"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Naxçıvanda turizmin müxtəlif növlərini inkişaf etdirmək üçün geniş imkanlar var

“Naxçıvan” Universitetinin bir qrup əməkdaşı Avrasiya Universitetlər Birliyinin Sammitində Xoca Əhməd Yasəvi adına Qazaxıstan Türk Universiteti ilə əməkdaşlığa dair razılığa gəlib, bununla bağlı universitetlərarası müqavilə imzalanıb. Müqaviləyə uyğun olaraq tələbə-müəllim mübadiləsinə başlanılıb. Əməkdaşlıq çərçivəsində bu yaxınlarda Qazaxıstan Respublikasının Əhməd Yasəvi Universitetinin müəllimi, turizm üzrə fəlsəfə doktoru, dosent Aktolkin Əbubəkirova bir ay müddətində turizm ixtisasını tədris etmək üçün “Naxçıvan” Universitetinə gəlib.

Qonağımızla həmsöhbət olduq. Qazaxıstanlı qonaq bizimlə təəssüratlarını bölüşərək bildirdi ki, muxtar respublikada həyatın bütün sahələrində, xüsusən də elm və təhsil sahəsində sürətli inkişaf var. “Naxçıvan” Universiteti üçün də inşa edilmiş müasir korpuslarda, kitabxana binasında, idman zalında, eləcə də tələbələrin rahatlığı üçün yataqxanada, həmçinin sosial xidmət mərkəzində hərtərəfli şərait yaradılıb. Belə möhtəşəm ali təhsil ocağında olduğumdan qürur duyuram. Bu ali məktəb dünyanın ən müasir və nüfuzlu təhsil müəssisələri səviyyəsindədir. Hər bir ali təhsil ocağının nüfuzu, sözsüz ki, həm də onun çalışqan, zəhmətsevər müəllimləri, gələcəyə inamla, nikbin nəzərlərlə baxan tələbələridir. Burada da belə müəllimlər və tələbələr var.

Aktolkin Əbubəkirova söhbət əsnasında tələbələrə turizm ixtisasının sirlərini aşılamaqla yanaşı, fürsət tapıb Naxçıvan şəhərini gəzərək buradakı tarixi abidələrlə, muzeylərlə də tanış olduğunu söylədi. O bildirdi ki, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvanın gözəllikləri ilə bağlı çox eşitmişdim, lakin bu qədər olduğunu təsəvvür etmirdim. Diyarınızda gəzərkən ucaldılan yaraşıqlı binalar, salınan yollar və hər addımda hökm sürən səliqə-sahman məni valeh etdi. Naxçıvan şəhərinin bu gözəlliyi hər bir qonağa xoş ovqat, yüksək ab-hava bəxş edir. Sözsüz ki, bütün bunlar muxtar respublikanın inkişafına göstərilən diqqət və qayğı hesabına ərsəyə gəlib. Əsl tikinti meydançasına, yaşıllıqlar diyarına çevrilən Naxçıvanda yaşayan insanlar həm də çox qonaqpərvərdirlər. Onlarla söhbətimdə naxçıvanlıların muxtar respublikada həyata keçirilən geniş­miqyaslı quruculuq tədbirlərini ürəkdən dəstəklədiklərini və bu tədbirlərdə fəallıq göstərdiklərini hiss etdim.

O dedi ki, mən bir çox böyük şəhərlərdə olmuşam. Bu şəhərləri Naxçıvanla müqayisə etsəm, burada qədimliyin və müasirliyin harmoniya təşkil etdiyini deyə bilərəm. Eşitdiyimə görə, Naxçıvanın iqlimi sərtdir, yayı çox isti keçir. Buna baxmayaraq, hər yan gül-çiçək içində olur. Duzdağ Fizioterapiya Mərkəzinə də getmişəm. Yerin altında belə müasir xəstəxana tikilməsi, bronxial-astma xəstələrinin təbii yolla müalicəsinə şərait yaradılması Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin yurda bağlılığından, sevgisindən xəbər verir.

Əshabi-Kəhf ziyarətgahı da qonaqda böyük təəssüratlar yaradıb: “Naxçıvan şəhərindən bir qədər uzaqda, dağların qoynunda bu qədər gözəllik, səliqə-sahman yaradan, dini inanc yerlərinə qayğı göstərən insanların əməyi, məncə, ən böyük tərifə layiqdir. Görülən işlər milli-mənəvi dəyərlərin qorunub saxlanılması ilə yanaşı, əxlaqi keyfiyyətlərə də ehtiramla yanaşmanın göstəricisidir”.

Qazaxıstanlı qonağımız Heydər Əliyev Muzeyini və Xalça Muzeyini də ziyarət edib. Hər iki muzeydə – istər Azərbaycan xalqının görkəmli dövlət xadiminin dünya liderlərinə örnək olacaq həyatı və siyasi fəaliyyəti, istərsə də qədim və zəngin tariximiz, milli-mənəvi dəyərlərimizlə bağlı gördüklərinin onda böyük maraq yaratdığını vurğulayan müsahibim bir turizm mütəxəssisi kimi muxtar respublikamızın zəngin turizm potensialı haqqında fikirlərini də bizimlə bölüşdü: “Burada olduğum çox qısa vaxtda bu diyarın tarixi abidələrlə zəngin, ecazkar təbiətə malik bir diyar olduğunu gördüm. Naxçıvanda turizmin ən müxtəlif növlərini inkişaf etdirmək üçün geniş imkanlar var, əhəmiyyətli işlər də görülüb. Güman edirəm ki, mütəxəssis hazırlığı istiqamətində universitetlərimiz arasında əməkdaşlığımız da bu sahənin inkişafına öz töhfəsini verəcək”.

Həmsöhbətim Naxçıvan mətbəxinin ləziz yeməklərindən də zövqlə daddığını dilə gətirdi: “Coğrafi şərait, dini, sosial və etnik mənsubiyyət qidalanmada rol oynayan amillərdəndir. Naxçıvan mətbəxinə aid yeməklər öz dadı, tamı və hazırlanma qaydasına görə qazax mətbəxindən fərqlənir. Milli mətbəxiniz barədə çox eşitmişdim. Burada olduğum zaman Naxçıvanın əriştə aşından, daş küftəsindən, pendirindən, isti təndir lavaşından, saymaqla bitməyən təamlarından da daddım. Xüsusi yastı daş üstündə döyülmüş ətdən hazırlanan Naxçıvan mətbəxinin məşhur daş küftəsi, həqiqətən də, deyildiyi kimi varmış. Hələ ləziz təamlarınızdan dadacağım çox şey var”. 

Qazaxıstanlı qonağımız söhbətimizin sonunda dedi: Burada tanıdığım hər bir insanda vətənpərvərlik, yurda bağlılıq, zəhmətsevərlik müşahidə etdim. Məncə, elə uğurlarınızın əsasını da bu təşkil edir. Arzu edirəm ki, bu gözəl diyar gündən­-günə daha da çiçəklənsin, onun mədəniyyətinin, təhsilinin, elminin yeni-yeni nailiyyətləri bura üz tutan qonaqları da sevindirsin.

Nuray ƏSGƏROVA

"Şərq qapısı"

02.11.2018 

01070392
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
36
113
4475
10595
1070392

Tarix: 24-11-2024
Biz, sosial şəbəkələrdə: