“Ölkəmizi tanıyaq” devizi altında keçirilən tur-aksiya çərçivəsində Naxçıvanda olan məktəblilər muxtar respublikadan zəngin təəssüratlarla ayrıldıqlarını vurğuladılar.
Bakı şəhərinin Suraxanı rayonundakı 278 nömrəli tam orta məktəbin şagirdi Xəyal Hacıyev:
– Mən Naxçıvan barədə ancaq kitablardan, kütləvi informasiya vasitələrindən nəsə eşidir, öyrənirdim. Bilirdim ki, Naxçıvan qədim tarixə malik diyarımızdır. Lakin atalarımız demişkən, yüz dəfə eşitməkdənsə, bir dəfə görmək daha yaxşıdır. Dörd gün ərzində gəzib-gördüklərimiz indiyəcən bu torpaq haqqında eşitdiklərimdən qat-qat artıq oldu. Bura, doğrudan da, müqəddəs torpaqdır. Naxçıvanın inkişafı, buradakı abadlıq, təmizlik hər birimizi heyran etdi. Gəzinti əsnasında muxtar respublikanın rayonlarında fəaliyyət göstərən məktəblərə də baş çəkdik. Həmin məktəblərdə olan şərait, avadanlıqlar da bizi heyrətləndirdi. Bu məktəblər ölkəmizin paytaxtında fəaliyyət göstərən təhsil ocaqları kimi müasirdirlər.
Mən Naxçıvanın 26 ildir ki, blokada şəraitində yaşadığını bilirdim. Blokada şəraitində olan bir diyarda uşaqlar üçün belə təhsil şəraitinin yaradılması bizə xoş təsir bağışladı. Muxtar respublikanın yollarına isə söz ola bilməz. Nəqliyyatda da heç bir problemlə qarşılaşmadıq. Mən deyərdim ki, Naxçıvan əhalisinin ən böyük xoşbəxtliyi həm də burada tıxacların olmamasıdır.
Naxçıvan Dövlət Universiteti ilə tanış olduqdan sonra gələcəyimlə bağlı önəmli bir qərar qəbul etdim. Əgər ali məktəblərə qəbul imtahanlarında yaxşı nəticə ilə tələbə adını qazanmaq şansını əldə etsəm, Naxçıvan Dövlət Universitetini də seçim vərəqəsində qeyd edəcəyəm. Dörd gündə bizə göstərilən qayğıdan, mehriban münasibətdən hiss etdim ki, burada yaşayan insanlar çox qonaqpərvərdirlər. Bizə gözəl diyarımız Naxçıvanla daha yaxından tanış olmaq imkanı yaratdığı üçün dövlət başçımıza çox minnətdaram.
Bakı şəhərinin Nizami rayonundakı 242 nömrəli məktəbin şagirdi Alsu Xayrullina da şagird yoldaşının dediklərini təsdiqləyir:
–Çox təəssüflənirik ki, bu gün bizim muxtar respublikadakı son günümüzdür. Ancaq sevinirəm ki, biz qədim Naxçıvanla tanış olmaq imkanı əldə etdik. Dörd gün ərzində biz muzeylərdə, məktəblərdə, müxtəlif müəssisələrdə olduq və onlar barədə kifayət qədər məlumat öyrəndik. Kitablarda adlarına rast gəldiyimiz, barələrində, sadəcə, şifahi məlumatımız olan Məhəmməd Tağı Sidqi və Məmməd Səid Ordubadinin ev-muzeylərində olduq və burada onların əlyazmalarını, əsərlərini əyani şəkildə gördük. Ordubaddakı Tarix-Diyarşünaslıq Muzeyindən də tariximizlə bağlı mühüm bilgilər əldə etdik. Rayonun mərkəzində tikilmiş 3 nömrəli tam orta məktəblə də tanış olduq. Ən son avadanlıqlarla təchiz olunmuş məktəbdə şagirdlərin təhsili üçün yaxşı şərait yaradılıb. Yalnız Ordubadda deyil, gəzdiyimiz bütün rayonlarda məktəblərin hamısı yüksək səviyyədə idi. Bu da onu göstərir ki, Naxçıvan, sadəcə, tarixi, mədəniyyəti ilə deyil, eyni zamanda təhsili ilə də özünün inkişaf dövrünü yaşayır.
Sonuncu gün “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində keçirilən Novruz şənliyinə də qatıldıq. Həmişə eşidirdim ki, naxçıvanlılar Novruzu çox yüksək səviyyədə qeyd edirlər. Bu dəfə eşitməklə qalmayıb buna özüm şahidlik etdim. Hətta bizi rəqsə dəvət etdilər. Biz də onlara qoşulub birgə rəqs etdik, yallı getdik.
Naxçıvanda məni ən çox heyrətləndirən yerlərdən biri isə Duzdağ Fizioterapiya Mərkəzi oldu. Azərbaycanın hər yerindən, hətta dünyanın müxtəlif ölkələrindən buraya müalicə məqsədilə gələnlərin olduğunu eşitmişdim. Mən isə ilk dəfə idi, Duzdağa gəlirdim. Bura, doğrudan da, bəşəriyyət üçün bir nemətdir, sağlamlıq mənbəyidir.
Biz burdan heç vaxt yaddan çıxmayacaq təəssüratlarla qayıdırıq. Gördüklərimizi sinif yoldaşlarımıza, bütün tanıdıqlarımıza danışacaq, muxtar respublika ilə bağlı xoş təəssüratlarımızı onlarla da bölüşəcəyik. Məndən soruşsalar ki, Naxçıvan necə bir yer idi, onda qədim diyarın tarixi abidələrindən, gözəl təbiətindən danışacağam, deyəcəyəm ki, ora istiqanlı, mehriban, gülərüz insanların yaşadığı məkandır!
Bu arada qeyd edək ki, Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində Naxçıvan Muxtar Respublikasından Bakıya yola salınan şagirdlər də martın 26-da muxtar respublikaya qayıdıblar. Onların da gəzib-gördükləri yerlər barədə təəssüratlarını öyrəndik.
Ordubad şəhər 1 nömrəli tam orta məktəbin şagirdi Lalə Cəlilova bildirdi ki, bu tur-aksiyada iştirak etdiyi üçün özünü olduqca şanslı hesab edir: “Tur-aksiya çərçivəsində paytaxtımız Bakı şəhərinin gəzməli-görməli, tarixi əhəmiyyətli yerlərində olduq, həmin yerlər barədə daha dolğun məlumatlar aldıq. Biz dünya memarlığının nadir incilərindən sayılan Heydər Əliyev Mərkəzinin binası ilə tanış olduq. Burada nümayiş etdirilən “Azərbaycan inciləri” sərgisi ilə tanışlıq isə bizim üçün daha maraqlı idi”.
Şahbuz şəhər 1 nömrəli tam orta məktəbin şagirdi Könül Əliyeva da öz təəssüratlarını bizimlə bölüşərək dedi ki, Heydər Əliyev və Şirvanşahlar sarayları, Qız qalası, Beynəlxalq Muğam Mərkəzi, Azərbaycan Xalça Muzeyi və sair yerlərdə olduq. Gəzib-gördüyümüz hər yerdən çox xoş təəssüratlarla ayrıldıq. “Atəşgah məbədi”ndə gördüklərimi və eşitdiklərimi heç vaxt unutmayacağam. Tur-aksiya sayəsində çox şey öyrəndik. Bununla yanaşı, biz yeni dostlar da qazandıq.