Azərbaycan Respublikasının 1991-ci ildən üzvü olduğu və fəal əməkdaşlıq etdiyi İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İSESKO) rəsmi internet səhifəsində muxtar respublikamızın paytaxtı Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı seçilməsi ilə əlaqədar fotogörüntülər, həmçinin ərəb, ingilis və fransız dillərində məqalə yerləşdirilib. “Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhəri Asiya regionu üzrə 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtıdır” sərlövhəli məqalənin mətnini oxucularımıza təqdim edirik.
Beşminillik şəhər mədəniyyətinə malik olan Naxçıvan şəhəri Yaxın Şərqin ən qədim mədəniyyət mərkəzlərindən biridir. Bu şəhər 5,5 min kvadratkilometr əraziyə və təqribən, 450 min nəfər əhaliyə malik olan, Türkiyə Cümhuriyyəti, İran İslam Respublikası və Ermənistan Respublikası ilə həmsərhəd Naxçıvan Muxtar Respublikasının paytaxtıdır.
Naxçıvanın muxtariyyət tarixi 1921-ci ildə imzalanmış iki mühüm beynəlxalq sənəddə – Moskva və Qars müqavilələrində əks olunub. Moskva müqaviləsinin 3-cü, Qars müqaviləsinin 5-ci maddələri muxtariyyətin və eləcə də Naxçıvan Muxtar Respublikasının ərazisinin əsaslarını müəyyən edir. Bu sənədlərə əsasən 1924-cü ildə Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası yaradılıb.
Beş şəhər, 8 şəhərtipli qəsəbə və 206 kənddən ibarət olan Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının 1995-ci ildə qəbul olunmuş mövcud Konstitusiyasına əsasən muxtar dövlətdir. Beş il müddətinə seçilən 45 deputatlı Ali Məclis Naxçıvanın ali qanunverici orqanıdır. Azərbaycan Respublikası Konstitusiyası və Naxçıvan Muxtar Respublikası Konstitusiyasına əsasən Ali Məclisin Sədri Naxçıvanın ali rəsmi şəxsidir.
Geostrateji mövqeyə malik Naxçıvan Qafqaz regionunda qədim tarixi ilə seçilir. Buradakı mədəniyyətin formalaşması və inkişafı qədim Azərbaycandakı zəngin sivilizasiyasının ən mühüm göstəricisidir. Eyni zamanda çoxmilli ənənələrin mövcud olduğu, zənginləşdiyi bu diyar Azərbaycan dövlətçiliyinin də tarix və mədəniyyətinə öz töhfəsini verir.
Naxçıvan XII əsrdə Atabəylər, XVIII-XIX əsrlərdə Naxçıvan xanlığı, XX əsrin əvvəlində Araz-Türk Respublikası kimi müxtəlif dövlətlərin paytaxtı olmuşdur.
Orta əsr türk-islam mədəniyyətinin izlərini özündə yaşadan Naxçıvan tarixi arxitektura nümunələri hesab edilən möhtəşəm qalaları, məqbərələri, həmçinin qədim yurd yerləri, təbiət abidələri ilə zəngindir. Naxçıvanda 57-si dünya, 496-sı isə yerli əhəmiyyətli olmaqla, 1200-dən artıq tarixi abidə qeydə alınmışdır.
Bu səbəbdən Naxçıvan bəşəri, dini, milli dəyərlərə və adət-ənənələrə bağlılığı, onların qorunub saxlanılması, tarixi abidələrin, qeyri-maddi mirasın və mədəniyyətin mühafizə edilməsi, bərpa olunub dünyaya tanıdılması kimi çoxəsrlik İslam mədəniyyəti nailiyyətlərinin mövcud olduğu bir torpaqdır.
Bundan başqa, öz nailiyyətləri ilə İslam mədəniyyətinə töhfə verən Naxçıvanda elm və təhsilin inkişaf etdirilməsi əsas prioritetlərdən biridir. Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsi, Naxçıvan Dövlət Universiteti, “Naxçıvan” Universiteti, Naxçıvan Müəllimlər İnstitutu, Heydər Əliyev adına Hərbi Lisey, 3 kollec, 5 peşə məktəbi və 216 orta məktəb kimi çox sayda təhsil mərkəzlərində təhsil və mədəniyyət layihələri həyata keçirilir.
Tarixi və mədəni potensialı, İslami nailiyyətləri və inkişaf perspektivləri nəzərə alınaraq, 2009-cu ilin oktyabrında İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin Bakı şəhərində keçirilən altıncı konfransında Naxçıvan şəhərinin 2018-ci il üçün Asiya regionu üzrə İslam Mədəniyyətinin Paytaxtı elan edilmişdir.
Əli CABBAROV