Mövcud pandemiyanın bütün dünya ölkələrində davam etdiyi bir şəraitdə turizmin inkişafı da maraqdoğuran məsələlərdəndir. Bu istiqamətdə bir çox dövlətlərdə olduğu kimi, ölkəmizdə də daxili turizmin inkişafı perspektiv məqsədlər arasında yer almaqdadır. Cari ildə iyun ayından başlayaraq sosial məsafə şərtləri daxilində turların təşkilinə başlanılması muxtar respublikamızda daxili turizm üzrə mövcud resurslarımızdan maksimum istifadə məsələlərini gündəmə gətirir. Çünki turizm və rekreasiya istənilən şərtlər daxilində hər bir insanın əsas tələbatlarından biridir.
Beynəlxalq turizmdən fərqli olaraq, daxili turizm sırf ölkə daxilində həyata keçirilən səyahətlər hesabına formalaşır. Valyuta gəlirləri gətirməsə də, daxili turizm getmə turizmdən ölkənin itirdiyi valyuta vəsaitlərinin qarşısını aldığı üçün idxaləvəzləyən turizm tipi də hesab olunur. Bundan başqa, əcnəbi turistlərin səfərləri zamanı zəruri olan bir sıra ciddi rəsmiyyətçilik və tənzimləmə tədbirlərinə ehtiyac duyulmayan daxili turizmdə başqa ölkələrdən gələ biləcək hər hansı təhlükənin, o cümlədən turistlərin daşıyıcısı ola biləcəyi kəskin yoluxucu xəstəliklərin yayılması riski olduqca aşağıdır. Ona görə də “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli Sərəncamında daxili turizmin də bundan sonrakı dövrdə prioritet olacağı göstərilib, digər sahələrlə yanaşı, bu sahənin inkişafının dövlət tərəfindən dəstəklənməsi və özəl investisiyaların cəlb olunmasının təşviq edilməsi məqsədəuyğun hesab edilib.
Zəngin turizm ehtiyatlarına malik olan Naxçıvan Muxtar Respublikasında daxili turizmin inkişafını qısa olaraq mövcud insan resursları, şəhər mədəniyyəti, müasir kənd infrastrukturu, sosial həyatdakı yüksək tələbatlar və xidmət sektorundakı peşəkarlıqla xarakterizə etmək mümkündür. Bu mənada, Naxçıvanın turizm cazibəsi kimi ölkəmizin vətəndaşlarının nəzərində ilk olaraq müqəddəs Əshabi-Kəhf ziyarətgahı, əzəmətli Haçadağ, Əlincəqala əfsanəsi, Duzdağın şəfalı möcüzəsi, Şahbuz və Ordubadın gözəl təbiət guşələri, nadir memarlıq inciləri, bənzərsiz dad-tamı olan Naxçıvan meyvələri və milli mətbəx nümunələrimiz canlanır. Bu ehtiyatlar, eləcə də Naxçıvanda son illərdə yaradılmış yüksək səviyyəli yol, rabitə, enerji infrastrukturu və sosial-mədəni şərait turizmin bir çox növləri üzrə geniş imkanlar yaradır. Ötən dövrdə bu şəraitdən istifadə olunması ilə il ərzində Naxçıvana səyahət edən turistlərin sayı 400 mindən artıq olub. Bu mənada, Naxçıvan Muxtar Respublikası əldə olunmuş təcrübənin, qazanılmış turizm imicinin bundan sonrakı dövrdə daxili turizm hesabına da davam etdirilməsi məqsədilə qarşıya qoyulmuş vəzifələrin icrası ilə ölkəmizin turizm bazarı üçün geniş potensial vəd edir.
Turizm insanların asudə vaxtlarının səmərəli təşkilinə və çox sayda yeni iş yerlərinin yaradılmasına səbəb olur. Bu mənada, Naxçıvanda daxili turizmin inkişafı zamanı həm yerli sakinlərin, həm də ölkəmizin digər yerlərindən muxtar respublikaya gələn insanların sayı və onların səyahət motivlərinin yerli resurslar hesabına əvəz olunması imkanlarına baxmaq lazımdır. Getmə turizm istiqamətində naxçıvanlıların indiyə qədər ölkəmizin digər regionlarına, eləcə də Türkiyə və Gürcüstana etdikləri səyahətlərin daha sərfəli qiymətlər və daha təhlükəsiz şərtlər daxilində muxtar respublikamızın turizm-rekreasiya məkanlarında təşkili ilə əvəz olunması bu baxımdan gələcəkdə qarşıya qoyulan vəzifələrdəndir. Eləcə də ölkəmizin digər yerlərindən Naxçıvana gələcək turistlərin sayının da yaxın perspektivdə artacağı gözlənilir. Rəqabət baxımından daxili turizm bazarımızın dünya turizm bazarının bir ünsürü olduğunu nəzərə alsaq, buradakı servis qiymətlərinin və keyfiyyətinin yaxın gələcəkdə aparıcı faktor olacağını düşünmək olar. Digər bir tərəfdən bu dövrün həm də daxili turizm bazarının rəqabət qabiliyyətinin artırılması fürsəti kimi də dəyərləndirilməsi mümkündür. Bu mənada, Naxçıvanda dövlət dəstəkli sosial tur layihələr üzrə keçmişdə əldə olunmuş müsbət təcrübənin və sosial paket turların da burada çox effektli təşviqedici gücə malik olacağını qeyd edə bilərik. Qarşıdakı dövrdə qış xizək turizminin də təşkil olunduğu Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsinə, eləcə də Şahbuz və Ordubaddakı kəndlərdə mövcud olan villatipli kənd evlərinə daha çox yerli sakinin mənalı istirahət üçün üz tutacağı şəksizdir. Bundan əlavə, bu gün Naxçıvan Muxtar Respublikasında mərkəz nöqtəsi Naxçıvan şəhəri olmaqla, Naxçıvan-Batabat, Naxçıvan-Ağbulaq, Naxçıvan-Ordubad-Gəmiqaya, Naxçıvan-Əshabi-Kəhf, Naxçıvan-Əlincəqala və Naxçıvan-Qarabağlar istiqamətlərində turizm marşrutları da fəaliyyət göstərir. Bu turizm marşrutları üzrə tur proqramlara qatılan hər yaş kateqoriyasından olan turistlərə birgünlük maraqlı tanışlıq-dərketmə ekskursiyaları da böyük tələbat görən səyahətlərdəndir.
Heç bir çətinlik insanın elmi və yaradıcı qüvvəsindən güclü deyildir. İnsanın mühüm sosial tələbatlarını ödəyən turizmin də hazırkı pandemiyadan daha az zərər görməsi üçün Naxçıvan Muxtar Respublikasında daxili turizmin inkişafı üçün görüləcək hər bir iş qədim diyarın qazandığı turizm imicinin daha da artırılması və məşğulluq məsələlərində çox effektiv olacaq.
Əli CABBAROV
"Şərq qapısı" qəzeti
09.06.20