Fevralın 20-də Naxçıvan Dövlət Film Fondunda Naxçıvan Dövlət Universitetinin və “Naxçıvan” Universitetinin tələbələrinin iştirakı ilə “Naxçıvan Muxtar Respublikasının turizm potensialı” mövzusunda konfrans keçirilmişdir.
Tədbiri Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin müdiri Əkbər Novruzov giriş sözü ilə açaraq bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” 27 iyul 2015-ci il tarixli Sərəncamı ixtisaslı mütəxəssislərin yetişdirilməsində mühüm rol oynayan dövlət sənədidir. Mədəniyyət və Turizm Nazirliyi də mədəniyyət və turizm sahələri üzrə 20-dən çox ixtisasa hamilik edir. Bu günkü konfransda muxtar respublikanın ali təhsil müəssisələrində turizm və otelçilik ixtisası üzrə təhsil alan tələbələri də iştirak edirlər.
Qeyd edilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun diqqət və qayğısı nəticəsində son illər mədəni irsimizin tanıdılması, müalicə mərkəzlərinin yenidən qurulması, beynəlxalq elmi tədbirlərin və idman yarışlarının keçirilməsi, həyata keçirilən abadlıq-quruculuq işləri turizmin inkişafına əsaslı təsir etmiş, muxtar respublikaya gələn turistlərin sayının artmasına səbəb olmuşdur. 2018-ci il üçün Naxçıvan şəhərinin İslam mədəniyyətinin paytaxtı elan olunması qədim diyara daha çox turistlərin gələcəyindən xəbər verir.
Vurğulanıb ki, zəngin tarixi, mineral su bulaqları, nadir təbiət abidələri və özünəməxsus mətbəxi, sabitlik və müasir infrastruktura malik yaşayış məntəqələri Naxçıvanda turizmin inkişafını şərtləndirən əsas amillərdəndir.
Bu gün muxtar respublikada gedən sosial-iqtisadi inkişaf turizmin bir sıra sahələrinin inkişafı üçün də geniş imkanlar olduğunu göstərir. 2016-cı il martın 18-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində turizmin inkişafı ilə bağlı keçirilən müşavirədə verilən tapşırıqların icrası da turizmin inkişafında əsaslı dönüş yaratmışdır.
Şöbə müdiri çıxışında bildirmişdir ki, bu sahəyə daimi diqqət və qayğı göstərilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 31 yanvar 2018-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2018-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına dair Dövlət Proqramı” bu sahəyə diqqət və qayğının ifadəsi olmaqla qarşımızda geniş imkanlar açır.
Konfransda Naxçıvan Dövlət Universitetinin Bələdiyyə və Turizm kafedrasının müdiri Flora Kərimova “Naxçıvan Muxtar Respublikasında turizmin mövcud vəziyyəti və inkişaf istiqamətləri”, “Naxçıvan” Universitetinin müəllimi Şahnaz Məmmədova “Naxçıvan Muxtar Respublikasında turizm və mehmanxana fəaliyyəti” mövzusunda çıxış etmişlər.
Çıxışlarda bildirilib ki, muxtar respublikada turizmin kənd yaşıl turizmi, ekoloji, ziyarət, dağçılıq, müalicə və başqa növlərinin inkişafı üçün böyük potensial vardır. Bərəkətli torpaq, saf su, təmiz hava, zəngin dərman bitkiləri Naxçıvanda ekoloji turizmin inkişafı üçün geniş imkanlar açır. Bu gün muxtar respublikada 21 mehmanxana və mehmanxana tipli müəssisə, muxtar respublikanın bütün bölgələrini əhatə edən turizm marşrutları fəaliyyət göstərir. Muxtar respublikanın bütün bölgələrini əhatə edən müasir infrastrukturun qurulması, xidmətin yüksəldilməsi də turizmin inkişafını şərtləndirən amillərdəndir.
Tədbirin sonunda muxtar respublikanın turizm potensialı ilə bağlı videoçarx nümayiş etdirilmişdir.