"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Tarixi abidələr

NUH PEYĞƏMBƏRİN MƏZARÜSTÜ TÜRBƏSİ - Naxçıvan şəhərinin cənub tərəfində, Köhnəqala adlanan ərazidə VIII-XII əsrlərə aid memarlıq abidəsidir. K.A.Nikitinin "Naxçıvan şəhəri və Naxçıvan qəzası" adlı məqaləsində Həzrəti Nuh Peyğəmbərin buradakı məzarı və türbəsi aşağıdakı kimi təsvir olunmuşdur: "Nuhun qəbri Naxçıvan şəhərinin cənub tərəfində, qədim qalanın qalıqlarının yaxınlığında yerləşir. Məzarın hazırkı görkəmi VIII yüzillikdə bərpa edilmişdir. İndiki görkəmdə məzar yerdən qalxan, çox da böyük olmayan türbəni xatırladır. Əvvəlcə burada məbəd olmuş, sonra uçub dağılmışdır. Hazırkı türbə keçmiş məbədin aşağı mərtəbəsinin qalıqlarından ibarətdir. Məbədin pilləkənlərlə aşağı düşmək tələb olunan interyeri dairəvi, ortadan daş dirəklə möhkəmləndirilmiş sərdabə tipindədir. Rəvayətə görə həmin dirəyin altında Nuhun cənazəsi yerləşir. Sərdabədə obrazların və bəzəklərin təsviri yoxdur. Sərdabənin divarları ağardılmış, səyyahların və ibadətə gələn zəvvarların müxtəlif dillərdə olan adları ilə yazılıb doldurulmuşdur". Azərbaycan realist rəssamlıq sənətinin banisi Bəhruz Kəngərli (1892-1922) XX əsrin əvvəllərində yağlı boya ilə Naxçıvan şəhərindəki Nuhun türbəsinin naturadan şəklini çəkmişdir. Naxçıvanda Nuhun qəbri ilə bağlı xeyli əfsanələr var. Əfsanəyə görə dünya tufanı zamanı Həzrəti Nuh peyğəmbərin gəmisi Naxçıvan ərazisindəki Haçadağa toxunmuş, Qapıcıq zirvəsinə yaxın dağ ətəyində lövbər salmışdır. Həmin yerin Gəmiqaya adlandırılması, bu ərazidə "Nəbi yurdu" adlanan yaylaq yerinin və yaxınlıqda "Nuhdaban" adlanan qədim yaşayış məskəninin mövcud olması əfsanədə öz əksini tapan mətləblərin gerçəkliyə uyğunluğunu ehtimal etməyə əsas verir. Nuhun türbəsinin Naxçıvanda olması haqqında İ.Şopen, Dyubua-de Monpere, K.A.Nikitin, V.M.Sısoyev və digər tədqiqatçılar məlumat vermişlər. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin "Nuh peyğəmbərin Naxçıvan şəhərindəki məzarüstü türbəsinin bərpa edilməsi haqqında" 2006-cı il 28 iyun tarixli Sərəncamı əsasında 2007-2008-ci illərdə qədim abidə tarixi mənbələr nəzərə alınmaqla yenidən bərpa olunmuş, ərazidə geniş abadlıq və yenidənqurma işləri aparılmışdır.

  

GƏMİQAYA RƏSMLƏRİ – Kiçik Qafqazın Ordubad dağlarında, Qapıcıq dağının cənub və şərq yamaclarındakı Nəbi yurdunda, Qaranquş yaylaqlarında qayaüstü təsvirlərdən ibarətdir. Arxeoloqlar Qaranquş yaylağında qayaüstü rəsmlərin həkk olunduğu ərazidə Azərbaycan türklərinin ulu babalarına aid yurd yerlərinin qalıqlarını aşkara çıxarmış, müəyyənləşdirmişlər ki, Alp çəmənlikləri ilə zəngin olan Gəmiqaya-Qaranquş yaylağı Naxçıvanın qədim sakinlərinin əsas ov məskənlərindən biri idi. Sonralar isə buralar Araz sahilində, eləcə də Naxçıvançay, Əlincəçay, Gilançay vadilərində yaşamış tayfaların yaylaq yerləri olmuşdur. Elə həmin dövrlərdən buradakı qayalar üzərində insan və müxtəlif heyvan (keçi, maral, öküz, quş və s.) rəsmləri, yay-oxla keçi ovlanması səhnəsi, ayrı-ayrı işarələr və s. təsvirlər həkk edilmişdir. Gəmiqaya təsvirlərinin və oradakı qədim yurd yerlərinin azı 5–6 min il yaşı var. Tədqiqatlar nəticəsində orada yaşamış əhalinin həyat tərzini və mədəni inkişaf yollarını izləmək mümkündür. Gəmiqaya rəsmləri 1968-ci ildən öyrənilir. Tədqiqatlar nəticəsində Naxçıvanın qədim memarlığı üçün səciyyəvi olan dairəvi planlı yurd yerləri (tikililərin divarlarının diametri 5–12 m olub, iri və orta həcmli qaya parçalarından qurulmuşdur) və qayaüstü təsvirlər (həmin yurd yerlərinin ətrafındakı qayalar üzərindədir) aşkara çıxarılmışdır. Bu qədim təsviri sənət əsərlərinin böyük əksəriyyətini heyvan rəsmləri – keçi, öküz, maral, it, bəbir, canavar və s. təşkil edir. Heyvan rəsmləri bir qayda olaraq, tək-tək, qoşa və sürü halında təsvir olunmuşdur. Onların çoxu keçi rəsmləridir. Gəmiqaya rəsmləri kompozisiyalarının sadə və mürəkkəbliyinə, eləcə də, süjetlərinə görə bir-birindən seçilir. Öküz rəsmləri realist üslubda, buynuzları uzun və qövsvari əyilmiş şəkildədir. Öküz qoşulmuş araba təsvirləri də vardır. İnsan rəsmləri tək halda və kompozisiyalı səhnələrdə verilmişdir. Bəzi insan rəsmləri zoomorfik əlamətlərlə fantastik şəkildə təsvir edilmişdir. Aşkar olunmuş rəsmlər arasında ovçuların ox və kamanla, kəməndlə və s. ilə silahlandığı, ov və rəqs səhnələri diqqəti cəlb edir. Gəmiqayada çox maraqlı piktoqrafik səciyyəli rəmzi işarələr – dairələr, dördbucaqlı, üçbucaqlı, çərxifələk nişanı və s. həkk olunmuşdur. Bu cür işarələr Naxçıvanda I Kültəpənin e.ə. 2-ci minilliyə aid Orta Tunc dövrü təbəqəsindən əldə edilmiş gil lövhə üzərində, boyalı qablar üzərində də cızılmışdır. Gəmiqaya petroqliflərinin analoji abidələrlə müqayisəli təhlili Azərbaycanın qədim əhalisinin mənəvi mədəniyyəti və incəsənəti haqqında elmi nəticələr söyləməyə imkan verir və onların qədim Azərbaycan təsviri sənətinin Naxçıvan mədəniyyətinə aid olduğunu göstərir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 2001-ci il 26 aprel tarixdə “Ordubad rayonundakı Gəmiqaya abidəsinin tədqiq olunması barədə” Sərəncam imzalamışdır. Həmin Sərəncamdan sonra Gəmiqayada arxeoloji ekspedisiyaların fəaliyyəti canlanmış, hərtərəfli tədqiqatlar aparılmağa başlanılmış, müxtəlif təsvirlər aşkar edilmişdir.

  

“ƏSHABİ-KƏHF ZİYARƏTGAHI” DİNİ-MƏDƏNİ ABİDƏ KOMPLEKSİ  – Naxçıvan şəhərindən təqribən 12 km aralı, Haçadağ ilə Nəhəcir dağı arasındakı təbii mağarada ziyarətgahdır. Ərəb dilində “mağara sahibləri” deməkdir. Qurani-Kərimdə “Əl-Kəhf” surəsinin 9-27 ayələrində Allahdan başqasına inananlardan ayrılıb mağaraya sığınan 7 gəncin (Təmlixa, Bərnuş, Sərnuş, Məksilma, Məslina, Sazənuş, Kəftəntuş (çoban) və onlara sadiq olan itləri Qıtmir) 300 ildən artıq yatdıqlarından, oyandıqdan sonra başlarına gələnlərdən bəhs edilir. Qurani-Kərimdə mövcud olan hadisə müəyyən dəyişikliklərlə Naxçıvandakı Əshabi-Kəhflə bağlı rəvayətlərdə də öz əksini tapmışdır. Mağaranın sonunda olan məscidin mehrabında kitabə vardır. İrihəcmli mərmər lövhədən (145x35 sm) ibarət olan kitabənin mərkəzi hissəsində, çərçivələr içərisində Qurani-Kərimin Əshabi-Kəhf hadisəsindən bəhs edən “Əl-Kəhf” surəsindən 9-12, 17-18-ci ayələri həkk edilmişdir. Lövhənin kənarlarında, sağ tərəfdə yuxarıdan başlayaraq sol tərəfdə başadək ensiz, lentvari haşiyə şəklində yazılan kitabənin məzmunu belədir: “Qar, yağış təsirindən burada yazılmış xətlər məhv olmuşdu. Ona görə də bu əzəmətli məkanın taleyi barəsində Naxçıvan ölkəsinin hakimi Şükrulla xan Kəngərli- adıçəkilən ölkənin keçmiş hakimi, xeyirxah əməllər banisi Heydərqulu xanın xələfi-qərar verərək buyurdular ki, həmin lövhənin üzünü təzədən, səhvsiz ayrı bir daş lövhəyə yazdırsınlar və yadigar olaraq keçmiş lövhənin yerinə nəsb etsinlər. Bu əmrə əsasən mərhum, mömin Molla Mustafanın oğlu Məhəmməd Xətib Naxçıvani işə başlayıb, 1190-cı ilin səfər əl-müzəffər ayında (22.03.1776-20.04.1776) lövhəni yazıb qurtarmışdır”.

Xalqımızın ümummilli lideri Heydər Əliyevin tapşırığı və himayəsi ilə Əshabi-Kəhfdə abadlıq-bərpa işləri aparılmışdır. Ziyarətgahın girişində bu haqda məlumat verən kitabə qoyulmuşdur. Kitabədə deyilir: “Əshabi-Kəhf ziyarətgahında bərpa və abadlıq işləri 1998-ci ildə Azərbaycan Prezidenti möhtərəm Heydər Əliyevin tapşırığı və himayəsi ilə görülmüşdür”. Son illərdə Əshabi-Kəhf ziyarətgahının ərazisində yenidənqurma, bərpa və abadlıq işləri aparılmışdır. Bərpa və abadlıq işləri zamanı Əshabi-Kəhfdə zəvvarlar üçün yaxşı şərait yaradılmış, 13 km məsafədə rahat yol salınmış, yolboyu yaşıllaşdırma işləri aparılmış, məscid tikilmişdir. Hazırda buraya Azərbaycanın başqa bölgələrindən və xarici ölkələrdən zəvvarlar, turistlər və qonaqlar gəlir.

 


ƏLİNCƏQALA 
– Naxçıvan Muxtar Respublikası ərazisində mövcud olan təbiət abidələrindən biridir. Əlincəqala Naxçıvan şəhərindən 30 km şərqdə, Əlincəçayın sağ sahilində, Xanəgah kəndinin ərazisində, 1700 metr hündürlüyə malik olan Əlincə dağının üzərində yerləşir. Qalanın əsas girişi iki tərəfdən - şərq və qərb tərəfdən olmuşdur. Qalanın adı çəkilən ən qədim qaynaqlardan biri “Kitabi-Dədə Qorqud” dastanıdır. Əlincəqalada təxminən 600-ə qədər döyüşçünün öz atı və hərbi sursatı ilə birlikdə yerləşməsi üçün şərait olmuşdur. Müharibələr zamanı qalada su ehtiyatı saxlamaq məqsədi ilə qalanın müxtəlif sahələrində 10-dan çox su hovuzu tikilmişdir. Qar və yağış sularının hovuzlara toplanması üçün təpənin yuxarı hissəsində, qaya üzərində xüsusi arxlar çapılmışdır.

Əlincəqala orta əsrlərdə Azərbaycanda fəaliyyət göstərmiş dövlətlərin tarixində əvəzolunmaz rol oynamış, xarici düşmənlərə qarşı müdafiə istehkamı kimi istifadə olunmuşdur. Azərbaycan Atabəyləri - Eldənizlərin hökmranlığı dövründə Əlincəqalanın istər hərbi-strateji, istərsə də siyasi mövqeyi xeyli artmışdır. Əlincəqalanın tarixində XIV əsrin son rübü xüsusi yer tutur. Bu, Əmir Teymurun hücumları və qalanın mərdliklə müdafiəsi ilə bağlıdır. Qala 14 il (1387-1401) Əmir Teymu­r qoşunlarının həmləsinə sinə gərmişdir. Bu illər ərzində qalaya 4 dəfə (1387, 1393, 1397, 1400) kəskin hücumlar olsa da, Əmir Teymurun qoşunu qalanı ala bilməmişdir. Əlincəqala orta əsrlər dövründə xüsusi hərbi-strateji əhəmiyyətə malik olmuşdur. Əlincəqala müxtəlif dövrlərdə Hülakülərin, Çobanilərin, Cəlairilərin, Qaraqo­yunluların, Ağqoyunluların və Səfəvilərin hakimiyyəti altında olmuşdur. Azərbaycan­da orta əsrlərin sonlarına yaxın baş verən feodal çəkişmələri və müharibələri nəticəsində Əlincəqala dağıdılmışdır. Bu qalanın tarixi Azərbaycan xalqının öz azadlığı və istiqlaliyyəti uğrunda yadelli işğalçılara qarşı apardığı mü­ba­ri­zə tarixi ilə bağlıdır. Əlincəqala mübarizlik və əyilməzlik simvoludur.

Əlincəqala 2007-ci ildə Naxçıvan Muxtar Respublikası ərazisində mövcud olan dünya əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına daxil edilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Culfa rayonundakı “Əlincəqala” tarixi abidəsinin bərpa edilməsi haqqında” 11 fevral 2014-cü il tarixli Sərəncamına əsasən Əlincəqalada genişmiqyaslı bərpa işləri aparılmışdır. 

 

QAZANÇI QALASI – Culfa rayonunun Qazançı kəndindən şimalda, Əlincəçayın hər iki sahilində e. ə.  3-1-ci minilliklərin əvvəllərinə aid tarixi-arxeoloji abidədir. Qala e. ə. 3-cü minillikdə Azərbaycan ərazisində geniş məskunlaşmış qədim Kas türklərinin adı ilə bağlıdır. Qala 1985-ci ildə bənd tikintisi adı ilə erməni mühəndisləri tərəfindən partladılmışdır. Qalanın solsahil və sağsahil hissəsi bir-birindən sıldırım qayalardan ibarət dərin dərə ilə ayrılır. Qala çoxpilləli möhtəşəm müdafiə sistemindən ibarətdir. Sədlərdən bir-birinə keçid yolu var. Qazançı qalası ehtimal ki, e.ə. 2-ci minilliyin əvvəlində Əlincəçay vadisində yaşamış iri tayfa birliyinin mərkəzi olmuşdur. Qazançı qalasından toplanmış yerüstü materiallar dən daşları, boz və çəhrayı rəngli gil qab (küpə, kasa, çölmək tipli qablar və s.) nümunələrindən ibarətdir. Tapıntılar Culfa Rayon Tarix-Diyarşünaslıq Muzeyində saxlanılır. Qazançı qalası “Kitabi-Dədə Qorqud” dastanının baş qəhrəmanı Qazan xanın adı ilə də əlaqələndirilir.

  

 

 


FƏRHAD EVİ - Şahbuz rayonunun Biçənək kəndindən şərqdə, Batabat yaylağında arxeoloji abidədir. Naxçıvan-Laçın-Yevlax avtomobil yolundan sağda, Zorbulaqdan təqribən 1 km şərqdədir. Liparit tuf qayada külüng tipli metal alətlə qazılmış dörd otaqdan ibarətdir. Onlar bir istiqamətdə gedən düz keçid yolu vasitəsilə birləşirlər. Divarlarda şam, yaxud çıraq qoymaq üçün kiçik taxçalar qazılmışdır. Divarların dibində səki düzəldilmişdir: Birinci otağın sağ küncündə quyu, ocaq yeri var. Fərhad evinin olduğu qayanın girişinin sağında qaya üzərində uzun saçlı kişi başı, solunda qadın rəsmi həkk olunmuşdur. Orta əsrlərdə Naxçıvan-Batabat yolunda gediş-gəliş artdığından  Fərhad evindən bir qədər şimalda iri karvansaray tikilmişdi. Yerli əhali bunu Şah Abbas karvansarası adlandırır. Tədqiqatlar Fərhad evi abidələrinin e.ə. 1-ci minilliyin sonlarına və eramızın əvvəllərinə aid olduğunu söyləməyə imkan verir.

 

 

 

NAXÇIVANQALA – Naxçıvan şəhərinin cənub-şərqində yerləşən arxeoloji abidədir. Elmi ədəbiyyatda və xalq arasında "Naxçıvanqala", "Köhnəqala" adları ilə tanınır. Qalanın inşa tarixi 632-652-ci illərə aid edilir.

1957-1959-cu illərdə qalanın ərazisində aparılan tədqiqatlar zamanı zəngin arxeoloji materiallar, xüsusilə, saxsı qab fraqmentləri, daş gürzlər aşkar olunmuşdur. Arxeoloji tədqiqatlardan məlumdur ki, belə daş gürzlərdən Tunc dövründə eramızdan əvvəl 3-2-ci minilliklərdə Duz mədənlərində istifadə olunmuşdur. Türk səyyahı Övliya Çələbinin verdiyi məlumata görə monqol işğalçıları qalanı dağıtmışlar. Həmin qalanı sonralar Naxçıvanda olmuş fransız səyyah Şarden və Frehanq da əsərlərində xatırladırlar.

Qala XIX əsrədək fəaliyyətdə olmuşdur. 1827-ci il planında bu qala sxematik qeyd olunmuşdur. Plana əsasən qala iki hissədən – Kiçikqala - Narınqala və Böyükqaladan ibarətdir. Narınqalanın cənub-qərbində 300 nəfərin qoruna biləcəyi yeraltı sığınacaq-mağara var. Onun havalandırılması və işıqlandırılması üçün yuxarıdan oyuq açılmışdır. Mağaradan qalanın şərqinə tərəf gedən gizli yol çox güman ki, qaladan təxminən 2 kilometr aralı məsafədə axan Naxçıvan çayına çıxır. Narınqalanın altından keçən kəhrizin iki quyusu qalanın içərisində yerləşir.

Naxçıvanqalanın bərpasına 2010-cu ildən başlanılmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri "Naxçıvanqala" Tarix-Memarlıq Muzey Kompleksinin yaradılması haqqında" 2013-cü il 5 iyun tarixdə Sərəncam imzalamışdır. 2014-cü il aprel ayının 7-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə "Naxçıvanqala" Tarix-Memarlıq Muzey Kompleksinin açılışı olmuşdur.

 


YUSİF KÜSEYR OĞLU TÜRBƏSİ - Naxçıvan şəhərində memarlıq abidəsidir. Şeyx Məhəmməd Xiyabani küçəsində yerləşən bu abidə xalq arasında Atababa türbəsi və ya Atababa günbəzi də adlanır. 8 əsrdən çox yaşı olan türbə XX əsrin ortalarında bərpa edilmişdir. Bərpa işləri nəticəsində türbənin dağılmış hissələri düzəldilmiş, mühəndis qurğuları möhkəmləndirilmişdir. Abidə yeraltı sərdabədən və yerüstü qülləvari hissədən ibarətdir. Planda abidənin yerüstü hissəsi daxildən və xaricdən səkkizbucaqlı şəkildədir. Divarlarının qalınlığı 80  sm-dir. Türbədə biz ikiqat günbəz quruluşunun ən görkəmli, bizim zəmanəmizə qədər əvvəlki şəklini mühafizə etmiş və indiyə qədər gəlib çatmış yeganə bir nümunəsini görürük. Yüksək mühəndis həllinin nəticəsidir ki, Yusif Küseyr oğlu türbəsi Azərbaycanın qülləvari türbələri içərisində üst piramidal örtüyü 800 ildən artıq bir müddətdə salamat qalan yeganə abidədir. Türbənin üzərindəki kitabə bildirir ki, “Bu türbə xacə, sanlı rəis, dinin zəkası, islamın camalı, şeyxlər başçısı Yusif Küseyr oğlunundur”. Həmin kitabə türbənin hicri 557-ci ilin şəvval ayı (miladi 1162) tikildiyini də bildirir. Əsas fasaddan sol tərəfdəki kitabədə isə “Bənna Əcəmi Əbubəkir oğlu Naxçıvaninin əməlidir” şəklində türbənin memarının adı qeyd olunmuşdur. Türbənin yeraltı hissəsi sərdabə, yerüstü hissəsi isə xatirə qülləsindən ibarətdir. Sərdabə günbəzinin ortasında binanı nəmişlikdən qorumaq üçün silindrik formada xüsusi havatəmizləyici boşluq qoyulmuşdur. Kompozisiyasına, tektonik aydınlığına, hissələrinin mütənasibliyinə, mühəndis quruluşunun səviyyəsinə görə türbə yüksək bədii-memarlıq nümunəsidir.

 

 

 

 MÖMİNƏ XATIN TÜRBƏSİ – Naxçıvan şəhərində tarix-memarlıq abidəsidir. Azərbaycan milli memarlığının möhtəşəm abidəsi, Şərq memarlığı incilərindən biridir. Türbə 1186-cı ildə memarı Əcəmi Əbubəkr oğlu Naxçıvani tərəfindən Naxçıvan şəhərinin qərb hissəsində tikilmişdir. Azərbaycan Atabəylər dövlətinin banisi Şəmsəddin Eldəniz arvadı Möminə Xatının qəbri üzərində məqbərə yaradılmasına qərar vermiş, onun tikintisini oğlu Məhəmməd Cahan Pəhləvan hicri 582-ci ilin məhərrəm ayında (aprel, 1186) başa çatdırmışdır. Elin yaddaşında “Atabəy günbəzi” adı ilə qalmışdır. Abidənin baştağında kufi xətti ilə bu sözlər yazılmışdır: “Biz gedirik, ancaq qalır ruzigar. Biz ölürük, əsər qalır yadigar”. Ümumi hündürlüyü 34 m olmuş, sonralar 8 m hündürlükdə olan xarici örtüyü dağılmışdır. Türbə yeraltı (sərdabə) və yerüstü hissələrdən ibarətdir. Bəzi tədqiqatçılara görə, sərdabədə Atabəylər dövlətinin başçısı Şəmsəddin Eldəniz, onun arvadı Möminə Xatın və oğlu Məhəmməd Cahan Pəhləvan dəfn olunmuşdur. Sərdabədə dəfn olunanların məzarlarının başdaşıları vaxtilə oğurlanıb aparılmışdır. 2003-cü ildə sərdabədə qiymətli daşdan nəfis şəkildə əsaslı bərpa işləri aparılmışdır. Türbənin yerüstü hissəsi xaricdən onüzlü (bütün tərəfləri kufi kitabələrlə haşiyələnmişdir), daxildən isə dairəvidir. Günbəzinin daxilində xəlifələrin adı yazılmış dörd dairəvi medalyon var. Türbənin qərb hissəsi işlənmə xüsusiyyətinə görə fərqlənir. Burada səth iki yerə bölünmüş, aşağı hissəsində giriş qapısı baştağ şəklində həll edilmiş, yuxarı hissəsində isə ornamental bəzəklər verilmişdir. Memarın adını və abidənin inşa tarixini göstərən kitabələr baştağdan yuxarıda həkk edilmişdir. Abidə əzəmətli memarlıq zənginliyi ilə yanaşı, Azərbaycanın qədim tarixini, möhtəşəm dövlətçiliyini, yüksək səviyyəli mədəniyyətini, böyük memarlıq məktəbinə malik olduğunu göstərir. XIX əsrə aid rəsm əsərlərindən və fotoşəkillərdən görünür ki, Möminə Xatın türbəsinin yanında monumental tikililər, o cümlədən, Came məscidi olmuşdur.

  

 

QARABAĞLAR TÜRBƏ KOMPLEKSİ –Naxçıvan ərazisində orta əsrlər zamanı inşa edilən möhtəşəm memarlıq nümunələrindən biri Qarabağlar Türbə Kompleksidir. Nəinki Azərbaycan, ümumiyyətlə Şərq memarlığının incilərindən sayılan, XII-XIV əsrlərə aid olan Qarabağlar Türbə Kompleksi Kəngərli rayonunun Qarabağlar kəndində yerləşir. Kompleksdən zəmanəmizədək qoşa minarəli baştağ, türbə və dini təyinatlı tikintinin qalıqları gəlib çatmışdır.

 XII-XIV əsrlərdə yaradılan kompleksə daxil olan tikililər, o cümlədən qoşa minarələr və türbə zaman keçdikcə dağıntıya məruz qalmış, yuxarı hissələri uçmuş, kitabələrin bəziləri ovulub tökülmüşdür. Qoşa minarələri birləşdirən baştağın üzərində çox hissəsi dağılmış kitabənin qalan hissəsinin mətnindən aydın olur ki, bu kompleksin tikilməsini Cahan Qudi xatın əmr etmişdir. Orta əsr qaynaqlarından məlumdur ki, Hülakülər (Elxanilər) dövlətinin banisi Hülakü xanın arvadlarından birinin adı Qutuy xatın olmuşdur. Sarayda böyük nüfuza malik olan Qutuy xatın ağlı və bacarığı sayəsində dövlətin idarə olunmasında iştirak etmişdir.

Mənbələrdə minarələrin XII əsrdə, minarələri birləşdirən baştağın isə XIV əsrdə tikilməsi qeyd olunub.

Kompleksin əsasını Naxçıvan memarlıq məktəbinin incilərindən olan türbə təşkil edir. Azərbaycanın qülləvari xatirə tikintiləri tipinə aid olan türbə on iki yarımsilindirin birləşdirilməsindən əmələ gətirilmişdir. Diametri 10 metrə yaxın olan, hazırki vəziyyətdə hündürlüyü 16 metrə çatan Qarabağlar türbəsinin 4 baştağı vardır. Baştağların dördünün də baş tərəfində Qurani-Kərimin “əl-Mumin” surəsindən 16-cı ayənin son hissəsi yazılmışdır.

Abidənin gövdəsində kaşılı kərpiclərlə yaradılan iri həcmli rombların içərisində kufi xəttilə kitabələr yazılmışdır. Dəfələrlə təkrarlanan bu kitabələrin mətni belədir: “Allahdan başqa Allah yoxdur. Məhəmməd – Allahın ona salavatı olsun - Allahın elçisidir”. Türbənin frizində isə Qurani-Kərimin “əl-Mülk” surəsinin 1-6-cı ayələri yazılmışdır.

Türbənin memarlıq xüsusiyyətləri, kitabələrinin yerinə yetirilməsi texnikası, oxşarlığı və digər əlamətləri göstərir ki, abidə Bərdə türbəsinin memarı Əhməd Əyyub oğlu Naxçıvani tərəfindən XIV əsrin 30-cu illərində inşa edilmişdir.

Qarabağlar Türbə Kompleksi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 4 iyul 2016-cı il tarixli Sərəncamına əsasən bərpa olunmuşdur. 

İnternet səhifəsi: www.garabaglartk.nakhchivan.az

  

XANƏGAH ABİDƏ KOMPLEKSİ – Culfa rayonunun Xanəgah kəndində, Əlincəçayın sahilində orta əsrlərə aid memarlıq kompleksidir. El arasında "Şeyx Xorasan" adlanan kompleksdən türbə, məscid və bəzi tikililərin qalıqları zəmanəmizədək gəlib çatmışdır. Kompleksə daxil olan türbənin cənubdan giriş qapısının baş tərəfində qoyulan kitabənin məzmunundan aydın olur ki, türbə əmir, isfəhsalar, böyük alim Uluq Qutluq Lala bəyin əmri ilə memar Xacə Cəmaləddin tərəfindən inşa edilmişdir. Kitabənin son hissəsi ovulub töküldüyü üçün onun inşa tarixini dəqiq təyin etmək mümkün olmamışdır. Ancaq memarlıq-konstruktiv quruluşuna görə onu XII-XIII əsrlərə aid etmək olar. Türbənin içərisində bir qəbir vardır. Ancaq qəbrin üstündə kitabə olmadığı üçün orada kimin dəfn edildiyi məlum deyildir. Yerli əhalinin fikrincə, hürufilik təliminin banisi Fəzullah Nəimi 1394-cü ildə Əlincədə faciəli surətdə qətlə yetirildikdən sonra müridləri onun cənazəsini gətirib burada dəfn etmişlər. Məhz buna görə də Xanəgah kompleksinə yerli əhali arasında verilən ad (Şeyx Xorasan) tədqiqatçılar tərəfindən F.Nəiminin ləqəblərindən olan Şeyx Xurasa (Günəşə oxşar, Nurani şeyx) və F.Nəiminin təhsil alıb kamilləşdiyi Xorasandan Azərbaycana gəldiyi üçün Xorasanlı şeyx, Xorasan şeyxi kimi izah edilir. Türbənin cənubunda ona bitişik inşa edilmiş türbə-məscid xanəgahda fəaliyyət göstərən sufi təriqətinin rəhbərlərindən olan Şeyx Hacı Lələ Məliyin xatirəsinə hicri 901 (miladi 1495-1496) ildə Xond Bikə xatın tərəfindən inşa edilmişdir. Orta əsrlərdə sufi şeyxləri ailələri ilə birlikdə xanəgahlarda yaşayır, öldükdən sonra xanəgahın yanında dəfn olunurdular. Xanəgah uzun müddət orada fəaliyyət göstərən dərvişlərin yaşayış, ibadət və zikr yeri olmuşdur. Epiqrafik dəlillərə əsasən aydın olur ki, xanəgah XVIII əsrdə də fəaliyyət göstərmiş və onun üzvləri buradan öz ideyalarını yaymışlar.

 

 

NAXÇIVAN BUZXANASI – Naxçıvan şəhərinin şərqində, İmamzadə Kompleksinin yaxınlığında memarlıq abidəsidir. Azərbaycan Respublikasında ən böyük buzxanalardan biridir. Planda düzbucaqlı formada olan buzxananın uzunluğu 20 m, eni 9 m, indiki halda hündürlüyü 9,6 m-dir. Yüksək texniki səviyyədə kərpicdən qurulmuş örtük konstruksiyasının mükəmməl həlli, naturada tikilməsi, bina örtüyünün uzununa, yüngül və dinamik konstruksiya sxemi tərzində yaradılması Naxçıvan buzxanasının səciyyəvi cəhətlərindəndir. Azərbaycan ərazisində buna oxşar buzxana Ordubad şəhərində və Şərur rayonunun Cəlilkənd kəndində də vardır. Naxçıvan buzxanasının yüksək memarlıq həlli bu abidənin Naxçıvan memarlıq məktəbinin inkişafı dövründə (XII-XIV əsrlər) tikildiyini göstərir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı ilə Naxçıvan Şəhər Buzxanasında əsaslı bərpa və yenidənqurma işləri aparılmış, abidədə "Milli Yeməklər" ictimai iaşə MMC-nin fəaliyyəti üçün müasir xidmət şəraiti yaradılmışdır. "Naxçıvan mətbəxi" Kulinariya Mərkəzi "Milli Yeməklər" ictimai iaşə MMC-də öz fəaliyyətini uğurla davam edirir.

 

   

 


GÜLÜSTAN TÜRBƏSİ –
Culfa rayonunun Gülüstan kəndi yaxınlığında memarlıq abidəsidir. Gülüstan türbəsi muxtar respublika ərazisində qeydiyyata alınmış dünya əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrindən biridir. 
Möminə Xatın türbəsinin təsiri ilə XII əsrdə tikilmişdir. Orta əsr mənbələrində bəzən “Kəsik günbəz” kimi xatırlanan, memarlıq-kon­struktiv quruluşuna görə Naxçıvanın, bütövlükdə Azərbaycanın türbə tipli digər memarlıq abidələrindən fərqlənən Gülüstan türbəsi orta əsr Azərbaycan memarlıq abidələri içərisində özünəməxsus yer tutur. 

Gülüstan türbəsinin sərdabəsi kürsülük adlanan yerüstü hissədə yerləşir. Kürsülük xaricdən kəsik piramida, daxildən silindrik quruluşa malikdir. Planda kvadrat olan kəsik piramida yuxarıda düzgün onikibucaqlıya çevrilir. Onun üzərində isə onikiüzlü üst kamera yerləşir. Türbənin səthləri oyma həndəsi ornamentlərlə və dekorativ tağlarla bəzədilmişdir. Naxçıvan memarlıq məktəbinə məxsus digər türbələrdə olduğu kimi, Gülüstan türbəsində də taxçaların içərisi incə həndəsi ornamentlərlə örtülmüşdür. Memar müxtəlif formalı həndəsi ornamentləri türbənin səthində elə yerləşdirmişdir ki, ona baxanda həmişə qonşu səthlərdə müxtəlif ornamentlər görünür.

Gülüstan türbəsi ilə eyni memarlıq üslubunda tikilən türbələr Azərbaycanın digər bölgələri ilə yanaşı, Türkiyənin Anadolu ərazisində  də geniş yayılmışdır. Gülüstan türbəsinin ətraf ərazidə yerləşən digər abidələrlə də sıx bağlılığı vardır. Türbə ətrafındakı abidələr vahid arxeoloji kompleksə daxildir. Türbənin  memarlıq üslubu Səlcuqilər dövrünün abidələri ilə, üzərindəki həndəsi ornamentlər isə  Əcəmi memarlıq məktəbinə daxil olan abidələrlə oxşarlıq təşkil edir. Gülüstan türbəsinin və abidənin yerləşdiyi ərazinin tarixi və mədəni əhəmiyyəti nəzərə alınaraq burada "Gülüstan" Tarix-Mədəniyyət Qoruğu yaradılmışdır. Qoruq Araz çayının sol sahilində yerləşir.

Gülüstan türbəsi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 7 oktyabr tarixli “Gülüstan türbəsinin bərpası və tədqiq olunması haqqında” Sərəncamı əsasında bərpa olunmuşdur.

 

 

 

KIRNA TÜRBƏSİ – Culfa rayonunun Kırna kəndində memarlıq abidəsidir. Abidə Naxçıvan memarlıq məktəbinin mərkəzi günbəz tipli binalar üslubunda da diqqətəlayiq memarlıq kompozisiya üsulları yaratdığını göstərir. Abidənin ümumi quruluşu onun türbə və ya məscid olması haqqında mülahizə yürütməyə əsas verir. Planda kvadratşəkilli olan bina türbələr üçün səciyyəvi şəkildə ikiqat örtüklü olub, içəridə çatmatağlı, xaricdən isə piramidaşəkilli çadırvari günbəzlə örtülmüşdür. Abidənin üzərində kitabə olmadığından tikintinin inşa tarixinin dəqiq müəyyənləşdirilməsi mümkün deyil. Lakin türbənin memarlıq quruluşuna görə onun XIII əsrə aid olduğu ehtimal edilir.

 

 

 

 

 

 

 

ORDUBAD BUZXANASI – Ordubad şəhərinin mərkəzində XIV əsrə aid memarlıq abidəsidir. XVIII əsrdə bərpa edilmişdir. Binanın ümumi sahəsi 166 m2-dir. Bina daxili girişdə böyük otaqdan, 2 marşlı 36 pillədən və buz saxlanılan zirzəmidən ibarətdir. Binanın ümumi hündürlüyü 11,3 m-dir. Yay aylarında istilərdən qorunmaq məqsədilə yerli əhali yeyinti məhsullarını, şəxsi azuqələrini qorumaq üçün bu binadan istifadə edirmiş. Buzu almaq üçün qış aylarında binaya çəkilmiş kəhriz suyu zirzəmiyə vurularaq buz halına salınarmış. Buzun əriməməsi üçün onların aralarına saman tökülərmiş. Yay ayları bu buzu buradan çıxarmaq üçün xüsusi adamlar ayaqlarına keçə bağlayaraq buzu buradan çıxarar, Ordubad əhalisinin buza olan tələbatını ödəyərmişlər. “Buzxana” tarix-memarlıq abidəsində də yenidənqurma işləri aparılmış və 26 sentyabr 2014-cü il tarixdə istifadəyə verilmişdir. Hazırda “Buzxana” abidəsində Ordubad rayonuna xas olan milli mətbəx nümunələri təbliğ olunur. 

 

 

QAZANÇI KÖRPÜSÜ – Culfa rayonunun Qazançı kəndinin cənub tərəfində, Əlincəçay üzərində inşa edilmiş tarixi-memarlıq abidəsidir. Körpü xalq arasında “Qozbel körpü” adı ilə də məşhurdur. Körpü XVI-XVII əsrlərdə Şərq memarlıq üslubunda tikilmişdir. Böyük İpək yoluna xidmət edən bu körpü vasitəsi ilə vaxtilə Qazançı kəndindən şərq istiqamətində uzanan və Ordubad ərazisində əsas yola birləşən karvan yolları keçmişdir. Azərbaycanın biraşırımlı körpülərinin ən yaxşı nümunəsi sayılır. Körpünün eni 3,55 m, uzunluğu 10,85 m, hündürlüyü 8,8 metr olmuşdur. Qazançı körpüsü Ali Məclis Sədrinin tapşırığına əsasən bərpa olunmuşdur. Körpünün yükdaşıyan dağ hissəsinin aşınmış daşları dəyişdirilmiş, daşlar arası təmizlənərək əhəng məhlulu ilə bərkidilmişdir. Körpünün şimal tərəfdən yol ilə birləşmə hissəsi orijinallığı saxlanılmaqla bərpa edilmiş, nəticədə, körpünün uzunluğu 50 metrə çatmışdır. Ətrafda 120 metr sahilbərkitmə işləri görülmüş, 50 metr dəmir-betondan istinad divarı salınaraq üzəri dağ daşları ilə üzlənmişdir.

 

 

 

QEYSƏRİYYƏ - Ordubad şəhərində XVII əsrə aid tarixi-memarlıq abidəsidir. Şəhərin mərkəzində yerləşir. Ümumi sahəsi 540 m2-dir. Abidə 10x10 m olan mərkəzi səkkizbucaqlı zaldan və onun üzərini qapayan dairəvi günbəzdən, günbəzi künclərdə saxlayan mürəkkəb quruluşlu dörd ədəd dayaqdan və dayaqlarla kənar divar taxçaları arasında yerləşən keçidlərdən ibarətdir. Keçidlərin tavanı 16 ədəd kiçik günbəzlərlə qapanıb. "Qeysəriyyə" sözünün mənası keçmiş zamanlarda şahlara məxsus daş-qaş, ləl-cəvahirat satılması məqsədilə tikilmiş örtülü Şərq bazarı deməkdir. Belə tikililərə dünyanın 3 yerində - Səmərqənd, Təbriz və Ordubad şəhərində rast gəlmək olur. Hazırda ən görkəmlisi və abadı Ordubaddakıdır. Sonrakı dövrlərdə bu abidədən “Zorxana” kimi istifadə edilmişdir. İrandan, Türkiyədən, Həmədandan və başqa yerlərdən gələn pəhləvanlar burada öz güclərini sınayarmışlar. Kim qalib gəlirdisə, hücrələrdə əyləşən xandan mükafat kimi bir kisə qızıl alırmış. XIX əsrin ortalarına yaxın Ordubadda yaradılmış “Əncüməni-şüəra” ədəbi məclisinin üzvləri bu binaya yığışıb öz yazdıqları əsərləri oxuyaraq kimin güclü yazdığını bəyan edərmişlər. XX əsrdə abidə bir müddət ipək sarıyan sex kimi fəaliyyət göstərmişdir. XX əsrin axırlarında, 1978-ci ildə ordubadlı memar Zakir Haşım oğlu Babayev tərəfindən abidə bərpa edilmişdir. 14 yanvar 2011-ci il tarixdə Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyinin yerləşdiyi Qeysəriyyə tarixi abidəsinin bərpa işlərindən sonra açılışı olmuşdur.

 

AZA KÖRPÜSÜ – Ordubad rayonunun Aza kəndində, Gilançayın üzərində XVII əsrə aid memarlıq abidəsidir. Aza kəndi ilə Darkəndi birləşdirən bu körpünün eni 3,5 m, uzunluğu 46 paqonometrdir. Beşaşırımlıdır. Hindistanı və Çini Qara dəniz sahilləri və Avropa ölkələri ilə birləşdirən mühüm ticarət-karvan yolu üstündə yerləşən Aza körpüsü Böyük İpək Yolu ilə şərqdən qərbə və əksinə hərəkət edən ticarət karvanlarının işini asanlaşdırmaq üçün Səfəvi hökmdarı I Şah Abbasın zamanında (1587-1629) inşa etdirilmişdir. Buradan keçən ticarət karvanları ilə yerli məhsullar, o cümlədən quru meyvələr, sənətkarlıq məhsulları və ipək ixrac olunurdu. Baş verən təbii fəlakətlər və bəzi tarixi hadisələr nəticəsində dəfələrlə dağılmış, sonralar təmir edilmişdir. Güclü sel suları körpünün bir hissəsini yuyub dağıtdığından 1997-ci ildə əsaslı şəkildə bərpa olunmuş və yenidən qurulmuşdur. Hazırda Naxçıvandan və Ordubaddan Azadkəndə gedən əhali və nəqliyyat vasitələri bu körpüdən istifadə edir.

 

 

 


ZAVİYƏ–MƏDRƏSƏ BİNASI – Naxçıvan şəhəri Heydər Əliyev prospekti ilə Təbriz küçəsinin kəsişdiyi yerdə, Zaviyə məhəlləsində tarixi-memarlıq abidəsidir. Ərəbcə "guşə", "künc", "bucaq" mənasını bildirən "zaviyə" sufi təriqətlərinə mənsub məskənlərin adlarından biridir. Xanəgahlar kimi, zaviyələrdə də ayrı-ayrı təriqətlərə mənsub dərvişlər yaşamış və ətraflarına müridlər toplayaraq öz ideyalarını yaymışlar. Orta əsrlərdə Naxçıvanda mövcud olan bəzi təriqət tərəfdarları məscidlərə getmir, özləri üçün ayrıca təkyələr, zaviyələr tikir, orada yaşayır və zikrlə məşğul olurdular. Naxçıvan memarlıq məktəbinə aid edilən məscidin zahiri memarlıq siması, plan quruluşu və özünəməxsus kompozisiyası onun XVII-XVIII əsrlərin zəngin inşaat ənənələrinin məhsulu olduğunu göstərir. Binanın indiki interyer quruluşu böyük  salondan, ona bitişik vestibüldən, ikimərtəbəli iki yardımçı otaqdan və dolama pilləkənləri olan minarədən ibarətdir. Salonun və digər tikililərin sferik gümbəzləri dağıdıldığından, XIX əsrin sonlarında düz xətli örtüklə əvəz edilmişdir. Giriş qapısı qərb tərəfdəndir. Giriş portaldakı qapıdan bir tərəfi üçbucaqlı formada olan vestibülə daxil olunur. XX əsrdə binadan klub, pionerlər evi, dini idarə və s. məqsədlər üçün istifadə olunmuşdur. 2008-ci ildə əsaslı təmir və bərpa olunmuş və 2012-ci ildən Naxçıvan Turizm İnformasiya Mərkəzi kimi fəaliyyət göstərir.

 

 

XAN SARAYI – Naxçıvan şəhərində XVIII əsrə aid tarixi-memarlıq abidəsidir. Şərq memarlıq üslubunda tikilmiş abidə XX əsrin əvvəllərinə qədər Naxçıvan xanlarının yaşayış evi olmuşdur. Sarayı XVIII əsrin sonunda axırıncı Naxçıvan xanı Ehsan xanın atası Kalbalı xan Kəngərli tikdirmişdir. Abidə 3600 m2 sahəsi olan saray kompleksinin qərbində, xan dikinin relyefinə uyğun olaraq üzü günçıxana tərəf inşa edilmişdir. Bina ikimərtəbəlidir. Vaxtilə saray iki ayrı-ayrı bölmədən ibarət olub. Cənub bölmə inzibati işlər və yüksək mənsəbli qonaqların qəbulu, şimal bölmə isə xan ailəsinin yaşayışı üçün nəzərdə tutulub. Bölmələrə giriş ikimərtəbəli, balkon tipli çatma tağlı dəhlizlərdən olub. Bölmələr arasında daxili keçid yaradılıb. Dəhlizlərə pilləkənlərlə qalxılır. Pəncərələrdə şəbəkə üslubundan və bütün otaqlarda Naxçıvan yaşayış evlərinə xas olan müxtəlif ölçülü taxçalardan istifadə olunmuşdur. Bina divarlara yerləşdirilmiş iki buxarı vasitəsilə isidilirmiş. Xan Sarayı 2015-ci ildən yeni yaradılmış "Xan Sarayı" Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksi kimi fəaliyyət göstərir. Muzey 8 zaldan ibarətdir. Burada Naxçıvan xanları ailəsinə mənsub sənəd və fotoşəkillər, xanlıqlar dövrü tarixini əks etdirən orijinal mənbələr, həmçinin həmin dövrə aid misgərlik nümunələri və digər dəyərli muzey materialları mühafizə olunaraq nümayiş etdirilir. Xan Sarayı kompleksində 42x8 m ölçüdə yardımçı bina vardır.

 


CAME MƏSCİDİ – Naxçıvan şəhərində memarlıq abidəsidir. XVIII əsrə aid edilir. Giriş qapısının baş tərəfində kitabə qoyulmuşdur. Əvvəli dini mətndən ibarət olan ərəb və fars dillərində mərmər lövhə (87x57 sm) üzərində həkk edilmiş kitabədə deyilir ki, bu Cəfəriyyə məscidi 1311-ci ildə (1894) naxçıvanlı mərhum Hacı Novruzun oğlu Xeyrül-Hacı Məhəmməd Cəfər ağanın səyi ilə bərpa edilmişdir. Həmçinin, kitabədə Hacı Məhəmməd Cəfər ağanın məscidin məsrəflərini ödəməkdən və mücavirlərdən ötrü çay yuxarısında 2 dükan ayırdığı da qeyd olunmuşdur. “Çay yuxarısında” – deyərkən vaxtilə şimal-şərqdən axaraq, cənub-qərbdə Araza qovuşan və Naxçıvan şəhərinin ortasından keçən Bazar çayı nəzərdə tutulur. Bu çay XX yüzilliyin 60-cı illərinədək Naxçıvan şəhərinin içərisindən axırdı. 60-cı illərdə çayın üstü beton plitələrlə örtüldü və görünməz oldu. Kitabədə məscidin memarı özünü “əgər məndən sonra məscidin memarını axtarsalar, səkkizinci imamdan sonrakı adla adlanıram” – deyə təqdim etmişdir. Məlumdur ki, şiələrin səkkizinci imamı Rza, doqquzuncu imamı isə Məhəmməd Təqidir. Deməli məscidin memarının adı Məhəmməd Təqi imiş. Məscidin ümumi sahəsi təqribən 1000 m2-dir. Bir minarəlidir. 1918-ci ildə ermənilər Naxçıvanda yerli əhaliyə qarşı soyqırım tətbiq edərkən top atəşi ilə minarəni zədələmişlər. Sonralar minarə bərpa olunmuşdur. Sovet hakimiyyəti illərində Naxçıvan şəhərində, ümumiyyətlə muxtar respublikada fəaliyyət göstərən yeganə məscid olmuşdur. 2007-ci ildə məsciddə əsaslı bərpa və yenidənqurma işləri aparılmışdır.

 

ŞƏRQ HAMAMI – Naxçıvan şəhərində, Heydər Əliyev prospekti ilə Təbriz küçəsinin kəsişməsində, Dədə Qorqud meydanında tarixi-memarlıq abidəsidir. XVIII əsrin ortalarında Şərq memarlıq üslubunda inşa edilən bina giriş, xidmət zalı, çarhovuzlu çimərlik, xəzinə və ocaqxanadan ibarətdir. Ümumi sahəsi 526 m2-dir. Hamam planda düzbucaqlı formadadır. Hamama giriş çatmatağlı portaldandır. Hamamın daxilinə geniş vestübüldən, soyunma zalına isə dar keçiddən daxil olmaq mümkündür. Zalın divarları boyunca 6 ədəd dərin taxça yerləşdirilmişdir. Zalın mərkəzində 2x2 m ölçüdə çarhovuz inşa edilmişdir. 108 m2 sahəsi olan zalın tavanı sferik gümbəzlə örtülmüşdür. Hamam zalların divarlarına yerləşdirilmiş kiçik pəncərələr və gümbəzin üstündəki bacalarla işıqlandırılır. Hamamın su təchizatı kəhriz vasitəsilə ödənilmişdir. Xəzinənin altındakı ocaq hamamın isidilməsində əsas rol oynamışdır. Otaqlara istilik yeraltı kanallar vasitəsilə verilmişdir. Naxçıvan xanlarından biri olan İsmayılxanın adı ilə bağlı olan abidə hazırda əsaslı təmir və bərpa edilmişdir. Tarix-memarlıq abidəsi kimi dövlət tərəfindən qorunur.

 


XALQ QƏHRƏMANI KOROĞLUNUN ABİDƏSİ -
Naxçıvan şəhərində, Naxçıvançayın sahilində, Əziz Əliyev küçəsində Koroğlu meydanında ucaldılmışdır. Xalq qəhrəmanı Koroğlunun at üstündə heykəlinin müəllifi Azərbaycan Respublikasının Xalq rəssamı, Əməkdar incəsənət xadimi, heykəltəraş Hüseynqulu Əliyevdir. 1988-ci ildə ucaldılmış bu abidəyə 2008-ci ildə yeni tərtibat verilmişdir.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

XALQ QƏHRƏMANI BABƏKİN ABİDƏSİ - Naxçıvan şəhərində, dəmiryol vağzalının qarşısında, Babək meydanında yerləşir. Müəllifi Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi, heykəltəraş Elman Cəfərovdur. Babək abidəsi 1988-ci ildə qoyulmuşdur.

 

 

 

 

 

 

  

 

 

 

 

HÜSEYN CAVİD MƏQBƏRƏSİ - Naxçıvanda böyük Azərbaycan şairi  və dramaturqu Hüseyn Cavidin qəbri üzərində ucaldılmış möhtəşəm memarlıq-xatirə kompleksidir. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin şəxsi təşəbbüsü və himayəsi ilə tikilmişdir. Əcəmi Naxçıvani memarlıq üslubunun təsiri aydın hiss edilən abidə yerüstü məqbərə və sərdabə hissələrindən ibarətdir. Hüseyn Cavidin ömür-gün yoldaşı Mişkinaz xanımın, oğlu Ərtoğrulun qəbirləri (hər iki qəbir 1996-cı ildə, sərdabə tikilərkən buraya köçürülmüşdür) və qızı Turan xanımın qəbri sərdabədədir. Burada Hüseyn Cavidin büstü qoyulmuşdur. Abidənin layihəsinin müəllifi Azərbaycan Respublikasının Əməkdar memarı Rasim Əliyev, heykəltəraşı xalq rəssamı Ömər Eldarovdur. Məqbərə Türkiyə Respublikasının "Star" inşaat şirkəti tərəfindən tikilmişdir. Hüseyn Cavidin 114 illiyi münasibətilə 1996-cı il oktyabrın 29-da abidənin təntənəli açılış mərasimi keçirilmişdir.

  

 

"DƏDƏ QORQUD" ABİDƏSİ - 1999-cu ildə "Kitabi-Dədə Qorqud" dastanının 1300 illik yubileyi şərəfinə yaradılmış monumental sənət abidəsidir. Naxçıvan şəhərində, Heydər Əliyev prospektində, "Təbriz" mehmanxanasının önündə qoyulmuş ulu Dədə Qorqudun əzəmətli abidəsinin müəllifi Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi Elman Cəfərovdur. Postamentlə birlikdə ümumi hündürlüyü 5,3 metr olan heykəldə dizi üstündə qopuz tutmuş Dədə Qorqud düşüncəli halda təsvir edilmişdir. Fiqurun sol əlindəki simli qopuz aləti dəmir lövhələrdən və profildən qaynaq üsulu ilə hazırlanmışdır. Kompozisiyada fiqur kötük üzərində oturdulmuşdur. Heykəlin başında qədim türklərə məxsus papaq, əynində açıq yaxalıqlı uzun əba və qollarının üstünə atılmış atqı verilmişdir. Fiqurun portret cizgisinin əsas atributları sayılan saç və saqqal formaları Dədə Qorqudun xarakterik obrazını yaradır və fiqurun çöhrəsini nurlandırır. Obrazın xarakterik cizgiləri türk variantından götürülmüş portret əsasında işlənilmişdir. 

 

Ətraflı bax Naxçıvan Abidələr Ensiklopediyası

 

 

 

01073829
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
99
148
450
751
1073829

Tarix: 04-12-2024
Biz, sosial şəbəkələrdə: