"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Tələbələrin istehsalat təcrübəsi davam edir

Naxçıvan Muxtar Respublikası  Ali  Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 2019-cu il 3 aprel tarixli Sərəncamına əsasən Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin hamiliyinə verilmiş “Naxçıvan” Universitetinin “Turizm və otelçilik” ixtisası üzrə III kurs tələbələrinin istehsalat təcrübəsinə start verilmişdir. Qrafikə uyğun olaraq 13 aprel 2021-ci il tarixdən başlayan təcrübədə tələbələr ilk öncə Naxçıvan Muxtar Respublikasının Turizm  Departamentində olmuş və Departamentin fəaliyyəti ilə yaxından tanış olmuşlar. Onlara “Turizmin inkişafı və təbliği”, “Statistika və sertfikatlaşdırma” və həmçinin “Maliyyə-təsərrüfat və ümumi işlər” sektorlarının iş prinsipləri haqqında məlumatlar verilmiş iş otaqlarında gedən işlərlə əyani şəkildə tanış olmaları təşkil olunmuşdur.  Tərtib olunmuş qrafikə əsasən tələbələrin keçdikləri istehsalat təcrübəsi Departamentin tabeliyində fəaliyyət göstərən təşkilatlarda davam etmişdir. Belə ki, tələbələr 20 aprel 2021-ci il tarixdə Naxçıvan Turizm İnformasiya Mərkəzində olmuş, buranın iş prinsipi ilə yaxından tanış olmuşlar. Mərkəzdə tələbələrə binanın tarixi haqqında geniş məlumat verilmiş, bildirilmişdir ki, Mərkəz 2012-ci ildən fəaliyyətini XVII-XVIII əsrlərə aid tarixi memarlıq abidəsi olan Zaviyə-Mədrəsə binasında davam etdirir. Qeyd edilmişdir ki, Naxçıvan Turizm İnformasiya Mərkəzinin əsas fəaliyyət istiqamətlərindən biri mərkəzə müraciət edən yerli və xarici vətəndaşların məlumatlandırılmasıdır. Mərkəzə müraciət edənlər hotellər, restoranlar, muzeylər, mağazalar, hostellər və kirayə verilən evlər, tarixi mədəniyyət abidələri, turoperatorlar, bələdçilər haqqında məlumat əldə edə bilərlər.  Həmçinin tələbələrə Mərkəz tərəfindən hazırlanmış muxtar respublikanın turizm potensialını əks etdirən reklam-informasiya vasitələri, Mərkəzin sosial şəbəkələrdəki səhifə və qrupları haqqında  geniş məlumat verilmiş və əyani şəkildə göstərilmişdir.

Tələbələrin təcrübəsi 21 aprel 2021-ci il tarixdə “Milli Yeməklər” ictimai iaşə MMC-də fəaliyyət göstərən “Naxçıvan mətbəxi” Kulinariya Mərkəzində davam etdirilmişdir. Burada tələbələrin Mərkəzin və “Milli Yeməklər” ictimai iaşə MMC-nin fəaliyyəti ilə tanışlığı təşkil olunmuşdur. Mərkəzdə tələbələrə “Naxçıvan mətbəxi” Kulinariya Mərkəzi və “Milli Yeməklər” ictimai iaşə MMC-nin yerləşdiyi Naxçıvan şəhər buzxanası haqqında məlumat verilmişdir. Bildirilmişdir ki, yüksək memarlıq həllinə görə binanın Naxçıvan memarlıq məktəbinin inkişaf etdiyi XII-XIV əsrlərdə tikildiyi ehtimal olunur. Naxçıvan şəhər buzxanasının plan quruluşu düzbucaqlı formadadır.  Uzunluğu 20, eni isə 9 metr olan bu bina ilk baxışdan birmərtəbəli binanı xatırlatsa da, ümumi hündürlüyü 9,6 metrdir. Divarlarının qalınlığı 1 metr olan abidə memarlıq quruluşu saxlanılmaqla bərpa olunmuşdur. Qeyd olunmuşdur ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2009-cu il 9 aprel tarixli Sərəncamına əsasən “Naxçıvan mətbəxi” Kulinariya Mərkəzi yaradılmışdır. Xalq yaradıcılığının ən qədim sahələrindən olan kulinariya mədəniyyətinin qorunması, sistemli şəkildə öyrənilməsi, inkişaf etdirilməsi və təbliği “Naxçıvan mətbəxi” Kulinariya Mərkəzinin fəaliyyətinin əsas istiqamətlərini təşkil edir. Mərkəz tərəfindən unudulmaqda olan mətbəx nümunələri ilə yanaşı, milli mətbəximizə aid adət-ənənələr və folklor nümunələri toplanılır. Sonda isə tələbələri maraqlandıran suallar cavablandırılmış, onların “Milli Yeməklər” ictimai iaşə MMC-nin fəaliyyəti ilə tanışlığı təmin olunmuşdur.

Qeyd edək ki, 27 may 2021-ci il tarixədək davam edəcək təcrübənin qrafikinə əsasən tələbələrin Naxçıvan şəhərində fəaliyyət göstərən mehmanxanalar, muzeylər və turizm şirkətlərində də istehsalat təcrübəsi keçmələri nəzərdə tutulmuşdur.

01073838
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
108
148
459
760
1073838

Tarix: 04-12-2024
Biz, sosial şəbəkələrdə: