdaşlıq səviyyəsinə yüksəlmişdir. Dövlət başçıları tərəfindən həyata keçirilən qarşılıqlı səfərlər əlaqələrə öz töhfəsini verməkdədir. Qeyd olunmuşdur ki, Naxçıvan Muxtar Respublikası blokada şəraitində yaşamasına baxmayaraq sürətlə və hərtərəfli inkişaf edir. Həyata keçirilən tədbirlərin nəticəsidir ki, muxtar respublikada enerji və ərzaq təhlükəsizliyi təmin olunmuşdur. Sərnişin qatarı Naxçıvan Muxtar Respublikası ilə İran arasında iqtisadi və turizm əlaqələrinin inkişafında mühüm rol oynayacaqdır. 

İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri, hökumətlərarası komissiyanın həmsədri Mahmud Vaezi sərnişin qatarının fəaliyyətə başlaması münasibətilə təbriklərini çatdıraraq demişdir ki, son illər Naxçıvan Muxtar Respublikası hərtərəfli inkişaf etmişdir. Bu inkişaf Azərbaycan-İran ikitərəfli münasibətlərinə də öz töhfəsini verməkdədir. Ötən əsrin 90-cı illərində Naxçıvanda əsası qoyulan ikitərəfli əlaqələr bu gün müxtəlif sahələrdə davam etdirilir. Hökumətlərarası iqtisadi əməkdaşlıq komissiyası çərçivəsində həyata keçirilən layihələr Naxçıvan Muxtar Respublikasını da əhatə edir. Naxçıvan-Təbriz-Tehran-Məşhəd sərnişin qatarı İran və Azərbaycan arasında dostluq qatarı olacaq, əlaqələri daha da genişləndirəcək, turizm və iqtisadiyyatın bir çox sahələrində səmərəli əməkdaşlıq qurulacaqdır. 

İran İslam Respublikasının Dəmir Yollarının baş direktoru Səid Məhəmmədzadə öz çıxışında diqqətə çatdırmışdır ki, Naxçıvan-Təbriz-Tehran-Məşhəd sərnişin qatarı ölkələrimiz arasında dəmir yolu nəqliyyatının inkişafı sahəsində həyata keçirilən tədbirlərin davamıdır. Bu layihənin həyata keçirilməsi hər iki tərəfdən gediş-gəlişin artmasına, gələcək əməkdaşlıq imkanlarının genişləndirilməsinə səbəb olacaqdır. 

Sonra yeni yaradılmış keçid rejim zonasına və sərnişin vaqonlarına baxış olmuşdur. Bildirilmişdir ki, Naxçıvan və Culfa sərnişin vağzalı binalarında gömrük, miqrasiya, sərhəd buraxılışı və viza xidmətlərinin həyata keçirilməsi üçün zəruri şərait yaradılmışdır. Sərnişin qatarının fəaliyyətə başlaması üçün Bakı şəhərindən hər biri 36 yerlik kupe tipli 3 müasir sərnişin vaqonu gətirilmişdir. Naxçıvan-Təbriz-Tehran-Məşhəd sərnişin qatarı həftədə 2 dəfə yola düşəcək və il ərzində 12 min sərnişin daşınacaqdır. 40 İsveçrə frankı olan gediş haqqı biletin satış tarixində İsveçrə frankının manata olan məzənnəsi ilə müəyyən ediləcəkdir. Naxçıvan və Culfa dəmiryol stansiyalarında biletlərin satışı təşkil olunmuşdur. 

Sərnişin qatarı ilə tanışlıqdan sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi kütləvi informasiya vasitələrinə qısa müsahibə vermiş, tədbir iştirakçıları ilə birlikdə xatirə şəkli çəkdirmişlər.

Saat 11:00-da Naxçıvan-Təbriz-Tehran-Məşhəd sərnişin qatarı yola salınmışdır.

00823807
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
195
143
653
4708
823807

Tarix: 28-03-2024
Biz, sosial şəbəkələrdə: