"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

İstirahət mərkəzləri

 

 “SAAT MEYDANI” TURİSTİK İSTİRAHƏT MƏRKƏZİ

“Saat Meydanı” turistik istirahət mərkəzi müasir memarlıq incilərindən olub klassik və milli ornamentlər istifadə edilərək ikimərtəbəli, meydan formasında inşa edilmişdir. Meydanda 21 metr hündürlüyə malik saat qülləsi və müxtəlif ictimai iaşə müəssisələri yerləşir. Meydanın 2-ci mərtəbəsi müasir interyerlə dizayn edilmiş 4 ulduzlu hoteldən ibarətdir. Girişi meydanın birinci mərtəbəsində olan hotel 43 standart, 4 suit və 1 VİP olmaqla, 48 otaq və bir gözləmə zalından ibarətdir.

Meydanın 1-ci mərtəbəsi müxtəlif təyinatlı ictimai iaşə obyektlərindən ibrarətdir. Belə ki, istirahət mərkəzində muxtar respublikaya gələn turistlərə və yerli əhaliyə xidmət edən dünyanın 4 müxtəlif mətbəxinə istiqamətlənmiş restoranlar və 2 kafe mövcuddur. Burada qonaqlara milli mətbəxlə yanaşı, Türk, Çin Gürcü, İngilis və Yapon mətbəxlərinin özünəməxsus təamları ilə konseptlərinə uyğun xidmət göstərilir.

İstirahət mərkəzində gənclərin asudə vaxtının səmərəli keçirilməsi üçün intellektual oyun zalı və 3D texnologiyasına sahib 4 zal, ümumilikdə 125 yerə malik “Cinema Plus”  kinoteatrlar şəbəkəsi tərəfindən ən yeni dünya və yerli filmlər nümayiş olunur.  Burada gənclərlə yanaşı, müxtəlif yaş qruplarından insanlar virtual oyunlar oynamaqla yanaşı, tez-tez yerli və xarici seanslarla yenilənən kinoteatrın imkanlarından istifadə edə bilərlər.

Geyim dükanlarında müxtəlif firmaların məhsulları alıcılara təklif edilir. Meydanda uşaqlar üçün də geniş infrastruktur mövcuddur. Təcrübəli xidmətçilərin nəzarətində uşaq oyun zalı və baxıcı otağı yaradılmışdır. O cümlədən, ərazidə ikisi geyim olmaqla, 5 mağaza geniş çeşidliliyi ilə əhaliyə xidmət göstərməkdədir.

İstirahət mərkəzi müasir səs və işıq sistemi ilə təmin olunmuş geniş səhnəyə də malikdir. Burada kütləvi tədbirlərin keçirilməsi üçün hər cür şərait yaradılmışdır. Meydanda “I LOVE NAKHCHIVAN” rəmzi stendi də yaradılmışdır.

 

  

AĞBULAQ İSTİRAHƏT MƏRKƏZİ

 

Ağbulaq İstirahət Mərkəzi Naxçıvan Muxtar Respublikasının dilbər guşəsi olan Şahbuz rayonunun Ağbulaq kəndində yerləşir. Mərkəz Naxçıvan şəhərindən 50 km məsafədə yerləşir və ümumi tutumu 82 nəfər olmaqla, 38 otaqdan ibarət hotelə,  restorana, kafe-bara, mini futbol meydançasına, Naxçıvana məxsus yerli məhsulların satış mərkəzinə, uşaqlar üçün mini kluba, valyuta məntəqəsinə, poçt xidmətini təmin edən müvafiq infrastruktura sahibdir.

Hoteldə olan 38 otaqdan 34-ü ikinəfərlik (twin room), 2-si kiçik suit, 2-si isə suit otaqlar olaraq nəzərdə tutulmuşdur.  Otaqlar peyk yayımlı TV, daxili xətli telefon, minibar, kassa, vanna otağı (duş, duş vannası, duş kabini), WC və fenlə təchiz olunmuşdur. İki nəfərlik otaqlar “twin bed”, digər otaqlar isə “frenc bed” olaraq hazırlanmışdır.

Həmçinin, dayanıqlı turizmin təmin edilməsi və muxtar respublikada qış turizminin inkişaf etdirilməsi üçün göstərilən silsilə tədbirlərin nəticəsi olaraq Mərkəzdə ümumi uzunluğu 1500, eni isə 30 metr olan dağ-xizək mərkəzi yaradılmışdır. Mərkəzdə xizək üçün eniş zolağı, kanat xətti, xizəksürmə üçün təlim zonası, əyləncə və uşaq parkları yaradılıb, süni qaryaratma sistemləri qurulub.

Mərkəzin əsas infrastrukturu olan kanat yolunun uzunluğu 952 metrdir. Kanatın başlanğıc və son dayanacaq yeri arasındakı hündürlük fərqi 267 metrdir. Kanat yolunda hər biri 4 yerlik olmaqla, 58 oturacaq quraşdırılıb ki, bu da saatda 1000-dən artıq insana xidmət etməyə imkan verir. Həmçinin, 20 min kubmetr tutumu olan süni göl də gözəl mənzərəsi ilə turistləri özünə cəlb edir.

Əyləncə və uşaq parklarında, eləcə də başlanğıc sahədə 231 metrlik konveyner xətləri yaradılıb. Mərkəzin lazım olan qar örtüyünü təmin etmək üçün 26 sabit və 2 hərəkətli süni qaryaratma sistemi qurulub. Həmçinin, ərazidə turistlərin istirahəti üçün də şərait yaradılıb, xidmət sahələri istifadəyə verilib.

Mərkəzdə turistlərə ayaqüstü (fastfood) və təndir yeməkləri təklif olunur. Ərazidə hər biri ikinəfərlik olmaqla, 3 kottec də  tikilib. 

Ünvan: Şahbuz rayonu, Ağbulaq kəndi 

Tel: (+99436) 543-27-46; (+99436) 543-27-47                             

 

 

 “BATABAT” İSTİRAHƏT MƏRKƏZİ

 

Dağlar qoynunda yerləşən Batabat İstirahət Mərkəzi bu gözəlliyə əsrarəngiz gözəllik qataraq qonaqlar üçün yeni imkanlar təqdim edir. İstirahət Mərkəzində istəyinizə uyğun olaraq həm meşəlikdə, həm də restoranda gününüzü qeyri-adi keçirə bilərsiniz.

İstirahət Mərkəzində 1 restoran, uşaqlar üçün əyləncəli oyun sahəsi, voleybol meydançası, çardaqlar, kotteclər və fərdi otaqlar vardır. 

İstirahət Mərkəzinin inzibati binasının 2-ci mərtəbəsində yerləşən restoranın ümumi tutumu 100 nəfər olub müxtəlif toy, nişan və başqa tədbirlərin keçirilməsi üçün ideal məkandır. Restoran ərazisində yerləşən klassik şərq üslubunda dizayn edilmiş fərdi otaqlarda qonaqlarınız və ailənizlə asudə vaxtınızı səmərəli keçirə bilərsiniz. Restoranda milli və türk mətbəxinin seçmələri, öz təbiiliyi ilə seçilən təndir və ocaq təamları təklif edilir.

İstirahət Mərkəzinin ərazisi meşə zolağında yerləşdiyi üçün ərazidə olan 20 çardaq sizin təbiətin qoynunda istirahət etməyinizə bütün şəraiti yaradır.

Ərazidə olan müasir infrastruktur ilə təmin olunmuş, ilin bütün fəsillərində xidmət göstərə bilən 7 ailəvi kottec mövcuddur. Həmçinin, kotteclərdə alakart, özünə xidmət və seçməli menyular şəklində restoran xidməti təklif edilir.

İstirahət Mərkəzinin təbii şəraitini nəzərə alaraq qonaqlar üçün dağ marşrutları üzrə at-cıdır yürüşləri, meşə ərazisində gəzinti, Batabat gölləri ətrafında pikniklər, ocaq ətrafında musiqili gecələr təşkil edilə bilər.

Həmçinin, siz burada Naxçıvan mətbəxinə məxsus bütün növ təamlardan, qovurma, lavaş, turşular, təbii kərə və.s paket servis şəklində də satışından istifadə edə bilərsiniz.

Ünvan:  Şahbuz rayonu, Biçənək kəndi Batabat yaylası

 

 

“Xan Çinar” istirahət mərkəzi

     

 

“Xan Çinar” istirahət mərkəzinin sahəsi 30 min kvadratmetrdir. Mərkəzdə istirahətin səmərəli təşkili üçün ikimərtəbəli kotejlər, uşaqların istirahətlərini mənalı keçirmələri üçün attraksionlar, istirahət guşələri, kupelər və restoran vardır. 1230 kvadratmetr ərazidə mərkəz üçün 9 ədəd 2 mərtəbəli kotejlər, qonaqların istirahəti üçün 220 yerlik söhbətgah, hər biri 10 nəfərlik olmaqla  4 ədəd kupe,  40 yerlik restoran, mətbəxt, attraksion, mağaza, iş otağı və digər köməkçi sahələr var.  

Ünvan: Ordubad rayonu, Anaqut kəndi

Tel: +994518177775

 

 

“ƏYLƏNCƏ ADASI” İSTİRAHƏT MƏRKƏZİ

  

Əyləncə və İstirahət Mərkəzində ikimərtəbəli bina inşa edilmişdir. Binanın birinci mərtəbəsində geyim mağazası, 2 kafe və sahəsi 1230 m2 olan örtülü oyun salonu vardır. Geyim mağazasında dünyanın məşhur geyim brendləri olan 14 firmanın məhsulları alıcılara təklif olunur. Kişi, qadın və uşaq bölmələrindən ibarət olan mağazada müştərilərə hərtərəfli xidmət göstərilir. Oyun salonunda 25 aparat quraşdırılmış, uşaqların asudə vaxtlarının səmərəli təşkili üçün lazımi şərait yaradılmışdır. Binanın ikinci mərtəbəsində mebel dəstlərinin satışı həyata keçirilir.

Əyləncə və İstirahət Mərkəzinin həyətində 33 metr hündürlüyündə 24 kabinəli 144 yerlik karusel, 8 yerlik 120 dərəcəli yelləncək, 32 yerlik uşaq maşını, qatar və uşaqlar üçün nəzərdə tutulmuş 4 idman qurğusu vardır. Mərkəzin həyətində böyüklərin istirahəti üçün 1 kafe, həmçinin 1 fəvvarə və 4 hovuz fəaliyyət göstərir. Naxçıvan Dövlət Kukla Teatrının tamaşalarının göstərilməsi üçün səhnə də yaradılıb. 

Muxtar respublika sakinlərinin, şəhərimizə gələn qonaqların ilin bütün fəsillərində asudə vaxtlarını, istirahətlərini səmərəli və rahat keçirmələri üçün əlverişli şərait yaradılıb və burada yüksək səviyyəli xidmət göstərilir.

                              

 

BAZAR GÖLÜ İSTİRAHƏT MƏRKƏZİ

 

Hər bir insan istirahət etmək, asudə vaxtını  səmərəli keçirmək istəyir. Bunun üçün isə muxtar respublikada parklar, istirahət mərkəzləri fəaliyyət göstərir. Göl kənarında istirahət – aktiv yay istirahətinin ən xoş növlərindən biridir. Yay fəslində istirahət ünvanlarından biri də “Bazar Gölü” İstirahət Mərkəzidir. 2500 m2 ərazisi olan istirahət mərkəzi, Bazar çayının mənsəbində yerləşir. İstirahət mərkəzində iaşə xidməti obyekti inşa edilmiş, dondurma, ayran, sərinləşdirici içkilər, kofe və meyvə sularının satışı təşkil olunmuşdur.  Göldə qayıq gəzintisi üçün qayıqlar var. Burada çətirlər qurulmuş, eyni zamanda 200 nəfərə xidmət etmək üçün oturacaqlar və masalar qoyulmuşdur.

Naxçıvan şəhərinin sakinlərinə, gələn qonaqlara mədəni xidmət göstərilir, qonaqların öz istirahətlərini rahat keçirmələri üçün hər cür şəraitlə təmin olunurlar. Açıq havada 60 yer, örtülü zalda 40 yer, həmçinin istirahət mərkəzinin ətrafında "İstanbul", "Bakı" və "Dubay" adlı ailəvi kupelər də mövcuddur.

Həmçinin, Mərkəzin inzibati binasının daxilində müasir və avanqard üslubda dizayn edilmiş “BMW”, “Porshe”, “Lexus”, “Mercedes” rəmzi kupeləri yaradılmışdır. Kupelərin zalı xüsusi əl işləri ilə dizayn edilmiş, daxili interyer isə rəssamlar tərəfindən yağlı boya və rənglərlə müxtəlif avtomobillərin eskizləri ilə bəzədilmişdir.

Həmçinin, ərazidə yerləşən açıq hava monitorunda musiqili videoçarxlar, xüsusi əhəmiyyətli günlərdə  hazırlanmış ictimai videolar qonaqların hərtərəfli istirahəti üçün öz xidmətlərini təklif etməkdədir.

01080521
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
182
354
536
7443
1080521

Tarix: 24-12-2024
Biz, sosial şəbəkələrdə: