"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Tələbələr üçün növbəti seminar keçirilmişdir

26 noyabr 2019-cu il tarixdə Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti tərəfindən Naxçıvan Dövlət və “Naxçıvan” universitetlərinin “Turizm və otelçilik” ixtisası üzrə təhsil alan tələbələri üçün “Turist marşrutlarına tələblər və marşrutun hazırlanma qaydaları” mövzusunda seminar keçirilmişdir. Tədbirdə Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin Statistika və sertifikatlaşdırma sektorunun müdiri Həsən Kərimov çıxış edərək bildirmişdir ki, Naxçıvan Muxtar Respublikası  Ali  Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Sərəncamına uyğun olaraq Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin hamiliyinə verilmiş Naxçıvan Dövlət və “Naxçıvan” universitetlərinin “Turizm və otelçilik” ixtisası üzrə təhsil alan tələbələrinin iştirakı ilə müxtəlif formatlı tədbirlərin keçirilməsi diqqət mərkəzində saxlanılır. Bu gün keçirilən seminar da həmin tədbirlərin davamıdır.

Qeyd olunmuşdur ki, Naxçıvan Muxtar Respublikasının coğrafi mövqeyi, özünəməxsus iqlimi, fauna və florası, qədim tarixi, mədəni, təbii və dini abidələri, ərazidə 250-dən artıq mineral və müalicəvi əhəmiyyətli su mənbələrinin mövcudluğu, muxtar respublikamızda sabitliyin və təhlükəsizliyin təmin olunması turizmin inkişafı üçün əlverişli şərait yaradır. Muxtar respublikamızda bütün sahələr kimi turizmin inkişafı da daim diqqət mərkəzində saxlanılır. Son illərdə mövcud turizm potensialından səmərəli istifadə edilməsi, yüksək sosial-iqtisadi və ekoloji şərtlərə uyğun müasir turizm infrastrukturunun formalaşdırılması istiqamətində mühüm addımlar atılmış, ən ucqar kəndlərə belə rahat yollar çəkilmiş, şəhər və rayonlarda milli və müasir memarlığın nailiyyətlərini özündə cəmləşdirən istirahət parkları istifadəyə verilmiş, müasir tələblərə cavab verən mehmanxanalar tikilmiş, tarixi yaddaşı əks etdirən qədim memarlıq abidələri bərpa və konservasiya  edilərək əvvəlki görkəmlərinə qaytarılmışdır. Vurğulanmışdır ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 31 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2018-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına dair Dövlət Proqramı”nın, “Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsinin yaradılması haqqında” 2018-ci il 29 noyabr tarixli Sərəncamının icrası, Naxçıvan şəhərində “Saat Meydanı” turistik istirahət mərkəzinin istifadəyə verilməsi, Culfa rayonunda Darıdağ arsenli su müalicə və istirahət kompleksinin tikintisi görülən işlərin davamlılığının təmin edilməsinə geniş imkanlar yaradıb. Yaradılmış infrastrukturun müsbət nəticəsidir ki, muxtar respublikamıza Azərbaycanın digər bölgələrindən və xarici ölkələrdən gələn turistlərin sayı ilbəil artır.

Bildirilmişdir ki, turizm məhsulu satışının təşkilində turist marşrutlarının mühüm əhəmiyyəti nəzərə alınaraq Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti tərəfindən  qədim diyarımızın turizm potensialının təbliği ilə bağlı reklam-informasiya materiallarının hazırlanması daim diqqət mərkəzində saxlanılır. Ötən dövrdə muxtar respublikamızın turizm potensialını özündə əks etdirən çoxsaylı təbliğat materialları hazırlanaraq işıq üzü görmüşdür. Naxçıvan-Əshabi-Kəhf, Naxçıvan-Əlincəqala, Naxçıvan-Ordubad, Naxçıvan-Gəmiqaya, Naxçıvan-Qarabağlar, Naxçıvan-Şahbuz-Batabat, Naxçıvan-Duzdağ, Naxçıvan-Ağbulaq Kənd Turizm İstirahət Bölgəsi, Naxçıvan-Gülüstan turist marşrutlarının, Duzdağ Fizioterapiya Mərkəzinin, Darıdağ  Arsenli  Su  Müalicəxanasının bukletləri, Naxçıvan Muxtar Respublikasının və Naxçıvan şəhərinin turist xəritələri kimi reklam-informasiya materialları ölkə və beynəlxalq miqyaslı tədbirlərdə nümayiş olunur. Bu materiallar muxtar respublikamıza səfər edən əcnəbi qonaqlara da təqdim olunmaqla, qədim diyarımızın turizm potensialının tanıdılmasına xidmət edir.

Sonra Naxçıvan Turizm İnformasiya Mərkəzinin baş mütəxəssisi Pəri İbrahimova çıxış edərək turist marşrutlarına tələblər və marşrutun hazırlanma qaydaları haqqında tələbələrə geniş məlumat vermiş, müvafiq sxemlər slayd vasitəsilə nümayiş etdirilmişdir. Qeyd olunmuşdur ki, “Turist-ekskursiya xidməti, turist marşrutlarına tələblər” haqqında Azərbaycan Respublikasının Dövlət Standartı turizm fəaliyyətinin təşkili sahəsində mühüm normativ-hüquqi aktlardan biri hesab olunur. Adıçəkilən Standartda həmçinin turist marşrutu, turist yolu, ekskursiyanın texniki xəritəsi, ekspedisiya, marşrutda baş verən hadisə, marşrutun sənədləri kimi terminlərlə, həmçinin turist marşrutlarının təsnifatı və işlənmə tələbləri, turizm növləri üzrə turist marşrutlarına tələblər haqqında detallı məlumatlar öz əksini tapmışdır.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılmışdır.

 

 

01070378
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
22
113
4461
10581
1070378

Tarix: 24-11-2024
Biz, sosial şəbəkələrdə: