"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Mənalı istirahət və turizm mərkəzi AĞBULAQ

Müasir insan həyatının mühüm tərkib hissəsi asudə vaxtdır. İş və ev qayğılarından sonra məhz asudə vaxtın səmərəli keçirilməsi isə turizm və rekreasiya kompleksinin əsas vəzifələrindən biridir. Sosial-mədəni infra­struktur kimi həyat keyfiyyətinə birbaşa təsir edən bu kompleksin zənginliyi isə ölkənin iqtisadi inkişaf səviyyəsindən və insanların mədəni istirahətə verdiyi önəmdən çox asılıdır.   

Son dövrlərin zərurəti kimi Naxçıvanda daxili turizmə xüsusilə diqqət ayrılması regionun rəngarəng turizm ehtiyatlarından daha səmərəli istifadəyə geniş imkanlar yaradıb. Tanışlıq, dini-ziyarət, müalicə, ekoturizm və kənd-yaşıl turizm növlərində xeyli potensial əldə edilmiş Naxçıvanda qış turizmi növlərinin də populyarlaşması səyahət həvəskarları olan yerli əhalinin və xarici turistlərin burada ilboyu mənalı asudə vaxtı səmərəli keçirmək imkanlarını artırır. Ağbulaq Xizək Mərkəzi, bu mənada, qış fəslində xizək idman növlərinə maraq göstərən və hər yaşdan olan insanlar üçün sərfəli qiymətə istirahət və əyləncə dolu zəngin təəssürat vəd edən ideal məkandır. 

Naxçıvanda qış uzun sürməsə də, Şahbuz dağlarında noyabrın sonlarından marta qədər yağan qar bu yerlərin əsl sərvətinə çevrilir. Qalın qarın özü ilə gətirdiyi mülayim, həzin hava şəraiti həm qışın təravətini insanlara yaşatdırır, həm torpağı doyuraraq gələn ilin bərəkətini gətirir, həm də xizək idmanı üçün unikal təbii şərait yaradır. Şahbuzda, Dərələyəz və Zəngəzur dağlarının qovuşduğu Ağbulaqda bunların hamısı vardır. Bu il isə Şahbuzda da yağan qalın qarın sevincini doyunca yaşamaq üçün Ağbulaq Xizək Mərkəzinə üz tutanlar daha yaxşı istirahət edib, Naxçıvanın təbii gözəlliklərindən dərin zövq alırlar.

Ağbulağın yazı qədər qışı da belə gözəlliklərlə doludur. Ötən illərdə Naxçıvana gəlmiş ölkədaxili və əcnəbi turistlərlə Şahbuz dağlarına qalxarkən dəfələrlə onların Ağbulağın xalı kimi rəngbərəng sinəsinə heyranlıqla tamaşa etdiklərinin şahidi olmuşuq. Şübhəsiz, qışın bu gözəl çağında ağappaq örpəyə bürünmüş təbiətin bu dilbər guşəsinin cazibəsi turistləri daha çox çəkir. Xizək turizmi kimi elit kateqoriyalı turizm növünün cazibəsi ilə yanaşı, Ağbulaqda yaradılmış hər cür şərait də burada bircə gün olanlarda geniş təəssürat yaradır.

Turizm təəssüratı üçün hazır təbii şəraitlə paralel olaraq yaradılmış şərait də mühüm tələblərdəndir. Ağbulaq İstirahət Mərkəzi malik olduğu zəruri infrastruktura görə ilin hər fəslində burada asudə vaxt keçirmək istəyənlər üçün belə şərait vəd edir. Naxçıvan şəhərindən cəmisi 1 saatlıq rahat yol, Araza qədər geniş panoramlı mənzərə, təmiz, günəşli hava və Avropa sayağı abad kənd buranın ilk cazibə elementlərindəndir. Mərkəzin özü isə müasir kamp məkanı üçün tələb olunan hər cür rahatlığa malikdir. Burada bir gün keçirmək, yaxud bir neçə gün qalmaq istəyən tək, iki nəfərlik, yaxud ailəli turistlər üçün hər cür seçim vardır. Mərkəzdə ümumi tutumu 76 nəfər olan 38 otaq fəaliyyət göstərir. Bütün otaqlar yüksək komfortlu otel standartlarına uyğun olan şəraitlə təmin edilib. Ağbulağa gəlmiş turistlər dəniz səviyyəsindən 2 min metr yüksəklikdə qazandıqları təəssüratları 4G sürətli internetlə dostları ilə paylaşa bilir. Xizəksürmə təcrübəsindən başqa turistlərə burada zəngin qastronomiya servisləri də təklif olunur. Kənd üsulu ilə hazırlanmış ləziz mətbəx nümunələrinin dad-tamı mərkəzdə asudə vaxt keçirənlərin uzun müddət yaddaşında qalacaqdır. Tamamən təbii yollarla istehsal olunan ərzaq məhsullarından dadmaq fürsəti indi nadir hallarda olur. Ağbulağa istirahətə gəlmiş turistlər əyləncə ilə yanaşı, bu fürsəti də qazanırlar.

Ağbulaqda yaradılmış xizəksürmə infrastrukturu ən müasir komfort, erqonomika və təhlükəsizlik standartlarına cavab verir. Estetik görüntüsü ilə də rekreasiya dəyəri çox yüksək olan Ağbulağın xizək enişləri zəruri kanat yolla təmin edilib. Qış aylarında burada həmişə qar olsa da, xizəksürmə həvəskarlarına davamlı xidmətlər göstərə bilmək üçün süni qaryaratma sistemləri də quraşdırılıb. Burada xizəksürmə ilə ilk dəfə tanış olanlar xizəksürmə üzrə mütəxəssislərdən məsləhət və kömək ala bilirlər. Xüsusi geyim və xizəksürmə avadanlıqları isə həvəskarların bol təəssüratla sağ-salamat evlərinə qayıtmasında əsas texniki şərtlərdəndir. Buna görə də hər kəs çalışır ki, Ağbulağa bir gələn, bir daha gəlsin.

Ağbulaq həm yay, həm də qış tətilində tələbə-gənclərin sevimli məkanıdır. Burada aktiv yaşda olan bu insanlar üçün həm aktiv istirahət, həm də təlim proqramları həyata keçirilir. Təbiətlə daha çox ünsiyyətdə olmaq, müasir texnologiyanın yaratdığı stresdən uzaqlaşmaq və həm də xüsusi idman növləri üzrə təhsil almaq baxımından bu mərkəzin turizm-rekreasiya dəyəri yüksəkdir. Naxçıvan Dövlət Universitetinin Bədən tərbiyəsi və idman, Məşqçilik ixtisasları tələbələrinin Ağbulaq Xizək Mərkəzində təlim keçməsinin xizəkçilik idman növü üzrə peşəkar kadrların hazırlanmasında mühüm əhəmiyyəti vardır.

 Əli CABBAROV

"Şərq qapısı" qəzeti

17.02.2021

 

 

01081122
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
177
225
1137
8044
1081122

Tarix: 26-12-2024
Biz, sosial şəbəkələrdə: