Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı elan edilməsi ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin üzvləri iyunun 7-də Qarabağlar Türbə Kompleksində olublar.
Qonaqlara məlumat verilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri “Qarabağlar Türbə Kompleksinin bərpası və tədqiq olunması haqqında” 2016-cı il iyulun 4-də Sərəncam imzalamış, bununla bağlı tədqiqat qrupu yaradılmışdır. Sərəncama əsasən Kəngərli rayonunun Qarabağlar kəndindəki türk-islam mədəniyyətinin nadir nümunələrindən olan Qarabağlar Türbə Kompleksində bərpa işləri həyata keçirilib. Əcəmi Naxçıvani memarlıq məktəbinin davamı, memar Əhməd Naxçıvani yaradıcılığının nümunəsi olan dünya əhəmiyyətli abidədə bərpa işləri elmi əsaslarla aparılıb.
Kompleks türbə, xanəgah və qoşa minarəli baştağdan ibarətdir. Bərpa işləri aparılarkən abidənin tarixi görkəmi olduğu kimi qorunub saxlanılıb.
Təşkilat Komitəsinin üzvləri abidə ilə tanışlıqdan sonra xatirə şəkli çəkdiriblər.
“Şərq qapısı”