"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Naxçıvanda “Arıçılıq məhsulları-bal festivalı” keçirilib

Oktyabrın 20-də "Naxçıvanqala" Tarix-Memarlıq Muzey Kompleksində üçüncü "Arıçılıq məhsulları-bal festivalı" keçirilmişdir.

Tədbirin aparıcıları xalqımızın arıçılıq və bal istehsalı ilə hələ eramızdan əvvəlki dövrlərdən məşğul olması barədə məlumat vermiş, arıçılıqla bağlı yaranan folklor nümunələrini, atalar sözlərini, zərbi-məsəlləri festival iştirakçılarının diqqətinə çatdırmışlar.

Naxçıvan Dövlət Universitetinin tibb fakültəsinin dekanı, biologiya üzrə fəlsəfə doktoru, dosent Elsevər Əsədov çıxış edərək demişdir ki, Naxçıvan Muxtar Respublikasının coğrafi vəziyyəti, iqlimi və bitki örtüyü burada kənd təsərrüfatının, xüsusilə də arıçılığın inkişafına geniş imkanlar açır. Bu səbəbdən də arıçılığın inkişafı diqqətdə saxlanılır. Arıçılığın əhəmiyyəti təkcə qiymətli arı məhsullarının istehsalı ilə bitmir, eyni zamanda əhalinin məşğulluğunun, kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının artırılmasında və toxumların keyfiyyətinin yüksəldilməsində xüsusi rol oynayır. Arıçılıq kənd təsərrüfatının ən maraqlı, gəlir gətirən, qida və müalicəvi baxımdan xeyirli təsərrüfat sahələrdən biridir. Digər təsərrüfat sahələri ilə müqayisədə arı təsərrüfatının yaradılmasına lazım olan xərc az, qoyulmuş xərcin qaytarılma müddəti qısa, təsərrüfatın inkişaf imkanları daha genişdir.

Qeyd olunmuşdur ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 18 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı”, arıçılıq sahəsinə güzəştli kreditlərin və arıçılıq avadanlıqlarının lizinq yolu ilə sahibkarlara verilməsi, arıçıların xəstəliklərə qarşı müxtəlif dərman preparatları ilə pulsuz təminatı, arıçılıq avadanlıqlarının istehsalı və satışının təşkili edilməsi, istehsal olunmuş məhsulların satışı üçün əlverişli şəraitin yaradılması muxtar respublikada arıçılığın inkişafı üçün geniş imkanlar açır. Hazırda muxtar respublikada arıçılıqla məşğul olanların sayı günü-gündən artır. Arı məhsullarının istehsalı və satışı bazar iqtisadiyyatına uyğun olaraq formalaşmışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov festivalda iştirak etmiş, Naxçıvan balının sərgi-satışı ilə tanış olmuşdur.

Məlumat verilmişdir ki, festivala muxtar respublikanın bütün rayonlarından olan 288 arıçı tərəfindən 12 min 985 kiloqram süzmə, 3342 kiloqram şan bal, arı südü, çiçək tozu, o cümlədən arı məhsullarından hazırlanmış tibbi ekstraktlar, mum kremləri, bal istehsalında xüsusi əhəmiyyət malik olan dərman bitkiləri və digər məhsullar çıxarılmışdı. Festivala çıxarılan məhsullar xüsusi taralarda qablaşdırılmışdı. Həmçinin baldan hazırlanan müxtəlif şirniyyatlar, araqlar, şərablar, doşab və şərbətlər də festival iştirakçılarına təklif edilirdi.

Festivalda eyni zamanda müxtəlif arıçılıq ləvazimatları nümayiş olunmuşdur. Festival arıçılar arasında təcrübə mübadiləsinin həyata keçirilməsinə, onların bu sahədə əldə olunan yeniliklərlə tanış olmalarına şərait yaradır. Arıçılıqla bağlı çap olunmuş kitab və bukletlər bu sahədə mühüm əhəmiyyətə malikdir. Kitab və bukletlər arıçılara paylanmışdır.

Qeyd olunmuşdur ki, Günnüt, Havuş, Tənənəm, Şahbulaq, Tivi, Buzqov, Şurud, Ağbulaq və digər kəndlərdə istehsal olunan bal dadı, qoxusu, görünüşü və müalicəvi əhəmiyyəti ilə seçilir. Muxtar respublikanın florası nektarlı bitkilərlə zəngindir. Azərbaycanda mövcud olan 400 növ balverən bitkinin əksəriyyəti muxtar respublikanın ərazisində bitir. Naxçıvanın coğrafi iqlim şəraiti isə balverən bitkilərin müxtəlif vaxtlarda çiçəkləməsinə səbəb olur. Bütün bunlar da arıçılığın inkişafı üçün geniş imkanlar açır. Bunun nəticəsidir ki, muxtar respublikada arı ailələrinin sayı artaraq 71 mini ötmüşdür.       

Günnüt kəndindən olan arıçı Fikrət Məmmədov demişdir ki, uzun müddətdir Günnüt kəndinin həsrətində idik. Kəndimizin işğaldan azad olunması sakinlərin böyük sevincinə səbəb oldu. Bu gün Günnüt kəndində təsərrüfatla məşğul oluruq, arı aiələləri saxlayırıq. Bundan sonra da kəndimizin təbii imkanlarından geniş istifadə edəcəyik.

Arıçılardan Məhərrəm Eyvazov, Əsəd Hacıyev, Etibar Məmmədov, Abdulla Sadiqov, Baba Babayev, Azər Şahverdiyev, Yaşar Həbibov və Tahirə Zamanova arıçılığın inkişafı üçün yaradılan şəraitə görə Ali Məclisin Sədrinə minnətdarlıq etmişlər.

Bu gün muxtar respublikada qədim arıçılıq ənənələrinin yaşadılmasına xüsusi diqqət yetirilir. Arıçılığın inkişafında Naxçıvan təcrübəsinin tətbiqi diqqətdə saxlanılır. Culfa rayonunun Gülüstan kənd sakini, arıçı İlqar Hüseynov arı ailələrinin becərilməsində qədim metodlardan geniş istifadə edir.

Arıçı İlqar Hüseynov Ali Məclisin Sədrinə minnətdarlıq edərək demişdir ki, təsərrüfatının inkişafı üçün hər cür şərait yaradılıb. Arı ailələrinin köçürülməsi, xüsusilə dağ və sərhəd kəndlərində arı ailələrinin saxlanılması üçün bütün imkanlar mövcuddur. Torpaqlarımız etibarlı müdafiə olunur, qorunur. Bu imkanlardan istifadə edərək keyfiyyətli məhsul istehsalına nail oluruq. Bu il öz təsərrüfatımda istehsal etdiyim 55 kiloqram balı hərbi hissəyə təhfil vermişəm. Bu həmrəylik, birlik və göstərilən qayğı bizi daha da ruhlandırır.  

Ali Məclisin Sədri arıçılara təşəkkür etmiş, arıçılığın inkişafında Naxçıvan təcrübəsinin tətbiqinin əhəmiyyətini vurğulamış, maarifləndirmə işlərinin aparılması, muxtar respublikada arıçılığın inkişafına bundan sonra da dəstək verilməsi, arıçılıq təsərrüfatlarının genişləndirilməsi üçün subsidiyaların ödənilməsi və tibbdə arı məhsullarından istifadənin genişləndirilməsi barədə tapşırıqlar vermişdir.

Festival oktyabrın 21-dək davam edəcək, arıçılar arasında “Ən yaxşı arıçılıq məhsulları-bal” nominasiyası üzrə müsabiqə  keçiriləcəkdir.

Festivalda Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblı rəngarəng konsert proqramı təqdim etmişdir.

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin mətbuat xidməti

"Şərq qapısı" qəzeti

21.10.2018

01070392
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
36
113
4475
10595
1070392

Tarix: 24-11-2024
Biz, sosial şəbəkələrdə: