"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Turist marşrutları və bukletlər

NAXÇIVAN MUXTAR RESPUBLİKASININ TARİX-MƏDƏNİYYƏT ABİDƏLƏRİ

 

 

NAXÇIVAN MUXTAR RESPUBLİKASININ TURİST XƏRİTƏSİ

 

 NAXÇIVAN ŞƏHƏRİNİN TURİST XƏRİTƏSİ

   

 

DUZDAĞ FİZİOTERAPİYA MƏRKƏZİNİN BUKLETİ

 

  NAXÇIVAN - GƏMİQAYA TURİST MARŞRUTU

Gəmiqaya ilk insan məskənlərindən biridir və Zəngəzur silsiləsinin su ayrıcında yerləşir. Hündürlüyü  3725 metrdir. Gəmiqayanın adı Nuh əfsanəsi ilə bağlıdır. Burada  e.ə  3-1-ci minilliklərə aid qayaüstü  rəsmlər - piktoqramlar (qədim yazılar) var.

Arxeoloqlar burada qayaüstü  rəsmlərin həkk olunduğu ərazidə qədim Azərbaycan (Naxçıvan) tayfalarının yurd yerlərinin qalıqlarını aşkara çıxarılmış, müəyyənləşdirilmişlər ki, Alp çəmənlikləri ilə zəngin olan Gəmiqaya-Qaranquş yaylağı Naxçıvanın qədim sakinlərinin əsas ov məskənlərindən biri olub.

Nuhun gəmisi Gilançayın yuxarı axarındakı Gəmiqayada lövbər salmışdır. Rəvayətə görə, gəminin qalıqları indi də buradakı “Ayı çuxuru” deyilən yerdə qalmaqdadır.  Digər rəvayətə görə isə, Nuhun qəbri Naxçıvandadır. Naxçıvanda “Nuhdaban” adlı qədim kəndin xarabalığı, Nəhəcir (güman ki, qədim adı Nuhəcir) dağı və kəndi var. XVI əsr ərəb coğrafiyaşünası Əl-Əşrəfi də Nuhun gəmisinin və qəbrinin Naxçıvanda olduğunu qeyd edir. Bundan belə bir qənaətə gəlmək olar ki, əfsanə qədim Naxçıvanla və ona yaxın ərazi ilə bağlı yaranmışdır. Bəhruz Kəngərli yağlı boya ilə “Nuhun qəbri” rəsmini çəkmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2006-cı il 5 may tarixli Sərəncamı əsasında “Gəmiqaya” Tarix - Bədii Qoruğu yaradılmışdır. Burada muzey fəaliyyət göstərir.

 

NAXÇIVAN – ƏLİNCƏQALA TURİST MARŞRUTU

Culfa rayonunda, Əlincəçayın sağ sahilində və eyniadlı dağın zirvəsindədir. Qədim mənbələrdə “Erincaq”, “Erincik”, “Alancik”, “Alınca”, “Alancuq” və s. kimi qeyd olunur.

Əlincəqalanın tikilmə tarixi haqqında müxtəlif fikirlər mövcuddur. Tarixi qaynaqlara əsaslanan bəzi tədqiqatçılar qalanı təqribən 2 min il bundan əvvələ aid edirlər. “Kitabi-Dədə Qorqud” dastanlarında Əlincəqala möhkəm istehkam kimi təsvir olunur.

Orta əsr qaynaqlarında Əlincə adı qala, dağ, çay kimi nəzərdə tutulmuşdur. Əlincəqala haqqında tarixçilərdən Nəsəvi (XIII əsr), Şərafəddin Əli Yəzdi (XV əsr), türk səyyahı Övliya Çələbi (XVII əsr) və başqaları məlumat vermişlər. Əlincəqala özünəməxsus təbiəti olan bu yerlərin əzəmətinin, mübarizliyinin rəmzidir. Qala, hər şeydən əvvəl özünün qeyri-adi görünüşü ilə insanı heyrətə gətirir. Əlincəqalanın divarları Əlincə dağının ətəklərindən başlayaraq pillələr şəklində yuxarıya doğru ucalır.

Qalanın möhkəm divarları və qayanın sıldırım olması onu sarsılmaz müdafiə istehkamına çevirmişdir. Əlincəqalada feodallara məxsus gözəl saray və binaların qalıqları hələ XIX əsrə aid ədəbiyyatda təsvir olunmuşdur. Qalada vaxtilə ilxı və mal-qara saxlamaq, 600-ə qədər döyüşçünü öz atı və başqa hərbi sursatı ilə birlikdə yerləşdirmək mümkün idi. Azərbaycan Atabəyləri–Eldənizlərin hökmranlığı dövründə Əlincəqalanın əhəmiyyəti xüsusilə artmış, mühüm hərbi istehkam olan qala hökmdar ailəsinin təhlükəsizliyini təmin etmək üçün sığınacaq yerinə çevrilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Əlincəqala tarixi abidəsinin bərpa edilməsi haqqında” 2014-cü il 11 fevral tarixli Sərəncamına əsasən burada bərpa işləri aparılır və “Əlincəqala” Tarix-Mədəniyyət Muzeyi yaradılmışdır.


NAXÇIVAN – ƏSHABİ-KƏHF TURİST MARŞRUTU

Naxçıvan şəhərindən təqribən 12 km məsafədə yerləşən dini ziyarətgahdır. Ziyarətgah yaxınlıqdakı Haçadağ və Nəhəcir dağlarının arasında hündürlüyü 1665 metr olan dağda yerləşir.

Əshabi - Kəhf ziyarətgahı ən qədim zamanlardan müqəddəs yer, ulu Tanrıya inam, ümid bəsləyən, ilahi gücünə inanan insanların səcdəgahı kimi tanınır.

Əhəmiyyətinə və zəvvarların ziyarətinə görə bu müqəddəs yer ərazidə birinci ziyarətgah hesab olunur. Ziyarətgah Naxçıvan Muxtar Respublikasında olduğu kimi, həm də Azərbaycanın digər bölgələrində və Yaxın Şərq ölkələrində də tanınır.

Əshabi - Kəhf ərəb dilində “mağara adamları” deməkdir və Qurani-Kərimin “Kəhf” surəsində əksini tapmış əfsanəyə görə təkallahlığa inanan gənclər bütpərəst hökmdarın zülmündən və təqibindən yaxa qurtarmaq üçün birlikdə mağarada gizlənirlər. Onlar orada bilmədən 309 il yatırlar. Allah onları həmin müddətdən sonra oyatdıqda gənclər dünyanın, dövran və zamanın dəyişdiyini görüb Allahdan yenidən əbədi yuxuya getmələrini istəyirlər və hər biri qayaya söykəndiyi kimi də qeyb olurlar.

Qurani - Kərimin “Kəhf” surəsində yazılan bu hadisə Naxçıvan ərazisində Əshabi - Kəhflə bağlı yayılmış əfsanə və rəvayətlərdə də öz əksini tapmışdır.

Aparılmış tədqiqatlar, araşdırmalar sübut edir ki, Qurani - Kərimdə adı çəkilən Əshabi - Kəhf Naxçıvandadır.

Ötən min illərdə olduğu kimi bu gün də Əshabi - Kəhf ziyarətgahı insanların müqəddəs bildiyi yerlərdəndir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində "Əshabi-Kəhf ziyarətgahı" Dini-Mədəni Abidə Kompleksində abadlıq işləri aparılmışdır.

 

NAXÇIVAN – ORDUBAD TURİST MARŞRUTU        

Naxçıvan Muxtar Respublikasının böyüklüyünə görə ikinci şəhəridir. Bəzi mənbələrə görə şəhərin əsası V-VI əsrlərdə qoyulmuşdur. Şəhər dəniz səviyyəsindən 850 metr yüksəklikdə yerləşir. Onun qədimliyi, çox sayda tarixi abidələrin mövcudluğu, yeni tikililərin onun xarici simasını demək olar dəyişdirmədiyi, sakinlərin qorunub-saxlanmış həyat tərzi səbəbi ilə, Ordubad şəhəri dövlət tarix memarlıq qoruğu elan edilmişdir.

Tarixi abidələri: Came məscidi, Dilbər məscidi, Əfqan qalası, XVII əsrə aid Qeysəriyyə tarixi memarlıq abidəsi, XVIII əsr buzxanası və məscidi, ikimərtəbəli mədrəsə və s.

Burada zəngin ekspozisiyası olan tarix-diyarşünaslıq muzeyi, xalq teatrı, Azərbaycan ədəbiyyatında tarixi roman janrının əsasını qoyan yazıçı Məmməd Səid Ordubadinin, akademik Yusif Məmmədəliyevin və görkəmli pedaqoq Məhəmməd Tağı Sidqinin ev-muzeyləri fəaliyyət göstərir.

Ordubadda turistləri qəbul etmək üçün şəraiti olan evlər çoxdur. 

 

NAXÇIVAN – QARABAĞLAR TURİST MARŞRUTU

Naxçıvan ərazisində orta əsrlər zamanı inşa edilən möhtəşəm memarlıq nümunələrindən biri Qarabağlar Türbə Kompleksidir. Şərq memarlığının incilərindən sayılan, Qarabağlar Türbə Kompleksi Kəngərli rayonunun Qarabağlar kəndində yerləşir. Kompleksdən zəmanəmizədək qoşa minarəli baştağ, türbə və dini təyinatlı tikintinin qalıqları gəlib çatmışdır.

XII-XIV əsrlərdə yaradılan kompleksin tikilməsini Cahan Qudi xatın əmr etmişdir. Orta əsr qaynaqlarından məlumdur ki, Hülakülər (Elxanilər) dövlətinin banisi Hülakü xanın arvadlarından biriolan Qudi xatın ağlı və bacarığı sayəsində dövlətin idarə olunmasında iştirak etmişdir.

Mənbələrdə minarələrin XII əsrdə, minarələri birləşdirən baştağın isə XIV əsrdə tikilməsi qeyd olunub. 

Kompleksin əsasını Naxçıvan memarlıq məktəbinin incilərindən olan türbə təşkil edir. Azərbaycanın qülləvari xatirə tikintiləri tipinə aid olan türbə on iki yarımsilindirin birləşdirilməsindən əmələ gətirilmişdir. Diametri 10 metrə yaxın olan, hazırki vəziyyətdə hündürlüyü 16 metrə çatan Qarabağlar türbəsinin 4 baştağı vardır. Baştağların dördünün də baş tərəfində Qurani-Kərimin “əl-Mumin” surəsindən 16-cı ayənin son hissəsi yazılmışdır. 

Abidənin gövdəsində kaşılı kərpiclərlə yaradılan iri həcmli rombların içərisində kufi xəttilə kitabələr yazılmışdır. Türbənin frizində isə Qurani-Kərimin “əl-Mülk” surəsinin 1-6-cı ayələri yazılmışdır. 

Türbənin memarlıq xüsusiyyətləri, kitabələrinin yerinə yetirilməsi texnikası, oxşarlığı və digər əlamətləri göstərir ki, abidə Bərdə türbəsinin memarı Əhməd Əyyub oğlu Naxçıvani tərəfindən XIV əsrin 30-cu illərində inşa edilmişdir. 

Qarabağlar Türbə Kompleksi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 4 iyul 2016-cı il tarixli Sərəncamına əsasən bərpa olunmuşdur. 

 

NAXÇIVAN - ŞAHBUZ - BATABAT TURİST MARŞRUTU 

Şahbuz rayonu Naxçıvan Muxtar Respublikasının şimalında-Zəngəzur və Dərələyəz dağ silsilələrinin yamaclarında yerləşir. Ən yüksək nöqtəsi Zəngəzur silsiləsində Salvartı dağıdır (3160m). Şahbuz rayonu özünün füsunkar təbiəti, rəngarəng bitki və heyvanlar aləminə görə Naxçıvan Muxtar Respublikasının digər rayonlarından   seçilir. Rayonun dağlarında sıx meşə massivləri var.

Şahbuz rayonu ərazisində Eneolit, Tunc, Dəmir dövrlərinə, antik dövrə və orta əsrlərə aid yaşayış yerləri, həmçinin qəbir abidələri qeydə alınmış və öyrənilmişdir. Burada Fərhad evi, Şapur qalası, Gəlin qayası kimi tarix-mədəniyyət abidələri vardır. Arxeoloji abidələrdən Fərhad evi Batabat yaylağındadır.

Batabat yaylağı ərazisindəki “Üzən ada” təbiət abidəsi mamır və bitki qalıqlarından formalaşmışdır. Küləyin istiqamətinə görə yerini dəyişir. Bu xüsusiyyətinə görə ona “Üzən ada” deyirlər.

Rayonun ərazisindən şimaldan cənuba doğru Naxçıvan çayı axır. Rayonun ərazisində 2 göl var: Qanlıgöl və Batabat gölü.

“Azərbaycan Respublikasının Şahbuz Dövlət Təbiət Qoruğunun və Ordubad Milli Parkının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 16 iyun tarixli Sərəncamı əsasında Şahbuz Dövlət Təbiət Qoruğu yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 25 noyabr tarixli Sərəncamına əsasən Şahbuz Dövlət Təbiət Qoruğu Akademik Həsən Əliyev adına  Zəngəzur Milli Parkının tərkibinə daxil edilmişdir.

 

NAXÇIVAN - AĞBULAQ KƏND TURİZM-İSTİRAHƏT BÖLGƏSİ TURİST MARŞRUTU 

Şahbuz rayonu özünün füsunkar təbiəti, rəngarəng bitki və heyvanlar aləminə görə Naxçıvan Muxtar Respublikasının digər rayonlarından seçilir. Rayonun dağlarında sıx meşə massivləri var.

Şahbuz rayonunun ucqar dağ kəndi olan Ağbulaq Naxçıvan şəhərindən 50 kilometr aralı, dəniz səviyyəsindən 1500 metr yüksəklikdə, Naxçıvançayın yuxarı hissəsində yerləşir. Burada aparılan arxeoloji qazıntılara əsasən, kənd V-VIII əsrlərə aid edilir.

Təmiz havası, saf suyu, əlverişli iqlim şəraiti və təbii gözəlliyi ilə digər kəndlərdən seçilən Ağbulaq bu kənddəki bulağın adı ilə adlandırılır. Kəndin təbii imkanları həm yay, həm də qış mövsümündə istirahət üçün əlverişlidir. Təbii gözəlliklər nəzərə alınaraq kənddə Ağbulaq İstirahət Mərkəzi tikilmiş, Ağbulaq Xizək Mərkəzinin əsası qoyulmuşdur. Kənddə həmçinin turistləri qəbul etmək üçün evlərdə hərtərəfli şərait yaradılmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamına əsasən burada Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsi yaradılmışdır.

 

 NAXÇIVAN - DUZDAĞ TURİST MARŞRUTU 

   

Duzdağ Fizioterapiya Mərkəzi 1979-cu ildən 50 çarpayılıq xəstəxana kimi Naxçıvan duz mədəni bazasında fəaliyyətə başlamışdır. Tələbatı nəzərə alaraq 1983-cü ildə çarpayıların sayı 100-ə çatdırılmışdır. Fizioterapiya Mərkəzində tənəffüs yollarının qeyri-spesifik xəstəliklərinin, əsasən bronxial astma, infeksion allerjik forması, xroniki bronxitin müxtəlif formalarının müalicəsi aparılır. Yeraltı şaxtalardakı duz mədənlərində qoyulmuş çarpayılarda gecələyən xəstələr burada şəfa tapırlar.

Müalicə effekti uşaqlarda 95%, böyüklərdə isə 75-80% təşkil edir. Mərkəzə müraciət edən xəstələr bu effektivliyi gəldikləri gündən hiss edirlər. 2006-cı ildə xəstəxananın yeraltı şöbəsində aparılan yenidənqurma işləri zamanı burada ən müasir tələblərə uyğun şərait yaradılmışdır. Hazırda Mərkəzin eyni vaxtda 350 xəstəni qəbul etmək imkanı var.

Duzdağ Fizioterapiya Mərkəzinin yaxınlığında beş ulduzlu  “Duzdağ” hoteli yerləşir. Hotel ilin bütün fəsillərində qonaqlara yüksək səviyyədə xidmət göstərməyə tam hazırdır.

 


  NAXÇIVAN - GÜLÜSTAN TURİST MARŞRUTU

Culfa rayonunun Gülüstan kəndi yaxınlığında memarlıq abidəsidir. Möminə Xatın türbəsinin təsiri ilə XII əsrdə tikilmişdir. Orta əsr mənbələrində bəzən bu abidə “Kəsik günbəz” kimi xatırlanır. Memarlıq-konstruktiv quruluşuna görə Naxçıvanın, bütövlükdə Azərbaycanın türbə tipli digər memarlıq abidələrindən fərqlənir. Gülüstan türbəsi orta əsr Azərbaycan memarlıq abidələri içərisində özünəməxsus yer tutur.

Gülüstan türbəsinin sərdabəsi kürsülük adlanan yerüstü hissədə yerləşir. Kürsülük xaricdən kəsik piramidaya, daxildən silindrik quruluşa malikdir. Planda kvadrat olan kəsik piramida yuxarıda düzgün onikibucaqlıya çevrilir. Onun üzərində isə onikiüzlü üst kamera yerləşir. Türbənin səthləri oyma həndəsi ornamentlərlə və dekorativ tağlarla bəzədilmişdir. Naxçıvan memarlıq məktəbinə məxsus digər türbələrdə olduğu kimi, Gülüstan türbəsində də taxçaların içərisi incə həndəsi ornamentlərlə örtülmüşdür.

Gülüstan türbəsi ilə eyni memarlıq üslubunda tikilən türbələr Azərbaycanın digər bölgələri ilə yanaşı, Türkiyənin Anadolu ərazisində  də geniş yayılmışdır. Gülüstan türbəsinin ətraf ərazidə yerləşən digər abidələrlə də sıx bağlılığı vardır. Türbə ətrafındakı abidələr vahid arxeoloji kompleksə daxildir. Türbənin  memarlıq üslubu Səlcuqilər dövrünün abidələri ilə, üzərindəki həndəsi ornamentlər isə Əcəmi memarlıq məktəbinə daxil olan abidələrlə oxşarlıq təşkil edir.

Gülüstan türbəsi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Gülüstan türbəsinin bərpası və tədqiq olunması haqqında” 2015-ci il 7 oktyabr tarixli Sərəncamı əsasında bərpa olunmuşdur.

00472066
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
46
104
252
1775
472066

Tarix: 08-07-2020
Biz, sosial şəbəkələrdə: