“Hər bir yay fəsli küçələrdə arabalarda buz sallarını görəndə, bir tərəfdən o buzu şampanskilərə və ləzzətli marojnalara işlədən xoşbəxtlər gözümün qabağına gəlir...” Yəqin ki, görkəmli dramaturq Cəlil Məmmədquluzadənin “Buz” hekayəsindəki bu fikirlər çoxlarına tanışdır. Böyük ədibin uşaqlıq dövrünün təəssüratları altında qələmə aldığı bu hekayədən bəlli olur ki, XIX əsrin sonu, XX əsrin əvvəllərində Naxçıvan şəhərinin küçə və meydanlarında, bazarlarda buz satışı təşkil olunarmış. Əhali bu cür buz parçalarından sərinləmək üçün soyuq içkilərin hazırlanmasında, müxtəlif ərzaqların saxlanılmasında, təbabətdə geniş istifadə edərmiş.
Naxçıvanın kəhriz və bulaqlarından göz yaşı kimi çağlayaraq axan sudan hazırlanan bu cür təbii buz parçaları yayın qızmar günlərində hər kəsə xoş gələrmiş. Belə təbii buzlar isə yerli buzxanalarda hazırlanarmış. Buzu hazırlamaq üçün binaya çəkilmiş kəhriz suyu qış aylarında zirzəmiyə yığılaraq buz halına salınar, əriməməsi üçün onların aralarına saman tökülərmiş. Bu işlə məşğul olan adamlar yay aylarında ayaqlarına keçə bağlayaraq buzu buradan çıxarar və satışını təşkil edərmişlər. Bəzi tədqiqatçılara görə isə axan su buzxana yaxınlığında xüsusi hazırlanmış bir meydançaya yığılaraq dondurular, sonra kəsilən buz parçaları buzxana binasına daşınaraq burada saxlanılarmış. Buna görə də orta əsrlərdən üzübəri Şərq aləmində məscid və hamamları, qala və saray kompleksləri ilə məşhur olan Naxçıvan həm də buzxana binaları ilə tanınmışdır. Hazırda belə buzxanalardan ən böyüyü Naxçıvan şəhər buzxanasıdır.
“Naxçıvan Abidələri Ensiklopediyası”nda bildirilir ki, bu abidə öz profilinə görə ölkəmizdə qeydə alınan ən böyük tikilidir. Yüksək memarlıq həllinə görə binanın Naxçıvan memarlıq məktəbinin inkişaf etdiyi XII-XIV əsrlərdə tikildiyi ehtimal olunur. Uzunluğu 20, eni isə 9 metr olan bu bina ilk baxışdan birmərtəbəli binanı xatırlatsa da, ümumi hündürlüyü 9,6 metrdir. Yüksək texniki səviyyədə kərpicdən qurulmuş örtük konstruksiyasının mükəmməl həlli, naturada tikilməsi, bina örtüyünün uzununa, yüngül və dinamik konstruksiya sxemi tərzində yaradılması Naxçıvan şəhər buzxanasının səciyyəvi cəhətlərindəndir.
Qeyd edək ki, Naxçıvan şəhər buzxanası ölkə əhəmiyyətli abidədir. Tədqiqatçılara görə, muxtar respublikada mövcud olan bu və digər buzxanaların tikilişindəki oxşar konstruksiyadan o dövrdə Təbriz və Ərdəbildə inşa olunan bazar komplekslərinin örtülü keçidlərində istifadə edilib. Və bu tip abidələr regionda ticarət məqsədilə tikilən obyektlərdir. Buzxanalardan, yuxarıda da qeyd etdiyimiz kimi, əsasən, ərzaq məhsullarının təbii üsulla saxlanılmasında, buz satışında istifadə olunub.
Ancaq ötən əsrin ortalarından sonra elmi-texniki tərəqqinin inkişafı bir çox sahələr kimi, soyuducu sənayesinə də sirayət edib ki, bu da, öz növbəsində, tarixi buzxana binalarından istifadəni arxa plana keçirib. Nə yaxşı ki belə tarixi binalarımız xalqımız tərəfindən qorunub saxlanılıb. Müstəqilliyimizin bərpasından sonrakı dövrdə isə Naxçıvanda tarixi abidələrə göstərilən dövlət qayğısı buzxana binalarını da əhatə edib. Elə bir neçə gün bundan əvvəl – mayın 5-də Naxçıvan şəhər buzxanasının yenidənqurma və bərpa işlərindən sonra istifadəyə verilməsi bunu bir daha təsdiq edir. Yenidənqurma işləri zamanı abidənin divarları izolyasiya edilmiş, bina və mövcud yardımçı otaqlar əsaslı təmir olunmuş, mətbəx və qazanxana tikilmişdir. Buzxananın tarixi görkəminə uyğun mebel və avadanlıqlar qoyulmuş, istilik sistemi quraşdırılmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak edərək demişdir: “Abidələri yaşatmaq xalqın tarixini, mədəniyyətini, dəyərlərini yaşatmaq deməkdir. Bu gün tariximiz təkcə kitablarda deyil, eyni zamanda abidələrdə yaşayır. Xalqımızın neçə əsr bundan əvvəlki təfəkkürünün məhsulu olan abidələri qorumaq, bərpa edərək yaşatmaq, gələcək nəsillərdə tariximiz və qədim mədəniyyətimiz haqqında təsəvvürlər formalaşdırır”.
Ali Məclisin Sədri bəhs olunan abidə haqqında fikirlərini belə ifadə etmişdir: “Buzxanalar insan təfəkkürünün məhsuludur. Texnologiyanın olmadığı bir dövrdə xalqımızın yaratdığı buzxanalar insanları isti yay günlərində buzla təmin etmişdir. Bu da Azərbaycan xalqının tarixən nə qədər böyük inkişaf yolu keçdiyini göstərir. Çünki tarixi abidələr hər bir xalqın uzun illər ərzində formalaşdırdığı mədəniyyətin nəticəsində yaranmışdır”.
Qeyd edək ki, buzxana abidəsinin bərpa olunaraq Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin balansına verilməsi və burada “Naxçıvan Mətbəxi” Kulinariya Mərkəzinin fəaliyyəti üçün lazımi şəraitin təmin edilməsi yerli mətbəximizin təbliğinə geniş imkanlar açacaq, yerli və xarici turistlərin marağına səbəb olacaqdır. Naxçıvan şəhər buzxanasından milli mətbəximizin təbliği məqsədilə istifadə olunması muxtar respublikamıza gələn qonaqlara tariximizi və mədəniyyətimizi birlikdə tanıtmağa imkan verəcək.
Səbuhi HƏSƏNOV
"Şərq qapısı" qəzeti
14.05.20