"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Gənclər “dəyirmi masa”da Naxçıvanın tanıdılması ilə bağlı görüləcək işlər barədə fikir mübadiləsi aparıblar

Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının İcra Katibliyində “Muxtar respublikanı necə tanıdırıq” mövzusunda keçirilən “dəyirmi masa”da muxtar respublika gəncləri Naxçıvanın tanıdılması ilə bağlı görüləcək işlər barədə fikir mübadiləsi aparıblar.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman və Təhsil nazirliklərinin, YAP Naxçıvan Muxtar Respublikası Təşkilatının İcra Katibliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə Naxçıvan Dövlət və “Naxçıvan” universitetlərinin turizm ixtisası üzrə təhsil alan tələbələri və muxtar respublikanın fəal gəncləri iştirak ediblər.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin şöbə müdiri Nicat Babayev çıxış edərək bildirib ki, bu il martın 18-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasında turizmin inkişaf etdirilməsi” ilə bağlı keçirilən müşavirədə gənclərin tarixi-mədəni irsimizə hörmət ruhunda böyüdülməsi əsas vəzifə kimi müəyyənləşdirilib. Müşavirədə qarşıya qoyulan vəzifələrin icrası məqsədi ilə Gənclər və İdman Nazirliyi Mədəniyyət və Turizm Nazirliyi və Gənclər Fondu ilə birlikdə “Naxçıvanı tanıyaq” devizi altında gənclərin “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinə, Duzdağ Fizioterapiya Mərkəzinə, Şahbuz Dövlət Təbiət Qoruğuna və Batabat Astrofizika Rəsədxanasına, Əlincəqalaya, Ordubad rayonu ərazisindəki muzeylərə və tarixi abidələrə ekskursiyalarını təşkil edib.

Bundan başqa, Təhsil Nazirliyi tərəfindən sınaq imtahanlarında yüksək nəticə göstərmiş 315 şagirdin, sağlamlıq imkanları məhdud və aztəminatlı ailələrin (hər biri üzrə 45 uşaq) uşaqlarının Ağbulaq İstirahət Mərkəzinə gəzintiləri təşkil olunub. Həmçinin yay tətili dövründə gənclərin, o cümlədən idmançıların və Heydər Əliyev adına Hərbi Lisey kursantlarının Ağbulaq İstirahət Mərkəzində istirahətləri, ali, orta ixtisas və peşə təhsili müəssisələrinin tələbələrinin, Güləş, Boks, Basketbol, Şahmat, Futbol, Yüngül Atletika, Karate-do, Voleybol, Şərq Döyüşü Sənəti, Paralimpiya, Atıcılıq, Hava və Ekstremal İdman Növləri federasiyalarının idmançılarının muzeylərə gəzintiləri təşkil olunub.

Nicat Babayev Naxçıvanın turizm potensialının tanıdılması istiqamətində görülən və görüləcək işlər barədə gəncləri təkliflər verməyə dəvət edib.

Bu gün turizmin dünyada ən çox diqqətçəkən sahələrdən biri olduğunu vurğulayan Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun icraçı direktoru Məmməd Babayev qeyd edib ki, turizm insanların sərhədsiz düşüncə maraqlarının üzərində cəmləşmiş bir sahədir. Buna görə də son dövrlərdə çoxsaylı turizm sahələri inkişaf etdirilməkdədir. Turizm səfalı təbiət, tarix, mədəniyyət, qonaqpərvərlik və təhlükəsizlik amilləri üzərində qurulur. Hansı ki, sadaladığımız amillər artıq muxtar respublikamızda bu sahənin davamlı inkişafı baxımından əsl təməl rolunu oynayır. Məmməd Babayev gəncləri Naxçıvanın turizm imkanlarının tanıdılmasında fəal olmalarının əhəmiyyətini qeyd edib.

“Yeraltı və yerüstü sərvətləri, xəstələrə şəfa verən mineral bulaqları ilə məşhur olan, Gəmiqaya təsviri sənət abidələri, bədii tərtibatlı boyalı qablar, tunc məmulatlar, tarixi abidələr diyarı Naxçıvan Muxtar Respublikası bu gün həm də dünyanın gözəl turizm məkanlarından biridir”, – deyən Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin müdiri Əkbər Novruzov bildirib ki, muxtar respublikanın əlverişli coğrafi mövqeyi, müxtəlif iqlim qurşaqları və təbiəti, zəngin və çeşidli heyvanat aləmi, tarixi-mədəni irsi, özünəməxsus və zəngin mətbəxi, yüksək qonaqpərvərlik ənənələri turizm sahəsinə nəinki dövlət təşkilatlarının, həmçinin özəl firmaların, xarici investor və sahibkarların cəlb edilməsinə imkan verir. Muxtar respublikanın hər yerində – hətta ən ucqar dağ kəndlərində belə, əlverişli infrastrukturun qurulması Naxçıvanda turizmin hərtərəfli inkişafına şərait yaradıb. Bu mənada Naxçıvanda kənd yaşıl turizmi üçün də geniş imkanlar var. Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 2016-cı ilin aprel-avqust aylarında kənd yaşıl turizminin inkişafı ilə bağlı muxtar respublikanın 19 kəndində kənd sakinləri ilə maarifləndirici görüşlər keçirilib.

Sosial şəbəkələrdə Naxçıvanın turizm potensialının təbliğ edilməsinin əhəmiyyətini qeyd edən Əkbər Novruzov vurğulayıb ki, elektron resurs istifadəçiləri hazırda dünyada baş verən prosesləri əsasən, virtual məkanın imkanlarından yararlanmaqla öyrənirlər. Eyni ilə də digər əcnəbi ölkə vətəndaşlarının ölkəmizin və muxtar respublikamızın mövcud həyatı haqqında müəyyən məlumatlara malik olması belə resursların vasitəçiliyi ilə təmin olunur. Bu gün muxtar respublikamızla bağlı həqiqətlərin sosial şəbəkələrdə təbliği aparılır, regionun müasir həyatı ilə bağlı məlumatlar öz əksini tapır. Lakin bu sahədə görəcəyimiz işlər hələ çoxdur.

Muxtar respublikanın Təhsil Nazirliyinin sektor müdiri Rasim Rüstəmov deyib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisində bu il martın 18-də turizmin inkişafına həsr olunmuş müşavirədə verilmiş tapşırıqların icrası ilə bağlı Təhsil Nazirliyində müvafiq təşkilatlarla birlikdə Tədbirlər Planı hazırlanıb. Tədbirlər planına uyğun olaraq “Naxçıvanı tanıyaq” devizi altında ali və orta ixtisas təhsili müəssisələrinin tələbələrinin tarixi abidələrə ekskursiyaları təşkil edilib. Bundan başqa, ayrı-ayrı rayon və şəhərlərdə fəaliyyət göstərən məktəbdənkənar təhsil müəssisələrinin dərnək üzvlərinin muxtar respublikanın tarixi abidələri, muzeyləri və zəngin təbiəti ilə tanışlığı məqsədilə mütəmadi olaraq ekskursiyalar keçirilir.

Muxtar respublikanın turizm potensialını təbliğ edən elektron resursların hazırlanması və internetdə yerləşdirilməsi məqsədilə 94 dövlət orqanının saytında Naxçıvan Turizm İnformasiya Mərkəzinin saytının bannerlərinin yerləşdirildiyini bildirən mərkəzin direktoru Gülnarə Sadiqova isə deyib: “Mərkəzin internet səhifəsi 3 dildə – Azərbaycan, rus və ingilis dillərində yenidən işlənib, muxtar respublikanın turizm imkanlarını əks etdirən materiallarla zənginləşdirilib və turist qəbul edən 37 kənd evi haqqında məlumat əlavə edilib. İnternet səhifəsinə mütəmadi olaraq məlumatlar daxil edilir və məlumatlar daim yenilənir”.

Gülnarə Sadiqova diqqətə çatdırıb ki, bu il 27 Sentyabr – Ümumdünya Turizm Günü münasibətilə “Ümumdünya Turizm Günü. Naxçıvanı təqdim edirik” başlığı altında keçirilən internet-aksiyada Mədəniyyət və Turizm Nazirliyi müvafiq təşkilatlarla birlikdə 10 bölmə üzrə 1000-ə yaxın foto və 152 tanıtım videosu hazırlayıb. Naxçıvan Turizm İnformasiya Mərkəzinin vebsaytında “Ümumdünya Turizm Günü. Naxçıvanı təqdim edirik” başlıqlı bölmə yaradılıb, hazırlanmış materiallar burada yerləşdirilib. Mərkəz tərəfindən turizmin təbliği ilə əlaqədar muxtar respublikanın turizm potensialını əks etdirən videoçarxların hazırlanması, o cümlədən mədəni həyatında görülən bütün işlərin internetdə yerləşdirilməsi təmin edilib və mərkəzin “YouTube” kanalına 650-yə yaxın məlumat-videoçarx daxil edilib. 88 min 977 baxış sayı qeydə alınıb. Həmçinin videoçarxlar “Facebook”, “Google+” və “Twitter” səhifələrində də yayımlanıb. Mərkəzin “Facebook” sosial şəbəkəsindəki səhifəsinə 3 min 500-dən çox məlumat daxil olunub, 345 mindən çox baxış qeydə alınıb.

“Dəyirmi masa”da Naxçıvanın turizm potensialının təbliği ilə bağlı diskussiyalar aparılıb.

 

01073837
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
107
148
458
759
1073837

Tarix: 04-12-2024
Biz, sosial şəbəkələrdə: