"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

“2022-ci ilin birinci yarımilinin yekunları və qarşıda duran vəzifələr” mövzusunda iclas keçirilmişdir

22 iyul 2022-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Turizm Departamentində Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeddinci sessiyasında qarşıya qoyulan vəzifələr  və   2022-ci ilin birinci yarısının yekunları ilə bağlı iclas keçirilmişdir. İclası giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin direktoru Əkbər Novruzov açaraq 2022-ci ilin ötən dövrü ərzində görülmüş işlər və keçirilən tədbirlər haqqında ətraflı məlumat vermişdir.

Bildirilmişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə muxtar respublikada həyata keçirilən uğurlu sosial-iqtisadi islahatlar turizmi inkişaf edən sektora çevirib. Son illər qədim diyarın tarixi-mədəni irsinin tanıdılması, tarixi və mədəni abidələrin bərpa olunması, müalicə mərkəzlərinin yenidən qurulması, yeni otel və istirahət mərkəzlərinin tikilməsi, ən ucqar yaşayış məntəqələrində müasir tələblərə cavab verən istirahət, ticarət, xidmət və səhiyyə ocaqlarının istifadəyə verilməsi, avtomobil yollarının yenilənməsi turizmin inkişafına təkan vermiş və bu sahənin dinamik inkişafına səbəb olmuşdur.

Vurğulanmışdır ki, Naxçıvan Muxtar Respublikasının Turizm Departamentində yaradılmış şəraitdən səmərəli istifadə etməklə 2022-ci ilin birinci yarım ili ərzində muxtar respublikada turizmin inkişafı istiqamətində bir sıra işlər görülmüşdür. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 31 yanvar 2018-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2018-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına dair Dövlət Proqramı”nın icrası istiqamətində işlər davam etdirilmiş, təbliğat sahəsindəki fəaliyyət gücləndirilmişdir. Naxçıvan Muxtar Respublikasının turizm potensialı ilə bağlı məlumatların internetdə yerləşdirilməsi və onların daimi yenilənməsi təmin edilmiş, Naxçıvan Turizm İnformasiya Mərkəzinin rəsmi internet səhifəsinə eləcə də sosial şəbəkələrdəki səhifələrinə təbliğat materialları mütəmadi daxil edilmişdir. Hesabat dövründə muxtar respublikada fəaliyyət göstərən turizm sektoru nümayəndələrinin müasir standartlar səviyyəsində fəaliyyət göstərmələri və peşə biliklərinin artırılması məqsədilə ardıcıl tədbirlər görülmüşdür. Belə ki, muxtar respublikada fəaliyyət göstərən turizm sektoru nümayəndələri və turizm könüllülərinin iştirakı ilə “Beynəlxalq sərgilərin turizmdə rolu”,         “Turizm haqqında yeni qanunun tələbləri, İnzibati Xətalar Məcəlləsində dəyişikliklər və cərimələr” mövzularında maarifləndirici seminarlar keçirilmişdir. Həmçinin, turizm sahəsində fəaliyyət göstərən təsərrüfat subyektləri nümayəndələrinin iştirakı ilə Naxçıvan Muxtar Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti və Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti birgə “Turizm xidmətləri. Yerləşmə vasitələrinin təsnifatı. Minimum tələblər” mövzusunda maarifləndirici seminar keçirmişdir. Qeyd olunmuşdur ki, hesabat dövründə “31 dekabr – Dünya azərbaycanlılarının həmrəyliyi günü və Yeni il bayramı” və Novruz bayramı münasibətilə keçirilən tədbirlərə  Departamentin əməkdaşları tərəfindən mehmanxanalardan turistlər cəlb olunmuş, muxtar respublikanın turizm potensialı və əyləncə mərkəzlərində təşkil olunan tədbirlər haqqında məlumat verilmişdir. Həmçinin, 19 mart 2022-ci il tarixdə Departamentin əməkdaşları Ordubad rayonunda olmuş və orada təşkil olunan “Xan bəzəmə” mərasimində iştirak etmişlər. Tədbir Naxçıvan Turizm İnformasiya Mərkəzinin İnstagram səhifəsində canlı yayım vasitəsilə daha geniş kütləyə çatdırılmışdır.

Direktor vurğulamışdır ki, Naxçıvan Muxtar Respublikasının ölkə və beynəlxalq miqyaslı turizm tədbirlərində iştirakı təbliğat baxımından mühüm əhəmiyyət daşıyır. Bu tədbirlər eyni zamanda Naxçıvanın beynəlxalq turizm bazarında mövqeyinin möhkəmləndirilməsi işində də xüsusi rol oynayır. Hesabat dövründə Naxçıvan Muxtar Respublikasının turizm potensialının beynəlxalq aləmdə tanıdılması  məqsədilə             29-30 mart 2022-ci il tarixlərdə İsrail Respublikasının Təl-Əviv şəhərində keçirilən “Beynəlxalq Aralıq dənizi Turizm Bazarı”       (IMTM 2022), 20-22 aprel 2022-ci il tarixlərdə Qazaxıstanın Almatı şəhərində keçirilən “KİTF 2022 – Qazaxıstan Beynəlxalq Turizm Sərgisi”ndə və 9-12 may 2022-ci il tarixlərdə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən ən böyük və ən nüfuzlu beynəlxalq sərgilərdən biri hesab edilən Arabian Travel Market 2022 (ATM) beynəlxalq turizm sərgilərində Naxçıvan Muxtar Respublikasının Turizm Departamentinin əməkdaşları iştirak etmişdir. Sərgilərdə vahid Azərbaycan stendinin tərkibində “Naxçıvan Muxtar Respublikası” stendi qurulmuşdur. Quraşdırılmış monitor vasitəsilə diyarımızın turizm potensialı ilə bağlı videoçarxlar sərgi iştirakçılarına təqdim olunmuşdur. Həmçinin Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti tərəfindən hazırlanmış bukletlər, eləcə də muxtar respublikada fəaliyyət göstərən hotellər haqqında çap məhsulları, muxtar respublikanın turizm potensialını özündə əks etdirən müxtəlif kitablar, yerli istehsal məhsullarımızdan “Badamlı”, “Sirab” mineral suları, Naxçıvan duzu beynəlxalq sərgilərdə nümayiş etdirilmişdir. Həmçinin, 30 mart 2022-ci il tarixdə İsrailin Təl-Əviv şəhərində Azərbaycanın turizm nümayəndəliyinin Təl-Əviv ofisinin açılışı olmuş və “Turizm sahəsində əməkdaşlıq haqqında” saziş imzalanmışdır. İsrailin turizm naziri Yoel Razvozovla görüş zamanı Naxçıvan Muxtar Respublikasının turizm potensialı haqqında geniş məlumat verilmiş, nazirə “Naxçıvan 4 fəsil” kitabı hədiyyə olunmuşdur. Həmçinin, 28 iyun 2022-ci il tarixdə Bakı Konqress Mərkəzində keçirilən İslam Əməkdaşlığı Təşkilatının Turizm Nazirlərinin 11-ci Konfransında iştirak edilmiş, muxtar respublikanın turizm potensialı videoçarxlar vasitəsilə tədbir iştirakçılarına nümayiş etdirilmişdir.

Bildirilmişdir ki, Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi və Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti arasında “Naxçıvan Muxtar Respublikasında turizmin inkişaf etdirilməsi ilə bağlı 2020-2023-cü illər üzrə birgə Tədbirlər Planı”nın icrası 2022-ci ilin ilk yarım ili ərzində də diqqət mərkəzində saxlanılmış, Tədbirlər planının “Beynəlxalq bazarlar, marketinq və kommunikasiya” bölməsinin “İran İslam Respublikası və Türkiyə Respublikasının turoperarorları və səyahət agentliklərinin Naxçıvan Muxtar Respublikası ilə işləyən və Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən turoperator və səyahət agentlikləri ilə əlaqələrinin qurulması”, “Daxili və gəlmə turizmlə məşğul olan yerli səyahət agentlikləri və turoperatorların Naxçıvan Muxtar Respublikasına səfərlərinin təşkil edilməsi”, “Yerli media nümayəndələrini Naxçıvan Muxtar Respublikasının turizm potensialı ilə tanış etmək üçün hər il səfərlərin təşkil edilməsi” və “Xarici media nümayəndələri üçün Naxçıvan Muxtar Respublikasına press turların təşkil edilməsi” bəndlərinin icrası ilə əlaqədar olaraq 22-24 iyun 2022-ci il tarixlərdə Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi, Azərbaycan Turizm Bürosu əməkdaşlarının, Türkiyə, İran və Azərbaycanı təmsil edən turizm şirkətlərinin, media nümayəndələrinin və assosiasiyaların iştirakı ilə Naxçıvan Muxtar Respublikasına “Nuh diyarı-Naxçıvan” adlı infotur təşkil olunmuşdur. İnfoturda iştirak edən qonaqların muxtar respublika ərazisində yerləşən muzeylərə, tarixi-mədəni abidələrə, Naxçıvan Biznes Mərkəzinə, Ordubad rayonuna,  Şahbuz Dövlət Təbiət Qoruğuna, Ağbulaq Kənd Turzim-İstirahət Bölgəsinə, “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksinə, Duzdağ Fizioterapiya Mərkəzinə və “Əlincəqala” Tarix-Mədəniyyət Muzeyinə ekskursiyaları təşkil olunmuşdur. Səfərin ilk günü Naxçıvan Biznes Mərkəzində keçirilən açılış mərasimi çərçivəsində Azərbaycan, Türkiyə və İranı təmsil edən turizm şirkətlərinin nümayəndələri arasında B2B (Biznesdən biznesə) formatlı görüşlərdə əməkdaşlıq perspektivləri qiymətləndirilib. Həmçinin hər üç ölkəni təmsil edən assosiasiya rəhbərləri arasında ikitərəfli görüşlər keçirilib. Bundan başqa yerli və xarici KİV nümayəndələrinin iştirakı ilə təşkil olunan mətbuat konfransında onları maraqlandıran suallar cavablandırılıb. Sonda təbliğat istiqamətində aparılmış işlərin nəticəsi olaraq yerli mediada 78 (22 televiziya, 56 xəbər saytı), Türkiyə Respublikasının mediasında 8 (4 televiziya, 4 xəbər saytı), İran İslam Respublikasının mediasında 5 (5 xəbər saytı və qəzet) olmaqla muxtar respublikanın turizm potensialı haqqında ümumilikdə 91 xəbər məlumatı işıqlandırılmışdır. Hesabat dövrü ərzində Naxçıvan Muxtar Respublikasının Turizm Departamentinin təşəbbüşü ilə muxtar respublikada quş müşahidəçiliyi ilə əlaqədar məlumat və fotolar Azərbaycan Turizm Bürosunun dəstəyi ilə məhşur www.birdingplaces.eu saytına yerləşdirilmişdir. Saytda muxtar respublika ərazisində quşların məskunlaşdığı regionlar xəritə üzərində qeyd edilmiş və müşahidəçilər üçün ətraflı məlumat verilmişdir. Adı çəkilən saytda nadir quşların çoxluq təşkil etdiyi ərazilər əhəmiyyətlilik dərəcəsinə görə A, B, C kateqoriyalarına ayrılmışdır. Azərbaycan üzrə 16 məntəqənin  5-i Naxçıvan Muxtar Respublikası ərazisində yerləşmişdir ki, bunlardan da Azərbaycanda mövcud olan 13 A kateqoriyalı məntəqədən 3-ü, B kateqoriyalı 3 məntəqədən isə 2-si muxtar respublikanın ərazisində yerləşir. Həmçinin quş müşahidəçiliyi ilə yanaşı muxtar respublikanın turizm potensialı da ön plana çəkilərək Naxçıvanın tarixi, mədəniyyəti, milli yeməkləri, fauna və florasından da bəhs edilmişdir. Bundan başqa Tədbirlər Planının Sağlamlıq Turizmi bölməsinin icrası ilə əlaqədar olaraq Duzdağ turizm məhsulunun inkişaf etdirilməsi məqsədilə Duzdağ Fizioterapiya Mərkəzi haqqında məlumatlar “Wego” platformasına yerləşdirilmişdir. 

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 14 fevral tarixli Sərəncamına əsasən təsdiq edilmiş “2020-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı”nın icrası ilə əlaqədar olaraq Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin təşkilatçılığı və dəstəyi ilə “AirGame Paragliding” Məhdud Məsuliyyətli Cəmiyyətinin təcrübəli paraşütçülərinin muxtar respublikaya səfərləri təşkil olunmuşdur. Muxtar Respublikada ilk dəfə olmaqla “Ağbulaq” İstirahət Mərkəzində və Əlincəqalanın zirvəsindən yamac paraşütünün test uçuşları uğurla həyata keçirilmişdir. Təcrübəli paraşütçülər tərəfindən ərazinin uçuşa uyğunluğu yoxlanılmış, yamac paraşütü uçuşları üçün əlverişli olduğu müəyyən olunmuşdur. 

Diqqətə çatdırılıb ki, hesabat dövründə “Naxçıvan mətbəxi” Kulinariya Mərkəzi tərəfindən qədim milli mətbəx nümunələrinin toplanması işi davam etdirilmiş, Naxçıvan mətbəxinə xas olan yemək reseptləri sosial şəbəkələr vasitəsi ilə təbliğ edilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 19 dekabr tarixli “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” Sərəncamına əsasən tərtib edilmiş “Muzey günləri” qrafikinə uyğun olaraq idarə və təşkilatların kollektivlərinin Milli Dəyərlər Muzeyinə ekskursiyası təşkil edilmişdir.

Cari  ilin ilk altı ayı ərzində muxtar respublikada fəaliyyət göstərən kütləvi informasiya vasitələri ilə əlaqələr davam etdirilmiş, televiziya çəkilişləri aparılmış, məqalə və məlumatlar göndərilmiş, məlumatlandırıcı müsahibələr verilmişdir.

Departamentin direktoru Əkbər Novruzov qeyd etmişdir ki, 16 iyul 2022-ci il tarixdə keçirilmiş Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeddinci sessiyasında Naxçıvan Muxtar Respublikasının Turizm Departamentinin qarşısına bir sıra vəzifələr qoyulmuşdur. Sessiyada Naxçıvan Muxtar Respublikasının Turizm Departamentinə muxtar respublikanın mövcud turizm potensialı və turizm xidməti infrastrukturları haqqında məlumatların yenilənməsi, kənd yaşayış məntəqələri üzrə turizm potensialı dəyərləndirilərək yeni marşrutların müəyyənləşdirilməsi tapşırığı verilmişdir. Departamentdə 2022-ci ilin ikinci yarımilində verilmiş tapşırıqların icrası istiqamətində ardıcıl işlər görüləcək və yaradılmış şəraitdən ən səmərəli şəkildə istifadə ediləcəkdir.

 Sonra Departamentin Maliyyə-təsərrüfat və ümumi işlər sektorunun müdiri Arzuman İmanovun və Naxçıvan Turizm İnformasiya Mərkəzinin direktoru Saleh Quluyevin məruzə ətrafında çıxışları dinlənilmişdir.

01070347
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
104
242
4430
10550
1070347

Tarix: 23-11-2024
Biz, sosial şəbəkələrdə: