"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Yeni qurum muxtar respublika turizminə öz töhfəsini verəcək

Turizm hər bir ölkə üçün iqtisadiyyatın dinamik inkişaf edən sahələrindən biri sayılır. Çünki turizm artıq bütün dünyada ən gəlirli sahələrdən birinə, geniş və sürətlə tərəqqi edən iqtisadi sektora çevrilib. Həmin sektorun davamlı olaraq genişlənməsi bu sahəni sosial-iqtisadi tərəqqidə əsas aparıcı qüvvəyə çevirib. Bu, özünü yeni iş yerlərinin yaradılması, turizmlə bağlı müəssisələrin və infrastrukturun qurulmasında göstərir. 

Son illərdə Naxçıvan Muxtar Respublikasında da bu sahənin inkişafı ilə bağlı mühüm tədbirlər həyata keçirilir, müasir turizm infrastrukturunun yaradılması istiqamətində uğurlu addımlar atılır. Bu il muxtar respublikamızda turizm işinin təkmilləşdirilməsi, həmin sahənin gələcək perspektivlərinin müəyyənləşdirilməsi üçün qəbul edilən hüquqi sənədlər isə turizm quruculuğu istiqamətində görüləcək işlərin ümumi məzmununu özündə əks etdirir.

Məlum olduğu kimi, bu ilin aprel ayında muxtar respublikada mədəniyyət və turizm sahəsində dövlət idarəçiliyinin təkmilləşdirilməsi məqsədilə Nax­çıvan Muxtar Respublikası Ali Məclisi ­Sədrinin müvafiq Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti yaradılıb. Ali Məclis Sədrinin 2018-ci il 9 oktyabr tarixli Fərmanı ilə “Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti haqqında Əsasnamə” təsdiq olunub. Əsasnamədə departamentin hüquq və vəzifələri ilə yanaşı, fəaliyyət istiqamətləri də öz əksini tapıb. 

Qeyd edək ki, Turizm Departamentinin yaradılması muxtar respublikada turizm sahəsində görüləcək işlərə yeni yanaşmanı ortaya qoyur. Məsələn, əvvəllər turizmlə bağlı görülən işlər mədəni sahədə həyata keçirilən tədbirlərin bir hissəsini təşkil edirdisə, bu gün artıq turizm sektorunun inkişafını həyata keçirən müstəqil bir qurum – Turizm Departamenti var. Departamentin Əsasnaməsinə nəzər salsaq, görərik ki, qurumun fəaliyyətində əsas istiqamət turizm sahəsində müvafiq dövlət siyasətinin formalaşdırılmasında iştirak etmək və bu siyasətin həyata keçirilməsini təmin etməkdir.

Bu yazıda məqsədimiz həmin əsasnamənin mühüm istiqamətlərini izah etmək, turizmin inkişafında müəyyən edilmiş hədəflərin mahiyyətini oxucularımıza çatdırmaqdır. İlk olaraq onu qeyd edək ki, Turizm Departamenti muxtar respublikada daxili və gəlmə turizmin inkişafı üçün məqsədli pro­qramların hazırlanmasında, turizm zonaları və turizm xidməti sahələrinin yaradılmasına investisiyaların yönəldilməsində birbaşa iştirak edəcək. Məqsəd muxtar respublikanı beynəlxalq səviyyədə turizm mərkəzinə çevirməkdir. Təbii ki, bu istiqamətdə görüləcək işlərdə Naxçıvanın turizm brendinin yaradılması da ön planda durur. Hamı­mıza məlumdur ki, turizm, eyni zamanda bir bazardır və bu bazarın öz istehlakçıları var. Müasir turizmdə hansı trendlər işləkdir və yaxud müasir turizm infrastrukturu hansı yenilikləri özündə birləşdirir. Əlbəttə, bu işlərin görülməsi üçün xarici turizm bazarlarının öyrənilməsi, turistlərin cəlbi üçün təbliğat-təşviqat işlərinin aparılması bu sahənin işlək mexanizm üzərində qurulmasında şərtdir. Buna görə də yeni yaradılan qurumun bazar araşdırmalarına başlaması və bunun da nəticəsi olaraq turizm infrastrukturunun təkmilləşdirilməsinə öz töhfəsini verəcəyi şübhəsizdir. 

Əsasnamədə yer alan maraqlı və vacib məqamlardan biri də Naxçıvan Muxtar Respublikasının şəhər və rayonlarının marketinq və kommunikasiya planlarını hazırlamaq və icrasını təmin etməkdir. Bu, həllivacib məsələdir. Birinci ona görə ki, bir bölgədə turizmin inkişaf etdirilməsi həmin bölgənin marketinq tələblərinin üzərində qurulur. Digər tərəfdən, bu amil turistlərin hansı bölgələrə yönləndirilməsində turizmçilərin köməyinə gəlir. Düşünürük ki, muxtar respublikamızın bölgələr üzrə mövcud turizm potensialının düzgün qiymətləndirilməsi və bu sahədə müəyyən addımların atılması diyarımızda ixtisaslaşmış turizm bölgələrini müəyyənləşdirməyə imkan verəcək. 

Əsasnamədə sağlamlıq, idman, dağ və qış turizmi, mədəni, ekstremal, işgüzar, ekoloji turizm, çimərlik və digər turizm növlərinin inkişafını təmin etmək departamentin vəzifəsi kimi müəyyən olunub. Təbii ki, bu turizm növlərinin inkişafı son hədd deyil. Gələcəkdə yaranacaq yeni ehtiyacların ödənilməsi bazara və mövcud qaydalara uyğun olaraq öyrəniləcək və təmin olunacaq. Əsas məsələ ondadır ki, mövcud potensialdan hərtərəfli istifadə edilsin. Məsələn, Naxçıvan Muxtar Respublikasının coğrafi ərazisinin böyük bir hissəsi dağlıq zonalardır. İndiyədək bu ərazilərə biz, sadəcə, təbiət mənzərələri kimi baxmışıq, hətta çoxumuz relyefin bizə təqdim etdiyi bu cür çılpaq dağ, təpə və yarğanları “çox kasıb” adlandırmışıq. Ancaq bu gün turizm dünyada elə bir səviyyəyə gəlib çatıb ki, maraq dairəsindən kənarda qalan heç bir maraqsız obyekt yoxdur. Çoxumuz bilmirik ki, bu gün dünyada Alp, Himalay, Tyan-Şan, Apenin dağlarını ələk-vələk etmiş uzun patika qaçışçıları və yaxud ultramarafonçular, dağ velosipedçiləri, dağçılıq üzrə ixtisaslaşmış fotoqrafçılar, reklam və kino sənayesinin peşəkarları daim kəşf olunmamış maraqlı, necə deyərlər, mövzu verə bilən dağlıq bölgə axtarışındadırlar. Yəni bir obyekt üzərində görün nə qədər sahənin peşəkarlarının maraqları uzlaşır. Turizmin vəzifəsi isə bu maraqları vaxtında dəyərləndirməkdir. Ümid edirik ki, Naxçıvanın bu və ya digər potensialından yaxın gələcəkdə yararlana biləcəyik.

Ümumilikdə, onu qeyd edək ki, yeni yaradılmış qurum yerli turizmin potensialından düzgün istifadəyə və turizmin inkişafına yeni baxışın formalaşmasına öz töhfəsini verəcək.

 Səbuhi HƏSƏNOV

"Şərq qapısı" qəzeti

25.10.2018

01070392
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
36
113
4475
10595
1070392

Tarix: 24-11-2024
Biz, sosial şəbəkələrdə: