"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

"Naxçıvan Muxtar Respublikasında dini və sağlamlıq turizminin inkişaf imkanları" mövzusunda konfrans keçirilib

Fevralın 21-də M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə "Naxçıvan Muxtar Respublikasında dini və sağlamlıq turizminin inkişaf imkanları" mövzusunda konfrans keçirilib.

Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin müdiri Əkbər Novruzov açaraq bildirib ki, ölkəmizdə turizm sahəsinin inkişafı ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Məhz dahi şəxsiyyətin Azərbaycana rəhbərlik etdiyi dövrdə bütün Azərbaycan təbiətinin qorunması, dövlət əhəmiyyətli qoruqların yaradılması və mühafizə edilməsi, qədim maddi-mədəniyyət abidələrinin tədqiqi, onların bərpa edilib respublikamıza gələn turistlərə təqdim edilməsi sahəsində mühüm işlər həyata keçirilib.

Vurğulanıb ki, Naxçıvanın qədim tarixə və zəngin mədəniyyətə malik olması, yüksək qonaqpərvərlik ənənələri, zəngin təbiəti, özünəməxsus mətbəxi, regionun hər yerində, hətta ən ucqar dağ kəndlərində belə, müasir infrastrukturun yaradılması muxtar respublikada turizmin inkişafını sürətləndirib. Bu gün diyarımızın turizm potensialının təbliği istiqamətində ardıcıl iş aparılır. Naxçıvanın tarixi, mədəniyyəti, turizm marşrutları, mətbəxi, adət-ənənələri ilə bağlı onlarla adda reklam-informasiya materialları hazırlanıb, reklam çarxları və filmlər çəkilib.

Sonra Naxçıvan Dövlət Universitetinin Bələdiyyə və Turizm kafedrasının müdiri Flora Kərimova "Naxçıvanda dini turizm" mövzusunda çıxış edib. Bildirib ki, Naxçıvan Muxtar Respublikası dini ziyarətgahlarla da zəngindir. Burada 140-a yaxın ziyarətgah mövcuddur. Belə ki, burada  müxtəlif dini obyektlər - pirlər, imamzadələr  var və imanlı insanlar bu obyektləri ziyarət edirlər. Muxtar respublika ərazisində mövcud olan dini obyektlərdən ən mühümü isə müqəddəs Qurani Kərimin «Əl-Kəhf» surəsində haqqında bəhs edilən Əshabi-Kəhf ziyarətgahıdır. “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksində ziyarətçilər üçün hər cür şərait yaradılmışdır. Hər il buraya on minlərlə insan ziyarətə gəlir.

Qeyd olunub ki, Nuh peyğəmbərin Naxçıvan şəhərindəki məzarüstü türbəsi də turistlərin ən çox ziyarət etdikləri abidələrdən biridir. Bununla yanaşı, Naxçıvan şəhərində İmamzadə Abidə Kompleksi, Şərur rayonunun Xanlıqlar kəndində Parçı İmamzadəsi və Tənənəm kəndində Piri-Süleyman piri, Kəngərli rayonunun Qarabağlar kəndində Asnı piri, Ordubad rayonunun Nüsnüs kəndində Nüsnüs piri, Culfa rayonunun Camaldın kəndində Ərməmməd piri və Xanəgah kəndində eyniadlı abidə kompleksi, eləcə də digər dini abidələri istər yerli vətəndaşlar, istərsə də xarici turistlər istədikləri vaxt ziyarət edə bilərlər.

"Naxçıvan" Universitetinin  müəllimi, iqtisad üzrə fəlsəfə doktoru Əli Cabbarov "Sağlamlıq turizminin mövcud vəziyyəti və Naxçıvan Muxtar Respublikasında inkişaf imkanları" mövzusundakı çıxışında bildirib ki, zəngin təbii sərvətlərə malik olan Naxçıvan Muxtar Respublikası öz təbii müalicə obyektləri ilə də məşhurdur. Burada müalicə turizminin inkişafı üçün böyük potensial mövcuddur. Azərbaycanın mineral su ehtiyatının 60%-i muxtar respublikanın payına düşür. Təbii müalicə obyekti olan Duzdağ Fizioterapiya Mərkəzi bir sıra xəstəliklərin müalicəsində əvəzsiz rola malikdir. Yuxarı tənəffüs yollarının qeyri-spesifik xəstəliklərinin, əsasən bronxial astma, infeksion allerjik forması, xroniki bronxitin müxtəlif formalarının müalicəsi aparılır. Müalicə üsulu çox sadədir. Yeraltı şaxtalardakı köhnə duz mədənlərində qoyulmuş çarpayılarda gecələyən xəstələr burada şəfa tapırlar.

Vurğulanıb ki, Culfa rayonu ərazisində yerləşən Darıdağ Arsenli Su Müalicəxanasında bir çox xəstəliklər müalicə olunur. Darıdağ arsenli termal suyu qoturluq, sarıyara, piyadermeya kimi bir çox dəri xəstəlikləri üçün müalicəvi əhəmiyyətə malikdir. Həmin xəstəliklərin müalicəsi üçün Darıdağ suyunda vanna qəbul edilməlidir. Dünyanın bir çox yerlərindən buraya xəstələr müraciət edir.

Sonda Naxçıvan Muxtar Respublikasının dini və sağlamlıq turizmi potensialını əks etdirən videoçarx nümayiş etdirilib.

01073834
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
104
148
455
756
1073834

Tarix: 04-12-2024
Biz, sosial şəbəkələrdə: