"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Naxçıvan zəngin turizm potensialına malikdir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2016-cı il 1 sentyabr tarixli Sərəncamına əsasən hər il sentyabrın 27-si ölkəmizdə “Turizm İşçiləri Günü” peşə bayramı kimi qeyd olunur.

Təbii-coğrafi baxımdan əlverişli mövqedə yerləşən Azərbaycanda turizmin inkişafı üçün geniş imkanlar vardır. Ümummilli liderimiz Heydər Əliyev ölkəmizə hər iki rəhbərliyi dövründə bu sahənin inkişafını diqqətdə saxlamışdır. Ötən əsrin 70-ci illərində Azərbaycanda turizm təşkilatları və ekskursiya bazalarının geniş şəbəkəsi yaradılmış, müasir mehmanxanalar, ictimai əyləncə obyektləri inşa olunmuşdur. Müstəqillik illərində də ulu öndər bu sahənin inkişafını diqqətdə saxlamış, dövlət turizm siya­sətinin tənzimlənməsi sahəsində mühüm hüquqi baza yaradılmışdır.

“Azərbaycan zəngin ölkədir, turizmin inkişafı üçün gözəl yerlər var və biz bu imkanlardan istifadə etməliyik”, – deyən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev turizmin inkişafını ölkə iqtisadiyyatının vacib sahələrindən biri kimi daim diqqət mərkəzində saxlayır. Son illər ölkəmizin turizm potensialının beynəlxalq aləmdə tanıdılması istiqamətində, habelə turizmin müxtəlif növlərinin inkişaf etdirilməsi sahəsində məqsədyönlü tədbirlər həyata keçirilir. Artıq Azərbaycanın bütün bölgələrində yeni turizm obyektləri, yay-qış turizm kompleksləri, mehmanxanalar inşa olunmuş, mədəni­-tarixi qoruqlar yaradılmışdır. Digər bir tərəfdən multikulturalizmin həyat tərzinə çevrildiyi Azərbaycanda qonaq­pərvərlik və tolerantlıq ənənələri hər zaman ölkəmizə gələn turistlərin diqqətini cəlb edir. Azərbaycan son illər bir çox beynəlxalq tədbirlərə ev sahibliyi edir. Bu tədbirlər beynəlxalq aləmdə ölkəmizin artan nüfuzunun real göstəricisi olmaqla yanaşı, həm də respublikamızın müasir inkişafını, təbii gözəlliklərini, xalqımızın qonaqpərvərliyini, tolerantlığını, qədim mədəniyyətini, tarixini təbliğ etmək və turizm potensialını artırmaq baxımından da əhəmiyyətli olmuşdur. 

Naxçıvan Muxtar Respublikasının da geniş turizm potensialı vardır. Muxtar respublikamızın rəngarəng landşaftı, fauna və florası, mineral bulaqları, müalicə mərkəzləri, qədim tarixi, mədəniyyət abidələri, mövcud sabitlik, ekoloji cəhətdən təmiz qida məhsulları və müasir infrastruktura malik olan yaşayış məntəqələri burada turizmin bir çox növünün inkişafına zəmin yaradır.
200-dən çox mineral su bulağı, 400-ə qədər böyük və kiçik çayı olan Naxçıvan Muxtar Respublikasında Azərbaycanın nadir fauna və florası məskunlaşmışdır. Ərazidə olan flora və faunanın nadir növləri Naxçıvan Muxtar Respublikasının “Qırmızı Kitabı”na daxil edilmiş və xüsusi mühafizəyə alınmışdır. Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkı, Şahbuz Dövlət Təbiət Qoruğu, Arazboyu, Ordubad və Arpa­çay Dövlət təbiət yasaqlıqları hesabına xüsusi mühafizə olunan təbiət əraziləri muxtar respublika ərazisinin 28 faizini təşkil edir. Muxtar respublikanın zəngin təbiəti və onun qorunması sahəsində həyata keçirilən tədbirlər turizmin bir çox növünün inkişafına şərait yaratmışdır. 
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif ­Talıbovun diqqət və qayğısı ilə son illər qədim diyarın tarixi-mədəni irsinin tanıdılması, müalicə mərkəzlərinin yenidən qurulması, həyata keçirilən abadlıq-quruculuq işləri turizmin inkişafına təkan vermiş, muxtar respublikaya gələn turistlərin sayı ilbəil artmışdır. Bu gün muxtar respublikanın ən ucqar dağ kəndlərinə belə, rahat asfalt yollar salınmış, su xətləri çəkilmiş, müasir infra­struktur obyektləri tikilmiş, fasiləsiz təbii qaz, elektrik enerjisi, rabitə xidməti və sürətli internet istifadəyə verilmişdir. Qədim diyarın Biçənək, Kükü, Ağbulaq, Nursu, Keçili, Xanəgah, Dırnıs, Nəsirvaz, Bist, Tivi, Şahbulaq, Gümüşlü, Ərəfsə və başqa yaşayış məntəqələrində kənd yaşıl turizminin inkişafı üçün geniş imkanlar mövcuddur. 

Naxçıvan Muxtar Respublikasının tarix-mədəniyyət abidələri ilə zənginliyi turistləri bu diyara cəlb edən əsas amillərdəndir. Ali Məclis Sədrinin müvafiq sərəncamına uyğun olaraq muxtar respublikada 1200-dən çox tarixi abidə pasportlaşdırılaraq qeydiyyata alınmışdır. 70-ə yaxın tarix və mədəniyyət abidəsi bərpa olunmuşdur. Son illər Möminə xatın türbəsi bərpa edilmiş, “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksində yenidənqurma işləri aparılmış, Yusif Küseyiroğlu və Nuh Peyğəmbərin məzarüstü türbələri, muxtar respublika ərazisindəki buzxanalar, Naxçıvan şəhərindəki “Came” məscidi, Zaviyə mədrəsəsi, İsmayılxan hamamı, Naxçıvanqala, Xan sarayı, Culfa rayonundakı Xanəgah Abidə Kompleksi, Əlincəqala, Gülüstan türbəsi, Ordubad rayonundakı Aza körpüsü, Qeysəriyyə və digər tarixi abidələr bərpa olunmuşdur. Bu il isə Nehrəm İmamzadəsi, Naxçıvan şəhərindəki İmamzadə, Qarabağlar Türbə Kompleksi və Yengicə kəndindəki Şərq hamamında bərpa işləri aparılmışdır. Hazırda Qazançı körpüsünün bərpası davam etdirilir. 

2016-cı ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisində turizmin inkişafı ilə bağlı müşavirənin keçirilməsi, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 31 yanvar tarixli Sərəncamına əsasən “2018-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına dair Dövlət Pro­qramı”nın qəbul olunması turizmin inkişafında yeni mərhələnin əsasını qoymuşdur. Ali Məclis Sədrinin 2018-ci il 23 aprel tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının Turizm Departamentinin yaradılması isə bu sahədə dövlət idarəçiliyinin təkmilləşdirilməsi baxımından mühüm əhəmiyyətə malikdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Bu gün ölkələrin əsas gəlir mənbələrindən biri kimi turizmin inkişafı məsələləri xeyli aktuallaşıb. Azərbaycanda bu sahədə kompleks tədbirlər görülmüş, yeni turizm infrastrukturları yaradılmışdır. Naxçıvan Muxtar Respublikasında da bu sahədə bir sıra tədbirlər həyata keçirilmişdir. Hazırda muxtar respublikada tarix-mədəniyyət abidələrinin, zəngin təbiətin, şəfalı suların, təbii müalicə mərkəzlərinin mövcudluğu turizmin inkişafı üçün geniş imkanlar yaratmışdır”.

Bu gün muxtar respublikada 21 mehmanxana və mehmanxanatipli müəssisə, Naxçıvan-Qarabağlar, ­Naxçıvan-Əshabi-Kəhf, Naxçıvan-Əlincə qalası, Naxçıvan-Ordubad, Naxçıvan-Batabat, Naxçıvan-Gülüstan turizm marşrutları fəaliyyət göstərir. 2013-cü ildə Ağbulaq İstirahət Mərkəzinin istifadəyə verilməsi, bu il Ağbulaq kəndində aparılan abadlıq-quruculuq işləri və təməli qoyulan Ağbulaq Xizək Mərkəzi Ağbulaqda kənd və dağ-xizək turizminin inkişafı üçün geniş imkanlar açır. Muxtar respublikada müalicə turizminin inkişafı üçün də lazımi şərait vardır. Duzdağ Fizioterapiya Mərkəzində tənəffüs yolları xəstəliklərindən əziyyət çəkən xəstələr üçün müasir şərait yaradılmışdır. Darıdağ Arsenli Su Müalicəxanası da müalicə turizmi sahəsində böyük imkanlara malikdir. Həmçinin “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksi, pirlər, imamzadələr, qədim məscidlər muxtar respublikada dini və ziyarət turizminin, zəngin bitki örtüyü isə herbari turizminin inkişafına hərtərəfli şərait yaradır.

Turizmin inkişafı yüksək səviyyədə qurulan infrastrukturla bağlı olduğu kimi, həm də sabitliklə bağlıdır. Bu iki amilin muxtar respublikamızda mövcudluğu, qədim diyarımızın cinayətsiz region kimi tanınması turistlərin respublikaya gəlməsi üçün daha bir üstünlük yaradır. Naxçıvanın bu illərdə beynəlxalq tədbirlərə, idman yarışlarına ev sahibliyi etməsi təcrübəsi də vardır. Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı elan olunması, ölkəmizin Gənclər Paytaxtı seçilməsi və 21-23 sentyabr tarixlərində muxtar respublika paytaxtında keçirilən “Avropa günləri” turizm imkanlarımızı nümayiş etdirmək baxımından mühüm əhəmiyyətə malikdir. Bu sahədə görülən işlərin nəticəsidir ki, cari ilin 8 ayında muxtar respublikamıza 243 mindən çox turist gəlmişdir.

Turizm sahəsində kadr hazırlığı mühüm məsələlərdəndir. Muxtar respublikada bu amil diqqətdə saxlanılır. Hazırda Naxçıvan Dövlət və “Naxçıvan” universitetlərində Turizm və otelçilik ixtisası üzrə kadr hazırlığı aparılır. Tədris ili ərzində tələbələrlə mütəmadi görüşlər keçirilir, Naxçıvan Muxtar Respublikasında yerləşən muzeylərə, tarixi abidələrə, müalicə mərkəzlərinə və xüsusi qorunan təbiət ərazilərinə ekskursiyalar təşkil edilir, təcrübələr keçirilir, maarifləndirici seminarlar təşkil olunur.

Muxtar respublikada turizmin inkişafı sahəsində həyata keçirilən tədbirlər, yaradılan şərait qədim diyarın turizm potensialının inkişafı üçün geniş üfüqlər açmaqdadır.

Naxçıvan Muxtar Respublikasının 
Turizm Departamenti

01070386
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
30
113
4469
10589
1070386

Tarix: 24-11-2024
Biz, sosial şəbəkələrdə: