"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Naxçıvan turizm üçün əlverişli məkandır

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2016-cı il 1 sentyabr tarixli Sərəncamına əsasən sentyabrın 27-si ölkə­mizdə “Turizm işçiləri günü” peşə bayramı kimi təsis edilib. Bu tarix həm də dünyada Beynəlxalq Turizm Günü kimi qeyd olunur.

Turizm artıq bütün dünyada ən gəlirli sahələrdən biri kimi geniş və sürətlə inkişaf edən iqtisadi sektordur. Onun davamlı olaraq inkişaf etməsi və genişlənməsi bu sahəni sosial-iqtisadi tərəqqidə aparıcı qüvvəyə çevirib. Bu, özünü yeni iş yerlərinin yaradılması, turizmlə bağlı müəssisələrin və infrastrukturun qurulmasında göstərir. Təbii-coğrafi baxımdan əlverişli mövqedə yerləşən və zəngin təbii resurslara malik olan Azərbaycanda da bu sahənin inkişafı diqqət mərkəzindədir. 

Azərbaycanda turizmin inkişafı xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər ötən əsrin 70-ci illərindən başlayaraq ölkə turizminin əsaslı inkişafı istiqamətində ardıcıl tədbirlər həyata keçirmişdir. Məhz bu illərdə Azərbaycanda turizm təşkilatları və ekskursiya bazalarının geniş şəbəkəsi yaradılmış, müasir mehmanxanalar, ictimai əyləncə obyektləri inşa olunmuşdur. Ölkəmiz müstəqillik qazandıqdan sonra da ulu öndər bu sahənin inkişafını diqqətdə saxlamış, dövlət turizm siyasətinin tənzimlənməsi sahəsində mühüm hüquqi baza yaradılmış, “Turizm haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olunmuşdur.

Ümummilli liderimizin siyasi xəttini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də turizmin inkişafını ölkə iqtisadiyyatının vacib sahələrindən biri kimi daim diqqət mərkəzində saxlayır. Son illərdə ölkə­mizin turizm potensialının beynəlxalq aləmdə tanıdılması istiqamətində, habelə turizmin müxtəlif növlərinin inkişaf etdirilməsi sahəsində məqsədyönlü tədbirlər həyata keçirilmişdir. Ölkə başçısının imzaladığı sərəncamlar, qəbul edilən dövlət proqramlarının uğurlu icrası Azərbaycanı dünyada turizm ölkəsinə çevirmişdir. 2011-ci ilin “Turizm ili” elan edilməsi isə Azərbaycanda bu sahənin inkişafına göstərilən diqqətin daha bir ifadəsi olmuşdur. 

“Ölkəmizin dayanıqlı inkişafı üçün gəlir gətirən sahələr inkişaf etməlidir. Onların içərisində turizm xüsusi yer tutur. Turizmin inkişafı üçün birinci şərt ölkədə beynəlxalq irimiqyaslı tədbirlərin keçirilməsidirsə, ikinci şərt ölkədə infrastrukturun inkişaf etdirilməsidir”, – deyən ölkə başçısının rəhbərliyi ilə son illər Azərbaycanın bütün regionlarında yeni turizm obyektləri, yay-qış turizm kompleksləri, mehmanxanalar inşa olunmuş, mədəni-tarixi qoruqlar yaradılmışdır. Hazırda icrası uğurla davam etdirilən “2009-2018-ci illərdə Azərbaycan Respublikasında kurortların inkişafı üzrə Dövlət Proqramı” turizm-kurort sahələrinin inkişafına hesablanmış mühüm addımdır. Ölkə­miz son illər bir çox mədəniyyət, idman və digər sahələr üzrə beynəlxalq tədbirlərə, o cümlədən ənənə halını almış Dünya Mədəniyyətlərarası Dialoq və Bakı Beynəlxalq Humanitar forumlarına layiqincə ev sahibliyi edir. Eyni zamanda Bakıda böyük uğurla keçirilən I Avropa Oyunları, BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu, Avropa Qran-pri yarışı ölkəmizin turizm potensialının təbliğində mühüm rol oynamışdır. Belə mötəbər tədbirlərin keçirilməsi beynəlxalq aləmdə ölkəmizin artan nüfuzunun real göstəricisi olmaqla yanaşı, həm də respublikamızın müasir inkişafını və təbii gözəlliklərini, xalqımızın qonaqpərvərliyini, tolerantlığını, qədim mədəniyyətini və tarixini təbliğ etmək və tanıtmaq baxımından əhəmiyyətli olmuşdur. Digər bir tərəfdən multikulturalizmin həyat tərzinə çevrildiyi Azərbaycanda qonaqpərvərlik və tolerantlıq ənənələri hər zaman ölkəmizə gələn turistlərin diqqətini cəlb edir. 

Naxçıvan Muxtar Respublikasının da geniş turizm potensialı vardır. Qədim diyarda tarixi-mədəni turizmlə yanaşı, turizmin ekoloji, ziyarət, müalicə, dağçılıq və digər növlərinin inkişaf etdirilməsi üçün imkanlar mövcuddur. Muxtar respublika kəndlərinin çoxu coğrafi baxımdan dağlıq ərazilərdə, çay vadilərində yerləşir. Münbit torpaq, saf su, təmiz hava, zəngin dərman bitkiləri, bol günəş – bütün bunlar ekoloji turizmin inkişafı üçün zəngin təbiət sərvətləridir. 

Muxtar respublikada 3 yasaqlıq, 1 milli park, 1 qoruq yaradılmışdır. Bu, o deməkdir ki, muxtar respublika ərazisinin 27 faizi xüsusi mühafizə altındadır ki, bu da ekoloji tarazlığın qorunmasına xidmət edir. Şahbuz rayonunun ərazisində yerləşən Batabat, Ordubad rayonundakı Göygöl təbiəti sevənləri özünə cəlb edir. Muxtar respublikada gedən sosial-iqtisadi inkişaf ən ucqar dağ kəndlərini də əhatə etdiyindən burada kənd yaşıl turizminin də inkişafı üçün geniş perspektivlər vardır. Qədim diyarın Biçənək, Kükü, Nəsirvaz, Bist, Tivi, Şahbulaq, Ərəfsə, Gümüşlü və başqa onlarla yaşayış məntəqəsində kənd yaşıl turizminin inkişafı üçün əlverişli şərait mövcuddur. 250-dən çox mineral və müalicə əhəmiyyətli su mənbələrinin mövcudluğu, zəngin mətbəxi, qədim tarixi və mədəniyyəti Naxçıvanda turizmin inkişafı üçün geniş imkanlar açır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun diqqət və qayğısı ilə son illər qədim diyarın mədəni irsinin tanıdılması, müalicə mərkəzlərinin yenidən qurulması, həyata keçirilən abadlıq-quruculuq işləri turizm sahəsinin də inkişafına təsir etmiş, muxtar respublikaya gələn turistlərin sayı ilbəil artmışdır. Hazırda muxtar respublikada 21 mehmanxana və mehmanxanatipli müəssisə, Naxçıvan-Qarabağlar, Naxçıvan-Əshabi-Kəhf, Naxçıvan-Əlincə qalası, Naxçıvan-Ordubad, Naxçıvan-Batabat, Naxçıvan-Gülüstan turizm mar­şrutları fəaliyyət göstərir. Qədim diyarımızın bütün bölgələrini əhatə edən müasir infrastrukturun qurulması, istirahət və əyləncə mərkəzlərinin yaradılması, tarixi-mədəni irsə qayğı, yaşayış məntəqələrinin abadlaşdırılması, enerji, nəqliyyat, rabitə xidmətinin yüksəldilməsi muxtar respublikada turizmin inkişafını şərtləndirir. Bu gün Naxçıvan kəndləri təmiz havası, saf suyu və ekoloji təmiz məhsulları, əlverişli iqlim şəraiti, abad yol və müasir rabitə xidməti ilə turizmin inkişafı üçün böyük imkanlar açır. 2013-cü ildə Şahbuz rayonunda Ağbulaq İstirahət Mərkəzinin istifadəyə verilməsi bu sahədə həyata keçirilən tədbirlərin davamıdır. 

Muxtar respublikada müalicə turizminin inkişafı üçün də geniş imkanlar vardır. Duzdağ Fizioterapiya Mərkəzində tənəffüs yolları xəstəliklərindən əziyyət çəkən xəstələr üçün müasir şərait yaradılmışdır. Buraya hər il müxtəlif ölkələrdən yüzlərlə insanın müalicəyə gəlməsi həm də onun turizm əhəmiyyətini artırır. Darıdağ Arsenli Su Müalicəxanası da müalicə turizmi sahəsində böyük imkanlara malikdir. Azərbaycanın mineral su ehtiyatlarının 60 faizi muxtar respublikanın payına düşür. Süfrələrin bəzəyi olan “Badamlı” və “Sirab” artıq çoxdan ölkəmizdən kənarda da şəfalı sular kimi şöhrət tapmışdır. Turizmin inkişafı həm də bu sahədə ixtisaslı kadrların hazırlanmasını tələb edir. Muxtar respublikada bu sahənin peşəkar kadrlarla təmin edilməsi məqsədilə ardıcıl tədbirlər görülür. Bu gün Naxçıvan Dövlət Universitetində və “Naxçıvan” Universitetində Turizm və otelçilik ixtisası üzrə kadrlar hazırlanır. Həmçinin Naxçıvan Muxtar Respublikası beynəlxalq və daxili turizm sərgilərində fəal iştirak edir. Bu il 40 ölkənin, 200-dən artıq şirkətin iştirakı ilə Bakıda keçirilən Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisində Naxçıvan Muxtar Respublikası 6 otel ilə təmsil olunmuşdur. Muxtar respublikanın təbii gözəlliklərini, ecazkar təbiətini nümayiş etdirmək baxımından bu sərginin mühüm əhəmiyyəti olmuşdur. 

Muxtar respublikanı turizm cəhətdən cəlbedici edən amillərdən biri də burada mövcud olan minlərlə tarixi-mədəni abidələrdir. Bu abidələri görmək üçün hər il yüzlərlə turist muxtar respublikamıza üz tutur. Təbii ki, abidələrin qorunması, bərpası və təbliği sahəsində görülən işlər bu baxımdan mühüm əhəmiyyət daşıyır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikası ərazisindəki tarix və mədəniyyət abidələrinin qorunması və pasportlaşdırılması işinin təşkili haqqında” 2005-ci il 6 dekabr tarixli Sərəncamına uyğun olaraq, muxtar respublika ərazisindəki 1200-dən artıq abidə qeydə alınaraq pasportlaşdırılmışdır. Naxçıvanı dünyada tanıdan, yüksək turizm imkanlarına malik olan bu abidələrin bərpası diqqət mərkəzində saxlanılmış, yüzlərlə tarixi-mədəni abidəyə yeni həyat verilmişdir. Bu il bərpadan sonra ikinci həyatını yaşayan Əlincəqala və Gülüstan türbəsi qədim diyara gələn turistlərin marağına səbəb olmuşdur. Muxtar respublikadakı tarixi abidələr bura səfər edən alim, tədqiqatçı, jurnalist və turistlərin diqqətini cəlb edir, onlar ölkələrinə qayıtdıqdan sonra muxtar respublikanın zəngin mədəniyyəti, qədim tarixi və abidələri barədə yüzlərlə əsər, məqalə, reportajlar hazırlayıb dünya ictimaiyyətinə çatdırırlar. 2016-cı ilin yanvar-iyun aylarında muxtar respublikamıza 187 min nəfərdən çox turist gəlmişdir ki, bu da 2015-ci illə müqayisədə 4,1 faiz çoxdur. 

Naxçıvanda dini turizmin inkişafı istiqamətində görülən işlər, dini-mədəni abidələrin bərpası və qorunması, təşkil olunan turizm mar­şrutları dini dəyərlərimizin dünyaya tanıdılmasında vasitə rolunu oynayır. Qədim inancları, möcüzəvi sirləri və əfsanələri özündə yaşadan “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksi dünyanın dörd bir yanından gələn zəvvarların ziyarətgahına çevrilmişdir. Burada bərpa işləri aparılmış, turistlərin ziyarəti üçün lazımi şərait yaradılmışdır. Bütün bunlar onu göstərir ki, Naxçıvanda dini turizmin inkişafı üçün də real imkanlar mövcuddur. Hər turist özlüyündə bir informasiya daşıyıcısıdır. Turist səfər etdiyi ölkənin təbiəti, mətbəxi, tarixi və mədəniyyəti, qonaqpərvərliyi ilə bağlı məlumatları öz ölkəsinə aparır və təbliğ edir. 2012-ci ildə Naxçıvan şəhərindəki 17-ci əsrə aid Zaviyyə-Mədrəsə binası əsaslı təmir olunmuş və Naxçıvan Turizm İnformasiya Mərkəzi bu tarixi binada fəaliyyətə başlamışdır. Mərkəz öz fəaliyyətini turizm məlumat bankının hazırlanması, digər turizm informasiya mərkəzləri ilə işgüzar münasibətlərin yaradılması, buraya müraciət edənlərə otellər, tarixi və mədəniyyət abidələri, tur firmalar və bələdçilər haqqında məlumat verilməsi, həmçinin internet resurslarından səmərəli istifadə vasitəsilə muxtar respublikanın ilbəil inkişaf edən turizm potensialının təbliği istiqamətində qurmuşdur.

Turistlər o ölkələrə səfər edirlər ki, orada inkişafla yanaşı, həm də sabitlik olsun. Bu gün ölkəmizdə, eləcə də onun Naxçıvan Muxtar Respublikasında sabitlik və əmin-amanlıqdır. Naxçıvan şəhəri cinayətsiz region statusunu uzun illərdir, qoruyub saxlayır. Muxtar respublikadakı sabitlik imkan verir ki, turistlər öz istirahətlərini mənalı və təhlükəsiz keçirsinlər. Naxçıvan artıq mötəbər beynəlxalq tədbirlərə, idman yarışlarına ev sahibliyi edir. Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan olunması da bu baxımdan xüsusi əhəmiyyətə malikdir.

Bu il martın 18-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində turizmin inkişafı ilə bağlı keçirilən müşavirədə verilən tapşırıqların uğurlu icrası turizmin inkişafına geniş üfüqlər açmaqdadır.

 

 

 

01070362
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
6
113
4445
10565
1070362

Tarix: 24-11-2024
Biz, sosial şəbəkələrdə: