"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

Tarixi-mədəni turizm

Hər hansı bir ölkənin turizm potensialından danışdıqda ilk növbədə tarixi-mədəni irs ön plana çəkilir. Bu baxımdan Naxçıvan tarixinin min illərlə ölçülməsi və onun qədimiliyi, ərazidə dünya memarlığının incisi hesab oluna biləcək tarixi memarlıq abidələrinin və zəngin mədəni irsin mövcud olması xarici turistlərdə böyük maraq oyadır. Nuh peyğəmbərin məzarüstü türbəsi, Möminə Xatın və Yusif Küseyr oğlu türbələri, Naxçıvanqala abidəsi, Qarabağlar Memarlıq Kompleksi, "Xanəgah" Abidə Kompleksi, adı Nuh peyğəmbərin gəmisi ilə əlaqələndirilən Gəmiqaya ərazisindəki qayaüstü rəsmlər, əfsanəvi Haçadağ, abidələrlə zəngin olan "Ordubad" Tarix-Memarlıq Qoruğu, haqqında müqəddəs Qurani-Kərimdə bəhs edilən "Əshabi-Kəhf" Ziyarətgahı Dini-Mədəni Abidə Kompleksi, 5000 ildən çox yaşı olan Naxçıvan şəhər mədəniyyəti, qədim tikililər, qalalar, yaşayış yerləri və nekropollar, xalq sənətkarlarının günümüzə qədər qorunub saxlanılmış sənətkarlıq nümunələri və s. turistlər üçün cəlbedicidir. Buraya Naxçıvan diyarının zəngin folklorunu, musiqi və təsviri sənətini, ədəbiyyatını və s. əlavə etsək, tarixi-mədəni turizmin inkişaf etdirilməsi üçün necə böyük imkanlara malik olduğunu aydın görmək olar. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Sərəncamına əsasən 700-ə yaxını dünya və ölkə əhəmiyyətli abidə olmaqla, ümumilikdə 1202 daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmışdır. Daşınar tarix-mədəniyyət abidələrinin qorunub saxlanıldığı muzeylər turistlər üçün böyük maraq kəsb edir. Naxçıvan Muxtar Respublikasında 28 muzey və 1 Dövlət Rəsm Qalereyası fəaliyyət göstərir. Naxçıvan ərazisində bəşəriyyətin bütünlüklə qəbul etdiyi Nuh peyğəmbərin qəbrinin olması, “Əshabi-Kəhf” ziyarətgahının yerləşməsi turistləri cəlb edən əsas amillərdəndir. Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan edilməsi də onun zəngin tarixə və mədəniyyətə malik olmasından qaynaqlanır.

00022206
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
103
343
787
2297
22206

Tarix: 20-01-2017
Biz, sosial şəbəkələrdə: