Ruslan Quliyev – Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının sədri: “Bizim qurumun əsas məqsədi, adından da göründüyü kimi, ölkəmizdə sağlamlıq və termal turizmə dəstəyi özündə əks etdirir. Duzdağ Fizioterapiya Mərkəzi də Naxçıvanın turizm potensialında mühüm əhəmiyyəti ilə seçilən yerlərdən biridir. Hər il bura dünyanın müxtəlif ölkələrindən bronxial-astma xəstəliyindən əziyyət çəkən xeyli insan gəlir. Burada yaradılmış infrastruktur imkan verir ki, bu məqsədlə muxtar respublikaya üz tutan turistlərin sayı daha da çox olsun. Qeyd edim ki, bu ildən başlayaraq biz Pribaltika ölkələrində bu mərkəzin tanıdılması istiqamətində işlərə başlayacağıq. Bundan əlavə, Naxçıvanın hərtərəfli inkişafı, burada həyata keçirilən quruculuq və abadlıq tədbirləri muxtar respublikaya turist axınının artmasına imkan verir. Ümid edirik ki, qarşıdakı illərdə biz bunun şahidi olacağıq”.
Fəriba Mirsefidi – İran İslam Respublikasının “Mişoparvaz Təbriz” turizm şirkətinin menecmenti: “Naxçıvanla bağlı təəssüratlarım böyükdür. Hər şeydən əvvəl deyim ki, burada bütün küçələr, yollar çox təmizdir. Müasir dövrdə bunu qoruyub saxlamaq elə də asan deyil. Digər tərəfdən Naxçıvan çox gözəldir. Şəhərdə müasirliklə qədimlik bir-birini tamamlayır. Burada olduğumuz müddətdə Naxçıvanın bir çox gəzməli-görməli yerlərində olduq. Təbiətin qoynunda yer alan Batabat yaylağı, Ağbulaq turistlər üçün əsl istirahət məkanlarıdır. Əshabi-Kəhf ziyarətgahı haqqında isə çox eşitmişdim, amma burada olmamışdım. Çox möhtəşəm bir yerdir. Məlumatım var ki, İran İslam Respublikasından ziyarət üçün bura gələnlər çox olur. Çalışacağıq ki, bundan sonra bizim də bu ziyarətə gələnlərə köməyimiz olsun. Duzdağ Fizioterapiya Mərkəzi isə məni çox təəccübləndirdi. Naxçıvanın hansı tərəfində olduqsa, orada bir füsunkarlıq, gözəllik gördük. İnanıram ki, Naxçıvan bütün bu gözəllikləri ilə qarşıdakı illərdə daha çox turist qəbul edəcək”.
Hanifi Yıldırım – Türkiyə Respublikasının “ASV Lojistik” şirkətinin nümayəndəsi: “Qədim Naxçıvan diyarında olmağımdan qürur hissi keçirirəm. Burada 20 il əvvəl olmuşdum, ancaq indi çox dəyişib, yeni binalar tikilib, yollar çox rahatdır. Ötən illərdə Naxçıvan çox sürətlə inkişaf edib, hər şeydən əvvəl sabitlik təmin olunub. Bu da turizmin inkişafı üçün başlıca şərtdir. Təmizliyə isə söz ola bilməz, bu təmizliyi indi bir çox Avropa ölkələrində belə, görmək mümkün deyil. Bu, məni çox sevindirir. Əslən İqdırdanam. Hazırda Ankarada yaşayıram. Mənim ata-babalarım ötən əsrin əvvəllərində Naxçıvandan köçüb Türkiyədə məskunlaşıblar. Buna görə də Naxçıvanı həmişə özümə Vətən saymışam. Naxçıvanla bağlı təəssüratlarım böyükdür. Xüsusilə qeyd etmək istəyirəm ki, burada turizmin inkişafı ilə bağlı böyük işlər görülüb. Öyrəndim ki, Naxçıvanda tarixi abidələrin bərpası və təmiri, yeni turizm obyektlərinin tikintisi diqqətdə saxlanılaraq mühüm layihələr həyata keçirilib. Naxçıvanda kənd yaşayış məntəqələrinin abadlaşdırılması isə məni valeh etdi. Yəni söhbət hər hansı bir kəndə gedən avtomobil yolunun salınmasından deyil, kəndlərin təhsil, səhiyyə, mədəniyyət müəssisələri ilə təmin olunmasından, insanlara rahat yaşamaq və internetə çıxmaq imkanlarının yaradılmasından gedir. Bu mənada, Naxçıvan həm yaşamaq və işləmək, həm də turizmin inkişafı baxımından çox unikal məkandır. Yeri düşmüşkən, Duzdağ Fizioterapiya Mərkəzi məni çox valeh etdi. Bu obyekt sağlamlıq turizmi baxımından Naxçıvana çox fayda verə bilər. Artıq gələcək layihələrimizdə bu mərkəzi Türkiyə vətəndaşlarına daha yaxından tanıtmaq və onları bura yönləndirməklə bağlı əməyimizin olacağını düşünürəm. Ümumilikdə götürsək, Naxçıvan təbiəti, tarixi, mədəniyyəti, müasir inkişafı, turizm potensialı, məişəti və qonaqpərvərliyi ilə xeyli sayda turisti qəbul etmək iddiasında və gücündədir. Bu işin təşkilatçılarına da öz minnətdarlığımı bildirmək istəyirəm ki, Naxçıvanı bu cür müasir və yaraşıqlı görmək fürsətini bizə verdi”.
Emin Ehşeri – İran İslam Respublikasının “Behparvaz” turizm şirkətinin meneceri: “Şirkətimiz Təbriz şəhərində fəaliyyət göstərir. Naxçıvana dəvət ediləndə çox sevindim. Doğrusu, ölkələrimiz arasındakı məsafə az olsa da, işlərin çoxluğundan buraya gəlmək arzumu reallaşdıra bilmirdim. Naxçıvanda 1997-ci ildə olmuşdum. O vaxtdan indiyə çox dəyişilib, hətta şəhəri tanımaq olmur. Hara baxırsan, yaraşıqlı binalar tikilib, gözəl parklar, yollar salınıb. İlk növbədə diqqətimi çəkən isə buranın təmizliyi oldu. Bəlkə də, siz çox fərqinə varmırsınız, ancaq kənardan gələnlər bunu o dəqiqə hiss edir. Burada bir çox ünvanlarda olduq. Duzdağ Fizioterapiya Mərkəzi ilə də tanış olduq, Batabat yaylağını gəzdik, Ağbulağın gözəlliyinə tamaşa etdik, Əshabi-Kəhfi ziyarət etdik. Hər şey mükəmməl və gözəldir. Buna görə də hər il İran İslam Respublikasından xeyli turist gəlir. Naxçıvandan Məşhədə yeni sərnişin qatarının fəaliyyətə başlaması isə hər iki tərəfdən turist axınını gücləndirəcək. Bizi belə bir səfərə dəvət etdiklərinə görə minnətdarlığımı bildirirəm. Çalışacağıq ki, qarşıdakı dövrlərdə iranlı turistlərin Naxçıvana daha çox gəlişini təmin edək”.
İnnara İbrahimova – “Cənnət bağı” turizm şirkətinin nümayəndəsi: “Əvvəlcə “Nəqşicahan Holdinq”ə öz minnətdarlığımı bildirirəm ki, yerli və əcnəbi turizm şirkətlərinin nümayəndələrini Naxçıvana dəvət ediblər. Naxçıvan Azərbaycanın ayrılmaz tərkib hissəsi, qədim və zəngin mədəniyyətə malik bir diyarıdır. Müstəqillik illərindən sonra burada görülən işlər, həyata keçirilən quruculuq, abadlıq tədbirləri Naxçıvanın büsbütün dəyişilməsinə, gözəlləşməsinə səbəb olub. Muxtar respublikanın özünəməxsus təbii gözəlliyi və insan zəhməti ilə yaradılmış müasir infrastrukturu bu qədim diyarın gözəlliyini daha da artırır. Yaradılmış şərait Naxçıvanın turizm imkanlarının genişliyini də ortaya qoyur. Buna görə də Naxçıvan bu gün yerli və əcnəbi turistləri yüksək səviyyədə qəbul edəcək potensiala malikdir. İnanıram ki, bura gəlmiş turizm şirkətlərinin nümayəndələri bu imkanları dəyərləndirəcəklər”.