Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 3 aprel 2019-cu il tarixli Sərəncamına uyğun olaraq Naxçıvan Dövlət və “Naxçıvan” universitetlərinin “Turizm və otelçilik” ixtisasları Turizm Departamentinin hamiliyinə verilmişdir. Adıçəkilən ixtisas üzrə təhsil alan tələbələrin peşə hazırlığının yüksəldilməsi və təcrübəli kadr kimi formalaşdırılması məqsədilə Departament tərəfindən mütəmadi olaraq müxtəlif formatlı tədbirlər keçirilir, müəyyən edilmiş vaxtlarda tələbələrin Departamentdə və Departamentin tabeliyindəki müəssisələrdə, eləcə də muxtar respublikada fəaliyyət göstərən mehmanxanalarda və turizm şirkətlərində istehsalat təcrübəsi keçmələri təmin olunur, onların muzeylərə və tarixi abidələrə ekskursiyaları təşkil edilir. Tələbələrin peşə hazırlığını yüksəltmək və turizm fəaliyyətində birbaşa iştiraklarını təmin etmək məqsədilə “Turizm könüllüsü” layihəsi həyata keçirilir.
Keçirilən tədbirlərin davamı olaraq 6 mart 2020-ci il tarixdə Naxçıvan şəhəri üzrə piyada marşrutunun proqramına əsasən “Turizm könüllüsü” layihəsi iştirakçıları üçün ekskursiya təşkil olunmuşdur.
Proqrama əsasən könüllülər ilk olaraq Heydər Əliyev Muzeyində olmuşlar. Burada onlara görkəmli dövlət xadimi, ümummilli lider Heydər Əliyevin ictimai-siyasi fəaliyyətini, keçdiyi həyat yolunu özündə əks etdirən kitab, qəzet və jurnallar, 1990-1993-cü illərdə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin deputatı və Ali Məclisinin Sədri kimi işləyib hazırladığı, qəbul etdiyi tarixi qərar və sərəncamlar, imzalanmış protokol və müqavilələr, məktub və teleqramlar, istifadə etdiyi xatirə əşyaları, Ulu Öndərin şərəfinə toxunmuş xalçalar, çəkilmiş portretlər, tarixi fotolar və sənədli filmlər, ümummilli liderin həyatı və çoxşaxəli fəaliyyəti haqqında ətraflı məlumat verilmişdir. Vurğulanmışdır ki, Muzeydə zəngin fond materialları, orijinal sənədlər və eksponatlar dahi rəhbərin mənalı həyat yolu, xalqımızın rifahı, xoş gələcəyi naminə siyasi fəaliyyəti haqqında dolğun təsəvvür yaradır.
Naxçıvan Dövlət Xalça Muzeyində iştirakçılara məlumat verilmişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə 1998-ci ildə fəaliyyətə başlayan Muzey 2010-cu ildə yeni bina ilə təmin olunub. 2013-cü ildə isə muzeyin ekspozisiyası yenidən qurulub. Muzeydə Naxçıvan xalçaçılıq sənətinin öyrənilməsi və təbliği istiqamətində müəyyən tədbirlər görülür.
Daha sonra marşrutun proqramına əsasən ekskursiya iştirakçıları Cəmşid Naxçıvanski Muzeyi, Naxçıvan Turizm İnformasiya Mərkəzi, “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksində olmuş, muxtar respublikamızın zəngin turizm potensialı, eləcə də xalqımızın tarixi, mədəniyyəti, milli dəyərləri, görkəmli şəxsiyyətləri haqqında məlumatlarla yaxından tanış olmuşlar.
Proqramın sonunda iştirakçılar Xatirə Muzeyinə gəlmiş, burada Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş həmvətənlərimizin şərəfli ömür yolu haqqında iştirakçılara ətraflı məlumat verilmişdir.
Ekskursiya zamanı iştirakçıları maraqlandıran suallar cavablandırılmış və ekskursiyanın təşkili qaydaları əyani nümayiş etdirilmişdir.