"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

“Naxçıvan Muxtar Respublikasının turizm potensialının təbliğində gənclərin rolu” mövzusunda tədbir keçirilmişdir

30 mart 2021-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti və “Naxçıvan Muxtar Respublikasının Gənclər Fondu” publik hüquqi şəxsin təşkilatçılığı ilə “Naxçıvan Muxtar Respublikasının turizm potensialının təbliğində gənclərin rolu” mövzusunda tədbir keçirilmişdir. Ağbulaq Xizək Mərkəzində keçirilən tədbirdə  Naxçıvan Universitetinin “Turizm və otelçilik” ixtisası üzrə təhsil alan tələbələri iştirak etmişdir.

Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin direktoru Əkbər Novruzov tədbir iştirakçılarına muxtar respublikanın turizm potensialı haqqında ətraflı məlumat vermişdir. Bildirmişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə son illər qədim diyarın tarixi-mədəni irsinin tanıdılması, müalicə mərkəzlərinin yenidən qurulması, həyata keçirilən abadlıq-quruculuq işləri turizmin inkişafına təkan vermiş, muxtar respublikaya gələn turistlərin sayı ilbəil artmışdır. Bu gün muxtar respublikanın ən ucqar dağ kəndlərinə belə, rahat asfalt yollar salınmış, su xətləri çəkilmiş, müasir infra­struktur obyektləri tikilmiş, fasiləsiz təbii qaz, elektrik enerjisi, rabitə xidməti və sürətli internet şəbəkəsi istifadəyə verilmişdir. 2016-cı ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisində turizmin inkişafı ilə bağlı müşavirənin keçirilməsi, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 31 yanvar tarixli Sərəncamına əsasən “2018-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına dair Dövlət Pro­qramı”nın qəbul olunması turizmin inkişafında yeni mərhələnin əsasını qoymuşdur.

Məruzəçi qeyd etmişdir ki, bu gün muxtar respublikada müasir tələblərə uyğun mehmanxana və mehmanxanatipli müəssisələr fəaliyyət göstərir. 2013-cü ildə Ağbulaq İstirahət Mərkəzinin istifadəyə verilməsi, Ağbulaq kəndində aparılan abadlıq-quruculuq işləri və yaradılan Ağbulaq Xizək Mərkəzi Ağbulaqda kənd və dağ-xizək turizminin inkişafı üçün geniş imkanlar açır.

Direktor bildirmişdir ki, təbliğat işi turizm sahəsində ən mühüm məsələlərdən biridir. Departamentin tabeliyində fəaliyyət göstərən Naxçıvan Turizm İnformasiya Mərkəzinin sosial şəbəkələrdəki səhifə və qruplarına muxtar respublikanın tanıdılması məqsədilə mütəmadi olaraq təbliğat xarakterli məlumatlar və fotoşəkillər daxil edilir, həmçinin həmin məlumatlar Azərbaycanın digər bölgələrində yerləşən turizm informasiya mərkəzlərinə, Azərbaycanda və 20-yə yaxın xarici ölkədə fəaliyyət göstərən turoperatorlara, eləcə də mehmanxanaların elektron poçt ünvanlarına göndərilir. Bu gün muxtar respublikanın turizm potensialının tanıdılmasında hər kəs kimi gənclərində üzərinə böyük məsuliyyət düşür. Onlar sosial şəbəkələrdə fəal olmalı muxtar respublikanın turizm ehtiyyatları və infrastrukturunun təbliğində yaxından iştirak etməlidirlər.

Qeyd olunmuşdur ki, daxili turizmin inkişafı və təşkil olunan daxili turlar muxtar respublikada xidmətin keyfiyyətinin yüksəlməsinə səbəb olacaqdır. Əminliklə deyə bilərik ki, bu gün dinamik inkişafa hesablanmış dövlət siyasətinin nəticəsində pandemiyadan sonrakı dövrdə Naxçıvan Muxtar Respublikası dünyada unikal turizm bölgəsi kimi tanınacaq və muxtar respublikaya gələn turistlərin sayı ilbəil artacaqdır.

Tədbirdə çıxış edən “Naxçıvan Muxtar Respublikasının Gənclər Fondu” publik hüquqi şəxsin icraçı direktoru Cəbi Quliyev bildirmişdir ki, hər bir ölkənin perspektiv inkişafı, müstəqilliyinin möhkəmləndirilməsi və dövlətçiliyinin gücləndirilməsi gənc nəslin intellektual inkişafından və cəmiyyətin aparıcı üzvlərinə çevrilməsindən asılıdır.  Bu gün dövlət gənclər siyasəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı ilə özünün keyfiyyətcə yeni inkişaf mərhələsini yaşayır. Ölkəmizin bütün bölgələrində gənclərin hərtərəfli inkişafı üçün ardıcıl tədbirlər görülür, elm və təhsil ocaqları, gənclər evləri, idman kompleksləri tikilib istifadəyə verilir. Bunun nəticəsidir ki, bugünkü Azərbaycan gəncliyi cəmiyyət həyatının bütün istiqamətlərində fəal iştirak edir, yüksək intellektli toplum kimi yetişir, beynəlxalq miqyaslı yarış və tədbirlərdə ölkəmizi layiqincə təmsil edir.  

Naxçıvan Universitetinin “Turizm və otelçilik” ixtisası üzrə IV kurs tələbəsi, turizm könüllüsü Sərxan Əliyev çıxış edərək bildirmişdir ki, hər bir ölkənin inkişafı, müstəqilliyinin möhkəmləndirilməsi və dövlətçiliyinin gücləndirilməsi gənc nəslin intellektual inkişafından və cəmiyyətin aparıcı üzvlərinə çevrilməsindən asılıdır.

Vurğulanmışdır ki, bu gün ölkəmiz artıq dünya miqyaslı beynəlxalq tədbirlərin keçirilməsi sahəsində böyük təcrübəyə malikdir. Müxtəlif ali təhsil müəssisələrinin tələbələri də ölkəmizdə keçirilən bütün vacib beynəlxalq tədbirlərdə könüllülər qismində çıxış edirlər. Bu isə onların peşəkar kadr kimi formalaşmasında mühüm rol oynayır.

Daha sonra tələbələrin sualları cavablandırılmış, muxtar respublikanın turizm potensialını özündə cəmləşdirən fotosərgiyə baxış keçirilmişdir. Sonda tədbir iştirakçıları Ağbulaq Xizək Mərkəzi ilə tanış olmuş və tədbirə çay süfrəsi ilə yekun vurulmuşdur.        

01081203
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
5
253
1218
8125
1081203

Tarix: 27-12-2024
Biz, sosial şəbəkələrdə: