Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Sərəncamına uyğun olaraq Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin hamiliyinə verilmiş Naxçıvan Dövlət və “Naxçıvan” universitetlərinin “Turizm və otelçilik” ixtisasları üzrə IV kurs tələbələri üçün 13 noyabr 2019-cu il tarixdən etibarən mehmanxanalarda, muzeylərdə və turoperatorlarda təşkil edilmiş istehsalat təcrübəsi təşkil olunur. 27 dekabr 2019-cu il tarixədək davam edəcək təcrübənin qrafikinə əsasən 25 dekabr 2019-cu il tarixdə tələbələr “Qafqaz Turizm” MMC-də olmuş və turoperatorun iş prosesi ilə yaxından tanış olmuşlar.
Qeyd olunmuşdur ki, turoperator turların komplektləşdirilməsi, turizm məhsulunun formalaşdırılması, hərəkətə gətirilməsi və satışı ilə məşğul olan turizm təşkilatıdır. Turoperator turizm məhsulunun hərəkətə gətirilməsi və satışı zamanı, vasitəçi kimi turagent fəaliyyəti göstərən fiziki və ya hüquqi şəxslərdən də istifadə edə bilər.
Təcrübə zamanı tələbələrə turizm məhsulunun formalaşdırılması, hərəkətə gətirilməsi və satışının təşkili haqqında ətraflı məlumat verilmiş, turoperator fəaliyyətinin ümumi prinsipləri, müştərilərin turlara olan təlabatının öyrənilməsi, xidmət proqramlarının hazırlanması, turoperatorların xidmət təminatçıları olan yerləşdirmə obyektləri, qidalanma obyektləri, ayrı-ayrı nəqliyyat sahibləri ilə əməkdaşlığın təşkili və bu sahədə bağlanmış müqavilələr haqqında da geniş bəhs olunmuşdur. Turoperatorlar tərəfindən turizm səyahətlərinin təşkili, biletlərin satışı, internet vasitəsi ilə qabaqcadan biletlərin bronlaşdırılması, turistlərin proqramla nəzərdə tutulmuş və istifadə edəcəkləri xidmətlər, ciddi hesabat blankı sayılan Turizm yollayışının mahiyyəti barədə tələbələrə məlumat verilmiş, həmçinin tələbələrin turizm fəaliyyətinə dair digər sənədlərlə tanışlığı təmin edilmişdir.
Təcrübənin sonunda tələbələri maraqlandıran suallar cavablandırılmışdır.