Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin birgə təşkilatçılığı ilə Naxçıvan Regional Peşə Tədris Mərkəzində “Naxçıvan Muxtar Respublikasında mövcud olan turizm marşrutları üzrə bələdçilərin texniki-peşə biliklərinin təkmilləşdirilməsi” təlimi başa çatmışdır. Təlim, Azərbaycan Turizm Bürosunun Sənaye Assosiasiyaları üzrə meneceri, Ümumdünya Turizm Bələdçiləri Assosiasiyaları Federasiyasının (WFTGA) beynəlxalq təlimçisi Səkinə Əsgərova tərəfindən aparılmış, tədris müddətində müdavimlərə turizm marşrutları üzrə bölgələrin coğrafiyası, tarixi, iqtisadiyyatı, incəsənət və əsas mədəniyyət mərkəzləri, muzeyləri, maddi və mədəni tarixi-memarlıq abidələri, eyni zamanda bölgə əhalisinin etnoqrafik xüsusiyyətləri haqqında ətraflı məlumat verilmişdir. Təlim iştirakçılarına bu sahədə fəaliyyət göstərən şəxslərin xarici dil biliklərinə, yüksək ünsiyyət qurma, səlis, işgüzar və mədəniyyətlərarası danışıq bacarığına, ölkə¬nin coğrafiyası, tarixi və mədəniyyəti barədə ətraflı biliklərə, dünyagörüşünə malik olmasının əsasları və şərtləri izah olunmuşdur. Dörd gün davam edən təlimdə iştirakçılara “Kursun məqsədi və obyektləri”, “Turizm bələdçisinin rolu”, “Müxtəlif növ turlarda bələdçilik fəaliyyəti”, “Bələdçi mətninin strukturu”, “Səs, sözlərdən istifadə, sualların idarə edilməsi”, “Turizm məhsulu və turizm marşrutunun inkişaf etdirilməsi”, “Gəzinti və avtobus turunda beynəlxalq standartlar” mövzusunda seminarlar tədris olunmuş, Naxçıvan Muxtar Respublikası üzrə tematik, muzey, gəzinti və avtobus turları üzrə praktik məşğələlər təşkil edilmişdir.