"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

Dini turizm obyektləri

 

"ƏSHABİ-KƏHF  ZİYARƏTGAHI" DİNİ-MƏDƏNİ ABİDƏ KOMPLEKSİ

 

Əshabi-Kəhf  Naxçıvan şəhərindən təqribən 12 km aralı, Haçadağ və Nəhəcir dağları arasındakı təbii mağarada yerləşən dini ziyarətgahdır. Əshabi-Kəhf ziyarətgahı ən qədim zamanlardan müqəddəs bir yer, ulu Tanrıya inam, ümid bəsləyən, ilahi gücünə inanan insanların səcdəgahı kimi şöhrət qazanmışdır. Ziyarətgah min illərdir burada yaşayan və bura ziyarətə gələn insanların inanc yeri olmuşdur. Aparılmış tədqiqatlar sübut edir ki, Qurani-Kərimdə adı çəkilən Əshabi-Kəhf məhz Naxçıvandadır. 

Ümummilli lider Heydər Əliyevin tapşırığı və himayəsi ilə Əshabi-Kəhfdə abadlıq və yenidənqurma işləri aparılmışdır. Ziyarətgahın girişində bu haqda məlumat verən kitabə qoyulmuşdur. Kitabədə deyilir: “Əshabi-Kəhf ziyarətgahında bərpa və abadlıq işləri 1998-ci ildə Azərbaycan Prezidenti möhtərəm Heydər Əliyevin tapşırığı və himayəsi ilə görülmüşdür”. Son illərdə Əshabi-Kəhf ziyarətgahının ərazisində aparılmış yenidənqurma, bərpa və abadlıq işləri zamanı zəvvarlar üçün rahat şərait yaradılmış və məscid tikilmişdir. Hazırda buraya Azərbaycanın başqa bölgələrindən və xarici ölkələrdən zəvvarlar, turistlər və qonaqlar gəlir.

 

NUH PEYĞƏMBƏRİN MƏZARÜSTÜ TÜRBƏSİ

 

Naxçıvan şəhərinin cənub tərəfində, "Naxçıvanqala" Tarix-Memarlıq Muzey Kompleksi ərazisində VIII-XII əsrlərə aid memarlıq abidəsidir. XIX əsrin 80-ci illərində Naxçıvan şəhərində yaşayıb pedaqoji fəaliyyətlə məşğul olmuş rus maarifçisi K.A.Nikitinin «Naxçıvan şəhəri və Naxçıvan qəzası» adlı məqaləsində Həzrəti Nuh Peyğəmbərin buradakı məzarı və türbəsi aşağıdakı kimi təsvir olunmuşdur: «Nuhun qəbri Naxçıvan şəhərinin cənub tərəfində, qədim qalanın qalıqlarının yaxınlığında yerləşir. Məzarın hazırkı görkəmi 8-ci yüzillikdə bərpa edilmişdir. İndiki görkəmdə məzar yerdən qalxan, çox da böyük olmayan türbəni xatırladır. Əvvəlcə burada məbəd olmuş, sonra uçub dağılmışdır. Hazırkı türbə keçmiş məbədin aşağı mərtəbəsinin qalıqlarından ibarətdir. Məbədin pilləkənlərlə aşağı düşmək tələb olunan interyeri dairəvi, ortadan daş dirəklə möhkəmləndirilmiş, sərdabə tipindədir. Rəvayətə görə həmin dirəyin altında Nuhun cənazəsi yerləşir. Sərdabədə obrazların və bəzəklərin təsviri yoxdur. Sərdabənin divarları ağardılmış, səyyahların və ibadətə gələn zəvvarların müxtəlif dillərdə olan adları ilə yazılıb doldurulmuşdur». K.A.Nikitin həmçinin yerli əhalinin köməyi ilə Nuh peyğəmbərin bu qədim diyarla əlaqəsinə dair rəvayətləri toplayıb yazıya almış və onun buradakı məzarının yerini müəyyənləşdirmişdir. V.M.Sısoyev əsərində «Nuhun türbəsi» haqqında məlumat verərkən sərdabənin tərəflərin 2,5 metr olan səkkizguşəli prizma şəklində olduğunu qeyd etmişdir. Azərbaycan realist rəssamlıq sənətinin banisi Bəhruz Kəngərli (1892-1922) XX əsrin əvvəllərində yağlı boya ilə Naxçıvan şəhərindəki Nuhun türbəsinin naturadan şəklini çəkmişdir. Əsərdə Nuh peyğəmbərin türbəsi ilə yanaşı, türbənin yerləşdiyi ərazi də təsvir edilmişdir.

Naxçıvanda Nuhun qəbri ilə bağlı xeyli əfsanələr var. Əfsanəyə görə dünya tufanı zamanı Həzrəti Nuh peyğəmbərin gəmisi Naxçıvan ərazisindəki Haçadağa toxunmuş, Qapıcıq zirvəsinə yaxın dağ ətəyində lövbər salmışdır. Həmin yerin Gəmiqaya adlandırılması, bu ərazidə "Nəbi yurdu" adlanan yaylaq yerinin və yaxınlıqda "Nuhdaban" adlanan qədim yaşayış məskəninin mövcud olması əfsanədə öz əksini tapan mətləblərin gerçəkliyə uyğunluğunu ehtimal etməyə əsas verir. Həzrəti Nuh peyğəmbərlə bağlı  rəvayətlərdə hətta onun özünün və bacısının məzarlarının Naxçıvan şəhərində olması barədə məlumatlar öz əksini tapmışdır. Nuhun türbəsinin Naxçıvanda olması haqqında İ.Şopen, Dyubua-de Monpere, K.A.Nikitin, V.M.Sısoyev və digər tədqiqatçılar məlumat vermişlər. 

 

İMAMZADƏ KOMPLEKSİ

Naxçıvan şəhərinin cənub-şərq hissəsində memarlıq abidəsidir. XVI-XVIII əsrlərdə formalaşmışdır. 3 binadan ibarətdir. Kompleksin özəyini planda kvadrat şəkilli, xarici görünüşünü isə kubik formalı qülləvari türbələrdən gələn dairəvi gövdənin qovuşduğu kompozisiya-türbə təşkil edir. Türbəyə bitişən, nisbətən böyük həcmə malik və qərbdən giriş qapısı olan bina kompleksin mərkəz hissəsini təşkil edir. Keçən yüzilliyin 20-ci illərində Naxçıvanda olan rus alimi V.M.Sısoyevin yazdığına görə kompleksin bu hissəsi Naxçıvan xanlarının məqbərəsi hesab edilirmiş. Alimin şəhadətinə görə burada Abbasqulu xanın hicri 1337-ci ildə (1918) vəfat etmiş oğlu Mustafaqulu xan Naxçıvanskinin qəbri varmış. Ancaq bu və orada olan digər qəbirlər zaman keçdikcə dağılmış və məhv olmuşlar. Kompleksdən azca aralı şimal tərəfdə başqa bir türbə vardır. Bişmiş kərpicdən inşa edilən bu türbə aşağıdan kvadratşəkilli götürülərək yuxarıda çoxbucaqlı şəkildə inşa olunmuş, üstü günbəzlə örtülmüşdür. Kompleksə daxil olan başqa tikililərlə müqayisədə bu türbə yaxşı vəziyyətdə qalmışdır. Ancaq onun içərisində heç bir qəbir və xatirə kitabəsi qalmadığından təyinatı aydınlaşdırılmamışdır. İmamzadə kompleksinə daxil olan binalar bir-biri ilə uyarlıqda olub, bitkin memarlıq ansamblı yaratmışdır. Kompleksin ətrafında orta əsrlərə aid qəbiristanlıq olmuşdur. Zaman keçdikcə buradakı qəbirlərin bir hissəsi dağılmış, bir hissəsi isə indiyədək qalmaqdadır. Orada torpağın altından aşkar edilmiş XVI əsrə aid məzar kitabələri tədqiq edilmişdir. Burada bişmiş kərpicdən hörülmüş tağvarı sərdabələrə təsadüf olunmuşdur. Zaman keçdikcə nekropolun yeri dəyişmiş və abidənin yaxınlığındakı təpəyə keçmişdir. Orta əsrlərdə ərazidə fəaliyyət göstərən bəzi sufi təriqətlərinin üzvləri kompleksdən bir müddət özlərinin yaşayış, ibadət və zikr yeri–xanəgah kimi istifadə etmişlər. Ümumiyyətlə, bu cür komplekslərin səciyyəvi xüsusiyyəti əvvəllər mövcud olmuş dəfn tikililərinin təmir, bərpa və yenidənqurma yolu ilə abadlaşdırılmasından və bərpa olunmuş məqbərəyə bitişik məscid, təkyə və digər xidmət otaqları tikilməsi yolu ilə dini kompleksin yaranmasından ibarətdir. Ərazimizdə XVII-XVIII əsrlərdə fəaliyyət göstərən sufi təriqətləri mənsubları mövcud imamzadələrdən yaşayış, ibadət və zikr yeri kimi istifadə etdiklərindən həmin dövrlərdə bölgədə xanəgahlar inşa edilməmişdir. Memarlıq kompleksi 2004-cü ildə əsaslı şəkildə təmir olunaraq yenidən bərpa edilmişdir.

İmamzadə türbəsi İmamzadə Kompleksinə daxil olan və onun özəyini təşkil edən memarlıq abidəsidir. Səkkizbucaqlı "soğanvari" günbəzlə örtülmüş  türbə-sərdabə bu sahənin keçmişdə əhəmiyyətli məqbərələr yerləşən ərazi olduğunu ehtimal etməyə əsas verir. Aşağıdan kvadrat şəkildə inşa edilən abidənin yuxarı hissəsində, silindr şəkilli gövdəsində memar çox ustalıqla qırmızı rəngli bişmiş kərpicləri üfüqi, tünd-bənövşəyi rəngli, kaşılı kərpicləri isə şaquli şəkildə simmetrik düzərək Bərdə türbəsində olduğu kimi xalını xatırladan bəzək ünsürü və kufi xətlə dəfələrlə təkrarlanan epiqrafik motiv - "Allah" sözünü yaratmışdır. Türbənin içərisində əhali tərəfindən ziyarət edilən bir qəbir vardır. Qəbirin üzərində epitafiya-məzar kitabəsi olmadığı üçün onun mənsubiyyəti, kimə aid olması haqqında dəqiq fikir söyləmək mümkün deyildir. Ancaq şəhərin yaşlı əhalisinin söylədiyinə görə bu qəbirdə şiələrin 8-ci imamı Rzanın oğlu dəfn edilmişdir. Epiqrafçı alim İ.Əzimovun keçən yüzilliyin 20-ci illərində yazdığına görə türbənin şimal-qərb tərəfində nəsx xətti ilə ərəb dilində yazılmış kitabə olmuşdur. O, vaxtilə rus alimi N.V.Xanıkovun diqqətini cəlb etmiş, kitabənin mətnini və rus dilində tərcüməsini nəşr etdirmişdir. Kitabənin mətnində yazılmışdır: "Bu imarətin bina edilməsini böyük sultan, xaqan, hörmətli əmir, ərəb və əcəmlərin hakimi, sultan Əbu Müzəffər şah Təhmasib Bahadır xanın hakimiyyəti zamanında mərhum, günahları bağışlanmış Hacı Fulad bəyin oğlu, zəmanənin xeyirxahı Həzrət Rufai bəy əmr etmişdir". Kitabədə tarix qeyd olunmasa da, orada vurğulanan "Əbu Müzəffər şah Təhmasib Bahadır xanın hakimiyyəti zamanında" sözlərinə əsasən türbənin inşa tarixini müəyyənləşdirmək mümkündür. Əbu Müzəffər şah Təhmasib Bahadır xan Səfəvi hökmdarı şah Sultan Hüseynin oğludur. Tarixdə II şah Təhmasib adı ilə tanınan bu adam 1722-32-ci illərdə hakimiyyətdə olmuşdur. Deməli, türbə XVIII əsrin 20-ci illərində inşa etdirilmişdir. Hazırda həmin kitabənin mətni İ.Əzizbəyovun oxunuşuna əsasən yeni bir daşa köçürülərək əvvəlki kitabənin yerinə qoyulmuşdur. Türbənin yaxınlığında Naxçıvan şəhərinin antik və orta əsrlərdə mövcud olmuş ikinci qala divarının qalığı aşkar edilmiş, sənətkarlıq nümunələri tapılmışdır.  

 

 ASNI PİRİ

Kəngərli rayonun Qarabağlar kəndindən şimalda ziyarətgahdır. Asnı çayının qaynağı xalq arasında müqəddəs pir kimi ziyarət olunur. Asnı çayı ilə bağlı bir-birindən fərqli üç əfsanə qeydə alınmışdır. Əfsanələrin birində deyilir ki, bir kişi olan-qalan varını qızıla çevirib əsanın içinə doldurur. Dərələyəzdən olan bu kişi su içəndə əsası bulağa düşür və axıb gedir. Həmin su əsanı gətirib Qarabağlara çıxardır. Bu əsanı bir çoban tapır. Çomağın sahibi axtara-axtara gəlib bu kəndə çıxır. Kişi baxır ki, əsası çobandadır. Əsanın sirrini deyib onu çobandan alır. Qayaların arasından çıxan gur bulaq xalq tərəfindən müqəddəsləşdirilmiş və ziyarətgaha çevrilmişdir. Əvvəlcə pirin yaxınlığında möhrədən tikilmiş dörd künc formalı bina olmuşdur. Hazırda həmin binanın yerində monumental bir memarlıq abidəsi ucaldılmışdır. Pirin içərisində orta əsrlərə aid iki qəbir vardır. Qəbirlərdəki sinə daşlarının üzərində ərəb əlifbası ilə kitabələr vardır. Kitabələrin oxunmasına əsasən qəbir abidələrini XIV əsrə aid etmək olar. Lakin pirin tarixi Azərbaycan türklərinin dağ, su və ağac inancı ilə bağlı olub daha qədim dövrə aiddir. Piri e.ə. 1-ci minilliyə aid etmək olar.

 

ƏRMƏMMƏD (ALMƏMMƏD)  PİRİ

Culfa rayonunun Camaldın kəndindən təqribən 4-5 km şərqdə yüksək dağ üzərində yerləşən bu qədim mağara 1974-cü ildə qeydə alınmış ziyarətgahdır. Mağarada təsadüfi tapıntılar nəticəsində daş əmək alətləri, Mustye mədəniyyəti üçün səciyyəvi olan müxtəlif lövhələr aşkar olunmuşdur. Tapıntıların təqribən 40-50 min il əvvəlki dövrə aid olduğu ehtimal edilir. Alməmməd piri adlandırılan pir-ziyarətgah ətrafı böyük ağaclarla əhatə olunmuş bir binadan ibarətdir. Binanın giriş qapısının sol tərəfində qəbir var. Binanın içərisində başqa bir qəbir də vardır. Pirdə əsas ziyarət obyekti həmin qəbirdir. Ziyarətə gələn zəvvarlar hər iki qəbiri ziyarət edirlər. Ancaq qəbirlərin üzərində epiqrafik sənəd-kitabə olmadığı üçün onların mənsubiyyəti və dövrü aydınlaşdırılmamışdır. Əhali arasında pir haqda müxtəlif rəvayətlər mövcuddur. Ziyarətgah-pir e.ə. 3-1-ci minilliklərə və orta əsrlərə aiddir.

 

 PARÇI İMAMZADƏSİ 

Qədim və zəngin tarixi keçmişə malik olan Naxçıvan çoxsaylı abidələr diyarı kimi tanınır. Belə abidələrdən biri də Şərur rayonunun Xanlıqlar kəndindəki orta əsr Azərbaycan memarlığının qiymətli nümunələrindən olan, xalq arasında “Parçı Piri” kimi tanınan “İmamzadə”dir.

“İmamzadə” xalqımızın mənəvi dəyərlərini, dini baxış və təsəvvürlərini, inanclarını, etnopsixoloji və əxlaqi münasibətlər sistemini özündə təcəssüm etdirən tarixi abidə kimi dövlət qeydiyyatına alınıbdır. “Parçı İmamzadəsi” yüksək sənətkarlıq və memarlıq xüsusiyyətlərinə malikdir.

“İmamzadə” giriş, salon və otaqdan ibarətdir. Aşağıdan kvadrat şəklində inşa edilən bu abidənin yuxarı hissəsi tağvari günbəzlə örtülüb. Tədqiqatçıların fikrincə, “İmamzadə” XVI əsrə aiddir. Binanın daxilində bir məzar vardır. Bu məzarın üzərində əvvəllər kitabə olub. 1928-ci ildə tədqiqatçılar kompleksdə olarkən qəbrin üzərindəki kitabədə ərəb əlifbası ilə “İbrahim Musa oğlu” yazıldığını müəyyənləşdiriblər. Yerli əhalinin fikrincə, yeddinci İmam Museyi Kazım öldürüldükdən sonra oğlu İbrahim Şərura gələrək burada yaşamışdır. Vəfat etdikdən sonra qəbri ziyarətgaha çevrilmişdir. Sonralar isə qəbrin üzərində türbə ucaldılmışdır. Əhalinin məlumatına görə İmam Museyi Kazımın övladlarından Seyid Əqil Nehrəm kəndində, Seyid Səfi (Səffan) Düylün kəndində, Seyid Əhməd Mehri rayonunun Buğuçar kəndində, Seyid Qasım isə Cənubi Azərbaycanın Sofiyan kəndində yaşamış və həmin kəndlərdə vəfat etmişlər. İmamın qızlarından Rübabə İraqda (Bağdad şəhəri yaxınlığında), Hökümə isə Abşeron rayonundakı Şıx kəndində dəfn olunmuşdur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamına əsasən 2015-2016-cı illərdə “İmamzadə”də bərpa işləri aparılmışdır. Bərpa zamanı bənzərsiz sənət nümunəsi kimi diqqəti çəkən “İmamzadə”nin tarixi görkəmi və qədim memarlıq elementləri qorunub saxlanılmışdır. Hazırda İmamzadə həm yerli vətəndaşlar, həm də xarici turistlər tərəfindən ziyarət edilir.

 

 

 

PİRİ-SÜLEYMAN

Şərur rayonunun Tənənəm kəndi ərazisindədir. “Piri-Süleyman” türbəsi sadə formada tikilmiş sərdabə və günbəzli binadan ibarətdir. Sərdabənin içərisində 1 qəbir vardır. Uzun illərdən bəri abidə ibadətgah kimi ziyarət olunur. Ziyarətgahın giriş qapısı üzərində vaxtilə kitabə olsa da, dövrümüzədək  qalmamışdır. Tədqiqatçıların fikrincə, XIV-XV əsrlərdə burada hansısa sufi təriqəti fəaliyyət göstərmiş, Süleyman isə onun rəhbər şeyxlərindən olmuşdur.

“Piri-Süleyman” türbəsi insanların inanc yeri, müqəddəs ziyarətgahı və eyni zamanda turizm üçün əhəmiyyətli abidədir.

 

NÜSNÜS PİRİ

Ordubad rayonunun Nüsnüs kəndində orta əsrlərə aid ziyarətgahdır. Kəndin qərbində, nisbətən hündür ərazidə inşa edilmiş, tarixi-memarlıq abidəsi kimi diqqəti cəlb edən məscid binasının 1-ci mərtəbəsində yerləşir. Məscidin həyətindəki sadə quruluşlu məzarda kimin dəfn olunduğu barədə dəqiq məlumat yoxdur. Onun Dahyanus (Dağ Yunus) dövrünə, Əshabi-Kəhflə eyni tarixə aid olduğu da söylənilir. Məscidin mərkəzində hündürlüyü təxminən 5 m olan daş sütun var. Rəvayətə görə, o bir neçə dəfə dağıdılmış, lakin yenidən peyda olmuşdur. Pirin giriş qapısı Ordubad ərazisində geniş yayılmış möhkəm qoz ağacı materialından hazırlanmışdır. Qapının üzərində süls xətti ilə ərəb dilində doqquz sətirlik kitabə həkk edilmişdir. Kitabənin mətnindən aydın olur ki, məscid Elxani hökmdarı Əbu Səid Bahadır xanın (Olcaytu Məhəmməd Xudabəndənin oğlu) dövründə (1316-1335) Atabəyin candarı Sədr bin Sarim bin Səncər bin Aytəkinin əli ilə bina tikilmişdir. Tikinti işləri 4 ramazan 726-cı ildə (04.08.1326) başa çatmışdır. Pir və onun üzərindəki məscid 1992-93-cü illərdə kənd camaatının təşəbbüsü və vəsaiti ilə təmir edilmiş, divarlarda Quran ayələri və dini xarakterli kəlamlar yazılmış, müqəddəs yerlərin şəkilləri çəkilmişdir.

 

 

00055580
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
190
580
1216
9824
55580

Tarix: 23-05-2017
Biz, sosial şəbəkələrdə: