"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

“Ölkəmizi tanıyaq” tur aksiyasının iştirakçıları Ordubad və Culfa rayonlarında olublar

“Ölkəmizi tanıyaq” tur aksiyasının iştirakçıları Ordubad və Culfa rayonlarında olublarAzərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, respublikamızın şəhər və rayonlarının məktəbliləri üçün “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyalara martın 16-da start verilib. Xəbər verdiyimiz kimi, həmin gün tur-aksiya çərçivəsində Bakı şəhərinin 6 rayonundan 162 məktəbli 18 bələdçi-müəllimin müşayiəti ilə Naxçıvan Muxtar Respublikasına gəlib.

Tur-aksiyanın ikinci günü Bakı məktəbliləri Ordubad və Culfa rayonlarının ərazisində yerləşən tarixi abidələrlə, mədəniyyət və təhsil müəssisələri ilə tanış olublar.

Füsunkar təbiəti, tarixi abidələri olan Ordubad rayonu ilə tanışlıq Bakı məktəbliləri üçün xüsusilə yaddaqalan olub. Əvvəlcə şagirdlər Ordubad şəhərindəki 3 nömrəli tam orta məktəbə gəliblər. Şagirdlərin diqqətinə çatdırılıb ki, 810 şagird yerlik məktəbdə 5-i elektron lövhəli olmaqla, 45 sinif otağı, kimya, biologiya və fizika laboratoriyaları, hərbi kabinə, 3 kompüter, 2 şahmat, 2 müəllimlər otağı, kitabxana, bufet və idman zalı var. Məktəbdə 57 kompüter şagirdlərin istifadəsindədir. Elektron lövhəli siniflərdə şagirdlər istənilən kimyəvi reaksiyanın, fiziki və bioloji proseslərin izahını və videogörüntülərini, müxtəlif cihazların, qurğuların, texniki vasitələrin işləmə prinsiplərini izləyə, eləcə də virtual tədris mübadiləsi apara bilirlər.

Akademik Yusif Məmmədəliyevin Ordubaddakı ev-muzeyi ilə tanışlıq da paytaxt məktəblilərində böyük maraq doğurub. Bildirilib ki, alimin ev-muzeyi 1975-ci ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə yaradılıb. Muzeyin ikimərtəbəli binası ekspozisiya zalı, fond və iş otaqlarından ibarətdir. Burada akademikin həyat və fəaliyyətinin müxtəlif dövrlərinə aid sənədlər, çap olunmuş əsərləri, fotoşəkillər, habelə xatirə şəkillərindən ibarət 2 mindən artıq eksponat saxlanılır.

Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyinin yerləşdiyi “Qeysəriyyə” tarixi binasına gələn məktəblilərə buradakı eksponatlar barədə məlumat verilib.

Görkəmli pedaqoq, maarifçi və şair Məhəmməd Tağı Sidqinin ev-muzeyində şagirdlərə məlumat verilib ki, burada onun tərcümeyi-halı, əlyazmaları, nəşr olunan məqalə və kitabları, eləcə də teatr sahəsindəki xidmətlərini əks etdirən dəyərli nümunələr, görkəmli pedaqoqun zəngin irsinin öyrənilməsi ilə bağlı keçirilən konfransların materialları, qəbul olunan proqramlar, Məhəmməd Tağı Sidqi haqqında yazılmış kitab, jurnal, qəzet materialları və fotoşəkillər qorunur.

Məktəblilər Məmməd Səid Ordubadinin ev-muzeyində də olublar. Məlumat verilib ki, ümummilli lider Heydər Əliyev 1972-ci ildə Ordubad şəhərində Məmməd Səid Ordubadinin ev-muzeyinin yaradılması haqqında qərar qəbul edib. 2010-cu ildə muzeydə yenidənqurma işləri aparılıb. Bu gün muzeydə yazıçının həyatını və yaradıcılığını əks etdirən 2 minə yaxın eksponat qorunub saxlanılır. Culfa rayonu ərazisində məktəblilərin xüsusi maraq göstərdikləri ünvanlardan biri Gülüstan türbəsi olub. Burada məktəblilərə məlumat verilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 7 oktyabr tarixli Sərəncamına əsasən, Culfa rayonu ərazisində yerləşən dünya əhəmiyyətli Gülüstan türbəsi elmi və tarixi əsaslarla bərpa olunub. Gülüstan türbəsi ölkəmizin tarixi abidələri içərisində memarlıq həllinə və həndəsi ornamentlərinə görə seçilir. Buna görə də türbənin bərpası zamanı hər bir detala xüsusi diqqət yetirilib, abidənin orijinallığı qorunub saxlanıb.

Məktəblilərin ən çox diqqət ayırdıqları məkanlardan biri də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 11 fevral tarixli Sərəncamına əsasən bərpa olunan “Əlincəqala” tarixi abidəsi və “Əlincəqala” Tarix-Mədəniyyət Muzeyi olub. Burada məktəblilərin diqqətinə çatdırılıb ki, “Əlincəqala” tarixi abidəsindəki qala divarları, bürc və giriş qapıları, qədim yaşayış evləri, təsərrüfat binaları, su hovuzları və təndirlər, səngər və mühafizə yerləri ilkin forması saxlanılaraq bərpa olunub. Qala divarları və bürclər əzəmətli görkəmi ilə Naxçıvan memarlıq məktəbinin qədim izlərini özündə yaşadır. “Əlincəqala” tarixi abidəsinin bərpa olunması xalqımızın çoxəsrlik tarixi-mədəni irsinin gələcək nəsillərə çatdırılması və bütün dünyada tanı- dılması baxımından mühüm əhəmiyyət daşıyır.

01081184
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
239
225
1199
8106
1081184

Tarix: 26-12-2024
Biz, sosial şəbəkələrdə: