"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Naxçıvan payız fəslində də turistlər üçün cazibədar məkandır

Adətən, insanlar yay vaxtı dincəlməyi sevirlər. Çünki yayın isti günlərində insanların psixoloji olaraq istirahət etmək ehtiyacı digər fəsillərə görə daha çox olur. Eyni zamanda yay fəslində məktəblilərin tətilə və valideynlərin məzuniyyətə çıxması istirahətə yollanmağı daha əlverişli edir ki, bu da yayda istirahət edənlərin sayının çoxalmasına gətirib çıxarır. Ancaq unutmaq olmaz ki, hər fəsildə istirahət etmək arzusunda olanlar da var. Hətta bəziləri üçün payız və yaxud qışda dincəlmək, müxtəlif turizm bölgələrinə səfər etmək yaya görə daha əlverişlidir. Əslində, “yay, payız, qış turizmi” deyə bir turizm növü yoxdur. İnsan marağı sərhədsiz olduğundan istirahət etmək də bütün fəsillərdə mümkündür. Sadəcə, bu tələbatı ödəyə bilən, belə imkanları yarada bilən ölkələr və yaxud bölgələr var. 

Azərbaycan, eləcə də onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası çoxqurşaqlı iqlimə malik olduğundan bizdə ilin bütün fəsillərində dincəlmək, istirahət etmək üçün şərait mövcuddur. Budur, artıq payız fəslinə qədəm qoymuşuq. Bu fəslin özünəməxsus gözəllikləri var. Naxçıvan da payızda öz gözəlliyinə bürünür. Bəs bu fəsildə yerli və xarici turistləri muxtar respublikamızda nə gözləyir? Ümumiyyətlə, bu qədim diyara payızda ayaq basan qonaqlar hansı imkanlardan yararlana bilərlər?

Bəri başdan deyək ki, hazırda muxtar respublikamızda turizmin inkişafı üçün lazımi şərait mövcuddur. Son illərdə bu sahədə mühüm infrastruktur işləri həyata keçirilib. İctimai sabitlik, yol-nəqliyyat, enerji, rabitə imkanlarının müasir tələblərə cavab verməsi, qonaqpərvərlik və sair turizmin hərtərəfli inkişafına geniş imkanlar açıb. Turizmin inkişafı ilə bağlı dövlət tərəfindən həyata keçirilən məqsədyönlü tədbirlər ildən-ilə Naxçıvana gələn turistlərin sayına da öz təsirini göstərir. Muxtar respublikamıza turistlər, adətən, yay fəslində daha çox gəlsələr də, payızda da canlılıq yaşanır. Naxçıvanda payıza xas turizm növlərinin inkişafı üçün böyük potensial və bu potensialdan istifadə imkanları vardır. 

Maraqlı bir nüansı xatırladım. İki il bundan əvvəl Yaxın Şərq ölkələrindən gəlmiş turistlərdən biri payızda Azərbaycana səfər etməyi məsləhət görərək yerli mətbuatda işıqlandırdığı yazıda belə çağırış etmişdi: “Payızda təbiət gözəlliyi axtaran şəxslər üçün Azərbaycan əlverişli ölkədir. Bu fəsildə Azərbaycanda bir gündə sakit, günəşli hava ilə yağışlı hava bir-birinə qarışır. Bu fəslin əvvəllərində Azərbaycanda hava yaydakı kimidir – yaşıl meşələr, parklar, bağlar. Yalnız oktyabrın sonlarından etibarən yarpaqların rəngi dəyişməyə başlayır. Siz Azərbaycanın ən mənzərəli kənd­lərindən birinə səfər edə, yaxud şəhərdə qalıb payızın gözəlliyindən həzz ala bilərsiniz. Aydındır ki, əgər payızda Azərbaycana yollanmaq qərarına gəlsəniz, qonaqpərvərlik və xeyirxahlıq abu-havası ilə əhatə olunacaqsınız”.

Bəli, bu fikirlərdən sonra bunu söyləmək zəruridir ki, ölkəmizin ən gözəl iqlim qurşaqları dairəsində yerləşən, əsrarəngiz təbiəti ilə hər kəsi məftun edən Naxçıvan bütün fəsillərdə olduğu kimi, payızda da öz gözəlliyi ilə hər kəsi valeh edir. Bəs bu fəsildə yerli və xarici turistləri muxtar respublikamızda nə gözləyir?
Birinci ondan başlayaq ki, Naxçıvanın bütün fəsillərdə olduğu kimi, payızda da havası çox təmiz və saf olur. Digər dənizkənarı turizm bölgələrindən fərqli olaraq burada havada təbii quruluq hakimdir. Aydın məsələdir ki, payız ilin ən çox yağışlı fəsillərindən olduğundan bəzən belə havalar nəmişlik və rütubəti də özü ilə bərabər gətirir. Naxçıvan kimi saf və quru havaya malik bölgələrdə isə bu, o qədər də hiss olunmur. Belə ki, iqlim qurşaqlarının yaratdığı dəyişiklik çox qısa müddətdə yağışlı havadan günəşli və ya küləkli hava şəraitinə keçidi təmin edir ki, bu da rütubətin aradan qalxmasına imkan verir. Belə hava şəraiti isə bəzi yaşlı və ya xəstə insanlar üçün çox vacibdir. Yəni Naxçıvana gələn turistlər digər fəsillərdə olduğu kimi, payızda da təmiz, sənaye kirliliyi olmayan bol oksigenli hava şəraiti ilə əhatə oluna bilərlər.

İkincisi, Naxçıvan dadlı-tamlı meyvə-tərəvəzlərin yetişdirildiyi diyar kimi özünü təsdiq edib. Burada bir haşiyə çıxaraq incə bir məqama toxunmaq istərdik. Əvvəllər turistlər bir yerə getdikdə, adətən, özlərinin gəzinti və ya alış-veriş planlarının üstündə daha çox dayanardılar və getdikləri yerləri də buna görə müəyyənləşdirərdilər. Qidalanmaq, necə deyərlər, arxa plana keçərdi. Son illərdə isə bütün dünyada turistlərin müəyyən ölkələri səyahət üçün seçərkən üzərində durduqları əsas mövzulardan biri də məhz getdiyi ölkələrin mətbəxi, onlar üçün daha yaxın olan qidalanmaq imkanlarının mövcudluğudur. Məsələyə praktik yanaşaq. Bu gün ölkəmizdən Çin, Cənubi Koreya, Yaponiya, müəyyən qədər Malayziya kimi ölkələrə gedənlərin əksəriyyəti üçün qidalanmaq bir nömrəli həllivacib məsələyə çevrilir. Son onillikdə həmin ölkələrdə turizmin inkişafı ilə bağlı əcnəbi mətbəxlərin təqdimatı genişlənsə də, bizim yerli insanlarımız üçün həmin mətbəxlərdən istifadə yenə də tam qaneedici təsir bağışlamır. Çünki mətbəxlərdə istifadə olunan məhsullar bizim yerli məhsullarla müqayisədə çox fərqlidir. Ancaq, əksinə, ölkəmizdə, eləcə də muxtar respublikamızda təbii Günəş işığında, hətta istixanalarda yetişdirilən kənd təsərrüfatı məhsulları dünyanın istənilən bölgəsindən gələn əcnəbilər üçün xoş təsir bağışlayır. Bu faktı Naxçıvana gələn istənilən əcnəbi turist etiraf edir. Necə deyərlər, təbiətdən gələn dad özünü hər zaman qoruyur. Elə buradan yola çıxaraq bildirək ki, payız fəsli Naxçıvanda müxtəlif meyvə-tərəvəzlərin yetişdiyi vaxtdır və yaxud yayda yetişdirilən məhsulların əksəriyyəti payızın sonunadək sahələrdən tədarük olunur. Bu fəsildə dağlarımızda müxtəlif giləmeyvələr, müalicəvi əhəmiyyətli bitkilər toplanır. Bu da xarici turistlərə səyahət çərçivəsində muxtar respublikamızın müxtəlif təbiət guşələrinə, o cümlədən kəndlərimizə, kənd təsərrüfatı məhsulları yetişdirilən əkin sahələrinə baş çəkmələrində əhəmiyyətli rol oynaya bilər. Turistlər bu kimi yerlərdə yerli məhsullarımızdan dada, satın ala, hətta yaxınlarına sovqat da götürə bilərlər. Xüsusilə ənənəvi olaraq hər ailədə yerli mürəbbələrin hazırlanma prosesi ilə tanışlıq və yaxud bu işlə məşğul olan istehsal müəssisələrində olmaq və həmin mürəbbələrdən dadmaq mətbəx mədəniyyəti ilə maraqlanmayan turistlərə belə, zövqlü damaq dadı yaşada bilər. 

Təbii ki, turistlər üçün “yerindəcə tanış olmaq” tezisi hər zaman maraqlı olub. Bu mənada, bizim mətbəximizdə ənənəvi qışa hazırlıq prosesi (turşu qoymaq, kompot və mürəbbələr bişirmək, meyvə qurutmaq, pendir vurmaq, qovurma hazırlamaq və sair) ilə tanışlıq və yaxud bu prosesdə iştirak etməyin də ayrı bir təəssürat olduğunu indidən söyləmək mümkündür. 

Payız fəslinin turistlər üçün fürsətlərindən bəhs edərkən son illərdə turizmdə yeni trend kimi ortaya çıxan maraqlı məqamlardan biri də milli toy ənənələrimizin turizmdə təbliğidir. Doğrudur, indiyədək əcnəbi turistlərin toylarımızda iştirakına bəzi hallarda rast gəlinsə də, bu da maraqlı təbliğat vasitələrindəndir. Məsələn, qonşu Türkiyə Respublikasında son dövrlərdə turizm turlarının rəhbərləri yerli inzibati qurumlarla əlaqə saxlayaraq əvvəlcədən hər hansı kənddə nə qədər toy olacağını müəyyənləşdirir. Sonra toy edən tərəflərin nümayəndələri ilə görüşərək bir neçə əcnəbinin həmin toyda iştirakı haqqında razılığını alır və bu dəvəti də tur kampaniyalarının gəzinti proqramına daxil edir. Beləliklə, xarici ölkədən gəlmiş turistlər toylarda qonaq kimi iştirak edir, milli adət-ənənələrlə tanış olur və ölkəsinə qayıtdıqdan sonra bu ənənələrin əsl təbliğatçısına çevrilirlər. Maraqlı burasıdır ki, bu cür toylarda iştirak etmək istəyən turistlərin çoxu bir ailənin üzvləri olur. Turistlərin kənd toylarına yönləndirilməsində məqsəd ondan ibarətdir ki, belə toylarda milli ənənələr daha zəngin olur və yaşadılır. Ata-babalarımızdan ən çox eşitdiyimiz məsləhət bu olub ki, payızda toy etsən, yaxşı olar. Bu da o mənaya gəlir ki, payız fəslində meyvə-tərəvəz bol və yeni olur, havaların sərin keçməsi iştirakçıların işinə yarayır, təsərrüfatla məşğul olanların işi nisbətən yüngülləşir və sair. Buradan da o nəticəyə gəlmək olur ki, payız fəslində Naxçıvana gəlmək istəyən turistlər toylarımızda iştirak edə, adət-ənənələrimizlə bağlı təəssüratlarını zənginləşdirə bilərlər. Əcnəbilərin toyda iştirakı yerli sakinlərə də toylarının maraqlı keçməsinə şərait yarada bilər. 

Və nəhayət, tarixsevər turistlər üçün Naxçıvan hər zaman maraqlı diyar olub. Muxtar respublika ərazisindəki yerli, ölkə və dünya əhəmiyyətli abidələrlə əyani tanışlıq çoxları üçün maraqlıdır. Lakin quru kontinental isti iqlimə malik yay fəslində bu cür əhəmiyyətli abidələrlə yaxından tanış olmaq, bəlkə də, bəziləri üçün əlverişli olmaya bilər. Ancaq payız fəslində havaların mülayim keçməsi belə səyahətlərin vaxtını daha da uzatmağa imkan verir.

Ümumiyyətlə, sadaladığımız və sadalamadığımız tərəfləri ilə payız fəsli Naxçıvana gələn qonaqlar üçün maraqlı imkanlar vəd edir. Bu dövrdə hər yerdə olduğu kimi, yerli otellərdə də qiymətlərin nisbətən ucuzlaşması turistlərə öz büdcələrinə qənaət etməyə şərait yaradır. Odur ki, ilin digər fəsillərində olduğu kimi, payız fəslində də Naxçıvana gəlmək, burada istirahət etmək hər kəs üçün maraqlı olar.

 Səbuhi HƏSƏNOV

"Şərq qapısı" qəzeti

06.10.2018

01070386
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
30
113
4469
10589
1070386

Tarix: 24-11-2024
Biz, sosial şəbəkələrdə: