"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Naxçıvanın turizm potensialı: imkanlar və perspektivlər

Naxçıvan deyəndə öncə ağıla təmiz bir şəhər gəlir. Abad küçələr, hamar yollar, gül-çiçəkli bağlar, parklar və s. Bu, artıq illərdir ki, Naxçıvana gələn istər turist, istərsə də media nümayəndələrinin etiraf etdiyi reallıqdır. Bir şəhərin, bölgənin tanıdılmasında təmizlik və yaşıllıq mühüm rol oynayır. Ələlxüsus da turizmdə hər şey kiçik detaldan başlayır. Əslində kiçik detal dediyimiz də insan sağlamlığı və zövqü üçün önəmlidir, o da hələ ola pandemiyanın bitmədiyi bir zamanda.

Naxçıvan media-tur iştirakçılarının gözü ilə

Azərbaycan Dövlət Turizm Agentliyi Naxçıvan Muxtar Respublikası Turizm Departamenti ilə birgə hazırladığı turizmin inkişafı istiqamətində 2020-2023-cü illəri əhatə edən proqram çərçivəsində agentliyin, turizm bürosunun əməkdaşları və media nümayəndələrinin iştirakı ilə muxtar respublikamıza 21-22 oktyabr tarixlərində media-tur təşkil edildi. Media-tur  iştirakçılarının da ilk vurğuladığı bu şəhərin təmizliyi haqqında yüksək fikirlər oldu.  Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmidin hələ ilk gündən aldığı təəssüratda bu fikirlər daha aydın özünü büruzə verir: "Naxçıvan turizm potensialında mühüm əhəmiyyəti ilə seçilən yerlərdən biridir. Burada yaradılmış infrastruktur imkan verir ki, muxtar respublikaya üz tutan turistlərin sayı daha da çox olsun. Qeyd edim ki, qısa bir zamanda burada olmağıma baxmayaraq, hiss etdim ki, bu diyarın bənzərini heç yerdə görməmişəm. Baxmayaraq ki, mən çox ölkələrə səyahət etmişəm. Naxçıvanın yaşıllığı, təmizliyi, abadlığı və səliqə-sahmanı insanı məftun edir. Mənə təsir edən əsas nüanslardan biri də Naxçıvanın landşaftı və əlbəttə ki, bu dəqiqə ən çox ehtiyacımız olan təmiz havası oldu".

Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev müsahibəsində bildirib ki, Naxçıvanın böyük turizm potensialı var. Burada müxtəlif istiqamətlər var. Bu gün Dövlət Turizm Agentliyi təkcə turizm potensialını deyil, həmçinin mədəni irsi də araşdırır. Naxçıvanda YUNESKO-nun ilkin siyahısına düşəcək abidələr var. Mən istəyərdim ki, bununla bağlı da bizim əməkdaşlar fəaliyyət göstərsinlər və gələcəkdə həmin siyahıya salınması üçün Möminə xatın türbəsi və Ordubad qoruğu haqqında araşdırmalar aparılsın.

Tarixi-mədəni turizm Naxçıvanda əsas turizm növlərindəndir. Azərbaycanın bu kiçik parçası özündə tarixin olduqca əhəmiyyətli izlərini-maddi-mədəni irsi qoruyub saxlamaqdadır. 1200-dən çox olan abidələrdən 57-si dünya, 495-i ölkə, 665-i isə yerli əhəmiyyətlidir. Dünya əhəmiyyətli abidələrdən 3-ü Sədərək, 16-sı Şərur, 9-u Kəngərli, 5-i Babək, 6-sı Şahbuz, 7-si Culfa, 4-ü Ordubad rayonlarının, 7-si isə Naxçıvan şəhərinin payına düşür. Onlardan 49-u arxeoloji, 1-i monumental, 7-si  memarlıq abidəsidir. Dünya tarixinin bir parçası olan abidələr beynəlxalq ekspedisiyaları da bu qədim diyara cəlb edir.

Hər bir tamaşaçısını heyrətləndirən Möminə xatın

Dünya memarlıq incilərindən olan Möminə xatın türbəsinin YUNESKO-nun dünya mədəni irs siyahısına salınması təşəbbüsü heç də təsadüfi deyil. Əcəmi Naxçıvaninin şah əsəri olan və dünya memarlığının nadir incilərindən sayılan Möminə xatın Şərqdə qadına hörmət və ehtiram əlaməti olaraq ucaldılmış ilk möhtəşəm abidədir. Digər tərəfdən abidə öz memarlıq quruluşu və 9 əsrdir ki, zamana meydan oxuyaraq günümüzə qədər gəlib çatması ilə tamaşaçılarını heyran edir. Tarixdən də məlumdur ki, Naxçıvan şəhəri Atabəylər dövlətinin paytaxtı olmuş XII əsrin 70-ci illərindən mərkəzi şəhər kimi fəaliyyət göstərmişdir. 1175-ci ildə Atabəylər dövlətinə başçılıq edən Şəmsəddin Eldənizin arvadı və Səlcuqlu tarixinin ən məşhur xatınlarından olan Möminə xatın Naxçıvanda vəfat edir. Azərbaycan Atabəyləri dövlətinin siyasi  həyatında mühüm rol oynayan bu ağıllı qadın Naxçıvanda torpağa tapşırılır. Atabəy Eldəniz onun qəbri üzərində məqbərə tikdirməyə başlayır. Məqbərənin tikintisi Atabəy Cahan Pəhləvanın vaxtında başa çatdırılır. Möminə xatın türbəsi orta əsr Azərbaycan memarlığının şah əsəridir. Məşhur sənətşünas, akademik M.V.Alpatov Möminə xatın türbəsi haqqında yazır: “Belə yüksək memarlıq forması duyğusuna, kompozisiyasının belə klassik kamilliyinə və mükəmməl işlənməsinə bu zamanlar Orta Avropada təsadüf etmək mümkün deyildir. Naxçıvan türbəsindən klassik şərq ədəbiyyatının ən yaxşı əsərləri Firdovsinin “Şahnamə” və yaxud Nizaminin “Leyli və Məcnun” poemasında olduğu kimi insanpərvərlik nəfəsi gəlir”. Məncə, akademikin bu dəyərli fikirlərindən sonra əlavə şərhə ehtiyac qalmır.

Bəşəriyyətin əsas sivilizasiya mərkəzlərindən olan Naxçıvan həm də Nuh peyğəmbərin yurdudur. Bu qədim diyara ayaq basan hər kəsi, hər şeydən əvvəl, tarixilik valeh edir. Necə deyərlər, hər daşında tarix yatır.

Səyyahların qənirsiz gözəli…

Bol suyu, öz dadlı-tamlı meyvələri ilə tarixən bağlar diyarı adlanan Ordubad həm də min illərdir öz sinəsində tarixi hifz edib. Xüsusilə orta əsrlərdə və Naxçıvan xanlığı dövründə sənətkarlığın geniş yayıldığı Ordubad tarixi bir əsər kimi oxunmağa, qorunmağa və sevilməyə layiq bir şəhərdir. 1977-ci ildə Azərbaycan hökumətinin qərarı ilə Ordubad qoruq şəhərə çevrilib.

Tarixi mənbələrdə Ordubadın abad bir şəhər olduğu qeyd edilir: "Ordubad şəhəri çeşidli görkəmə malikdir. İrəvan və Naxçıvandan daha ürəkaçandır. Burada xarabalıqlar, demək olar ki, yoxdur, bütün Asiya şəhərlərində olduğu kimi, küçələr əyri-üyrü olsalar da, içərilərində yaşıl bağlar görünən gil hasarlar və tikililər hesabına fasiləsiz uzanırlar".

Hər addımında tarix qoxan, vaxtilə geniş şəkildə yayılmış sənətkarlıqdan xəbər verən Ordubadın altı da, üstü də bir sərvətdir. Bu sərvətə nələr daxil deyil? Qədim küçələr, özünəməxsus arxitekturası ilə diqqət çəkən yaşayış evləri, şəbəkə sənətinin geniş tətbiq olunduğu məscidlər, yayın cırhacırında ürəyə sərinlik gətirən kəhrizlər və nəhayətdə qocaman çinarlar. XX əsrin əvvəllərində bu gözəl yurdu ziyarət etmiş Nefodov adlı bir səyyah yazıb: "Ordubad öz daş-qaşı ilə parıldayan qənirsiz gözələ bənzəyir".

Qənirsiz gözəli görməyənlər, məncə, çox şey itirir. Başdan-başa tarixdir Ordubad.

“Hər dəfə bura gələndə Naxçıvanın yenilik təqdim etməsi, insanı yaxşı mənada təəccübləndirməsi çox xoş təsir bağışlayır. Və xüsusilə turizm nümayiş obyektlərinə olan diqqəti vurğulamaq istəyirəm. Naxçıvanda abidələrin tarixiliyi qorunmaqla bərpası davam etdirilir. Burada maddi-mədəni irsimiz xüsusi həssaslıqla mühafizə olunur. Digər tərəfdən sual versələr ki, ərazinizdə neçə ədəd yaşı mini ötən abidə var, bu siyahıda Naxçıvan liderdir”,- deyə görülən işləri Azərbaycan Turizm Bürosunun meneceri Səkinə Əsgərova yüksək qiymətləndirir.

Mediatur iştirakçılarını “fəth edən” Əlincə

Qonaqlar tur çərçivəsində muxtar respublikanın tarixi-mədəni, gəzməli-görməli yerlərində olublar. O cümlədən, Əlincə qalanı ziyarət ediblər. Yenilməzlik, mübarizlik simvolu olan Əlincə media-tur iştirakçılarının qəlbini fəth edib. Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid  Naxçıvanda Əlincə qalası kimi bir turizm məkanının olmasını burada tarixən turizm potensialının zəngin olması ilə əlaqələndirib: “Qala çox möhtəşəm görünüşə sahibdir. Biz orada zirvədə uçan qartallar, xüsusi rəngdə olan  daşlar, müxtəlif formalı qayalar və digər maraqlı  mənzərələri gördük”.

Azərbaycan televiziyasının müxbiri Leyla Abbasova Əlincə qalanın möhtəşəm görüntülərini lentə alıb tamaşaçılarla və sosial şəbəkə istifadəçiləri ilə bölüşəcəyini bildirib: “Hər dəfə Naxçıvana gələndə bura bizi təəccübləndirməyə bilmir. Naxçıvanın bir sıra gəzməli, görməli yerlərində olmuşduq. Amma Əlincəyə ilk dəfədir gəlirəm. Qürurvericidir. Hər dəfə Naxçıvan bizi qədimliyi, tarixiliyi, tarixi abidələrinin çoxluğu ilə heyrətləndirir.

Real tv-nin müxbiri Vüsal Süleymanov ARB televiziyasının müxbiri Nuranə İbrahimova ilə həmfikirdir: “Tur çərçivəsində ən çox diqqətimizi çəkən Əlincə qalası oldu. 1747 pilləni fəth eləmək həqiqətən başqa hissdir. Fəth etdikdən sonra o mənzərəni görəndə yorğunluğunu unudursan, düşünürsən ki, dəyərdi”.

“Kaspi” qəzetinin əməkdaşı Rufik İsmayılov “Naxçıvanın əyilməzlik simvolu” adlı reportajında dəniz səviyyəsindən 1800 metr yüksəklikdə yerləşən Əlincə qalanın tarixindən və bərpasından söhbət açır. 1200-dən çox dünya, ölkə və  yerli əhəmiyyətli tarixi abidəyə sahib Naxçıvanda ən böyük təəssüratı Əlincə qaladan aldığını bildirir: “İlk növbədə qeyd olunmalıdır ki, Naxçıvandakı abidələrin içərisində qalaların özünəməxsus yeri var. Muxtar respublika qala tipli yaşayış yerləri ilə zəngin diyardır. Bu ərazidə qalaların çoxluğunun başlıca səbəbi Naxçıvanın əlverişli coğrafi mövqeyinin, zəngin təbii sərvətlərinin, şəhər mədəniyyətinin və inkişaf etmiş sənətkarlığının yadelli işğalçıların diqqətini cəlb etməsidir. Mübariz xalqın daş yaddaşı sayılan Əlincəqala da yadellilərə qarşı uzun illər sinə gərən, onlara qarşı mübarizə aparan xalqın sığınacaq, müdafiə məkanı olub”.

İlin bütün fəsillərində turistləri qarşılamağa hazır olan Naxçıvan

İki günlük mediatur çərçivəsində Heydər Əliyev Muzeyi, Dövlət Bayrağı muzeyi, “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə xatın türbəsi və Açıq Səma Altında Muzey Kompleksi, Əlincəqala, “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi, Nuh Peyğəmbərin türbəsi, “Badamlı Mineral Sular” MMC, Batabat yaylağı, Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsi, “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksi, “Duzdağ” oteli və Duzdağ Fizioterapiya Mərkəzi ilə tanış olan media-tur iştirakçıları Naxçıvandan xoş təəssüratla ayrılıblar. Media nümayəndələri tur çərçivəsində hazırladıqları materialları çoxsaylı tamaşaçı və oxucuları ilə paylaşıb, həmçinin sosial şəbəkə hesablarında Naxçıvanın turizm imkanlarından bəhs ediblər.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 31 yanvar tarixli Sərəncamına əsasən “2018-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına dair Dövlət Proqramı”nın qəbul olunması turizmin inkişafında yeni mərhələnin əsasını qoymuşdur. Muxtar respublikada turizm sektorunun müstəqillik illərindən formalaşmağa başladığını nəzərə alsaq, bu, heç də uzaq tarix deyil. Lakin qısa zaman kəsiyində iqtisadiyyatın mühüm qollarından olan turizmin muxtar respublikada sürətli inkişafı göz qabağındadır. Təbii ki, bu inkişafı şərtləndirən amillər sırasında aparılan genişmiqyaslı quruculuq tədbirləri, yol infrastrukturunun təkmilləşdirilməsi ilə yanaşı, mövcud imkanlar da başlıca rol oynadı: Zəngin təbiəti, füsunkar mənzərəli kəndləri, tarixin dərin qatlarını özündə yaşadan abidələri, dini və sağlamlıq ocaqları, eləcə də bənzəri olmayan mətbəx mədəniyyəti. Perspektivdə isə Naxçıvan turistləri daha çox cəlb edəcək imkanlar sərgiləyəcək. Darıdağ Arsenli Su Müalicəxanası müalicə turizmi sahəsində böyük imkanlara malikdir. Hazırda tikintisi davam edən Darıdağ arsenli su müalicə və istirahət kompleksi, həmçinin ərazidə “Darıdağ” Termal Hotelin tikintisi bu şəfalı suyun müalicəvi xüsusiyyətlərindən səmərəli şəkildə istifadəyə şərait yaradacaqdır.  Artıq Pəzməri turistik bölgəyə çevrilir. Pəzməri kəndi Ordubadın ən səfalı, dilbər guşələrindəndir. Hazırda Ordubadın turizm baxımından cəlbedici qollarından sayılan Vənənd-Pəzməri avtomobil yolu yenidən qurulur. Anaqutda tikintisi davam edən “Xan Çinar” istirahət mərkəzi turistlərin istirahətlərini daha xoş və mənalı keçirməsi baxımından əhəmiyyətli olacaq. Bu yolla səyahətlərinə davam edən turistlər məşhur Pəzməri şəlaləsi ilə də tanış olma imkanı əldə edəcəklər.

Zəngəzur dəhlizinin açılması isə Naxçıvanın turizm sektoruna öz mühüm töhfəsini vermiş olacaqdır.

Naxçıvanda gəziləsi, görüləsi yerlər, tarixi məkanlar çoxdur. Qarşıdan qış fəsli gəlir. Naxçıvan bu fəsildə də turistlərini qarşılamağa hazırdır. İnsana mənəvi dinclik, rahatlıq, əyləncə və adrenalin bəxş edən Ağbulaqda istirahətinizi dəyərləndirə bilərsiniz.  Naxçıvan şəhərindən cəmi 44 km məsafədə yerləşən, büdcənizə və zövqünüzə uyğun çeşidli xidmətləri ilə Ağbulaq Xizək Mərkəzi sizin yolunuzu gözləyir.

                                                                          Ruhiyyə Rəsulova

                                                      Naxçıvan Televiziyasının baş redaktoru

Nuhçıxan İnformasiya Agentliyi

28.10.2021

01073831
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
101
148
452
753
1073831

Tarix: 04-12-2024
Biz, sosial şəbəkələrdə: