"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Qazançı körpüsü tarixi-memarlıq abidəsi bərpa olunub

Yaxın Şərqin qədim ticarət mərkəzlərindən biri olan və Böyük İpək Yolunun üzərində yerləşən Naxçıvandakı körpülər tarixi-mədəni irsimizin bir parçasıdır. Karvan yollarını birləşdirən qədim körpülər memarlıq quruluşu və mühəndislik texnikası ilə seçilmiş, xalqımızın mədəni inkişafının göstəricisinə çevrilmişdir. Muxtar respublikada tarixi abidələrin bərpası sahəsində görülən işlər qədim memarlıq abidələri olan körpüləri də əhatə etmişdir.

Noyabrın 30-da Qazançı körpüsü tarixi memarlıq abidəsi bərpadan sonra istifadəyə verilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov körpünün bərpadan sonrakı vəziyyəti ilə tanış olmuşdur.

Məlumat verilmişdir ki, Qazançı körpüsü XVII əsrin əvvəlində Şərq memarlıq üslubunda inşa edilmiş tarixi-memarlıq abidəsidir. Birtağlı körpünün tikintisində müxtəlif həcmli çaydaşları, bərkidici kimi isə əhəng məhlulundan istifadə edilmişdir. Böyük İpəkYolunun üzərində yerləşən bu körpü üzərindən vaxtilə Qazançıdan Şərq istiqamətində uzanan və Ordubad ərazisində əsas yola birləşən karvan yolları keçmişdir. Qazançı körpüsü Azərbaycanın biraşırımlı körpülərinin ən yaxşı nümunəsisayılır. Körpünün eni 3,55 metr, uzunluğu 10,85 metr, hündürlüyü 8,8 metrdir.

Qazançı körpüsü Ali Məclis Sədrinin tapşırığına əsasən bərpa olunmuşdur.Körpünün yükdaşıyan dağ hissəsinin aşınmış daşları dəyişdirilmiş, daşlar arası təmizlənərək əhəng məhlulu ilə bərkidilmişdir. Körpünün şimal tərəfdən yol ilə birləşmə hissəsi orijinallığı saxlanılmaqla bərpa edilmiş, nəticədə, körpünün uzunluğu 50 metrə çatmışdır. Ətrafda 120 metr sahilbərkitmə işləri görülmüş, 50 metr dəmir-betondan istinad divarı salınaraq üzəri dağ daşları ilə üzlənmişdir.

Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev muxtar respublika ziyalıları və elm adamları adından minnətdarlıq edərək demişdir: Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tarixi-mədəni irsimizin qorunub yaşadılması sahəsində həyata keçirdiyi tədbirlər, bu sahədə imzaladığı sərəncamlar mühüm elmi əhəmiyyətə malikdir. Bu gün Naxçıvanda tariximizə sahib çıxılır. Son illər 70-dən artıq abidəmiz bərpa olunub. XVII əsrin memarlıq abidəsi olan Qazançı körpüsünün bərpası da bu sahədə görülən işlərin davamı kimi elm adamlarının qarşısına mühüm vəzifələr qoyur.

Ali Məclisin Sədri muxtar respublikada bərpa olunmayan tarixi abidələrin müəyyənləşdirilməsi və onlarda bərpa işlərinin aparılması, Azərbaycan Milli ElmlərAkademiyasının Naxçıvan Bölməsi tərəfindən Qazançı körpüsü haqqında tarixi mənbələrdən məlumatların toplanması və monoqrafiya şəklində nəşr olunması, Qazançı körpüsü haqqında materialların və fotoşəkillərin internetdə yerləşdirilməsi və tanıdılması barədə tapşırıqlar vermişdir.

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin mətbuat xidməti

"Şərq qapısı" qəzeti

01.12.2018

01070398
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
42
113
4481
10601
1070398

Tarix: 24-11-2024
Biz, sosial şəbəkələrdə: