"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

“Əl-Fəcr” qəzetində Naxçıvan barədə məqalə dərc olunub

Birləşmiş Ərəb Əmirliklərinin nüfuzlu “Əl-Fəcr” qəzetində Naxçıvan haqqında məqalə dərc olunub. Qəzetin baş redaktoru Şərif Əl-Bəsilin Naxçıvan Muxtar Respublikası haqqında silsilə məqalələrinin davamı olaraq martın 13-də “Əl-Fəcr” qəzetində bir səhifə həcmində dərc olunan və fotoşəkillərin yerləşdirildiyi “Təbiət əfsanəsi. Onun sehri Batabat yaylağı və üzən adasındadır” sərlövhəli məqaləsi böyük maraqla qarşılanıb.

Məqalənin müqəddiməsində qəzetin baş redaktoru qədim tarixi, təbii sehri, məftunedici həyatiliyi, eləcə də tarixi, dini, antropoloji, mədəni və turizm abidələri ilə zəngin Naxçıvan Muxtar Respublikasını bir dəfə ziyarət etməyin kifayət olmadığını oxucuların diqqətinə çatdıraraq, hər dəfə bu gözəl məkana qayıtmağın yeniliklərin kəşfi ilə yadda qaldığını qabardır. Naxçıvanı tərk etdikdən sonra burada mövcud sehrin, cazibədarlığın və gözəlliyin insanı növbəti səfər barədə düşündürdüyünü və burada dünya miqyasında çox da olmayan nadir incilərdən daim zövq almağın mümkünlüyünü vurğulayır.

Eyni zamanda Şərif Əl-Bəsil Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun rəhbərliyi altında qısa vaxt kəsimində bu möhtəşəm diyarda hərtərəfli inkişafın, müasir infrastrukturun nəzərə çarpdığını qeyd edir və bütün bunların xaricdən, xüsusən də ərəb ölkələrindən turistlərin cəlb edilməsi işində müstəsna addımlar olduğunu vurğulayır.

Şərif Əl-Bəsil Naxçıvan Muxtar Respublikasında hər növ turizm üçün imkanların mövcudluğunu qabardaraq, dünyanın ən qədim insan məskənlərindən biri sayılan Naxçıvan ərazisində aparılan arxeoloji qazıntılar və tarixi araşdırmalar nəticəsində Nuh Peyğəmbərin gəmisinin məhz burada yan aldığı barədə qənaətin formalaşdığını yazır, “Naxçıvan” sözünün etimologiyasını xatırladır, “Qurani-Kərim”in “Əl-Kəhf” surəsində göstərilən mağaranın məhz bu sehrli diyarda yerləşdiyini oxucuların nəzərinə çatdırır və həmin yerin “Əshabi-Kəhf” Dini-Mədəni Abidə Kompleksi kimi məşhur olduğunu oxucuların diqqətinə çatdırır.

Ötən məqalələrində Naxçıvanda müalicəvi turizm haqqında ətraflı bəhs etdiyini xatırladan Şərif Əl-Bəsil bu dəfə təbiət qoynunda istirahətə üstünlük verənlərə xitabən Batabat yaylağını, Ağbulaq İstirahət Mərkəzini və digər ecazkar məkanları ziyarət etməyi tövsiyə edir.

Batabat yaylağından bəhs edən məqalənin müəllifi bu saf ərazinin coğrafi mövqeyi barədə oxuculara məlumat verir, səliqəli olan bu ərazidə havanın təmiz olduğunu, burada müxtəlif xəstəliklərə qarşı 60-dan yuxarı təbii otların bitdiyini vurğulayır və dünyada ən keyfiyyətli balın mövcud olduğunu xüsusilə qeyd edir. Eyni zamanda o, eyniadlı göldə adanın varlığını qeyd edir və küləklərin təsiri altında üzdüyünü möcüzə kimi qələmə verir.

Ağbulaq İstirahət Mərkəzinə gəlincə, baş redaktor istirahət mərkəzinin yerləşdiyi ərazinin təbii xüsusiyyətləri və bu mərkəzdə yaradılan şərait barəsində müfəssəl bəhs edir. Burada təqdim edilən təamların, eləcə də meyvə-tərəvəzin bütünlüklə orqanik olduğunu önə çəkir və istirahət mərkəzinin daim qonaqların zövqünə uyğun daha da təkmilləşdirildiyini qabardır.

Sonra Şərif Əl-Bəsil Əlincə qalasına nəzər salaraq, ilk növbədə, Azərbaycan tarixinin və xalqının qədim irsinin qorunub saxlanmasına böyük diqqətin təzahürü kimi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 11 fevral 2014-cü ildə “Əlincəqala” tarixi abidəsinin bərpa edilməsi haqqında Sərəncamını xüsusilə qeyd edir. O, oxucuları 2000 illik tarixə malik bu qalanın coğrafi mövqeyi ilə tanış edir, Əmir Teymurun ordusunun 14 illik hücumlarına qarşı Azərbaycan xalqının müqavimət, inadkarlıq və döyüş ruhunun rəmzi olaraq bu qalanın Azərbaycanın tarixində ən məşhur abidələrdən biri olduğunu vurğulayır və qalanı tam təsvir edir.

Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Əbu-Dabi

01073831
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
101
148
452
753
1073831

Tarix: 04-12-2024
Biz, sosial şəbəkələrdə: