8 dekabr 2020-ci il tarixdə Ordubad şəhəri üzrə piyada marşrutunun proqramına əsasən “Turizm könüllüsü” layihəsinın iştirakçıları üçün ekskursiya təşkil olunmuşdur.
Ekskursiya başlamazdan əvvəl Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin Statistika və sertifikatlaşdırma sektorunun aparıcı məsləhətçisi Süleyman Rüstəmov çıxış edərək bildirmişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 3 aprel 2019-cu il tarixli Sərəncamına əsasən Naxçıvan Dövlət və Naxçıvan universitetlərinin “Turizm və otelçilik” ixtisasları Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin hamiliyinə verilmişdir. Adıçəkilən ixtisas üzrə təhsil alan tələbələrin peşə hazırlığının yüksəldilməsi və təcrübəli kadr kimi formalaşdırılması məqsədilə Departament tərəfindən mütəmadi olaraq müxtəlif formatlı tədbirlər keçirilir, müəyyən edilmiş vaxtlarda tələbələrin Departamentdə və Departamentin tabeliyindəki müəssisələrdə, eləcə də Naxçıvan şəhərində fəaliyyət göstərən mehmanxanalarda və turizm şirkətlərində istehsalat təcrübəsi keçmələri təmin olunur, muzeylərə və tarixi abidələrə ekskursiyaları təşkil edilir. Departament tərəfindən həyata keçirilən “Turizm könüllüsü” layihəsinin məqsədi tələbələrlə aparılan işlərin səmərəliliyini daha da artırmaqdan ibarətdir.
Ordubadın zəngin turizm potensialı, rayonun tarixi, özünəməxsus dəyərləri, görkəmli şəxsiyyətləri haqqında məlumatlarla yaxından tanışlıq məqsədilə tərtib edilmiş piyada marşrutunun proqramına uyğun olaraq könüllülər əvvəlcə Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyində olmuşlar. Burada könüllülərə Muzey və buradakı nadir maddi-mədəniyyət nümunələri haqqında geniş məlumat verilib. Qeyd olunub ki, muzey XVII əsr abidəsi olan “Qeysəriyyə” binasında yerləşir. “Qeysəriyyə” dünyadakı nadir tarixi-memarlıq abidələrdən biridir. Muzeyin fonduna 4000-dən çox eksponat daxildir və onların əksəriyyəti ekspozisiya zalında 15 guşədə nümayiş olunur.
Akademik Yusif Məmmədəliyevin Ev Muzeyi ilə tanışlıq da tələbələrdə böyük maraq doğurub. Bildirilib ki, alimin ev-muzeyi 1975-ci ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə yaradılıb. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 28 fevral tarixli Sərəncamına əsasən ölkəmizdə Yusif Məmmədəliyevin 100 illik yubileyi dövlət səviyyəsində qeyd olunub, görkəmli alimin Ordubaddakı ev muzeyində yenidənqurma işləri aparılıb. Burada akademikin həyat və fəaliyyətinin müxtəlif dövrlərinə aid sənədlər, çap olunmuş əsərləri, fotoşəkillər, habelə xatirə şəkillərindən ibarət 2000-dən artıq eksponat saxlanılır.
Ekskursiya iştirakçıları görkəmli pedaqoq, maarifçi və şair Məhəmməd Tağı Sidqinin Ev Muzeyində də olublar. Məlumat verilib ki, muzey Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 17 sentyabr tarixli Sərəncamına əsasən yaradılıb. Muzeyin binası ikimərtəbəlidir. Ekspozisiya zalı binanın ikinci mərtəbəsində yerləşir. Zalda Sidqinin hikmətli sözlərindən seçmələr, ömrünün müxtəlif dövrlərini əks etdirən, eləcə də ailə üzvlərinin, sənət yoldaşlarının və vaxtilə onun şagirdləri olan görkəmli şəxsiyyətlərin fotoşəkilləri də nümayiş etdirilir.
Tələbələr Məmməd Səid Ordubadinin Ev Muzeyini də ziyarət ediblər. Muzeylər tanışlıq zamanı məlumat verilib ki, Ordubadi dövrünün ustad ədibi, ictimai xadimi kimi tanınıb. Muzey 1972-ci ilin iyununda ədibin anadan olmasının 100 illiyi münasibəti ilə yaradılıb. 2010-cu ildə yenidən qurulan muzeydə Məmməd Səid Ordubadinin həyat və fəaliyyətini əks etdirən fotoşəkillər, portretlər, müxtəlif sənədlər, yaşadığı dövrə aid xatirə əşyaları, əsərlərinin müxtəlif illərdə və dillərdə nəşrlərindən nümunələr, məktub və əlyazmalar, ədibin silahdaşları olmuş görkəmli şəxslərin fotoşəkilləri kimi 700-dən çox eksponat nümayiş olunur.
Proqrama əsasən könüllülər Ordubad buzxanası, Ordubad hamamı, Sərşəhər meydanı və Ordubad şəhər Cümə məscidi ilə də tanış olmuş, bu obyektlər haqqında tələbələrə ətraflı məlumat verilmişdir.
Ekskursiya zamanı həmçinin ekskursiyanın təşkili qaydaları əyani nümayiş etdirilmiş, iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.