"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Fotoovçuluq haqqında nə bilirik və ya sakit ov

Təbii sərvətlərlə zəngin olan muxtar respublikamızda son illər həyata keçirilən məqsədyönlü tədbirlər hesabına diyarımızın florası xeyli genişlənib. Bunun nəticəsidir ki, əgər 20-25 il əvvəl muxtar respublikamızda yaşıllıq sahələri 0,6 faiz təşkil edirdisə, bu gün həmin rəqəm 14 faizə yüksəlib. 

Həmin yaşıllıq ərazilərdə yaradılan qoruqlar, yasaqlıqlar da bu məqsədə xidmət edir və muxtar respublika ərazisinin 27 faizi ekoloji tarazlığın qorunması üçün xüsusi mühafizə altındadır. Hazırda muxtar respublikada xüsusi mühafizə olunan təbiət əraziləri – Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkı, “Arpaçay”, “Arazboyu”, Ordubad Dövlət Təbiət yasaqlıqları və Şahbuz Dövlət Təbiət Qoruğu fəaliyyət göstərir. Bu ünvanlar həm də qədim Naxçıvanın zəngin flora və faunası haqqında geniş bilgilər vermək baxımından diqqəti çəkir. Ona görə də həmin ərazilər ölkəmizin digər bölgələrindən gələn qonaqların və xarici turistlərin cəlb edilməsində mühüm rola malikdir. 

Muxtar respublika ərazisində aparılan yaşıllaşdırma, təmizlik və abadlıq işləri də təbiətimizin gözəlləşməsinə xidmət edir. Bu tədbirlərdə kütləvi şəkildə iştirak etməyi naxçıvanlılar özlərinin vətəndaşlıq borcuna çeviriblər. Bütün bunların nəticəsində ekoloji mühit xeyli sağlamlaşıb, flora və faunanın mühafizəsi işi nəzərəçarpacaq dərəcədə yaxşılaşdırılıb, turizmin inkişafına hərtərəfli şərait yaradılıb. 
Xüsusi mühafizə edilən təbiət ərazilərinin yaradılması, təbiəti mühafizə sahəsində görülən kompleks dövlət tədbirləri bəhrələrini verməkdədir. Belə ki, həmin tədbirlər əvvəllər sayı tükənməkdə olan bezoar dağ keçilərinin, muflonların sayının artmasına, ərazilərimizdə yeni heyvan növlərinin yaşaması şəraitinin formalaşmasına stimul verib. Güclü mühafizə tədbirləri, ova qadağaların qoyulması yerli heyvan növlərinin sayının artmasına şərait yaradıb. Son illərdə muxtar respublika ərazisində dünyada nadir növlərdən olan bəbirlər müşahidə olunur. 2016-cı ildə Naxçıvan ərazisində bəbir ailəsinin qeydə alınması bu növlərin ərazilərimizdə mövcudluğunun sübutudur.

Qeyd olunmalıdır ki, həyata keçirilən tədbirlər hesabına qazanılan uğurlar muxtar respublikaya turist axınını daha da gücləndirib. Hər il Naxçıvana dünyanın müxtəlif ölkələrindən gələn turistlərin sayı getdikcə artır. Müasir dövrdə geniş yayılmış ekoturizmin yarımnövlərindən biri də safari turizmidir. Bu gün safari turizmi ovçuluq, fotoovçuluq, balıq tutmaq, açıq məkanda təbii halda heyvanları müşahidə etmək məqsədilə təşkil olunan turizm yarımnövü kimi məşhurdur. Ənənəvi safarilər heyvanları nəsli kəsilmək təhlükəsi ilə üz-üzə qoyduğu üçün son dövrlərdə təşkilatçılar ov məqsədli turlardan imtina edərək sırf fotoovçuluğa istiqamətləniblər. Fotoovçuluğu bədii dillə “sakit ov” da adlandırırlar. O turistlərə təbiətə ziyan vurmadan ­istirahət etmək şəraiti yaradır. 
Muxtar respublikamızda da fotoovçuluğun həyata keçirilməsi üçün geniş imkanlar var. Belə ki, əsrarəngiz və özünəməxsus təbiəti olan Naxçıvan ərazisi yaranması və formalaşması baxımından ən qədim regionlardan biri hesab edilir. Ərazinin geoloji keçmişini araşdırdıqda burada tropik meşələrin mövcud olduğu aydınlaşır, lakin sonradan kəskin iqlim dəyişkənliyi, həmçinin qitələrin dreyfi və digər geoloji proseslər nəticəsində regionda müasir torpaq-iqlim və ona da müvafiq olaraq biomüxtəliflik yaranıb.

Naxçıvan Turizm İnformasiya Mərkəzi də muxtar respublikada ekoturizmin inkişafı məqsədilə bir sıra işlər görür. Belə ki, Naxçıvanın təbii bulaqları, gölləri, meşələri, bənzərsiz mənzərələri və füsunkar yerləri sosial şəbəkələrdə mütəmadi olaraq təbliğ edilir. Mərkəzə müraciət edənlərin sayının ilbəil artması isə bir daha onu göstərir ki, muxtar respublika artıq turistlərin diqqət mərkəzindədir. Elə ötən il Almaniya vətəndaşı Kai Qauqerin rəhbərliyi ilə Almaniya, Avstriya, Danimarka və Böyük Britaniyadan olan tədqiqatçılar Naxçıvan Muxtar Respublikasındakı quş növlərini görmək üçün burada səfərdə olublar. Kai Qauqerin www.birdingaze.blogspot.com internet səhifəsində yerləşdirdiyi Naxçıvan səfəri barədə hesabatdan aydın olur ki, tədqiqatçılar Haçadağ ətrafını, Batabat yaylağını, Nehrəm dağlarını, eləcə də Darıdağ ərazisini gəzib-dolaşıblar. Burada aladöş çərənçi, qırğıyaoxşar pöhrəçil, kiçik qartal, saqqallı leşyeyən, Berqut qartalı, ağboğaz bülbül, böyük qayalıq sittası və bezoar keçilərini müşahidə ediblər. Kai Qauqer bütün bunları Naxçıvanda keçirdikləri mükəmməl gəzintinin gözəl nəticəsi kimi qiymətləndirib.
Tur zamanı muxtar respublikanın füsunkar təbiətini, flora və faunasını, möhtəşəm təbiət abidələrini, biomüxtəlifliyini əks etdirən fotolar çəkilib sosial şəbəkələrdə paylaşılıb.
Sonda onu da qeyd edək ki, fotoovçuluq sənəti xüsusi bacarıq və texniki avadanlıq tələb edir. Lentə alınmış şəkillər sayəsində insanlar dünya ilə daha yaxından tanış olmaq imkanı qazanırlar. Bu isə muxtar respublikamızın tanıdılması baxımından əla fürsətdir. Muxtar respublikada səfərdə olmuş turistlərin rəyləri və müxtəlif elektron resurslar vasitəsilə bölüşdükləri təəssüratlar gələcəkdə Naxçıvanda fotoovçuluq turlarının arealının genişlənəcəyindən xəbər verir.

Pəri İBRAHİMOVA
Naxçıvan Turizm İnformasiya Mərkəzinin əməkdaşı

01063416
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
143
457
3232
3619
1063416

Tarix: 08-11-2024
Biz, sosial şəbəkələrdə: