"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

“Nuh diyarı – Naxçıvan” infoturu bu qədim diyarın turizm potensialını tanıtmaq baxımından əhəmiyyətli və yaddaqalan oldu

Məlum olduğu kimi, Naxçıvan Muxtar Respublikasının turizm potensialının təbliği məqsədilə “Nəqşicahan Holdinq”, Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi və Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin təşkilatçılığı ilə 21-24 iyun tarixlərdə “Nuh diyarı – Naxçıvan” adlı infotur təşkil edilib. Turda Azərbaycan, Türkiyə və İranı təmsil edən nüfuzlu media orqanlarının və turizm şirkətlərinin 100-dən çox nümayəndəsi iştirak edib. Onlar sırasında Azərbaycan və qonşu ölkələrin ən nüfuzlu turizm agentlikləri, bloqçular, Türkiyənin nüfuzlu “Star” və “ATV” telekanalları, “Anadolu” Agentliyi, İran İslam Respublikasının tanınmış turizm şirkətləri və “İrna” Xəbər Agentliyi, eləcə də ölkəmizin “Azad Azərbaycan”, “ARB”, “Space”, “CBC”, “Real TV”, “İctimai”, “Azərbaycan” televiziyalarının, “Report”, “Trend” kimi tanınmış informasiya agentliklərinin nümayəndələri olub. 

    Üçgünlük səyahət çərçivəsində infotur iştirakçıları üçün 23 iyun tarixdə “Duzdağ” otelində Qala gecəsi keçirilib. Qala gecəsində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev və Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin direktoru Əkbər Novruzovun çıxışları olub. Bildirilib ki, son illərdə qədim diyarın turizm potensialından səmərəli istifadə olunması, mövcud tələblərə cavab verən turizm infrastrukturunun formalaşdırılması sahəsində mühüm uğurlar əldə olunub, muxtar respublikada həyata keçirilən uğurlu sosial-iqtisadi islahatlar turizmi inkişaf edən sektora çevirib. 

    Qeyd olunub ki, Naxçıvan həm daxili turizm bazarında, həm də regional və qlobal səviyyədə ilbəil öz rəqabətqabiliyyətliliyini artırır. Burada ənənəvi turizm məhsulları ilə yanaşı, yeniliklər də təklif edilir, xidmət səviyyəsi artırılır, kadrların peşəkarlıq səviyyəsinin artırılması istiqamətində işlər görülür. Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi və Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin birgə fəaliyyətinin nəticəsi olaraq Naxçıvanın turizm potensialı son illərdə beynəlxalq tədbirlərdə sərgilənir, nümayiş etdirilir, Naxçıvan turizminə xüsusi marketinq dəstəyi göstərilir və bunlar öz effektini verir. Muxtar respublikada turizmin inkişafı sahəsində həyata keçirilən tədbirlər, yaradılan şərait qədim diyarın turizm potensialının inkişafı üçün bundan sonra da geniş üfüqlər açacaq. 
    Tədbir Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblı tərəfindən hazırlanan konsert proqramı ilə davam edib. Rəngarəng rəqs və musiqi nömrələri infotur iştirakçılarında xoş təəssürat yaradıb. Sonda qonaqlara simvolik hədiyyələr təqdim olunub.
    “Şərq qapısı” qəzetinin əməkdaşları kimi ikigünlük infotur boyu onları müşayiət etmiş, qonaqların zəngin təəssüratlarını oxucularımızla bölüşmüşük. İnfoturun son günü aldığımız növbəti müsahibələri sizlərə təqdim edirik: 

    Rəhman Quliyev – “Luna Travel” şirkətinin icraçı direktoru, turizm üzrə ekspert: – Naxçıvanda geosiyasi vəziyyəti də nəzərə alaraq turizmi genişləndirmək üçün əhəmiyyətli addımlar atılır. Bunun üçün əlverişli, münbit şərait, kifayət qədər potensial var. Qardaş Türkiyə ilə birbaşa quru sərhədimizin olması da turist axınına zəmin yaradır. Qonşu ölkələrdən muxtar respublikaya, eyni zamanda muxtar respublikadan həmin ölkələrə turist mübadiləsini yaxın gələcəkdə tətbiq edə bilərik. Gələcəkdə Qarabağ bölgəsindən Füzuli, Zəngilan Beynəlxalq Hava limanlarından Naxçıvana birbaşa reyslərin açılması bu gözəl diyarın turistlər üçün əlçatanlığını təmin edə bilər. Naxçıvanla quru sərhədlərin açılması da qonşu İran, Türkiyə dövlətlərindən Naxçıvana müəyyən istiqamətlərdən turist axınının genişlənməsinə şərait yaradacaq. Hesab edirəm ki, yaxın gələcəkdə belə beynəlxalq tədbirlərin keçirilməsi Naxçıvanı dünya ölkələrində də geniş tanıdacaq və  buraya turist axınını gücləndirəcək. Biz  bundan sonra da Naxçıvanın hər bir nöqtəsinə turist axınını təmin etmək üçün çalışacağıq. 
    Ayşən Rüstəmova – Azərbaycan televiziyasının müxbiri: – Naxçıvanın təbiəti, tarixi abidələri cəlbedici, meyvələri dadlı, qiymətlər də münasibdir. Turisti ucuzluq, gözəl tarix, yaxşı xidmət çəkir. İnsanların gülərüzlülüyü burada yadımda qaldı. Hamı o qədər doğmadır, ləhcəsi, sözü o qədər şirindir ki... Hər kəs kökünə, özünə bağlıdır və Naxçıvanla fəxr edir. Çox sevinirəm ki, nə yaxşı gəldik. Naxçıvan yaddaşımdan heç çıxmayacaq. Buradan ayrılmaq istəmirəm.  Mütləq gələn səfər valideynlərim və övladlarımla birgə buraya gələcəyəm. Naxçıvana gəlməyə də, gəzməyə də dəyər. 
    Mohammadreza Aiazi – Şərqi Azərbaycandakı Aria Xəbər Agentliyinin və Arman Təbriz xəbər saytının direktoru: – Son dəfə 1997-ci ildə Naxçıvana gəlmişdim. İndi Allaha şükür edirəm ki, Naxçıvan gündən-günə inkişaf edir. Həmişə adı ucalarda olsun. Burada həmişə aydınlıq, gözəllik olmasını istəyirik. Naxçıvanın çətin dövrlərində insanlar təhlükəli mühitdə yaşayıblar. İndi təhlükəsizlik, əmin-amanlıq mövcuddur, turizm üçün əlverişli şərait yaradılıb. İstəyirik ki, naxçıvanlılar da İrana gəlsinlər. Biz bu müddət ərzində Ordubadda, Batabatda gözəllikləri gördük. Şəhər özü bu illər ərzində çox gözəlləşib. Naxçıvanın əhalisi  də öyrəşib turistlə sədaqətli, şəffaf, aydın davransın. Bu, çox böyük bir sərmayədir bura üçün. Buradan yüksək təəssüratla ayrılıram və ölkəmə qayıdandan sonra muxtar respublikanın gözəlliklərini, turizm potensialını əks etdirən “Naxçıvan səfərnaməsi” adlı geniş məqalə yazacağam. 

- Güntac ŞAHMƏMMƏDLİ
- Gülcamal TAHİROVA

01081193
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
248
225
1208
8115
1081193

Tarix: 26-12-2024
Biz, sosial şəbəkələrdə: