"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

"Azərbaycanın teatr tarixindən" mövzusunda mühazirə keçirilib

Martın 16-da Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Dövlət Film Fondunda mədəniyyət müəssisələrin gəncləri üçün "Azərbaycanın teatr tarixindən" mövzusunda mühazirə keçirilmişdir.

Tədbiri giriş sözü ilə Mədəniyyət və Turizm Nazirliyinin yaradıcı gənclərlə iş üzrə baş məsləhətçisi Kənan Tağızadə açaraq bildirib ki, XIX əsrin ikinci yarısından başlayaraq Azərbaycanda cərəyan edən ictimai-siyasi proseslər ölkədə maarifçilik hərəkatının inkişafına güclü təkan verib. Ədəbiyyat, mədəniyyət və incəsənət sahələrində köklü forma və məzmun dəyişiklikləri yaranıb. Həmin dövr Azərbaycan teatrı üçün də əlamətdar olub. Bu dövrdə görkəmli yazıçı-mütəfəkkir Mirzə Fətəli Axundzadə tərəfindən ədəbiyyatımıza dram janrının gətirilməsi xalq teatrının peşəkar teatr sənətinə çevrilməsində həlledici rol oynayıb.

Qeyd olunub ki, milli teatrın inkişafında məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin böyük xidməti olub. O, Bakı şəhərində ilk teatr binası inşa etdirib. Nəticədə Azərbaycan səhnəsinin Cahangir bəy Zeynalov, Hüseynqulu Sarabski, Mirzağa Əliyev, Hüseyn Ərəblinski, Ülvi Rəcəb, Abbas Mirzə Şərifzadə, Mustafa Mərdanov, Məmmədrza Şeyxzamanov, Ağasadıq Gəraybəyli, Əliağa Ağayev, Lütfəli Abdullayev, Nəsibə xanım Zeynalova, Mərziyə xanım Davudova kimi yüzlərlə siması yetişib.

Diqqətə çatdırılıb ki, hər zaman sənət adamlarına diqqət və qayğı ilə yanaşan Prezident İlham Əliyevin 2013-cu il 1 mart tarixli Sərəncamı ilə ölkəmizdə “Milli Teatr Günü” təsis edilib. Sərəncama əsasən milli mədəniyyətin inkişafında və ölkənin mədəni həyatında milli teatrın əhəmiyyəti və rolu nəzərə alınaraq hər il martın 10-u Azərbaycan Respublikasında “Milli Teatr Günü” kimi qeyd edilməsi qərara alınıb. Həmin tarix ölkəmizin hər yerində silsilə tədbirlərlə qeyd olunur. Azərbaycan teatrının uğurları hələ qarşıdadır. İnanırıq ki, bu il yaranmasının 144-cü ildönümünü qeyd edən Azərbaycan teatrı qarşıdakı illərdə bir-birindən maraqlı səhnə əsərləri ilə daha böyük uğurlara imza atacaq.

Sonra Naxçıvan Dövlət Uşaq Teatrının direktoru Tofiq Seyidov Naxçıvan teatrının tarixi haqqında çıxış edərək qeyd etmişdir ki, bu gün Naxçıvan Muxtar Respublikasında teatrların fəaliyyətinə hərtərəfli qayğı göstərilir. Son illər muxtar respublikada teatrların maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilmiş, teatr binaları yenidən qurulmuş və ya əsaslı təmir olunaraq istifadəyə verilmişdir. Hazırda muxtar respublikada fəaliyyət göstərən C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı, M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı, Naxçıvan Dövlət Uşaq Teatrı, 5 xalq teatrı, Naxçıvan Dövlət Universitetinin Tələbə Teatr Studiyası tamaşaçıların mənəvi və estetik zövqünün formalaşmasında, asudə vaxtlarının mənalı təşkilində əhəmiyyətli rol oynayır.

Bildirilib ki, Naxçıvan Dövlət Musiqili Dram Teatrının son 20 ildə tamaşaya qoyduğu dramlar üslub, struktur və janr müxtəlifliyi ilə seçilir. “Atabəylər”, “Pompeyin Qafqaza yürüşü”, “Hökmdar və qızı”, “Nadir şah”, “Qönçəbəyimin nəğməsi”, “Mirzə Cəlil taleyi”, “Yəhya bəy Dilqəm”, “Araz sahilində doğan günəş”, “Ağa Məhəmməd şah Qacar”, “Mirzə Fətəli”, “Əlincə qalası”, “Koroğlunun Çənlibelə qayıdışı”, “Qurtuluş dastanı”, “Ah Paris, Paris!..”, “Mənim ərim dəlidir”, “Dəlixanadan dəli qaçıb”, “Kuklalar evi”, “Arılar arasında” kimi üslub, struktur, janr müxtəlifliyi ilə seçilən tamaşalar teatrın axtarışlarının düzgün istiqamətdə inkişaf etdiyini göstərir.

M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı da fəaliyyəti boyunca yüksək qayğı ilə əhatə olunmuşdur. 2004-cü ildə müasir bina ilə təmin olunan kukla teatrının qonşu Türkiyə və İran İslam respublikalarına səfərləri beynəlxalq mədəni əlaqələrin qurulmasında əhəmiyyətli rol oynamışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2006-cı il 4 oktyabr tarixli Sərəncamı ilə yaradılan Naxçıvan Dövlət Uşaq Teatrı isə müxtəlif illərdə hazırladığı tamaşalarla balacaların qəlbinə yol tapmağı bacarmışdır. Həmçinin muxtar respublikanın şəhər və rayonlarında xalq teatrları da uğurla fəaliyyət göstərir. Ötən il xalq teatrlarının “Kamança”, “Ac həriflər”, “Xəcalət”, “Şöhrət ardınca”, “Ezop”, “Ər və arvad”, “Unuda bilmirəm”, “Qəşəmin yuxusu”, “Dələduz” kimi tamaşaları ictimaiyyət tərəfindən maraqla qarşılanmışdır.

Sonda isə “125 illik yol” adlı sənədli film nümayiş etdirilib.

 

00285914
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
3
69
1148
3139
285914

Tarix: 19-11-2018
Biz, sosial şəbəkələrdə: