"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

Müalicə turizm obyektləri

DUZDAĞ FİZİOTERAPİYA MƏRKƏZİ

 

 Duzdağ Fizioterapiya Mərkəzi 1979-cu ildən 50 çarpayılıq xəstəxana kimi Naxçıvan duz mədəni bazasında fəaliyyətə başlamışdır. Tələbatı nəzərə alaraq 1983-cü ildə çarpayıların sayı 100-ə çatdırılmışdır. Fizioterapiya Mərkəzində tənəffüs yollarının qeyri-spesifik xəstəliklərinin müalicəsi aparılır. Əsasən bronxial astma, infeksion allerjik forması, xroniki bronxitin müxtəlif formalarının müalicəsi aparılır. Müalicə üsulu çox sadədir. Yeraltı şaxtalardakı köhnə duz mədənlərində qoyulmuş çarpayılarda gecələyən xəstələr burada şəfa tapırlar.

 Müalicə effekti uşaqlarda 95%, böyüklərdə isə 75-80% təşkil edir. Mərkəzə müraciət edən xəstələr bu effektivliyi gəldikləri gündən hiss edirlər. Mərkəz dəniz səviyyəsindən 1173 m hündürlükdə yerləşir. 2006-cı ildə xəstəxananın yeraltı şöbəsində aparılan yenidənqurma işləri zamanı burada ən müasir tələblərə uyğun şərait yaradılmışdır. Hazırda Mərkəzdə eyni vaxtda 300 xəstəni qəbul etmək imkanı var. Bildiyimiz kimi bu tip müalicə ocaqları Ukrayna, Polşa, Qırğızıstan, Almaniya kimi bir çox ölkələrdə mövcuddur. Ancaq malik olduğu bir sıra üstünlüklərinə görə Naxçıvandakı Duzdağ Fizioterapiya Mərkəzinin analoqu yoxdur.

 

"DARIDAĞ ARSENLİ  SU" MÜALİCƏXANASI

 

Culfa rayonunun 15 kilometr şimal-şərqində olan Darıdağ arsenli termal suyu qoturluq, sarıyara, piyadermeya kimi bir çox dəri xəstəlikləri üçün müalicəvi əhəmiyyətə malikdir. Həmin xəstəliklərin müalicəsi üçün Darıdağ suyunda vanna qəbul edilməlidir. Müalicə seanslarının müddətləri xəstəliyin növü və kəskinlik dərəcəsindən asılı olaraq fərqlidir.

Darıdağ arsenli termal suyunun mənbədən çıxan istilik dərəcəsi +520C-dir. Ancaq müalicə vannalarında suyun istilik dərəcəsi +37-390C təşkil edir. Bütün bu xüsusiyyətlər Darıdağ suyunu nəinki Qafqazda, hətta bütün dünyada olan arsenli sular içərisində birinci yerə çıxarır. Darıdağ arsenli su mənbələri hələ XV əsrdən mövcud olduğuna baxmayaraq XX əsrin ortalarına qədər həmin ərazidə heç bir səhiyyə obyekti və müalicəxana olmamışdır. 1978-ci ildə ilk dəfə 5 vanna həcmində müalicəxana tikilmişdir. 2005-ci ildən Darıdağ ərazisində 2 yeni müalicəxana korpusundan istifadə edilir. Korpuslarda tibbi yardım göstərməyə geniş şərait və imkanlar vardır. Korpuslarda 1 saat ərzində 25-30 xəstə qəbul etmək mümkündür.

 

 

ƏSHABİ-KƏHF MİNERAL SU YATAĞI

 

Babək rayonu ərazisində, Qahab kəndindən 6 kilometr cənub-şərqdə, Naxçıvan şəhərindən 12 kilometr aralı, Əshabi-Kəhf dağının ətəyindədir. Hər 15 dəqiqədən bir qaynayıb köpüklənir. Su radonlu, karbon qazlı, az minerallaşmış, hidrokarbonatlı-xlorlu-sulfatlı, natriumlu-kalsiumludur. Rusiya Federasiyasındakı  "Pyatiqorsk"  suyunun analoqudur. Revmatizm xəstəliklərinin müalicəsində istifadə olunur.

 

 

NAXÇIVAN MUXTAR RESPUBLİKA XƏSTƏXANASI FİZİOTERAPİYA, HİDROTERAPİYA VƏ NAFTALAN NEFTİ İLƏ MÜALİCƏ BÖLMƏSİ

1978-ci ildə köhnə birləşmiş Naxçıvan şəhərxəstəxanasında, 1987-ci ildən Naxçıvan Muxtar Respublika Xəstəxanasında naftalan şöbəsi kimi fəaliyyət göstərirdi. 2016-cı ildə Naxçıvan Muxtar Respublika Xəstəxanasında yenidənqurma işlərindən sonra Naxçıvan Muxtar Respublika Xəstəxanası fızioterapiya, hidroterapiya va naftalan nefti ilə müalicə bölməsi fəaliyyətə başlamışdır. 

Podaqra, bursit, miozit, mialgiya, radikulit, psoriaz, tromboflebit, vibrasiya xastaliyi, sonsuzluq, tendinit və s. xəstəliklərin müalicəsində istifadə olunur. 1 dəfəyə 4 nəfər  vanna qəbul edə bilər. İş vaxtı həftənin altı günü 09:00-dan 15:30-dəkdir.

 

Ünvan: Naxçıvan şəhər Əziz Əliyev küçəsi 5

      Tel: (+99436) 545-69-74

00055580
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
190
580
1216
9824
55580

Tarix: 23-05-2017
Biz, sosial şəbəkələrdə: