"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Muxtar respublikada kənd turizminin inkişafı üçün potensial imkanlar var

İsti yay günlərində dincəlməyi hamı sevir. Bu fəsildə mənalı asudə vaxt üçün çoxlu pul xərcləyib uzaq səyahətlərə çıxanlar da az deyil. Ancaq yaşadığı şəhərdən cəmisi bir-iki saatlıq məsafədə yaşıllıq içərisindəki kəndləri seçən elə insanlar da vardır ki, onlar üçün kənd turizmi ən sərfəli istirahət növüdür. Dünyanın, xüsusən də Avropanın inkişaf etmiş ölkələrində populyarlıq qazanan bu turizm növünə ölkəmizdə, o cümlədən Naxçıvan Muxtar Respublikasında maraq artmaqdadır. Zəngin təbii turizm ehtiyatlarımız və yenilənmiş sosial infrastruktur buna şərait yaradan əsas amillərdəndir.

Kənd turizmi iqtisadi cəhətdən sərfəli, təşkilati baxımdan çox asandır. Bu turizm növünün təşkili zamanı digərləri ilə müqayisədə qarşıya çıxan çətinliklər yoxdur. Məsələn, yay tətili dövründə Naxçıvan şəhərində və ya muxtar respublikamızın digər şəhərlərində yaşayanlar üçün Şahbuz rayonunun Biçənək və ya Ordubadın Çənnəb kəndinə yollanmağı yaxın xaricdəki hər hansı turizm mərkəzinə səyahətlə müqayisə etdikdə bunu daha aydın şəkildə görmək olar. Belə ki, iki nəfərin birhəftəlik xarici ölkə turuna çəkdiyi xərclə dördnəfərlik bir ailənin ən azı iyirmi gün ərzində bir kənddəki bütün xərclərini ödəyəcək istirahət proqramı təşkil etmək mümkündür. Bundan əlavə, kənd turizmi, əsasən, daxili turizm tipinə aid olduğundan turistlər burada dil problemi, yaxud viza çətinlikləri ilə də qarşılaşmırlar. Turizmin bu növü turistlərin xərclərinə qənaətdən əlavə, onun təşkilatçıları olan kənd əhalisinin gəlir mənbəyidir.

Kəndlinin öz evinin, yaxud həyətinin müəyyən bir hissəsini kirayə verməsi, turistləri gündə­lik qida məhsulları ilə təmin etməsi yaxşı gəlir gətirir. Bu gün kənd­lərimizdə sürətlə yenilənən infra­struktur şəraiti, əhali gəlirlərinin artması ilə onların mənzil-məişət şəraitinin yaxşılaşması da burada müsbət faktorlardandır. Şübhəsiz, şəhərli turistlər üçün kəndin ekzotikası, burada onlar üçün qeyri-adi olan cazibədar kənd mənzərələri, maraqlı adət-ənənələr, ekoloji təmiz və unikal menyu ilə hazırlanan mətbəx nümunələri əsas motiv olsa da, müasir standartlara uyğun yerləşmə şəraiti də mühüm şərtlərdən sayılır. Başqa sözlə, şəhərli turistlər üçün yaşıllıq içərisində olan kənd həyatında çox maraqlı cazibə elementləri vardır. 

Şübhəsiz, havanın hərarətinin 40 dərəcəyə çatdığı bu yay günlərində ucqar dağ kəndlərinin sərin havası şəhər sakinləri üçün əsl turizm motividir. Doğrudan da, belə isti havalarda kənddə qalmayanı necə inandırasan ki, şəhərdə gecələr kondisionerdən istifadə etmədən yatmaq mümkün olmadığı halda, Şahbuzun dağ kənd­lərində sakinlər bəzən axşamçağı qalın paltar da geyməli olurlar. Odur ki, kəndin sərin havasını, buz kimi sularını, günboyu kölgəliklərdə dincəlib gözəl vaxt keçirməyə imkan verən yamyaşıl bağ-bağçalarını bir dəfə görən bir də ora can atır. Həm də tək deyil, ailəliklə, dost-tanışlarla birgə.

Muxtar respublikamızda kənd turizminin inkişafı hazırda diqqət mərkəzindədir. Belə ki, kənd turizminin turizm ehtiyatlarımızdan istifadədə, əhali məşğulluğunun təmin olunmasındakı rolu dövlətin də maraq dairəsindədir. Bu sahədə hələ illər öncəsindən aparılan maarifləndirmə işləri öz bəhrəsini verməyə başlayıb. Artıq ötən illərdən etibarən dağ kənd­lərimizdə bu istiqamətdə keçirilən tədbirlər əhalinin də biznesin bu növünə olan marağını artırıb. Onu da qeyd edək ki, isti yay günlərində ailə­liklə kənddə qalıb dincəlmək ənənəsi əvvəllər, sovet dövründə də olub. Kəndlərimizin yaşlı sakinlərinin dediklərinə görə, ötən əsrin 50-60-cı illərində soyuducu məişət əşyalarının geniş yayılmadığı vaxtlarda kənd həyətlərində çadır qurub yay tətilini keçirənlər az olmayıb. O vaxtlar qazanc məqsədli fəaliyyət, yəni sahibkar­lıq qadağan olunduğundan bu sahə də inkişaf etməyib. İndi isə azad bazar iqtisadiyyatı dövründə kəndlinin sahib olduğu hər bir resursun gəlirə çevrilməsi üçün əlverişli şərait və ondan istifadə üçün dövlət dəstəyi vardır. Şübhəsiz, Naxçıvan kəndlisi üçün istehsal etdiyi yüksəkkeyfiyyətli yağın, ətin, bal-qaymağın, süd-qatığın evinin içində yaxşı qiymətə satılmasından gözəl nə ola bilər? Üstəgəl, turistlərin gecələməsi üçün kirayə verilən daşınmaz əmlak­dan əldə olunan gəlirlər. Qeyd etmək yerinə düşər ki, hazırkı bazar qiymətləri ilə bu məbləğ ölkəmizdə bir gün üçün 20-30 manat arasında dəyişir. İndi xarici ölkələrdəki otel qiymətləri ilə müqayisədə göründüyü kimi, bu, turistlər üçün çox da bahalı deyil, əksinə, daha çox müddətə qalmaq istəyənlər üçün daha sərfəlidir. Əgər nəzərə alsaq ki, kənd turizmində tur günlərinin sayı adi turlara, məsələn, tanışlıq turlarına nisbətən daha çox, adi hallarda 2-3 həftəyə, bəzən də bir aya qədər olur, onda yay fəslində bu sahəni sabit gəlir mənbəyi hesab etmək olar. 

Muxtar respublikamızda kənd turizminin inkişafı perspektivləri yüksək qiymətləndirilir. Ötən illərdən başlayaraq Ordubad, Şahbuz və digər rayonlarda bu faydalı turizm növünün inkişaf etdirilməsi məqsədilə maarifləndirici tədbirlər də keçirilib. Naxçıvan Turizm-İnformasiya Mərkəzinin saytında muxtar respublikanın dağ kəndlərində turistlərin qala biləcəyi evlər haqqında məlumatlar yerləşdirilib. Bundan əlavə, muxtar respublika mətbuatında kənd turizmi potensialımız və ondan istifadə yolları haqqında da xeyli sayda maarifləndirici materiallar dərc olunub, verilişlər yayımlanıb. 

Təəssüflər olsun ki, muxtar respublikamızda turizmin inkişafı üçün hər cür şəraitin yaradıldığı, tanışlıq, müalicə, idman, tranzit turizmi və digər turizm növləri üzrə xeyli irəliləyiş olduğu halda, kənd turizmi sahəsində hələ də müəyyən problemlər qalmaqdadır. Belə ki, bu il kənd turizminin mövcud vəziyyəti haqqında muxtar respublikanın rayon icra hakimiyyətlərinə göndərdiyimiz sorğulara yalnız Şahbuz və Ordubad rayonlarından aldığımız cavablarda Şahbuzda 11, Ordubadda isə 5 kənd evində turist qarşılanması üçün müvafiq şəraitin olduğu bildirildi. Həmin ev sahibləri ilə əlaqə saxladıqda isə ötən ildən bəri onlardan bəzilərində bir neçə dəfə qonaq qaldığını öyrəndik. Kənd­lərimizin turizm cazibədarlığı, əhalinin qonaqpərvərliyi və ərazidə yaradılmış sosial-mədəni infrastrukturun mövcud imkanları kənd turizminin inkişaf etdirilməsində hamımızı səfərbər olmağa vadar edir. Çünki muxtar respublikamızda kənd turizminin də inkişafı son nəticədə, gəlirlərimizin artması, rifahımızın yüksəlməsi deməkdir.

 Əli Cabbarov

"Şərq qapısı"

01081494
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
34
93
1509
8416
1081494

Tarix: 29-12-2024
Biz, sosial şəbəkələrdə: