"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Naxçıvan Muxtar Respublikası

Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan 1924-cü ildə muxtariyyət statusu qazanıb. 1995-ci il noyabrın 12-də qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyasına və 1998-ci il dekabrın 29-da qəbul olunmuş Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına əsasən Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının tərkibində muxtar dövlətdir. Muxtar dövlətin 45 nəfərdən ibarət parlamenti və hökuməti vardır. Konstitusiyaya əsasən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Naxçıvan Muxtar Respublikasının Ali vəzifəli şəxsidir.

Naxçıvan Muxtar Respublikasının ərazisi 5,5 min kvadratkilometr, əhalisi 461 min nəfərdir (01.11.20). Naxçıvan Muxtar Respublikası paytaxt Naxçıvan şəhərindən və 7 inzibati rayondan təşkil olunub. 6 şəhəri, 9 qəsəbəsi, 204 kəndi vardır.

Naxçıvan Muxtar Respublikasının sərhəddi Türkiyə Respublikası ilə 15 kilometr, İran İslam Respublikası ilə 204 kilometr, Ermənistanla 246 kilometr təşkil edir.         

Naxçıvan Muxtar Respublikası Zaqafqaziya yaylasının cənub-şərqində yerləşir. Dəniz səviyyəsindən orta yüksəkliyi 1450 metrdir. 11 iqlim tipinin 9-u muxtar respublika ərazisində mövcuddur.

Muxtar respublika ərazisinin çox hissəsini Kiçik Qafqazın Zəngəzur və Dərələyəz dağ silsilələri əhatə edir. Ən hündür zirvəsi Qapıcıq dağıdır (3904 m). Ərazinin üçdə bir hissəsini Arazboyu düzənliklər təşkil edir. 200-dən çox mineral su bulağı, 400-ə qədər böyük və kiçik çayı vardır. 

Naxçıvan Muxtar Respublikasında Azərbaycanın nadir fauna və florası məskunlaşmış və onlar xüsusi mühafizəyə alınmışdır. Muxtar respublikanın təbiəti, flora və faunası qorunur. Həsən Əliyev adına Zəngəzur Milli Parkı, Şahbuz Dövlət Təbiət Qoruğu, Arazboyu, Ordubad və Arpaçay Dövlət Təbiət Yasaqlıqları hesabına xüsusi mühafizə olunan təbiət əraziləri muxtar respublika ərazisinin 28 faizini təşkil edir.    

Naxçıvan ərazisinin əlverişli coğrafi mövqeyi və təbii sərvətlərlə zənginliyi səbəbindən insanlar ən qədim dövrdən burada məskunlaşmış və özünəməxsus mədəniyyət yaratmışlar. Bu ərazi Yaxın Şərqdə meydana çıxan bir çox mədəniyyətlərin - Eneolit, Kür-Araz və Boyalı qablar mədəniyyətinin əsas mərkəzlərindən biri olmuşdur. Naxçıvan ərazisində Qazma, Kilit, Ərməmməd mağaraları, I Kültəpə, Ovçular təpəsi, Xələc yaşayış yerləri, Gəmiqaya abidələri, Oğlanqala, Çalxanqala kimi qala-şəhərlər və müdafiə istehkamları ən qədim dövrdən insanların burada yaşadığını təsdiq edir. 

      Muxtar respublika ərazisi tarixi abidələrlə zəngindir. XII əsrdə tikilmiş Yusif Küseyir oğlu, Möminə xatın, Gülüstan, Qarabağlar türbələri dünya əhəmiyyətli tarix-memarlıq abidələridir. Əlincəqala, Naxçıvanqala kimi tarixi abidələri qəhrəmanlıq simvoludur. 5 min illik şəhər mədəniyyətinə malik olan Naxçıvan şəhəri 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı seçilmişdir.

Qədim tarixi və abidələri, müasir inkişafı, zəngin mədəniyyəti və təhlükəsiz həyat şəraiti Naxçıvanda turizmin inkişafına səbəb olub.

Naxçıvanın ən qədim tarixə malik abidələri içərisində “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksinin xüsusi yeri vardır. “Əshabi-Kəhf”dən “Quran”ın “Əl-kəhf” (“Mağara”) adlı 18-ci surəsində ayrıca bəhs olunması bu qədim ziyarətgahın islamaqədərki dövrdə də tanınmasının və məşhurlaşmasının daha bir sübutudur.

Naxçıvan şəhərinin cənubunda Nuh peyğəmbərin məzarüstü türbəsi ucalır. Təxminən 7500 il bundan əvvəl baş vermiş ümumdünya daşqını zamanı Nuh və ona iman gətirənlərin gəmisi ilk dəfə Naxçıvanda quruya çıxmış və insanlar burada məskən salmışlar. Təsadüfi deyil ki, “Naxçıvan” sözü “Nuh tərəfdarlarının çıxdığı yer” mənasını verir. Bundan əlavə muxtar respublika ərazisindəki imamzadələr və pirlər də turistlərin ziyarət etdiyi məkanlardandır.

Naxçıvan Muxtar Respublikası ərazisində müalicə turizmi də geniş yayılıb. Duzdağ Fizioterapiya Mərkəzi 1979-cu ildən fəaliyyət göstərir. Dəniz səviyyəsindən 1173 metr hündürlükdə yerləşən mərkəz 250 çarpayılıqdır. Mərkəzin yeraltı şöbəsi Naxçıvan şəhərindən 12,2 km aralıda yerləşir. Bronxial astma, allergik-infeksion peredastma, xroniki bronxit, polinozlardan əziyyət çəkən xəstələr Duzdağ Fizioterapiya Mərkəzində şəfa tapırlar. Culfa rayonunun 15 kilometr şimal-şərqində olan Darıdağ arsenli su müalicəxanasının termal suyu dəri xəstəlikləri üçün unikal müalicəvi əhəmiyyətə malikdir. Qeyd olunan müalicəxanalarda tibbi yardım göstərməyə geniş şərait və imkanlar vardır. 

“Şorsu” müalicəvi vulkan palçığı  revmatizm, revmatoid artrit, poliartrit, fəqərə osteoxondrozu, deformasiyaedici osteoartroz, psoriatik artrit, bexterev xəstəliyi, miozit, bursit, radikulit, nevrit, nevralgiya, sonsuzluq, trofiki xora kimi xəstəliklərdə üstün müalicəvi əhəmiyyətə malikdir. Aptek şəbəkələrində təklif olunan bu palçıqla müalicə applikasiya, tampon və ümumi palçıq vannası formasında həyata keçirilir.

Muxtar respublika ərazisi mineral bulaqlarla da zəngindir. Naxçıvanın  “Badamlı”, “Sirab”, “Darıdağ” kimi mineral suları mədə-bağırsaq və digər  xəstəliklərin müalicəsində əhəmiyyətlidir. Həzm yollarının iltihabı, xroniki qastrit, enterit, kolit, mədə və onikibarmaq bağırsağın yaraları, qaraciyər, öd kisəsi, böyrək, ürək, diabet, xəstəlikləri, maddələr mübadiləsinin pozulması, piylənmə zamanı tətbiq edilən bu mineral sular tez bir zamanda müsbət nəticə verir.

Naxçıvanın zəngin mətbəxi dillər əzbəridir. Naxçıvan mətbəxi bozbaş, çölmək pitisi, bozartma, çığırtma, dolma, kabab, xaş, əriştə, umac və sair ilə məşhurdur. Naxçıvan mətbəxində əriştə aşı, umac aşı, buğda unu və düyü unundan hazırlanmış halvalar, xəşil, quymaq kimi xəmir xörəkləri də turistlərə təklif olunur. Naxçıvanda lülə kabab, tikə kabab, basdırma kabab, tava kabab, saciçi və sair kabab növləri bişirilir.  Naxçıvanın göl və dağ çaylarında müxtəlif növ balıqlar yaşayır və Naxçıvan mətbəxində balıq yeməkləri – balıq kababları, qızartmaları, balıq basdırması hazırlanır. Naxçıvan mətbəxi cürbəcür şərbətlər, meyvə şirələri, şorabalar, salatlarla da zəngindir. Adətən yeməkdən sonra süfrəyə müxtəlif şirniyyatlar, mürəbbələrlə çay verilir.  Naxçıvanın özünəməxsus şirniyyatlarından Ordubad qayqanağı və paxlavası, şəkərbura, növbənöv kətələr, bükmələr və sair geniş yayılıb. 

Naxçıvanın ekoloji təmiz havası, günəş şüasının bolluğu və digər amillərin nəticəsidir ki, bu torpağın yetirdiyi meyvə, tərəvəz və digər məhsullar öz dadı və keyfiyyəti ilə fərqlənirlər.

Gözəl təbiəti, şəfalı bulaq suları, qədim və bənzərsiz tarixi abidələri, müasir şəhər infrastrukturu, bankçılıq və hotelçilik xidmətləri ən yüksək səviyyədə olan Naxçıvan Muxtar Respublikası dünyanın dörd bir yanından gələn turistlərə məmnuniyyətlə ev sahibliyi edir.

 

Naxçıvan Turizm İnformasiya Mərkəzi


Naxçıvan Turizm İnformasiya Mərkəzi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2006-cı il 5 may tarixli fərmanı ilə Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil edilmişdir. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2010-cu il 08 iyul tarixli 69 nömrəli qərarı ilə Mərkəzin əsasnaməsi və ştat cədvəli təsdiq edilərək, Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin nəzdində fəaliyyətə başlamışdır.  Mərkəzin 3 (üç) ştat vahidi vardır. 2012-ci ilin iyul ayının 5-dən isə Mərkəz yeni binada -  XVII-XVIII əsrlərə aid tarixi memarlıq abidəsi olan Zaviyyə mədrəsə binasında fəaliyyətini davam etdirir.
Naxçıvan Turizm İnformasiya Mərkəzinin bir sıra vəzifələri vardır. İlk növbədə Naxçıvan muxtar respublikasının turizm resurslarının vahid məlumat toplusunun- turizm məlumat bankı (TMBK) –hazırlanmasında (elektron variant) səlahiyyətləri daxilində iştirak etmək, Naxçıvan muxtar respublikası üzrə turizm məlumat bazasını formalaşdırmaq və nazirliyə təqdim etmək, turizm məlumat bankının serverini texniki cəhətdən təşkil etmək və məlumat bankının daim səmərəli işləməsini, yeniləşməsini, onun cari tələblərə uyğun səviyyədə saxlanılmasını təmin etmək, digər turizm informasiya mərkəzləri ilə işgüzar münasibətlər yaratmaq, turizm informasiya mərkəzinin işçilərinin beynəlxalq şəbəkədən (internetdən) fasiləsiz istifadəsini təmin etmək məqsədilə tədbirlər görmək, o cümlədən müvafiq proqram təminatları, tətbiq olunan proqramların çağdaş elmi-texniki nailliyyətlərə uyğun olaraq yeniləşdirilməsini və ya yeni proqramlarla əvəz edilməsini təmin etmək, buraya müraciət edənlərin pulsuz məlumat (otellər, restoranlar, muzeylər, mağazalar, kirayə verilən evlər, tarix-mədəniyyət abidələri, tur firmalar, bələdçilər və s. haqqında) almaq, internetdən istifadə imkanı və reklam-informasiya materialları ilə təchiz etmək və s.
Turizm informasiya mərkəzi turizm sahəsində üstünlük verilən istiqamətlərə dair təkliflər hazırlayaraq nazirliyə təqdim etmək, nazirliyin razılığı ilə müvafiq sahələr üzrə sərgilər, yarmarkalar, festivallar təşkil etmək və onlarda iştirak etmək, nazirliyin razılığı ilə dövrü nəşrlər həyata keçirmək, keyfiyyətli turizm məhsullarının turizm bazarında beynəlxalq standartlara uyğun olaraq təqdim olunmasını təşkil etmək, turizm və informasiya sahəsində xidmətlər göstərmək və s. səlahiyyətlərə malikdir.
Naxçıvan Turizm İnformasiya Mərkəzinin  yerləşdiyi Zaviyə-Mədrəsə binası tarixi-memarlıq abidəsidir. Zaviyə sözü ərəbcə guşə, künc, bucaq mənasını verir. Zaviyələrdə ayrı-ayrı təriqətlərə mənsub dərvişlər yaşamışdır. Naxçıvan memarlıq məktəbinə aid edilən məscidin zahiri memarlıq siması, plan quruluşu və özünəməxsus kompozisiyası onun XVII-XVIII əsrlərin zəngin inşaat ənənələrinin məhsulu olduğunu göstərir. Zaviyə-Mədrəsə binası ilk baxışda düzbucaqlı  formada görünsə də mürəkkəb memarlıq quruluşuna malikdir. Binanın interyeri böyük ibadət salonundan, ona bitişik vestibüldən, ikinci mərtəbədə iki otaqdan və dolama pilləkənləri olan minarədən ibarətdir. XX əsrdə binadan klub, pionerlər evi, dini idarə, qadınlar məclisinin ofisi və s. məqsədlər üçün istifadə olunmuşdur. 2008-ci ildə bina əsaslı təmir və bərpa olunmuşdur.


01080731
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
11
381
746
7653
1080731

Tarix: 25-12-2024
Biz, sosial şəbəkələrdə: