"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Naxçıvan şəhəri ilə tanışlıq bakılı məktəblilərdə zəngin təəssürat oyadıb

“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində martın 23-də Bakı şəhərinin Səbail, Sabunçu, Suraxanı, Nizami, Yasamal və Pirallahı rayonlarının məktəblərindən olan 160 şagird Naxçıvan Muxtar Respublikasına gəlib. Tur-aksiya iştirakçıları Naxçıvan Beynəlxalq Hava Limanında qarşılanıblar.

Məktəblilər əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsini ziyarət ediblər.

Sonra şagirdlər Heydər Əliyev Muzeyinə gələrək buradakı eksponatlarla tanış olublar. Məlumat verilib ki, bu gün muzeyin fondunda ulu öndərin həyat və fəaliyyətini əks etdirən 4600-dən çox eksponat toplanıb. Muzey Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 1999-cu il fevralın 18-də imzaladığı Sərəncam əsasında yaradılıb və 1999-cu il mayın 10-da fəaliyyətə başlayıb.

Muzeydə ümummilli lider Heydər Əliyevin uşaqlıq və gənclik illərinə həsr olunmuş stendlər, onun Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işlədiyi dövrə aid (1991-1993) şəxsi sənəd və materiallar, imzaladığı sərəncamlar, qərarlar, Türkiyə Cümhuriyyəti və İran İslam Respublikası ilə əməkdaşlıq sahəsində imzaladığı müqavilələrin surətləri, həmin illərdə Azərbaycan Respublikasının müxtəlif bölgələrində yaşayan vətəndaşların müraciətləri toplanıb. Muzeyin kitabxanasında ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən jurnal, albom və kitablar saxlanılır.

“Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksi ilə tanışlıq “Ölkəmizi tanıyaq” tur-aksiyası iştirakçılarının böyük marağına səbəb olub.

Naxçıvan şəhərindəki Əcəmi seyrəngahında açıq səma altında nümayiş etdirilən daş abidələr şagirdlərdə xoş təəssürat yaradıb. Onlar Naxçıvan Muxtar Respublikasının ərazisindən tapılan müxtəlif dövrlərə aid 450 maddi-mədəniyyət nümunəsinə – daşdan düzəldilmiş qoç heykəllərə, daş kitabələrə, müxtəlif daş fiqurlara, qəbirüstü sənduqələrə baxıb, maddi-mədəniyyət nümunələri barədə ətraflı məlumatlar əldə ediblər.

Azərbaycan milli memarlığının möhtəşəm abidəsi, Şərq memarlığı incilərindən biri olan Möminə xatın türbəsi ilə tanışlıq da məktəblilərdə xoş təəssürat yaradıb. Burada tur-aksiya iştirakçılarına məlumat verilib ki, türbə Azərbaycanın Atabəylər dövlətinin banisi Şəmsəddin Eldənizin göstərişi ilə 1186-cı ildə tikilib. Həyat yoldaşı Möminə xatının məzarı üzərində ucaldılmış məqbərə tanınmış memar Əcəmi Əbubəkr oğlu Naxçıvani tərəfindən inşa olunub. Bəzi tədqiqatçılara görə, sərdabədə Atabəylər dövlətinin başçısı Şəmsəddin Eldəniz və oğlu Məhəmməd Cahan Pəhləvan da dəfn olunub. Abidənin baş tağında kufi xətti ilə bu sözlər həkk olunub: “Biz gedirik, ancaq qalır ruzigar. Biz ölürük, əsər qalır yadigar”.

Xan sarayında tur-aksiya iştirakçılarına məlumat verilib ki, bu muzey Naxçıvan xanlığının milli dövlətçiliyimizdəki rolu, Azərbaycanın bu ərazisindəki torpaqlarının qorunub saxlanılmasındakı xidmətləri nəzərə alınaraq yaradılıb. Hazırda 8 ekspozisiya zalından ibarət olan muzeydə minədək eksponat var. Eksponatlar içərisində arxiv sənədləri, fotoşəkillər, Naxçıvan xanlarının şəcərəsi, xanlığın xəritəsi nümayiş etdirilir.

Qonaqlar “Naxçıvan” Universitetində də olublar. Tur aksiya iştirakçılarının diqqətinə çatdırılıb ki, universitet kompleks şəkildə yenidən qurulub və hər cür maddi-texniki bazaya malikdir. Qeyd olunub ki, hazırda universitetdə 21 ixtisas üzrə kadr hazırlığı aparılır. “Naxçıvan” Universiteti dünyanın 50-dən artıq universiteti ilə əlaqələri vardır.

Universitetin ayrı-ayrı fakültələrində, konfrans və idman zalında tələbə yataqxanasında olan şagirdlər buradan xoş təəssüratlarla ayrılıblar.

Tur-aksiya iştirakçılarının Naxçıvan Muxtar Respublikası ilə tanışlığı davam edir.

 

01073831
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
101
148
452
753
1073831

Tarix: 04-12-2024
Biz, sosial şəbəkələrdə: