"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Tarixi

Naxçıvan dünyanın ən qədim mədəniyyət mərkəzlərindəndir. Bu torpaqda Azərbaycan xalqının zəngin tarixi, elmi və mədəni irsi formalaşmışdır.

Ən qədim yer adlarından olan "Naxçıvan" toponimi əfsanəvi Nuh peyğəmbərlə bağlı "dünya tufanı" ilə də əlaqələndirilir. Bu el mülahizəsinə görə "Naxçıvan" sözü üç hissədən - "Nax" (Nuh), türk dillərində isim düzəldən "çı" şəkilçisindən və yer, məkan bildirən "van" toponimik formatından ibarət olub, "Nuhçuvan"-"Nuhçuların (Nuh tərəfdarlarının) məskəni", "Nuhun diyarı" deməkdir. 

Naxçıvan ərazisindən arxeoloji qazıntılar zamanı əldə olunan maddi-mədəniyyət nümunələri, məşhur Gəmiqaya qayaüstü yazıları və bu ərazidəki digər abidələr Naxçıvan şəhər mədəniyyətinin 5 min ildən çox yaşı olduğunu sübut edir. Naxçıvan Azərbaycanın dövlətçilik tarixinə mühüm töhfələr vermişdir. Burada böyük dövlətçilik ənənələrinin əsası qoyulmuş, X əsrdə "Naxçıvan şahlığı", XII əsrdə Azərbaycan Atabəylər dövləti yaranmış, XVIII-XIX əsrlərdə "Naxçıvan xanlığı", XX əsrin əvvəlində Araz-Türk Respublikası fəaliyyət göstərmişdir. 1918-ci ildə Naxçıvan şəhəri bir milyondan çox əhaliyə malik olan Araz-Türk Respublikasının paytaxtı olmuşdur. Azərbaycanın bu tarixi ərazisində formalaşan ən qiymətli sərvətlərdən biri də Naxçıvanın muxtariyyətidir.

Naxçıvan 1921-ci ilin martından Naxçıvan Sovet Sosialist Respublikası, 1923-cü il iyunun 16-dan Naxçıvan diyarı, 1924-cü il fevralın 9-dan Naxçıvan Muxtar Sovet Sosialist Respublikası, 1990-cı il noyabrın 17-dən isə Naxçıvan Muxtar Respublikası adlandırılmışdır. Naxçıvanın tarixi taleyi 1921-ci ildə imzalanan 2 mühüm beynəlxalq sənəddə - Moskva və Qars müqavilələrində öz əksini tapmışdır. Bu müqavilələrdə Naxçıvan Muxtar Respublikasının ərazisi təsdiq olunmuş, bu ərazinin toxunulmazlıq hüququ təsbit edilmişdir.

Naxçıvan Muxtar Respublikası mövcudluğu, bugünkü yaşayışı və nicatı üçün 1990–93-cü illərdə ümummilli lider Heydər Əliyevin burada yaşayıb-işləməsinə, siyasi fəaliyyət göstərməsinə borcludur. 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin fövqəladə sessiyasında xalqın təkidli istək və arzusu ilə Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsini öhdəsinə götürdü. 

1990-cı ilin noyabr ayının 17-də keçirilmiş Naxçıvan MSSR Ali Sovetinin 1-ci sessiyasının qərarı ilə "Sovet", "Sosialist" sözləri muxtar respublikanın adından çıxarıldı, Ali Sovetin adının dəyişdirilib, Ali Məclis adlandırılması qərara alındı, Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci ildə qəbul edilmiş üçrəngli bayrağı Naxçıvan Muxtar Respublikasının bayrağı kimi qəbul olundu. Ali Məclis eyni addımın Azərbaycan Respublikasında da atılması barədə qanunvericilik təşəbbüsü ilə çıxış etdi. 

1998-ci ildə Naxçıvan Muxtar Respublikasının yeni Konstitusiyası qəbul edilmişdir.

Naxçıvan bütün tarixi dövrlərdə Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi onun tarixi taleyini birgə yaşamışdır və yaşamaqda davam edir. Erməni işğalları nəticəsində Naxçıvanın Azərbaycanın digər torpaqlarından ayrı salınması, 20 ildən artıq bir dövrdə muxtar respublikanın ermənilər tərəfindən blokadaya alınması onu böyük çətinliklərlə üz-üzə qoymuşdur. Lakin uzun sürən ağır blokada şəraiti Naxçıvanın və naxçıvanlıların iradəsini qıra bilməmiş, əksinə daha da mətinləşdirmişdir. Məhz Naxçıvanda həyata keçirilən qətiyyətli tədbirlər nəticəsində, ermənilər Dağlıq Qarabağdakı işğalçılıq siyasətini burada reallaşdıra bilməmişlər.

Naxçıvan bu gün dinamik inkişaf edən qədim Azərbaycan torpağı, türk yurdudur.

01073838
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
108
148
459
760
1073838

Tarix: 04-12-2024
Biz, sosial şəbəkələrdə: